Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-190/2021 30.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi Rüstəmova Zərqələm Yasin qızının katibliyi ilə İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmaları, mənzilin boşaldılması və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı BOKT ASC-nin nümayəndəsi iddia həcminin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və qətnamənin icra olunduğu zaman ünvan 1 ünvanında icra məmuru tərəfindən müəyyən olunan bütün şəxslərin həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmaları, mənzilin tam şəkildə boşaldılması və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı BOKT ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 iyun 2015-ci il tarixli, İstehlak Kredit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 30 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakını ipoteka predmeti kimi İddiaçı BOKT ASC təqdim etmiş və bu barədə İpoteka Müqaviləsi bağlanmışdır. Cavabdeh1 tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulduğundan iddiaçı tərəfindən ona qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” Suraxanı Rayon Məhkəməsində iddia qaldırılmışdır. Suraxanı Rayon Məhkəməsinin 2(010)-237/2017 saylı, 01 mart 2017-ci il tarixli qətnaməsi ilə iddia tələb qismən təmin edilərək Cavabdeh1 yaranmış borcun tutulması və tutmanın cavabdehin mülkiyyətində olan ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakına yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunan pul hesabına yaranmış borcun bağlanması qət edilmişdir. Qeyd olunan qətnamədən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 25 aprel 2018-ci il tarixli 2(103)-458/2018 saylı qətnaməsi ilə Suraxanı Rayon Məhkəməsinin 2(010)- 237/2017 saylı, 01 mart 2017-ci il tarixli qətnaməsi faiz borcu, cərimə borcu və ilkin satış qiyməti hissəsində dəyişdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 25 aprel 2018-ci il tarixli 2(103)-458/2018 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən, ipoteka predmeti açıq hərracda satılması üçün "xxxx" MMC-yə göndərilmişdir. Həmin əmlak açıq hərraca çıxarılmış, lakin satılmadığından “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən İddiaçı BOKT ASC-yə təklif edilmişdir. "xxxx" MMC ilə İddiaçı BOKT ASC arasında “hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi” bağlanmış və X1 Yekun Protokol imzalanmışdır. Həmin müqaviləyə və X1 yekun protokola əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka İddiaçı BOKT ASC-nin mülkiyyət hüququnu təsdiq edən Çıxarış alınmışdır. İpoteka predmeti olan əmlakın İddiaçı BOKT ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hal-hazırda da ünvan 1 ünvanında qeydiyyatdadırlar və həmin ünvanda yaşayırlar. Bu isə bir mülkiyyətçi kimi İddiaçı BOKT ASC-nin hüquqlarını pozur, mənzildən istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. Buna görə də hazırki iddianın qaldırılması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən cavabdehlərin həmin mənzildən istifadə hüquqularına xitam verilməli, cavabdehlər və digər şəxslər həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmalı və mənzil boşaldılmalıdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı BOKT ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 08.10.2019-cu il tarixdə Bakı şəhəri üzrə Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi tərəfindən tərtib olunmuş X1 yekun protokolun surətindən görünür ki, Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən evinin 51000 (əlli bir) manata İpoteka Haqqında Azərbaycan Respublikası Qanununun 43.5-ci və 43.7-ci maddələrinə əsasən alıcı İddiaçı BOKT ASC-nin tərəfindən əldə edilməsi və lazımi sənədlərin tərtib edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 08.10.2019-cu il tarixli Hərracın yekunların üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən evini “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” tərəfindən keçirilən açıq hərrac vasitəsilə alıcı İddiaçı BOKT ASC tərəfindən 51000 manata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən 08.07.2020-ci il tarixli çıxarışın elektron sistemdən çıxarılmış surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “Q” Y/S, 17 saylı evin, 14 saylı mənzili İddiaçı BOKT ASC-nin xeyrinə girovla yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(010)-237/2017 saylı 01.03.2017-ci il tarixli qətnamənin surətindən görünür ki, İddiaçı BOKT ASC-nin Cavabdeh1 qarşı borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılmasına dair iddiası qismən təmin olunaraq Cavabdeh1 əsas borc üzrə 27956,70 ABŞ dolları, faiz borcuna görə 10042,38 ABŞ dolları, cərimə borcuna görə 2000 ABŞ dolları olmaqla, cəmi 39999,08 (otuz doqquz min doqquz yüz doxsan doqquz dollar səkkiz sent) ABŞ dolları məbləğində borc, 31 manat dövlət rüsumu, tutularaq İddiaçı BOKT X3 ödənilməsi və tutma ipoteka predmetinə yönəldilməklə Cavabdeh1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu Y/Günəşli qəsəbəsi Q yaşayış sahəsində yerləşən 17 saylı evin 14 saylı mənzilin ilkin satış qiyməti satıldığı ana orta bazar qiyməti ilə qiymətləndirilməklə satılsın və satışından əldə ediləcək pul vəsaiti hesabına Cavabdeh1nun banka olan borcu ödənilsin. İddiaçının tələbi tam ödənildikdən sonra, satışdan qalan pul vəsaiti Cavabdeh1 qaytarılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apelyasiya Məhkəməsinin 2(103)-458/2018 saylı, 25.04.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-237/2017 saylı 01 mart 2017-ci il tarixli qətnaməsi «cavabdehdən 10042,38 ABŞ dolları faiz, 2000 ABŞ dolları cərimənin tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi» hissələrində dəyişdirilmiş, Cavabdeh1 faiz borcuna görə 5001,68 ABŞ dolları (beş min bir ABŞ dolları, 68 sent), cərimə borcuna görə 100 (yüz) ABŞ dolları məbləğində borc ödəniş gününə manata olan məzənnə ilə tutularaq İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 80000 (səksən min) manat müəyyən edilməsi, Cavabdeh1 tərəfindən ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu ona aid edilməsi, Məhkəməmühasibatlıq ekspertizasının dəyəri qismində 150 manat pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi və Məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri qismində 150 manat pul İddiaçı BOKT ASC-dən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarıçatan şəxsəödəməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Bu Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Bu Qanunun 41.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Bu Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Bu Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Bu Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 iyun 2015-ci il tarixli, İstehlak Kredit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 30 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakını ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə İpoteka Müqaviləsi bağlanmışdır. Cavabdeh1 tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozmuş və ödəməmişdir. Həmin əmlak açıq hərraca çıxarılmış, lakin satılmadığından İddiaçı BOKT ASC-yə təklif edilmişdir. "xxxx" MMC ilə İddiaçı BOKT ASC arasında “hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi” bağlanmış və X1 yekun protokol imzalanmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən həmin mənzilə daşınmaz əmlaka İddiaçı BOKT ASC-nin mülkiyyət hüququnu təsdiq edən Çıxarış alınmışdır. İpoteka predmeti olan əmlakın İddiaçı BOKT ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hal-hazırda da ünvan 1 ünvanında qeydiyyatdadırlar və həmin ünvanda yaşayırlar. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, mənzil hazırda İddiaçı BOKT ASC-nin mülkiyyətində olduğundan ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməli, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzildən əşyaları ilə birlikdə çıxarılmalı və mənzil tam olaraq boşaldılmalıdır. Məhkəmə iddia tələbinin digər şəxslərin həmin mənzildən çıxarılmaları hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi həmin hissədə təmin oluna bilməz. Belə ki, iddia tələbi həmin hissədə qeyri-müəyyəndir, iddiaçı cavabdehlərdən başqa həmin mənzildə yaşayan digər şəxslər barəsində heç bir sübut təqdim etməmiş və həmin şəxslər cavabdeh qismində işə cəlb olunmamışlar. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə rədd olunmalı, 20 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı BOKT ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilsin. Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzildən əşyaları ilə birlikdə çıxarılsın və mənzil tam şəkildə boşaldılsın. Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 20 (iyirmi) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-190/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-190/2021
30.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver