Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-1980/2022 01.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “dövlət ehtiyacları üçün alınmış evin kompensasiyası əvəzi pul” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “dövlət ehtiyacları üçün alınmış evin kompensasiyası əvəzi pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətindən dövlət ehtiyacları üçün sökülmüş ünvan 1 ünvanındakı evə və həyətyanı torpaq sahəsinə görə 89.000 manat məbləğində kompensasiyanın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən Azərbaycan Respublikasının Bələdiyyələri inzibati orqan sayılır. İnzibati orqan tərəfindən publik hüquq sahəsində qəbul edilən aktlar isə inzibati akt hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti inzibati orqan hesab olunduğu üçün ona qarşı mübahisəyə baxılması inzibati məhkəmənin səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1318/2016 nömrəli iş üzrə qəbul etdiyi 15 sentyabr 2016-cı il tarixli qərardadından görünür ki, İddiaçı Vahib oğlu cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı «iddiaçıya məxsus fərdi yaşayış evinə və torpaq sahəsinə görə 300.000 manat məbləğində kompensasiyanın ödənilməsi» barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-408/2016 saylı, 27 yanvar 2016cı il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı Vahib oğluna ünvan 2 ünvanındakı evin həyətyanı torpaq sahəsinə görə 89.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzrərinə qoyulmuşdur. Həmin qərardan apellyasiya şikayətləri verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-1318/2016 nömrəli iş üzrə qəbul etdiyi 15 sentyabr 2016-cı il tarixli qərardadı ilə cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti və 3-cü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-408/2016 saylı, 27 yanvar 2016-cı il tarixli qərarının ləğv edilməsi, iddianın mümkün sayılmaması qərara alınmış və qərardadda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2006-cı il tarixli, 1255 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planının” 23-cü bəndinə əsasən “Əzizbəyov” metro stansiyası dairəsindən Heydər Əliyev adına Hava Limanına qədər avtomobil yolunun 8-12 cərgəli nəqliyyat hərəkəti üçün nəzərdə tutulmaqla nəqliyyat qovşaqları ilə birlikdə layihələndirilməsi və tikintisinə başlanılmasının icraçısı Nəqliyyat Nazirliyi və Maliyyə Nazirliyi kimi göstərilmişdir. «Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planın”ın icrasından irəli gələn məsələ üzrə iddiaçı ilə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti arasında publik hüquqa əsaslanan inzibati münasibət yaranmadığından, inzibati orqanın iddiaçı ilə bağlı hər hansı aktı qəbul edilmədiyindən və ya ona münasibətdə hər hansı hərəkətə yol verilmədiyindən, iddiaçının kompensasiya tələbinin Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə yönəldilməsi düzgün deyildir. Başqa sözlə, işin materialları ilə cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifəni yerinə yetirmədiyi müəyyən edilmir. Odur ki, iddiaçıya izah olunmalıdır ki, müraciətdən aidiyyəti orqan (Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi) imtina etdiyi halda, həmin orqanın qərar, hərəkət və yaxud hərəkətsizliyindən müvafiq qaydada aidiyyəti üzrə inzibati məhkəməyə müraciət oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 357 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “dövlət ehtiyacları üçün alınmış evin kompensasiyası əvəzi pul” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, müraciətdən aidiyyəti orqan (Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi) imtina etdiyi halda, həmin orqanın qərar, hərəkət və yaxud hərəkətsizliyindən müvafiq qaydada aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ vardır. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödədiyi 357 (üç yüz əlli yeddi) manat məbləğində dövlət rüsumu İddiaçı tam qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(010)-1980/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-1980/2022
01.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver