Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-2091/2024 15.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 16917 ABŞ dollar (manatla məzənnəsi: 28758 manat) məbləğində pulun və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 177 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə məhkəməyə təqdim edilərkən aşağıda göstərilən tələblərə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi Azərbaycan dilində olsa da kiril qrafikalı Azərbaycan əlifbası ilə tərtib edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, işdə iştirak edən, məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərə işin bütün materialları ilə tanış olmaq, izahat, ifadə və rəy vermək, məhkəmədə çıxış etmək, vəsatət qaldırmaq, ana dilində şikayət etmək, həmçinin bu Məcəlləyə uyğun olaraq pulsuz tərcüməçi xidmətindən istifadə etmək hüququ izah və təmin olunur (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi, maddə 11.2). Bu baxımdan işdə iştirak edən şəxslərin – eləcə də hazırkı iş üzrə iddiaçının Azərbaycan dilini bilmədiyi halda ana dilində iddia vermək hüququ vardır. Lakin nəzərə alınmalıdır ki, hazırkı iddia ərizəsi hər hansı başqa bir dildə yox, Azərbaycan dilində tərtib edilmişdir. Buna baxmayaraq, ərizənin mətni latın qrafikasında yox, kiril qrafikasındadır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının dövlət dili latın qrafikalı Azərbaycan dilidir. Bu baxımdan əgər məhkəməyə verilmiş iddia ərizəsi Azərbaycan dilindədirsə, mütləq latın qrafikası ilə tərtib olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 21. Dövlət dili. İ. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Dövlət dilinin hüquqi statusu. 1.1. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin İ hissəsinə müvafiq olaraq Azərbaycan dilidir. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vatəndaşının borcudur. Maddə 14. Dövlət dilinin əlifbası. Azərbaycan Respublikasının dövlət dilinin əlifbası latın qrafikalı Azərbaycan əlifbasıdır. “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikasının Qanunu: Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası yol verilmiş tarixi ədalətsizliyi aradan qaldırmaq üçün qərara alır:
1. "Azərbaycan əlifbasının latından rus əlifbasına keçirilməsi haqqında" 11 iyul 1939cu il tarixli Azərbaycan SSR-in Qanunu bu gündən qüvvədən düşmüş hesab edilsin.
2. 1940-cı ilə qədər Azərbaycanda istifadə edilən 32 hərfdən ibarət latın qrafikalı Azərbaycan əlifbası kiçik dəyişikliklərlə bərpa olunsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 152. İddia ərizəsinin qaytarılması. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə təkrar qeyd edir ki, iddia ərizəsinin işdə iştirak edən və Azərbaycan dilini bilməyən şəxsin ana dilində tərtib edilməsi istisna edilməsə də hazırkı işdə bu baş verməmiş, iddia ərizəsi başqa dildə yox, məhz Azərbaycan dilində tərtib edilmişdir. Belə olan halda iddia ərizəsi hər bir halda latın qrafikası ilə tərtib edilməli idi. Nəzərə alınmalıdır ki, iddia ərizəsinin latın qrafikası əsasında tərtib edilməməsi ilə iddia ərizəsinin məzmununu müəyyən edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələbləri pozulmuşdur. Bu qaydaya riayət edilməməsi isə iddia ərizəsinin məhkəmə tərəfindən geri qaytarılması üçün əsasdır. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq,
Q Ə R A R A A L D İ:
İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Səlimə Miriyeva