Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2017/2024 30.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qeyri-yaşayış sahələrindən çıxarılma” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qeyri-yaşayış sahələrindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh ünvan 2ndə (hazırkı Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi) yerləşən ona məxsus 196 nömrəli ayaqqabı təmir emalatxanasından və ona bitişik tikilidən çıxarılması və qanunsuz müdaxiləyə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1994-cü ildə “Mehriban” İstehsalat Birliyinin ünvan 2ndə (hazırki Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi) yerləşən 196 nömrəli ayaqqabı təmir emalatxanasında işə başlamışdır. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən xx.xx.1996-cı il tarixdə bağlanmış 377 nömrəli “müəssisənin (obyektin) alqı-satqı müqaviləsi” ilə işlədiyi 196 nömrəli ayaqqabı təmiri emalatxanası ona satılmışdır. Satın aldığı həmin emalatxananın mülkiyyətində olmasına dair Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən reyestr kitabı, 2 qeydiyyat nömrəsi 286, səhifə 4, xx.xx.1996-cı il qeydiyyat tarixli şəhadətnamə verilmişdir. Mülkiyyətində olan ayaqqabı təmiri emalatxanasına bitişik olan tikilini də uzun illər mebel satış yeri kimi istifadə etmişdir. Uzun illər faktiki onun istifadəsində olan həmin mebel satış yerində də müəyyən təmir quraşdırma işləri aparmışdır. Həmçinin mülkiyyətində olan ayaqqabı təmiri emalatxanasını da 2015-ci il tarixdə əsaslı təmir etmiş və fasad divarlarına üzlük daş vurdurmuşdur. Cavabdeh 2019-cu il tarixdə onun mülkiyyətində olan ayaqqabı təmiri emalatxanasının qapısını sındıraraq zəbt etmiş və ora öz əşyalarını yığmışdır. Mebel satışı yeri kimi istifadə etdiyi tikilini də zəbt etmişdir. Cavabdehdən zəbt etdiyi obyektlərdən çıxmasını dəfələrlə tələb etmişdir, lakin cavabdeh indiyədək onun tələblərinə heç bir əhəmiyyət vermir və obyektlərindən çıxmır. Cavabdehin zəbt etməsi nəticəsində neçə ildir ki, həmin obyektlərdən istifadə edə bilmir və nəticədə ona xeyli maddi ziyan da vurulmuşdur. Dəfələrlə ona məxsus həmin tikililərə girməyə cəhd etmiş, lakin cavabdeh hay-küy qaldıraraq buna imkan verməmişdir. Beləliklə, cavabdehin özbaşına hərəkətləri nəticəsində onun mülkiyyət hüququ pozulmuşdur. Cavabdeh zəbt etdiyi ona məxsus tikililərdən könüllü çıxmadığından mülkiyyət və istifadə hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları Məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, Səbirənin orada kafesi yoxdur və heç vaxt da olmamışdır. Orada mebel dükanı olmuşdur və oranı da özü işlətmişdir. Lakin sonradan bir müddət xəstələnmiş və ora gedə bilməmişdir. Elə həmin vaxt da Səbirə ora gedərək qapının qıfılını qırmış və oranı zəbt etmişdir. Əslində isə oranın hamısı məhz ona məxsusdur. Səbirənin həmin obyektləri nə vaxt zəbt etməsi isə dəqiq olaraq ona məlum deyildir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək bildirdi ki, , iddiaçıya ayaqqabı təmiri emalatxanası satılmışdır, digər tikili isə onun istifadəsində olmuşdur. Daha sonra İddiaçı xəstələnmiş və cavabdeh hər iki tikilini zəbt edərək qapını sındırıb əşyalarını ora yığmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh səs-küy salaraq tikilini boşaltmaqdan boyun qaçırmışdır. Cəmi tikililərin 35 m2 sahəsi olub. Lakin şəhadətnamədə yalnız bir tikilini qeyd ediblər. Sənəddə ayaqqabı emalatxanasının adı var, 2-ci bitişik tikilinin rəsmi sənədi yoxdur. Qeyd olunan ərazi ilə bağlı iddiaçı tərəfindən müvafiq sorğu göndərilmiş və sorğuya cavab olaraq bildirilmişdir ki, göstərilən ərazi dövlət qeydiyyatında mebel sexi kimi deyil, pavilyon kimi qeydiyyata alınmışdır. Ayaqqabı təmiri emalatxanasının özü 16 m2, yanında yerləşən tikili isə 19.5 m2 ölçüsündədir. İcra Hakimiyyəti tərəfindən cavabdehin adına verilən sərəncamda da Səbirənin aid olan sahə 35.5 m2 kimi qeyd olunmuşdur. İcra Hakimiyyətinin sərəncamından belə görünür ki, hətta iddiaçıya məxsus ayaqqabı təmiri emalatxanası da Səbirəyə verilən sahənin sərhədləri çərçivəsindədir. Lakin iddiaçı sənədin həm ayaqqabı təmir emalatxanasına və digər tikiliyə aid olduğunu bildirərək, yenə də iddiasını müdafiə edir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, emalatxana həqiqətən də İddiaçı məxsusdur. Onun yanında yerləşən kafeni isə sərəncam əsasında özü alıb işlətmişdir. 5 il olar ki, ora yanmışdır. Oranı tikəndə ustalar işləyən vaxt Bəxtiyardan icazə alaraq əşyalarını ona məxsus emalatxanaya yerləşdirmişdir. Sonra isə iddiaçı ondan əşyalarını çıxarmasını tələb etmiş, o isə “Bu qədər dözmüsən, bir az da döz” demişdir. Nəticədə iddiaçı onu məhkəməyə vermişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək bildirdi ki, onlarda dövlət arxivinin cavab məktubu var. Cavabdehin işlətdiyi kafe dedikləri yer əvvəllər Vafəddinə ayrılıb, 1999-cu ildən isə Cavabdeh sərəncam əsasında oranı işlədir. O ki, qaldı ayaqqabı sexinə, düzdür, iddiaçı oranı özəlləşdirib və onların həmin yerə qarşı heç bir etirazları yoxdur və həmin yerdə olan əşyalarını da cavabdeh ordan çıxarmağa etiraz etmir. Lakin həmin ayaqqabı emalatxanasına bitişik tikili isə kafe olub və oranı cavabdeh 30 ildən çoxdur ki, işlədib. Hamı o kafeni Suraxanıda “Bibinin kafesi” kimi tanıyıb. İddiaçının həmin kafeyə heç bir hüquqmüəyyən sənədi olmadığından oranı boşaltmağa razı deyillər. Çünki, həmin köşk 30 ildir ki, cavabdehə məxsusdur və o, oranı işlədir. Hətta həmin köşk qısaqapanmadan yanmış, cavabdeh oranın təmiri ilə bağlı müvafiq icazə almışdır. İddia qaldırmaq təbii ki, tərəfin hüququdur. Həmin tələbin maddi əsasının olub-olmamasını isə məhkəmə müəyyən edir. Qarşı tərəf ona qarşı irəli sürülən tələbin hüquqi və maddi əsasını isə göstərə bilməmişdir. Sözügedən ərazidə 2 sex yanaşı yerləşmişdir. Həmin sexlərdən biri şübhəsiz ki, sənəd əsasında iddiaçıya məxsusdur. Lakin digər tikiliyə münasibətdə isə iddia əsassızdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş üçüncü şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti məhkəmə baxış iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi (Satıcı) və Bakı şəhəri “Mehriban” İstehsalat Birliyinin 196 nömrəli ayaqqabı təmiri emalatxanasının işçisi İddiaçı (Alıcı) arasında xx.xx.1996-cı il tarixdə bağlanmış 377 nömrəli müəssisənin (obyektin) alqısatqısı haqqında müqavilədən müəyyən olunur ki, müqavilənin predmetini “Alıcı”nın Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən xx.xx.1996-cı il tarixdə Bakı şəhəri S.Bəhlulzadə adına mədəniyyət evində keçirilən auksiyonda satın aldığı Bakı şəhəri “Mehriban” İstehsalat Birliyinin 196 nömrəli ayaqqabı təmiri emalatxanası təşkil edir. “Satıcı” satır, “Alıcı” isə bu müqavilədə göstərilən şərtlərlə ünvan 1 ünvanında yerləşən emalatxananı auksiyondan satış qiyməti ilə - 2.835.000 manata alır. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş 286 nömrəli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən 196 nömrəli ayaqqabı təmiri emalatxanası İddiaçı tərəfindən qüvvədə olan qanunvericilik əsasında satın alınmışdır. Bu şəhadətnamə ilə rəsmiləşdirilən həmin 196 nömrəli ayaqqabı təmiri emalatxanası alıcının toxunulmaz mülkiyyətidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixdə İddiaçı ünvanlanmış **********27 nömrəli cavab məktubundan müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən 196 nömrəli ayaqqabı təmiri emalatxanasına dair texniki pasportun surəti ərizəçiyə təqdim edilmişdir. Texniki pasportda 196 nömrəli ayaqqabı təmiri emalatxanasının ünvan 3 ünvanında yerləşməsi, ümumi sahəsinin 16 m2 və ticarət sahəsinin isə 2 m2 olması qeyd olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 1632 nömrəli sərəncamından müəyyən olunur ki, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 865 saylı sərəncamı öz qüvvəsini itirmiş hesab edilmiş və Əmircan qəsəbəsi, Əmanət Bankının yanında yerləşən “6mx5m” ölçüdə ticarət pavilyonunun vətəndaş Cavabdeh adına keçirilməsinə icazə verilmişdir. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının Əmircan qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən Bakı şəhəri 7 saylı Vəkil Bürosunun müdiri Nümayəndə ünvanlanmış cavab məktubundan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Suraxanı bazarının ərazisindəki qeyri-yaşayış obyektləri hazırda Malik Mustafayev küçəsində yerləşir. Bakı şəhəri İcra Hakimiyyəti başçısının 839 nömrəli, xx.xx.1997-ci il tarixli sərəncamına əsasən Əmircan qəsəbəsindəki keçmiş Bazar (Rınoçnaya) küçəsinə Malik Mustafayev küçəsi adı verilmişdir və qeyd edilən ünvan Əmircan qəsəbəsi, Balandin 42 ünvanı keçmiş Orconikidze Rayon Partiya Komitəsinin, hazırda Suraxanı Rayon Polis İdarəsinin inzibati binasının ünvanıdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti 4-cü X4 İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş yanğın haqqında aktın surətindən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə ünvan 6 ünvanında yerləşən kafedə yanğın baş vermiş, həmin tarixdə 16:21-də yanğınsöndürənlər hadisə yerinə gəlmiş və Suraxanı rayon Yanğından Mühafizə hissəsinin əməkdaşları tərəfindən yanğın 16:37-də tam söndürülmüşdür. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli, Ə-137-139 nömrəli cavab məktubunun surətindən müəyyən olunur ki, yanğın nəticəsində yararsız vəziyyətə düşmüş qeyri-yaşayış obyektinin təqdim olunmuş cizgiyə uyğun olaraq təmir olunmasına icazə verilmişdir (Təqdim olunmuş cizgiyə əsasən görüləcək işlər: 1.Qeyri-yaşayış obyektinin fasadlarının əhəng üzlük daşı ilə üzlənməsi; 2.Qeyri-yaşayış obyektinin fasadlarının layihəyə uyğun fasad emulsiyası ilə rənglənməsi; 3.Şüşə vitrinin quraşdırılması; 4.Qeyri-yaşayış obyektlərinin qarşısındakı səkilərin və bordyurların təmir olunması, səkilərin tamet daşı ilə döşənməsi; 5. Qeyri-yaşayış obyektinin perimetr boyu maili su səkisinin quraşdırılması). Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli, Ə-137/5-149/5 nömrəli cavab məktubundan müəyyən olunur ki, yanğın nəticəsində sıradan çıxmış kafenin təmirinə köməklik göstərilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanlanmış ərizələrə Suraxanı Rayon İcra Hakimiyyətində baxılmış, rayon İcra Hakimiyyəti dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilən təşkilat olduğundan və dövlət büdcəsində RİH üçün təsdiq edilmiş xərclər smetasında qeyriyaşayış obyektlərinin təmiri və tikintisi üçün vətəndaşlara köməklik göstərilməsi məqsədi ilə maliyyə vəsaiti nəzərdə tutulmadığından müraciətdə qaldırılan məsələnin müsbət həllinin imkanları xaricində olduğu bildirilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(82)-4427/2018 nömrəli qərarından müəyyən olunur ki, iddia təmin edilmiş, iddiaçı Cavabdeh məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bazar küçəsində yerləşən çayxanada qaz sayğacının quraşdırılması öhdəliyinin cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin üzərinə qoyulması qərara alınmışdır. 5 ədəd fotoşəkildən yanaşı yerləşən 2 qeyri-yaşayış sahəsi (ayaqqabı təmir emalatxanası və yarımtikili) aşkar edilir. Qeyri-yaşayış sahələrindən biri dəmir jalüz ilə bağlıdır, digər tikilinin qapı, pəncərə və dam örtüyü yoxdur. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Yerində müayinə Məhkəmə tərkibi (Hakim Rzayeva Fəridə İslam qızı, məhkəmə iclas katibi X2) tərəfindən ünvan 1 (hazırkı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi) ünvanında yerləşən 196 nömrəli ayaqqabı təmiri emalatxanasına və ona bitişik tikiliyə xx.xx.2024-cü il tarixdə yerli baxış keçirilmişdir. Qeyd olunan ünvana gəldikdə dəmir jalüzi ilə bağlanmış tikili və ona bitişik qapı-pəncərəsi olmayan tikili olduğu və dəmir jalüzinin iki tərəfdən qıfılla bağlandığı müəyyən olunur. Digər tikilinin içəsinin boş olduğu, içəriyə daxil olduqda orada balaca bir otağın və sanitar qovşağın yerinin olduğu müəyyən olunur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.5 Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.2. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Məhkəmənin mövqeyi Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları tədqiq edərək, tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Tələbin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Hazırki iddia tələbi ilə iddiaçı bir-birinin yaxınlığında yerləşən iki qeyri-yaşayış sahəsindən cavabdehin çıxarılmasını və qanunsuz müdaxiləyə son qoyulmasını tələb edir. Hazırki iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.4-cü maddəsi təşkil edir. Həmin maddənin mənasına görə mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. İddianın predmetini təşkil edən qeyri-yaşayış sahələrindən biri olan Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsində yerləşən 196 nömrəli ayaqqabı təmiri emalatxanasının üzərində sahiblik hüququ Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin dövlət əmlakınının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnaməyə əsasən İddiaçı verilmişdir. Həmin emalatxananın iddiaçıya məxsus olması və cavabdehin həmin emalatxanada əşyalarını yerləşdirməsi işin mübahisəsiz halıdır. Cavabdeh özünə məxsus əşyaları iddiaçıya məxsus yaşayış sahəsinə yerləşdirməklə iddiaçının hüquqlarını pozmuşdur. Ona edilən xəbərdarlıqlara baxmayaraq o, bu maneələrə son qoymamışdır. Cavabdeh və onun nümayəndəsi (vəkili) məhkəməyə verdiyi izahatında emalatxananın iddiaçıya məxsus olmasını və əşyalarının həmin emalatxanada yerləşdirilməsini təsdiq etmiş və əşyaların emalatxanadan çıxarılaraq açarların iddiaçıya təhvil verilməsinə hazır olduqlarını bildirmişdirlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi cavabdehin Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsində yerləşən 196 nömrəli ayaqqabı təmiri emalatxanasından çıxarılması və qanunsuz müdaxiləyə son qoyulması hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. İddia tələbinin emalatxanaya bitişik olan tikilidən cavabdehin çıxarılmasına və qanunsuz müdaxiləyə son qoyulmasına dair hissədə isə məhkəmə qeyd edir ki, iddiaçı həmin tikilinin ona hər hansı hüquq əsasında mənsub olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə hazırlıq iclasları iddiaçının verdiyi sorğuya cavab alınması üçün dəfələrlə təxirə salınmış, sorğuya verilən cavabda isə həmin tikilinin iddiaçıya məxsusluğunu təsdiq edən məlumatın öz əskini tapmadığı, həmin tikilinin mebel sexi kimi deyil, pavilyon kimi qeydiyyata alındığı (sorğuya cavab məhkəməyə təqdim olunmamışdır) iddiaçının nümayəndəsi (vəkili) tərəfindən məhkəmə hazırlıq iclasında məhkəmənin nəzərinə çatdırılmışdır. Cavabdeh tərəfindən təqdim olunmuş Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 1632 nömrəli sərəncam ilə Əmircan qəsəbəsi, Əmanət Bankının yanında yerləşən “6mx5m” ölçüdə ticarət pavilyonunun vətəndaş Cavabdeh adına rəsmiləşdirilməsi sübut olunur. Həmin tikilinin bir müddət kafe kimi işlədilməsi və yanğın nəticəsində yararsız vəziyyətə düşməsi iş materialları ilə təsdiq olunur. Məhkəmə qeyd edir ki, iddiaçının emalatxanaya bitişik tikiliyə dair hər hansı hüququnun olmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə bu halın mövcudluğunu təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda iddia tələbi bu hissədə əsaslı hesab edilmədiyindən təmin edilməməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməli və qalan 50 manat hissəsi İddiaçı aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsində yerləşən İddiaçı məxsus 196 nömrəli ayaqqabı təmiri emalatxanasından çıxarılmalı və qanunsuz müdaxiləyə son qoyulmalı, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməli və qalan 50 manat hissəsi İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsində yerləşən İddiaçı məxsus 196 nömrəli ayaqqabı təmiri emalatxanasından çıxarılsın və qanunsuz müdaxiləyə son qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin, qalan 50 (əlli) manat hissəsi İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №e-2(010)-2017/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2017/2024
30.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver