Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1686/2023 05.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi.
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1986cı il təvəllüdlü Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 saylı Zeytunçuluq Sovxozu, 11 saylı evin, 2 saylı məzilindən istifadə hüququnun itirilməsi və həmçinin Cavabdeh iddia ərizəsinin məhkəmə baxılması üçün dövlət rüsumunun əvəzi kimi ödənilmiş 100 manat alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı övladı X10 ilə cavabdehin ailə münasibətlərinə xatim verildiyindən xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 saylı Zeytunçuluq Sovxozu, 11 saylı evin, 2 saylı məzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 saylı Zeytunçuluq Sovxozu, 11 saylı evin, 2 saylı mənzil onun xüsusi mülkiyyətindədir. Qeyd olunan daşınmaz əmlak üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində 1074 nömrəli reyestr kitabının 96949 nömrəli vərəqində xx.xx.2009-cu il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Hazırda o, bu evdə həm pasport qeydiyyatındadır, həm də daimi olaraq yaşayır. xx.xx.2005-ci il tarixdə oğlu X1 Rahilə Şəmil qızı ilə nikaha girmiş və bu nikah akt qeydləri kitabında 144 saylı akt qeydi ilə qeydiyyata alınmışdır. Bu nikahdan onların xx.xx.2006-cı il tarixdə X6, xx.xx.2007-ci il tarix X11 və xx.xx.2012-ci il tarixdə X12 adlı övladları dünyaya gəlmişdir. İlk vaxtlar oğlu X10 və gəlini Cavabdeh arasında olan münasibətlər yaxşı olmuş və səbəbdən onun razılığı ilə gəlini Cavabdeh xüsusi mülkiyyətində olan ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbə saylı Zeytunçuluq Sovxozu, 11 saylı evin, 2 saylı məzilinə pasport qeydiyyatına düşmüşdür. Lakin sonralar oğlu X10 və gəlini Cavabdeh arasında olan münasibətlər tam pozulduğu 2020-ci ilin yanvar ayından Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 saylı Zeytunçuluq Sovxozu, 11 saylı evin, 2 saylı məzilindən çıxıb getmişdir. Son olaraq isə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-3709/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X16 və Cavabdeh arasında xx.xx.2005-ci ildə Bakı şəhəri Suraxanı rayon VVAQ şöbəsi tərəfindən qeyd edilmiş 144 saylı nikah pozulmuşdur. Hazırda Cavabdeh ilə heç bir qohumluq əlaqəsi yoxdur və o artıq üç ildir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 saylı Zeytunçuluq Sovxozu, 11 saylı evin, 2 saylı məzilində yaşamır. Lakin Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 saylı Zeytunçuluq Sovxzozu, 11saylı evin, 2 saylı məzilində qeydiyyatda qalması mülkiyyətçi kimi onu həm narahat edir, həm də ona bir sıra problemlər yaradır. Əslində cavabdehlərin sözügedən mənzildə olan qeydiyyatı formal xarakter daşıyır və eyni zamanda da onun mülkiyyətçi kimi hüquqları pozulur. Əvvəla, onun əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. İkincisi, hazırda onunla heç bir qohumluq əlaqəsi yoxdur onun xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalmasına razılaşmır. Üçüncüsü isə onun onun mənzilində qeydiyyatda qalması onun həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır.
Tərəflərin izahatları.
3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
4. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına etirazının olmadığını bildirdi və əlavə olaraq qeyd etdi ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
İş materialları.
5. 483555 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1980-ci il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası X2r.
6. MA seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il qeydiyyat tarixli AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışından görünür ki, ümumi sahəsi 64 kv.m olan və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 saylı Zeytunçuluq Sovxozunda yerləşən 11 saylı evin 2 saylı məzili İddiaçı mülkiyyətindədir.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3709/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə X10 arasında olan xx.xx.2005-ci il tarixli nikahın pozulması, tərəflərin birgə nikahından doöulmuş övladlarının anaları Cavabdeh yanında qalmaları və hə ay hər uşaq üçün 150 manat olmaqla cəmi 450 manat sabit pul məbləğində alimentin cavabdeh X3 tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir.
8. ******* nömrəli, xx.xx.2023-cü il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 saylı Zeytunçuluq Sovxozunda yerləşən 11 saylı evin 2 saylı mənzilində X4, X7, X10, X11, X8, X12, X13, Cavabdeh, X9, X15 və X6 qeydiyyatdadırlar.
İşin faktiki halları.
9. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı övladı X10 hazırki iş üzrə Cavabdeh ilə 2005-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuş və həmin nikahdan 3 övladları dünyaya gəlmişdir. Nikaha daxil olduqdan sonra iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 saylı Zeytunçuluq Sovxozunda yerləşən 11 saylı evin 2 saylı mənzilində yaşamışdırlar. Həmin mənzil yuxarıda qeyd olunan MA seriyalı, ******* nömrəli Çıxarışdan göründüyü kimi, xx.xx.2009-cu il tarixdə dövlət reyestrində qeydiyyata alınmaqla iddiaçının həmin mənzilə mülkiyyət hüququ rəsmiləşdirilmişdir. İddiaçının oğlu və gəlini arasında olan nikah münasibətinə isə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xitam verilmişdir. Hazırki iddia tələbində iddiaçı cavabdehlə heç bir ailə münasibəti olmadığından və eyni zamanda ona məxsus mənzildə cavabdehin formal şəkildə qeydiyyatı qalmasının onun mülkiyyət hüquqularını pozduğundan onun həmin mənzilə istifadə hüququnun itirilməsini tələb edir. Cavabdeh tərəf isə məhkəmə iclaslarında iştirak etmədiyindən hazırkı iddia tələbinə münasibətinin öyrənilməsi mümkün olmamışdır.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
12. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarı. Qərarda qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan müasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 238. Qiyabi icraatın əsasları 238.1 İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.4 İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Maddə 241. Qiyabi icraat qaydası 241.1 Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Maddə 244. Qiyabi qətnamədən şikayət verilməsi Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır.
Məhkəmənin mövqeyi
15. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qiyabi təmin edilməlidir.
16. Məhkəmə ilk öncə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan xx.xx.2013-cü il tarixli Qərarına istinadən qeyd edir ki, iddiaçının oğlu ilə keçmiş gəlininin xx.xx.2005-ci il tarixdə nikaha daxil olmalarına baxmayaraq, vaxtilə yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 saylı Zeytunçuluq Sovxozunda yerləşən 11 saylı evin 2 saylı mənzili xx.xx.2009-cu il tarixdə İddiaçı adına rəsmiləşdirilməklə mülkiyətinə verilmişdir. Başqa sözlə, iddiaçının mübahisə obyekti olan mənzilə mülkiyyət hüququ xx.xx.2009-cu il tarixindən yaranmışdır. Həmin tarixdən əvvəlki dövrə isə iddiaçının mənzilə mülkiyət hüququnun olması müəyyən edilmir. Bu baxımdan məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisə AR Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları rəhbər tutulmaqla həll edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçının övladı X10 hazırki iş üzrə Cavabdeh ilə xx.xx.2005-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuşdur. Nikaha daxil olduqdan sonra iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 saylı Zeytunçuluq Sovxozunda yerləşən 11 saylı evin 2 saylı mənzilində yaşamışdırlar. İddiaçının oğlu və gəlini arasında olan nikah münasibətinə isə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xitam verilmişdir. İddiaçı ilə cavabdeh arasında ailə münasibətləri bitib. Mənzil Məcəlləsinin 30.4-cü maddəsidə qeyd olunur ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı ilə onun keçmiş gəlini – hazırki iş üzrə Cavabdeh arasında olan ailə münasibətlərinə xitam verildiyindən cavabdehin iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 saylı Zeytunçuluq Sovxozunda yerləşən 11 saylı evin 2 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilməlidir. Çünki, ailə münasibətlərinə xitam verilməklə, cavabdehin istifadə hüququ da itirilmişdir. Bu hüququn saxlanılmasına dəlalət edən hər hansı hal işin materialları ilə müəyyən edilmir.
Məhkəmə xərcləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. İddia tələbi təmin edildiyindən, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
19. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 saylı Zeytunçuluq Sovxozunda yerləşən 11 saylı evin 2 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilməli və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
20. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi : İddia təmin edilsin. xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 saylı Zeytunçuluq Sovxozunda yerləşən 11 saylı evin 2 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.