Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2160/2023 10.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “ev üzərində payın müəyyən edilməsi və evə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “ev üzərində payın müəyyən edilməsi və evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ərazisində “Məscid küçəsi” adlanan ünvandakı fərdi yaşayış evinə köçürülməsi, həmin evin 4/6 hissəsinin onun payı hesab edilərək istifadəsinə verilməsi, ev dövlət reyestrində qeydə alındıqdan sonra isə 4/6 hissənin onun adına rəsmiləşdirilməsi, iddianın verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun və vəkilin hüquqi yardımına görə çəkdiyi 300 manat məbləğində xərcin Cavabdeh oğlundan onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Mən mərhum həyat yoldaşım X5 ilə 2000-ci ilin avqust ayında ailə qurmuş, nikahımız Sumqayıt şəhər Qeydiyyat şöbəsində xx.xx.2004-cü il tarixdə 922 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir (Qeyd etməliyəm ki, həmin nikahdan övladımız yoxdur). Hələ yoldaşımın sağlığında biz Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ərazisində “Məscid küçəsi” adlanan yerdə torpaq sahəsi əldə edərək orada fərdi yaşayış evi inşa etdirmiş və birgə təsərrüfat aparmaqla yaşamışıq. Yoldaşım ədliyyə orqanlarında işlədiyindən ev təssərrüfatının yükünü demək olar ki, həmişə mən çəkmiş, göstərilən evin tikintisi zamanı da orada işləyənlərin gündəlik çayını-çörəyini vermiş, yeri gəldikdə su, palçıq və daş da daşımışam. Bir sözlə, xeyli müddət əziyyət çəkərək həmin evin tikintisini başa çatdırmış və dörd nəfərdən ibarət ailə tərkibi ilə ora köçüb birlikdə yaşamış, yaşadığımız dövrdə ailənin gündəlik ev və təsərrüfat qayğılarını mən çəkmişəm. Belə ki, mən həyat yoldaşımın birinci nikahdan olan 2 (iki) övladının, o cümlədən xx.xx.1991-ci il təvəllüdlü Şəhla adlı qızının və xx.xx.1992-ci il təvəllüdlü Rövşən adlı oğlunun (hazırkı iddiam üzrə cavabdehin) da qayğısını çəkmiş, onlara analıq edərək böyütmüş, boya-başa çatdırmşam. Hal-hazırda isə onlar ailə-uşaq sahibidirlər, belə ki, təxminən 2012-ci ildə Şəhla üçün toy edib onu gəlin köçürmüş, Rövşəni isə 2015-ci ildə evləndirərək gəlini yuxarıda göstərilən evə gətirmişik. Həyat yoldaşım X5 xx.xx.2019-cu ildə İran İslam Respublikasında xəstəlikdən vəfat etmiş və cənazəsi oradan gətirilərək yaşadığımız evin yerləşdiyi məkanda, yəni Hövsan südçülük sovxozu ərazisində yerləşən məzarlıqda dəfn edilmişdir. Onun ölümü evdə baş vermədiyindən biz həkim arayışı ala bilməmiş, bu səbəbdən də onun barəsində ölüm haqqında şəhadətnamə bir müddət verilməmişdir. Odur ki, onun ölüm faktı mənim müraciətim əsasında Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında ölüm haqqında şəhadətnamə Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmişdir. Həyat yoldaşımın vəfatından bir neçə gün sonra (yəni onun “yeddisi" çıxmamış) ailədə mənə qarşı münasibət kəskin surətdə dəyişmiş və min bir əziyyətlə böyütdüyüm Cavabdeh (cavabdeh) mənə qarşı olmazın hörmətsizliklər edərək məni evdən qovmuşdur. Odur ki, mən qohumlara sığınmağa məcbur olmuş və artıq 4 (dörd) ildir ki, qohum evində qalıram. Artıq mən, belə bir yaşayış tərzindən olmazın qədər bezmiş, usanmış və təngə gəlmişəm. Göründüyü kimi, Cavabdeh həyat yoldaşımla birgə nikah dövründə tikilməsində və qurulub-yaradılmasında min bir zəhmətim və əzab-əziyyətim olan yuxarıda göstərilən fərdi yaşayış evindən məni qanunsuz olaraq məhrum etmişdir. Hansı ki, Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Hər ikimizə yaxın qohumların məsələ ilə bağlı Rövşənlə danışıqları zamanı o, məni həmin evə buraxmayacağını, haralara şikayət edəcəyimin isə onu qətiyyən maraqlandırmadığını birmənalı olaraq bildirmişdir. Hətta vəkilimin (və nümayəndəmin) onunla telefon danışığı zamanı da Rövşən eyni fikirləri söyləmişdir. Ona görə də hesab edirəm ki, məsələ məhkəmə qaydasında həll edilməli, yəni mən həmin evə köçürülməli və evin 4/6 hissəsi mənə aid edilərək mənim istifadəmə verilməlidir. Sadalanan maddi hüquq normalarının mahiyyəti baxımından hesab edirəm ki, birgə nikah dövründə inşa edilmiş yuxarıda göstərilən fərdi yaşayış evinin 1/2, yəni hazırkı halda 3/6 hissəsi mənə, qalan digər 3/6 hissə isə hər birimizə (mən və iki övlad) miras payı olaraq 1/3 hissədə aid edilməlidir. Yəni nəticə etibarilə göstərilən fərdi yaşayış evində mənim payımın ümumi çəkisi 4/6 hissə təşkil edir ki, mən həmin evə köçürülməli və göstərilən hissə mənim istifadəmə verilməli, əmlak dövlət reyestrində qeydə alındıqda isə həmin 4/6 hissə mənim adıma rəsmiləşdirilməlidir”.
Tərəflərin izahatları.
3. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, 2000-ci ildə cavabdehin atası Fərmayıl İsmayıllovla ailə qurmuşdur. Bu nikahdan 2001-ci ildə bir uşaqları dünyaya gəlsə də, “qırx”ı çıxmamış rəhmətə getmişdir. O, yoldaşı ilə ailə quranda yoldaşının keçmiş arvadından biri 7, biri isə 8 yaşında iki uşağı olmuşdur. Hər iki uşağa o özü baxıb böyütmüşdür. Ailə qurduğu ilk vaxtlar yoldaşının evi olmadığından 2000-2003-cü illərdə müxtəlif ünvanlarda – Sabunçuda, Binədə, Sumqayıtda kirayə qalmışlar. Lakin yoldaşı 2002-ci ildə Binə sovxozda torpaq sahəsi alıb 1 otaqlı ev tikmiş, 2002-ci ilin noyabrından oraya köçmüşlər. Həmin vaxtdan yoldaşı rəhmətə gedənə qədər həmin evdə yaşamışdır. Lakin yoldaşı rəhmətə getdikdən sonra – 2019-cu ilin aprel ayından onu evə qoymamışlar. Əslində yoldaşı rəhmətə getməzdən əvvəl onunla aralarında mübahisə olmuş, yoldaşı onu vurmuş, bundan sonra evdən çıxıb getmişdir. O, bundan əvvəl də dəfələrlə yoldaşı ilə mübahisə edib evdən çıxıb getmiş, yoldaşı hər dəfə onu evə gətirmişdir. Əslində yoldaşı yaxşı adam olmuş, onun zəhmətini qiymətləndirmişdir. Sonuncu mübahisələrindən sonra əmisi Sirayətə də demişdir ki, arvadı Təranənin onun uşaqları, evi üzərində böyük zəhməti olmuşdur, onun haqqını itirə bilməz. Lakin əri Fərmayıl əməliyyat üçün getdiyi İrandan sağ qayıda bilməmişdir. Yoldaşının rəhmətə getdiyini eşidəndən sonra qohumları ilə birlikdə hüzrə getmişdir. Lakin mərhumun “üç”ünü verdikdən sonra ona demişlər ki, çıxıb getsin. Hətta rəhmətlik qayınatası onun qardaşına demişdir ki, “Oğlum öldü, uşağı da yoxdur. Aparın qızınızı başqasına ərə verin”. Bundan sonra evdən çıxıb getmiş və qardaşlarının yanında yaşamağa başlamışdır. Onu evdən çıxararkən qarşısına şərt qoymuşlar ki, əgər yoldaşının ölüm kağızını istəyirsə, evə dair bütün hüquqlarından imtina etsin. Lakin o, bununla razılaşmamışdır. Bununla belə çıxarıldığı evə yenidən qayıtmaq üçün cavabdehə müraciət etməmişdir. Belə ki, yoldaşı öləndən sonra həmin ev onun üçün “boğanaq” olmuş, cavabdeh və ailə üzvləri ona evdə yaşamağa imkan verməmişlər. Lakin hazırda cavabdehin babası ölmüşdür və qanunla evə köçmək istəyir. Həmin evin bir otağını yoldaşı tikmiş, artırmaları, evin üstünü bacısının əri vurmuşdur.
4. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, iddiaçı cavabdehin mərhum atası ilə rəsmi nikahda olmuş, mübahisəli ev də onların birgə nikahı dövründə tikilmişdir. Lakin iddiaçının əri vəfat etdikdən sonra cavabdeh və onun ailə üzvlərinin iddiaçıya qarşı münasibəti dəyişmiş, mərhum ərinin yas mərasimi bitməmiş iddiaçı evdən qovulmuşdur. Həmin vaxtdan iddiaçının sabit yaşayış yeri olmamışdır. Lakin hazırda o, mərhum əri ilə birlikdə tikib qurduğu evə köçmək niyyətindədir. Cavabdehlə barışıq əldə olunması ilə bağlı dəfələrlə müraciət olunsa da, heç bir müsbət nəticəsi olmamışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, iddiaçı 2004-cü ildə atası Fərmayıl İsmayılovla nikaha daxil olmuş və həmin vaxtdan onlarla birlikdə yaşamağa başlamışdır. Mübahisəli evin tikilməsində iddiaçının heç bir maddi və ya digər köməkliyi olmamışdır. Belə ki, iddiaçı atası ilə evlənib həmin evə köçəndə ev artıq tikilib başa çatdırılmışdır. İddiaçı mübahisəli evə köçəndən sonra orada yalnız müəyyən təmir işləri aparılmışdır. İddiaçı iddia ərizəsində ərinin 2019-cu ildə ölümündən sonra evdən qovulduğunu qeyd etsə də onu evdən heç kim qovmamışdır. Belə ki, atasının (iddiaçının ərinin) ölümündən bir neçə ay əvvəl, dekabr ayının 27-də atası ilə iddiaçı arasında mübahisə olmuş, bu mübahisədən sonra iddiaçı özü könüllü olaraq evi tərk etmişdir. Əgər onu həmin evdən zorla çıxarmışlarsa, bu müddət ərzində niyə evə köçməyə heç bir cəhd etməyib? Aradan 3 ildən artıq vaxt keçəndən sonra niyə məhz indi bu məsələ qalxıb? Əslində yaxınlarda ona məlum olmuşdur ki, Sumqayıt şəhərində mərhum atasından 0.03 ha torpaq sahəsi miras qalmışdır. İddiaçı notariat ofisində bilə-bilə yalan məlumat verməklə, həmin torpağa dair vərəsəlik şahədətnaməsi almışdır. Hazırda vərəsəlik şahədətnaməsinin ləğvi ilə bağlı məhkəmə mübahisəsi açmışlar. İddiaçı həmin torpaq sahəsində ev tikdirib və orada yaşayır. Onun mübahisəli evə ehtiyacı yoxdur. Dəfələrlə iddiaçı ilə razılığa gəlməyə çalışmış, lakin iddiaçının qoyduğu tələblərlə razılaşmağı mümkün olmadığına görə, danışıqlardan heç bir müsbət nəticə əldə olunmamışdır. Belə ki, iddiaçı ondan ev istəyir. Həmçinin mərhum atasının təqaüdünü də iddiaçı alır. Bunlara baxmayaraq o, iddiaçının mübahisəli evə köçməsinə etiraz etmir. O, bu hissədə iddianı qəbul etməsi ilə bağlı ərizəni sonradan ona görə geri götürmüşdür ki, iddiaçı iddia ərizəsində evdən qovulduğunu yazmışdır. Halbuki onu evdən qovan olmamış, o özü könüllü çıxıb getmişdir. Hər bir halda iddiaçının mübahisəli evə köçüb yaşamasına etiraz etmir. Lakin qalan hissədə iddianı qəbul etmir. Odur ki, iddianın qismən – evə köçürülmə hissəsində təmin edilməsinə etirazı olmadığını bildirdi.
İş materialları.
6. Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş, xx/xx-1230/69 nömrəli arayışın surətindən görünür ki, X5 və X1 nikahı haqqında xx.xx.2004-cü il tarixdə 922 nömrəli akt qeydi tərtib olunmuşdur.
7. Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 025100 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə İran İslam Respublikasında ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 191 nömrə ilə qeyd edilmişdir.
Şahid ifadələri.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 bildirmişdir ki, Cavabdeh onun əmisi oğludur. İddiaçı isə əmisinin arvadı olmuşdur. O, 2000-ci ildə əsgərliyə getməmişdən əvvəl mübahisəli ev mövcud olmuşdur. Həmin vaxt əmisi, əmisi oğlu və əmisi qızı həmin evdə yaşamışlar və evin ətrafında tikililər olmamışdır. Həmin vaxtlar evin iki otaqdan ibarət olduğunu xatırlayır. Əmisi iddiaçı ilə evlənərkən əmisi uşaqları təxminən 10-11 yaşlarında olmuşdur. Mübahisəli evin təmirində bir fəhlə kimi o da iştirak etmiş, həmin zaman palçıq daşımağa kömək etmişdir. Ədliyyə polisi olmasına baxmayaraq tikinti işini bacardığı üçün evin bənna işini əmisi özü görmüşdür. Əsgərliyə gedənə kimi o özü də evin tikintisində iştirak etmişdir və o zamanlar Təranə xanım hələ evdə olmamışdır. Əsgərlikdən gəldikdən sonra isə əmisi evlənmək istədiyini bildirmiş, təxminən 1-2 il sonra Təranə xanımla ailə qurmuşdur. Həmin vaxt ev təmirsiz 2 otaq, hamam, sanuzeldən ibarət olmuşdur. Zalın tikilməsinə atası kömək etmiş, onun zaldan xəbəri olmamışdır. Əmisi evi özü tikmiş və orada başqa bir usta görməmişdir. Əsgərlikdən gəldikdən sonra uzun müddət həmin evdə olmadığından Təranə xanımı ilk dəfə orada nə vaxt gördüyünü xatırlamır. Lakin xatırlayır ki, 2007-ci illərdə Təranə xanım həmin evdə ona qonaq kimi qulluq etmişdir. Təranə xanım evin tikintisində deyil, təmirində iştirak etmişdir.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, İddiaçı mərhum qardaşının həyat yoldaşı, Cavabdeh isə mərhum qardaşının oğludur. Qardaşı ilə Təranənin neçənci ildə ailə qurduqları yadında deyil. Lakin onlar əvvəllər kirayədə yaşamış, sonradan mübahisəli evin bir otağını tikib orada yaşamağa başlamış, daha sonra evdə yaşaya-yaşaya digər otaqları artırmışlar. İkinci otağın tikintisinə iddiaçının kürəkəni də köməklik etmişdir. Belə ki, qardaşı onunla dost olduğu üçün həmişə bir-birlərinə kömək etmişlər. İddiaçı qardaşı rəhmətə getməmişdən 5-6 ay əvvəl evi tərk edib getmiş, onu heç kim qovmamışdır. Lakin qəbul edir ki, qardaşının yasında həmin vaxt yaşı 90-ı keçmiş atası nə dediyini bilməyərək iddiaçının qardaşına “gedin Təranəni təzədən ərə verin” demiş, o da atasının bu sözünü bəyənməyərək oradan kənarlaşdırmışdır.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirmişdir ki, İddiaçı onun bacısı, Cavabdeh isə bacısının mərhum ərinin birinci evliliyindən olan oğludur. Bacısı Təranə mərhum Fərmayılla 2000-ci ildə ailə qurmuş, 2001-ci ildə onların övladları olmuş, lakin uşaq rəhmətə getmişdir. Buna baxmayaraq bacısı Təranə Fərmayılın uşaqlarına analıq etmiş, onlara öz doğma uşaqları kimi baxmışdır. Onlar öncə Sumqayıt şəhərində, sonra isə başqa bir yerdə kirayədə yaşamışlar. Daha sonra Binə qəsəbəsində bir otaqlı ev inşa edib oraya köçmüşlər. Onun (şahidin) həyat yoldaşı ustadır və Fərmayılla dost olmuşlar. Bir gün Fərmayıl ondan arvadını da götürüb evə gəlməsini istəmiş, evə bir otaq əlavə etmək istədiyini bildirmişdir. Onlar həmin vaxt Gəncədə yaşamışlar və Fərmayıl çağırdığı üçün yoldaşı Vahidlə birlikdə bacısıgilə gəlib 1-2 ay orada qalmışlar. Həmin vaxt əri mübahisəli evdə bir otaq inşa etmiş və evin damını vurmuşdur. Onlar bacısıgildə yaşayarkən Təranə otağın ortasına pərdə çəkmiş və eyni otaqda qalmışlar. Əri otağı inşa edib bitirdikdən sonra isə öz evlərinə qayıtmışlar.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, İddiaçı onun bacısı, Cavabdeh isə bacısının mərhum ərinin birinci evliliyindən olan oğludur. Bacısı Fərmayılla 2000-ci ildə ailə qurmuşdur. Onlar ailə qurarkən evləri olmamış, kirayədə yaşamışlar. Sonra Binə qəsəbəsində torpaq almışlar. Həmin torpağın pulunun bir hissəsini atası vermişdir. Orada bir otaq tikib oraya köçmüşlər. Daha sonra Gəncədə yaşayan bacısının əri 2005-ci ildə gələrək evin qalan otaqlarını tikmişdir. Bacısı Fərmayılın uşaqlarına analıq etmiş və onlara doğma övladları kimi baxmışdır. Hətta 2000-ci ildə bacısı xəstələndiyi üçün uşaqları qardaşıgilə qoymuşlar və onlar 5-6 ay ərzində uşaqlara baxmışlar. Əri ölən zaman bacısı evdə olmuş, ona zəng edərək bildirmişlər ki, gəlib bacısını aparsın. O zamandan bəri onunla qalır. Sumqayıt şəhərində üç qardaş yaşayırlar. Bacısı hansı qardaşının yanında qalmaq istəyirsə hər dəfə onunla qalır.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, İddiaçı onun bibisi, Cavabdeh isə bibisinin ögey oğludur. X16 ailə qurarkən Fərmayılın Rövşən və Şəhla adında iki övladı olmuşdur. O, 20 il ərzində Fərmayılın uşaqlarına öz uşaqları kimi baxmış, onları böyüdüb boya-başa çatdırmışdır. Onlar ilk vaxtlar Fərmayılın uşaqları ilə birlikdə Sumqayıt şəhərində kirayədə yaşamışlar. Fərmayıl növbədə olduğu üçün bibisi uşaqlarla tək qalmış və bəzən ondan, eləcə də əmisi oğlu Etibardan və bibisi oğlu Samirdən onlarla birlikdə qalmağı xahiş etmişdir. Sonralar isə Binə qəsəbəsində torpaq sahəsi almış və ev tikməyə başlamışlar. Fərmayıl orada bir otaqlı ev tikdikdən sonra həmin evə köçmüşlər. Hətta digər bibisinin usta olan yoldaşı Vahid də evin tikintisində iştirak etmişdir. Bibisigillə bir ailə kimi olmuş və tez-tez bir-birlərinin evinə gəlib-getmişlər. Bibisi ailə qurduqdan sonra Fərmayıl tez-tez sərxoş halda evə gələrək evdə dava salmışdır. Dava olan kimi Təranə bibisi ya onların, ya da digər qardaşlarının evinə getmişdir. Lakin hər dəfə əri ona geri gətirmişdir. Fərmayılla bibisi arasında mübahisələr çox olmuşdur. Fərmayıl sonradan namaz qılmağa başlamışdır. Təxminən qış aylarında Təranə bibisi yenidən Fərmayılla mübahisə etmiş və əri onu döymüşdür. Bu səbəbdən də bibisi onların evinə gəlmişdir. Bibisi onlarda olan zaman Fərmayıl müalicə üçün İrana getmişdir. Deyilənə görə İrandan gələrkən rəhmətə getmişdir. Əri öldükdən sonra bibisi də yas mərasiminə getmiş və orada qalmışdır. Lakin Fərmayıl kifayət qədər miras qoyduğu üçün bibisi bir neçə gün orada qaldıqdan sonra onu incitməyə başlamışlar. O da yenidən onların evinə qayıdıb gəlmişdir. İddiaçının 4 qardaşı və 1 bacısı var. Bu 4 il ərzində 1 ay onlarda, 1 ay digərlərinin yanında qalmış, sabit yaşayış yeri olmamışdır. Bu müddət ərzində cavabdeh Rövşənlə görüşmüşlər. Rövşən ona barışıq təklif etmişdir. O da Rövşənə demişdir ki, mərhum atası Fərmayıldan başqa yerdə 3 sot torpaq qalmışdır. Həmin torpağın qonşuluğunda əmisi də 3 sot torpaq almışdır və əmisi oğlu həmin torpaqda ev tikir. Lakin onlar ailə arasında razılığa gəlmişlər ki, həmin evi tikib başa çatdıraraq bibisi Təranəyə versinlər. Həmin vaxt Rövşən demişdir ki, onun “Nasosnı”da 5 otaqlı evi var və həmin evi 85000 manata satıb Təranə xanıma ev alacaq. Əlavə etmişdir ki, atası ona tapşırmışdır ki, arvadını evsiz qoymasın. Lakin cavabdeh dediklərinə əməl etməmişdir.
İşin faktiki halları.
13. İddiaçı xx.xx.2004-cü il tarixdə X5 ilə nikaha daxil olmuşdur.
14. Cavabdeh iddiaçının əri X2 iddiaçıdan əvvəlki nikahdan doğulmuş oğludur.
15. X5 xx.xx.2019-cu il tarixdə ölmüşdür.
16. Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ərazisində “Məscid küçəsi” adlanan ünvanda yerləşən fərdi yaşayış evi özbaşına tikilidir və dövlət qeydiyyatına alınmamışdır.
17. İddiaçı mərhum əri ilə ailə münasibətində olduğu dövrün böyük hissəsini (iddiaçıya görə 2003-2019, cavabdehə görə 2004-2018) həmin özbaşına tikilidə mərhum əri və onun əvvəlki nikahından olan uşaqları (biri iş üzrə cavabdeh olan) ilə birlikdə keçirmişdir.
18. Hazırda həmin evdə Cavabdeh yaşayır.
Tətbiq edilən hüquq.
19. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 43. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
22. İşin faktiki hallarından göründüyü kimi iddiaçının köçürülməyi və payının tanınmasını tələb etdiyi ev özbaşına tikilidir. İddiaçı iddia edir ki, bu evin yerləşdiyi torpaq sahəsi mərhum əri Fərmayıl İsmayılovla faktiki nikah münasibətində olduğu 2002-ci ildə alınmış, evin tikintisinə başlanılmış, bir otaq tikildikdən sonra – 2002-ci ilin noyabr ayında evə köçmüşlər. Cavabdeh isə iddia edir ki, ev mərhum atası Fərmayıl İsmayılov tərəfindən onun iddiaçı ilə nikaha daxil olmasından əvvəl tikilmiş, iddiaçı hazır evə gəlin köçmüşdür.
23. Məhkəmə qeyd edir ki, İddiaçı və mərhum əri Fərmayıl İsmayılov 2004-cü ildə rəsmi nikaha daxil olduğundan bu ev iddiaçının iddia etdiyi kimi 2002-2003-cü illərdə tikilmiş olsa belə onların birgə nikahı dövründə tikilmiş əmlak hesab edilə bilməzdi. Bu evə məhz tərəflərin rəsmi nikaha daxil olduğu 2004-cü ildən sonra evin dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulmasına dair (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və s.) məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyindən iddiaçı özbaşına tikili olan evə çəkilmiş xərcin birgə nikah dövründə əldə edilmiş ümumi vəsait olduğunu iddia edərək bu evə köçürülməyi tələb edə bilməz.
24. Lakin nəzərə alınmalıdır ki, evin iddiaçının mərhum əri ilə nikahı dövründə tikilibtikilməməsi ilə bağlı tərəflərin izahatları üst-üstə düşməsə də, hər iki tərəf qəbul edir ki, İddiaçı mərhum Fərmayıl İsmayılovla rəsmi nikaha daxil olduğu 2004-cü ildən ərinin 2019cu ildə ölümündən bir neçə ay əvvələ qədər həmin evdə əri və onun uşaqları ilə birlikdə yaşamışdır. Bununla belə Cavabdeh iddia edir ki, atasının 2019-cu ilin aprel ayında ölümündən bir neçə ay əvvəl – 2018-ci ilin dekabr ayında İddiaçı əri ilə mübahisə edərək evi könüllü surətdə tərk etmiş, ərinin ölümünə qədər geri qayıtmamışdır. İddiaçı isə iddia edir ki, o, ərinin ölümündən bir neçə ay əvvəl əri ilə mübahisə edərək evi tərk etsə də, ərinin yas mərasimi üçün evə qayıtmış, lakin cavabdeh və ailə üzvləri onu evdə qalmağa qoymamışdır.
25. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə üç hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə birinci və ikinci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib.
26. Hazırkı işdə İddiaçı münasibətdə birinci halın mövcudluğu mübahisəsizdir. Belə ki, o, hazırda köçürülmək istədiyi evdə uzun illər yaşamışdır.
27. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı uzun illər yaşadığı evdən məhrum olmuşdur. Belə ki, tərəflərin izahatları əsasında müəyyən edilir ki, İddiaçı əri Fərmayıl İsmayılovun ölümündən bir neçə ay əvvəl onunla mübahisə edib evdən getmiş, yalnız ərinin ölümündən sonra onun yas mərasimi üçün evə qayıdaraq orada qalmaq istəmişdir. Məhz bu səbəbdən cavabdeh hesab edir ki, iddiaçı evi könüllü tərk etmiş hesab edilməlidir.
28. Məhkəmə isə bununla razılaşmır. Belə ki, nikah dövründə ər-arvad arasında mübahisə olması, bu mübahisəyə görə arvadın əri ilə birlikdə yaşadığı evdən çıxıb getməsi və onların bir neçə ay ayrı yaşamaları hələ o demək deyil ki, tərəflər aralarında olan ailə münasibətlərinə birdəfəlik son vermək qərarına gəlmiş və arvad evi həmişəlik tərk etmişdir. Üstəlik, məhkəmə iclasında izahatları dinlənilən iddiaçı və şahidlər də iddiaçı və mərhum ərinin aralarında tez-tez belə mübahisələr olduğunu, iddiaçının evi tərk etdiyini, lakin hər dəfəsində ərinin onu gətirməsi ilə evə geri qayıtdığını bildirmişlər. Hazırkı iş üzrə cavabdeh də mərhum atasının sağlığında iddiaçı ilə olan nikahının pozulması üçün tədbir gördüyünü iddia etməmiş, bununla bağlı ilkin sübutları məhkəməyə təqdim etməmişdir.
29. Digər tərəfdən, nəzərə alınmalıdır ki, İddiaçı daimi yaşayışını təmin edəcək özünə məxsus evi yoxdur. Tərəflərin izahatlarından belə görünür ki, mərhum ərindən ona Sumqayıt şəhərində 0.03 ha torpaq sahəsi miras qalsa da, bu torpaq sahəsi üzərində yaşayış üçün yararlı ev tikilməmişdir. Həmçinin iş üzrə Cavabdeh həmin torpaq sahəsinin vərəsə kimi yalnız iddiaçıya verilməsini məhkəmə qaydasında mübahisələndirmişdir (Müvafiq mülki iş hazırda Sumqayıt Şəhər Məhkəməsinin icraatındadır). Belə olan halda iddiaçı başqa daimi yaşayış yeri olduğuna, bununla da əri ilə illərdir yaşadığı evə artıq ehtiyacı qalmadığına görə evi tərk edə bilməzdi. Həmçinin onun hazırda da daimi yaşayış yerinə ehtiyacı aradan qalxmamışdır.
30. Bundan başqa, iddiaçı iddia etmişdir ki, ərinin yası üçün evə gedib orada qalmaq istəsə də cavabdeh və qohumları ondan evi tərk etmələrini istəmiş, hətta cavabdehin babası (iddiaçının qayınatası) onun qardaşına “Oğlum öldü, uşağı da yoxdur. Aparın qızınızı başqasına ərə verin” demiş, bundan sonra iddiaçı qardaşları ilə birlikdə evi tərk etmişdir. İddiaçının bu hadisələrin şahidi kimi göstərdiyi və bu iş üzrə şahid (cavabdeh tərəfdən) kimi dindirilmiş mərhumun qardaşı Duman İsmayılov da atasının həmin vaxt iddiaçının qardaşına belə sözlər dediyini qəbul etmişdir.
31. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı uzun illər yaşadığı mübahisəli evdən məhrum edilmişdir. Belə ki, yaşayış yerindən məhrum edilmə dedikdə təkcə fiziki güc tətbiq edilərək, zorla evdən çıxarılma, əşyaların bayıra atılması və s. kimi hallar başa düşülmür. Evdən çıxmağın tələb edilməsi, evdə yaşamaq üçün şərait yaradılmaması, yaxud evdə yaşamaq istəyən şəxsin evdən “könüllü” çıxıb getməsi üçün ona psixoloji təsir göstərilməsi, təhqir edilməsi də evdən məhrum edilmə kimi başa düşülməlidir. Belə görünür, hazırkı işdə də bu baş vermiş, iddiaçı evdən fiziki güc tətbiq edilərək çıxarılmasa da, ona əri ilə birgə nikahından uşağı doğulmadığı, dolayısı ilə ərinin ölümündən sonra mübahisəli evdə yaşamalı olmadığı deyilərək yaşayış yerindən məhrum edilmişdir.
32. İddiaçının yaşayış yerindən məhrum edilməsinin qanuni olub-olmamasına münasibətdə məhkəmə qeyd edir ki, məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır.
33. Hazırkı işdən isə görünür ki, iddiaçının köçürülmək istədiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüququ rəsmiləşdirilmədiyindən həmin ev özbaşına tikilidir. Ev özbaşına tikili olduğundan Cavabdeh həmin evin mülkiyyətçisi deyil. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur və pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Odur ki, pozuntunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün iddiaçı məhrum edildiyi evə köçürülməlidir.
34. Nəzərə alınmalıdır ki, iddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsa idi (evdə yaşamaq səlahiyyəti versə idi) bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin.
35. Məhkəmə iddianı evə köçürülmə hissəsində əsaslı saysa da, qalan hissədə iddia tələbi ilə razılaşmır. Belə ki, özbaşına tikili üzərində mülkiyyət hüququ yaranmadığından bu tikili üzərində iddiaçının paylı mülkiyyət hüququ müəyyən edilə, həmin pay onun istifadəsinə verilə bilməz. Həmçinin ev gələcəkdə dövlət qeydiyyatına alınarsa, həmin əmlakdan 4/6 hissədə payın müəyyən edilməsi də yol verilməzdir. Çünki məhkəmə gələcəkdə əldə edilməsi ehtimal olunan mülkiyyət hüququ üzərində pay müəyyən edə bilməz.
Məhkəmə xərcləri.
36. İş materiallarından göründüyü kimi iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsi ilə qiymətləndirilməyən iddia ərizələrinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.
37. Bundan başqa, iş materiallarında olan qəbzdən görünür ki, İddiaçı tərəfindən “vəkil xidməti” təyinatı ilə 4 saylı Vəkil Bürosunun hesabına 300 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan vəkil orderindən görünür ki, order 4 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iş üzrə İddiaçı hüquqi yardım göstərməsi məqsədilə verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının 4 saylı Vəkil Bürosunun hesabına ödədiyi 300 manat məbləğində pul bu iş üzrə hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilən xərc olmuşdur.
38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. Məhkəmə hesab edir ki, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və 300 manat məbləğində vəkil xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması iddianın təmin edilmiş hissəsinə mütənasibdir.
Məhkəmənin gəldiyi nəticə.
40. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ərazisində “Məscid küçəsi” adlanan ünvandakı fərdi yaşayış evinə köçürülməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və 300 manat məbləğində vəkil xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
41. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ərazisində “Məscid küçəsi” adlanan ünvandakı fərdi yaşayış evinə köçürülsün. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu və 300 (üç yüz) manat məbləğində vəkil xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva