Məhkəmə qərarları › İş №e-2(010)-1762/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1762/2025

17.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1762/2025 17.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilə vurulmuş zərərə görə 10545 manat və mənəvi zərərə görə 1000 manat olmaqla, cəmi 11545 manat məbləğində pul vəsaitinin və ödənilmiş 126 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə avtomobil təmiri ilə bağlı tanışlığı vardır. Belə ki, ona məxsus “Brillance” markalı, **-GJ-*** dövlət nömrə nişanlı avtomobilin rəngsazlıq işi ilə bağlı cavabdehin istifadəsində olan Sabunçu rayonu ərazisində yerləşən servisə yerləşdirilmişdir. Ona məxsus avtomobili onun məlumatı olmadan cavabdehin özü və özünün tanıdığı digər şəxslər tərəfindən idarə olunarkən, avtomobilini əzərək ona xeyli miqdarda ziyan vurmuşlar. Hal-hazırda bununla bağlı Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır. Cavabdeh ona məxsus avtomobilini əzməklə 10545 manat maddi ziyan vurmuşdur. Bundan əlavə, həmin vaxtdan bu vaxta qədər ona məxsus avtomobil cərimə meydançasında qalmışdır. Avtomobili olmadığına görə dolanışıq üçün pul vəsaiti qazana bilməməsi ona həm də mənəvi zərər vurmuşdur. Odur ki, cavabdehin ona vurduğu mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində pul vəsaiti ona ödənilməlidir. Tərəflərin izahatları İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar “X8” tərəfindən verilmiş “kompüterli EEG – müayinəsi”nin nəticələrinə dair xx.xx.2024-cü il tarixli tibbi arayışın surətindən müəyyən olunur ki, İddiaçı yuxusuzluq, baş ağrısı, əsəb və yaddaş zəifliyi şikayətləri ilə xəstəxanaya müraciət etmiş, müvafiq müayinələrdən sonra – “lokal qabıq pozuntuları, patoloji dalğalar, spesifik epileptik və digər paroksizmal işarələrin qeyd olunmaması, dəyişikliklərin funksional xarakterli olması, yuxarı sütun strukturlarının disfunksiyası (ləngimə mexanizmlərinin üstünlüyü) və qabıq hissələrinin funksional aktivliyinin enməsi, kəllə daxili təzyiqin artması” diaqnozu təyin edilmiş və baş beynin qan damarlarının müayinəsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsi tərəfindən verilmiş arayışın surətindən müəyyən olunur ki, İddiaçı müraciəti üzrə beyin MRT müayinə edilmiş, “sagital T1, aksial T2FSE, T2 Flair, T1 Flair, coronal T2 FSE, İV kontrastlı proyeksiyalarında aparılmış, hər iki serebral hemisfer fronto-parietal paylarda kortiko-subkortikal, periventikulyar yerləşimli multipl xronik-şemik qilotik ocaqların izlənilməsi, postkontrast sekanslarda patoloji kontrast tutulumunun izlənilmədiyi qeyd edilmişdir. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X4 tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarın surətindən müəyyən olunur ki, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən avtotəmir məntəqəsindən İddiaçı məxsus “Briliance” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməsi faktına dair ********* statik nömrə altında cinayət işinin başlanması və cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə qəbul edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərarın surətindən müəyyən olunur ki, təqsirləndirilən şəxs Cavabdeh elan edilmiş ittihama əlavələr edilərək, sonuncunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 185.2.4 və 263-1.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır. İddiaçı tərəfindən Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-də verilmiş xx.xx.2024-cü il tarixli izahatın surətindən müəyyən olunur ki, ona məxsus olan “Briliance” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən avtomobil təmiri məntəqəsində “malyar” kimi fəaliyyət göstərən Vüsal adlı ustaya təhvil vermişdir. Təxminən həmin gün 2-3 saat sonra, ona məxsus olan avtomobilin qaçırıldığını öyrənmiş, bu barədə dərhal “102” xidmətinə məlumat vermişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Nəzarət Xidmətinin müstəqil eksperti X2 tərəfindən tərtib edilmiş arayışın surətindən müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində buraxılış ili 2013-cü il olan, qara rəngli, “Brilliance H320” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin ümumi məbləği (ehtiyat hissələri 8175 manat + işçilik 2370 manat) 10545 manat məbləğində hesablanmışdır. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, buraxılış ili 2013-cü il olan, “Brilliance” minik markalı, **-CJ- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 125 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0.3 faizi. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia vurulmuş maddi zərərin əvəzinin ödənilməsinə dair hissədə təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 2) əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı). İşin faktiki hallarından görünür ki, İddiaçı mülkiyyətində olan “Brilliance” markalı, **- CJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təmir məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən təmir məntəqəsinə yerləşdirmiş, lakin Cavabdeh sonuncunun xəbəri və razılığı olmadan həmin nəqliyyat vasitəsini təmir məntəqəsindən götürərək qaçırmış (qanunsuz olaraq ələ keçirmiş), həmin nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə edərək yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən avtotəmir məntəqəsindən İddiaçı məxsus “Briliance” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməsi faktına dair cinayət işinin başlanması və cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi qərara alınmışdır. Daha sonra müstəntiq tərəfindən qəbul edilmiş qərarlarla iş üzrə cavabdeh, yəni Cavabdeh təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 185.2.4 və 263-1.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinə dair ittiham elan edilmişdir. Belə olan halda, baş vermiş yolnəqliyyat hadisəsində (hüquq qaydasının pozulması halı) İddiaçı mülkiyyətində olan “Brilliance” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurulması (törədilmiş əməl nəticəsində zərərin vurulması) və vurulmuş zərərin məhz törədilmiş həmin mülki hüquq pozuntusunun nəticələri ilə səbəbli əlaqədə olması (zərərin məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlməsi) qənaətinə iş materiallarına əlavə edilmiş və hər hansı digər mötəbər sənədlə şübhə altına alınmayan sübutların tam, obyektiv, hərtərəfli və qərəzsiz tədqiqi və əlaqəli şəkildə qiymətləndirilməsi nəticəsində gəlmişdir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Nəzarət Xidmətinin müstəqil eksperti X2 tərəfindən tərtib edilmiş qüsur aktına əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində buraxılış ili 2013-cü il olan, qara rəngli, “Brilliance H320” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin ümumi məbləği (ehtiyat hissələri 8175 manat + işçilik 2370 manat) 10545 manat məbləğində hesablanmışdır. İş üzrə keçirilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddia ərizəsində qeyd edilənlərin əksini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı hadisə nəticəsində avtomobilə dəymiş zərəri (real zərər) cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Belə olan halda, iddiaçı “Briliance” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş 10545 manat məbləğində zərər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı həmçinin, nəqliyyat vasitəsinə vurulmuş maddi zərərlə yanaşı, ona dəymiş mənəvi zərərin əvəzi kimi 1000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisə edilən hüquq münasibəti üzrə iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Mənəvi zərərin ödənilməsi tələbinə dair işlərə baxılması zamanı Azərbaycan Respublikasının Konstitusiyası, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”, bu Konvensiyaya dair Protokollar, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktları, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri rəhbər tutulmalıdır (“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 07 nömrəli qərarı). “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən, mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı). Mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbinin qanuniliyinin yoxlanılması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə işin faktiki hallarına əsasən, mənəvi zərərin, yəni iddiaçının keçirdiyi mənəvi sarsıntı və iztirabın məhz cavabdehin qanunsuz (hüquqazidd) hərəkətləri nəticəsində baş verməsi, bu kimi hərəkətlər nəticəsində iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaların yaranması, habelə sağlamlığın pozulması nəticəsində fiziki əzab çəkməsi (iddiaçının müvafiq müayinələrdən keçməsi və bunun nəticələrinə dair arayışlar iş materiallarına əlavə edilmişdir), cavabdeh tərəfindən törədilmiş hüquqazidd hərəkətlərin ictimai təhlükəlilik dərəcəsi və iddiaçının keçirdiyi mənəvi sarsıntı və iztirabların buna münasibətdə ağırlıq dərəcəsi, habelə işin diqqətəlayiq olan digər halları nəzərə alınmaqla, mənəvi zərərin əvəzi kimi 500 manat pul məbləğinin ədalətli kompensasiya məbləği kimi qəbul edilməsi nəticəsinə gəlir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 125 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia tələbi qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə (11045 manat) mütənasib olan hissəsi (123.14 manat) cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərə görə 10545 manat və mənəvi zərərə görə 500 manat olmaqla, ümumilikdə 11045 manat məbləğində pul vəsaiti və 123.14 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 10545 (on min beş yüz qırx beş) manat və vurulmuş mənəvi zərərə görə 500 (beş yüz) manat, ümumilikdə 11045 (on bir min qırx beş) manat məbləğində pul vəsaiti və 123.14 (yüz iyirmi üç manat on dörd qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar