Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2167/2025 14.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İddia tələbi və tələbin əsaslandırıldığı hallar İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5020 manat qaytarılmamış pul vəsaiti, 2000 manat dəymiş ziyanın, 10000 manat maddi və mənəvi ziyanın və ödənilmiş 142 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən "xxxx" tur MMC-də icraçı direktor vəzifəsində çalışır. Reklam məqsədi ilə Bakıda məşhur müğənninin konsertini təşkil etmək istədiyindən ortaq tanışın vasitəsi ilə özünü prodüser kimi təqdim edən Roland adlı şəxs ilə tanış olmuşdur. Rolandla konsertlə bağlı ətraflı söhbət etmək məqsədi ilə Bakı şəhərində yerləşən "Dəfnə" adlı kafedə görüşdüyünü bildirmişdir. Daha sonra Roland Türkiyənin məşhur müğənnisi Zeynep Dizdarı Bakıda konsert verməsi üçün gətizdirə biləcəyini, bunun qarşılığında 10700 manat pul lazım olduğunu bildirmişdir. Konsert xx.xx.2024-cü il tarixdə Bakı şəhərində yerləşən "Xəyal" kafesində keçirilməli idi. Rolanda müğənninin qonorarı kimi 3000 ABŞ dolları, yəni 5100 manat pulu nağd şəkildə, konsertin keçirilməsi ilə bağlı sosial şəbəkələrdə reklam etməsi üçün Rolandın bank hesabına köçürmə yolu ilə 1300 manat pul göndərmişdir. Daha sonra Roland müğənninin aviabileti və otel xərcləri üçün 1580 manat pul tələb etmiş, sonradan ona məlum olmuşdur ki, müğənni Zeynep Dizdar Bakıya gəlmir. Bunun səbəbini Rolandan soruşanda konsertlə bağlı bilet satışlarının zəif olduğunu, bu səbəbdən konserti ləğv etdiyini bildirmişdir. Roland onu aldatmış, 10700 manat pulunu dələduzluq yolu ilə mənimsəmiş, 5680 manat qaytarmasına baxmayaraq, 5020 manat pulu qaytarmamışdır. Bundan əlavə 2000 manat Xəyal Kahvevesi adlı restorana mərasimin keçirilməsi üçün ödəniş etmişdir və bunun səbəbindən ona ziyan dəymişdir. İddia tələbinin dəqiqləşdirilməsi İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən tələb olunan 10000 manat məbləğində pul vəsaitinin məhz vurulmuş mənəvi zərərin əvəzi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinə etiraz və etirazın əsaslandırıldığı hallar Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, iddiaçı ilə “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olmuş, iddiaçı ondan çalışdığı hüquqi şəxsi reklam etdirmək üçün Rusiya Federasiyasından olan məşhur müğənni Timotinin Bakı şəhərində konsert verməsinin təşkil edilməsini xahiş etmişdir. Konsertlə bağlı ətraflı söhbət etmək məqsədi ilə Bakı şəhərində yerləşən “Dəfnə” adlı kafedə görüşəndən sonra müğənni Timotinin xərclərinin çox olduğunu və Türkiyə Respublikasından olan məşhur müğənni Zeynep Dizdarı Bakı şəhərində konsert verməsi üçün gətizdirə biləcəyini bildirmişdir. İddiaçı bu təklifə razılaşmış, Bakı şəhərində yerləşən “Xəyal” adlanan kafedə konserti keçirmək istədiyini bildirmişdir. O, iddiaçıya həmin müğənninin Bakı şəhərində konsert verməsi üçün tələb olunan məbləğin bütün xərclər daxil olmaqla cəmi 10700 manat məbləğində olduğunu bildirmiş və bu xərci özünə aid etməmişdir. Belə ki, iddiaçı Türkiyə Respublikasından olan müğənninin konsert verməsi üçün tələb olunan pul məbləğinin yarısını, yəni 3000 ABŞ dollarını ödəmiş, digər hissəsini isə konsertə bir gün qalmış ödəməyi öhdəsinə götürmüşdür. Müğənninin qonorarı kimi 3000 ABŞ dolları, yəni 5100 manat pul vəsaitini nağd şəkildə almış, iddiaçı özü konserti ləğv etdirmək istədikdən sonra müğənniyə müraciət edərək həmin pulu ona qaytarmışdır. Lakin, reklam işinin təşkili üçün ondan tələb olunan 1300 manat məbləğində pul vəsaitinin tutulması tamamilə əsassızdır. Belə ki, 1300 manat pul vəsaitindən sosial şəbəkələrdə reklam etməsi üçün 720 manat xərclənərək videolar düzəldilmiş və sosial şəbəkələrdə paylaşılmışdır. Bununla bağlı video sübutlar və paylaşımlar mövcuddur. Həmçinin, baxmayaraq ki, o, üzərinə düşən tapşırıqları yerinə yetirərək konsertin keçirilməsi ilə bağlı sosial şəbəkələrdə reklam etmişdir, reklam etməsi üçün ona köçürülən 1300 manatdan 580 manatı da qaytararaq, ümumilikdə iddiaçıya 5680 manat pul qaytarmışdır. Onun tərəfindən müğənninin aviabiletlərinin alınması üçün heç bir tələb olmamış, həmin biletlər iddiaçının özü tərəfindən əldə edilmişdir. Bundan başqa, konserti özü ləğv etdirməmiş, iddiaçı bilet satışlarının az olduğunu görərək özü konserti ləğv etdirmək istəmişdir. O, iddiaçıya pulun batmaması üçün kafeni dəyişdirmək və konserti qüvvədə saxlamaq təklifi etsə də, iddiaçı bununla razılaşmamışdır. Bu faktı təsdiq edən sübutlar da mövcuddur. Bundan başqa, Bakı şəhərində konsert verməsi barədə müğənninin özü tərəfindən çəkilən videolar da var. İddiaçıdan ümumilikdə 6700 manat pul alsa da, iddiaçının bilet satışlarının az olduğunu görərək konserti ləğv etdirməsinə rəğmən o, bu pulların hamısını iddiaçıya qaytarmışdır. Həmçinin baxmayaraq ki, üzərinə düşən tapşırıqları yerinə yetirərək konsertin keçirilməsi ilə bağlı sosial şəbəkələrdə reklam etmişdir və bununla bağlı videolar və paylaşımlar mövcuddur, reklam etməsi üçün ona köçürülən 1300 manat puldan yalnız 720 manat xərclənərək 580 manatı da qaytararaq, ümumilikdə iddiaçıya 5680 manat pul qaytarmışdır. Halbuki, iddiaçı tərəfindən onun tanışlarına 600 manat məbləğində konsert biletləri satılsa da, həmin pullar iddiaçı tərəfindən geri qaytarılmamışdır. Həmçinin, konsertin təşkili ilə bağlı “Xəyal” adlanan kafeni icarəyə götürülməsi üçün ona hər hansı pul vəsaiti göndərilməmişdir. İddiaçı 2000 manat məbləğində pul vəsaitini kafenin mühasibinin bank hesabına göndərərək “Xəyal” kafesi ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən, konsertin keçirilməyəcəyi təqdirdə pulun qaytarılmaması barədə şərt qeyd olunmuşdur. Bundan başqa, iddiaçı xx.xx.2024-cü il tarixdə Nəsimi RPİ-nin 19-cu PŞ-nə ondan eyni məzmunlu şikayət etmişdir. İddiaçının şikayəti əsasında araşdırma aparılmış və şikayətin əsassız olduğu müəyyən edilərək cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Həmin qərara əsasən, o, iddiaçı ilə aralarında olan yazışmaları təqdim etmiş, həmin yazışmalara baxış keçirilməsi zamanı onun konsertin biletlərinin satışlarının az olduğu üçün konserti ləğv elətdirməsi təklifi öz əksini tapmamış, əksinə iddiaçının konserti ləğv etdirmək üçün ona bu barədə yazdığı qeydə alınmış, o, öz vədinə sadiq qalaraq müğənninin meneceri ilə əlaqə yaratmış və onun Bakı şəhərində konsert verməsi üçün gətizdirmək istədiyi müəyyən edilmiş, bu barədə müğənni tərəfindən çəkilərək qeydə alınmış videoya baxış keçirilərək bu barədə protokol tərtib olunmuş, həmçinin reklam xərcləri üçün iddiaçıdan almış olduğu 1300 manat pulun qarşılığında reklam xarakterli videolar düzəldərək sosial şəbəkələrdə paylaşıldığı müəyyən edilmiş, videolara baxış keçirilərək bu barədə protokol tərtib edilmişdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehin etirazı tamamilə əsassızdır. Aldadıldığını bilənə qədər cavabdehdən 6700 manat pul tələbi var idi. Cavabdehə pulu mövcud konsertin reklamı üçün vermişdir. Ona dəymiş zərər 6700 manat məbləğindədir. Bundan 5100 manatı müğənninin qonorarı, 1300 manatı reklam işləri, 300-400 manatı isə özünün müəyyən xərcləri üçündür. O, cavabdehə müğənniyə 5100 manatı bank hesabı yolu ilə atması barədə qəbzi ona göstərsə qalan məbləği istəməyəcəyini bildirmiş, lakin, cavabdeh həmin qəbzi təqdim etməmişdir. Bundan sonra o, müğənninin meneceri ilə əlaqə saxlamış və o, bildirmişdir ki, onlara cəmi 200 dollar beh atılıb və başqa pul verilməyib. Cavabdeh həmin behin müqabilində onlara bildirib ki, bir video çarx çəkib atın ki, burada reklam edilsin. O zaman da müğənni telefonla, qeyriprofessional şəkildə video çəkib atmış və reklamlar həmin video çarxın üzərində qurulmuşdur. Aviabiletlər və otel rezervasiyasi cavabdehin də dediyi kimi onun tərəfindən rəsmiləşdirilmişdir. Belə ki, özünün tur şirkəti var və biletlər üçün 1280 manat, otel rezervasiyası üçün 300 manat pul ödəmişdir. Cavabdehdən tələb etdiyi 2000 manat isə “Xəyal kafesi”nə ödədiyi puldur. Belə ki, o, həmin pulu kafe ilə bağladığı müqavilə əsasında zalın konsertin keçiriləcəyi gen üçün kirayələmək məqsədilə vermişdir. Bundan əlavə 500 manat da həmin kafeyə depozitə qoymuşdur. Konsertin keçirilməməsinə baxmayaraq, həmin məbləğ ona qaytarılmamışdır. Lakin, bilet satışı gözlənilən kimi olmamış və o, cavabdehdən bu barədə soruşduqda cavabdeh konsertin vaxtını və məkanı dəyişməyi təklif etmişdir. O, bu təklifin həyata keçirilməsi üçün nə lazım olduğunu soruşduqda, cavabdeh ona 2500-3000 manat məbləğində əlavə xərc çəkmək lazım olduğunu söyləmişdir. Bundan sonra cavabdehə həmin məbləğdə vəsaiti olmadığını bildirmiş və cavabdeh də belə olan halda konsertin ləğvinin qaçılmaz olduğunu qeyd etmişdir. O, cavabdehlə danışıq aparan zaman razılaşmışdır ki, əgər konsert baş tutmasa ona dəymiş ziyanı cavabdehdən alacaqdır. Cavabdehlə arasında hər hansı bir yazılı müqavilə yoxdur. O, hər dəfə cavabdehə rəsmi müqavilə bağlamaq barədə təklif etsə də, cavabdeh müxtəlif bəhanələrlə vaxtı uzatmışdır. O, cavabdehdən gördüyü işin zəhmət haqqını soruşanda cavabdeh ona konkret məbləğ deməmiş, əldə olunan qazancdan hansı məbləği uyğun görsə verməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçı müğənni Zeynep Dizdara ödəməyə lazım olan pulun 6000 ABŞ dollarının yarısını ödəmiş, digər hissəsini isə konsertə bir gün qalmış ödəməyi öhdəsinə götürmüşdür. Konsert xx.xx.2024-cü il tarixdə Bakı şəhərində yerləşən “X7” adlanan məkanda keçirilməli idi. İddiaçı ona müğənninin qonorarı kimi 3000 ABŞ dolları, yəni 5100 manat pulu nağd şəkildə və konsertin keçirilməsi ilə bağlı sosial şəbəkələrdə reklam etməsi üçün onun bank hesabına köçürmə yolu ilə 1300 manat pul göndərməsini qeyd etmişdir. O, müğənninin qonorarı kimi 3000 ABŞ dolları, yəni 5100 manat pulu nağd şəkildə almış, iddiaçı özü konserti ləğv etdirmək qərarına gəldikdən sonra, müğənniyə müraciət edərək həmin pulu ona qaytarmışdır. Lakin, reklam işinin təşkili üçün ondan tələb olunan 1300 manat pul əsassızdır. Belə ki, 1300 manat pul vəsaitindən sosial şəbəkələrdə reklam işinin təşkili üçün 720 manat vəsait xərclənərək videolar düzəldilmiş və sosial şəbəkələrdə paylaşılmışdır. Bununla bağlı video sübutlar və paylaşımlar mövcuddur. Həmçinin baxmayaraq ki, o, üzərinə düşən tapşırıqları yerinə yetirərək konsertin keçirilməsi ilə bağlı sosial şəbəkələrdə reklam etmişdir, reklam etməsi üçün ona köçürülən 1300 manat pul vəsaitindən 580 manatı da qaytararaq, ümumilikdə iddiaçıya 5680 manat pul qaytarmışdır. Daha sonra guya müğənninin aviabiletinin alınması və otel xərclərinin qarşılanması üçün 1580 manat pul vəsaitinin iddiaçının tələb edilməsi, sonradan isə iddiaçıya müğənninin Bakıya gəlməməsinin məlum olması və bunun səbəbini guya ondan soruşanda iddiaçıya konsertlə bağlı bilet satışlarının zəif olduğunu və bu səbəbdən konsertinin ləğv etdiyini bildirməsi tamamilə böhtandır. Lakin, onun tərəfindən heç bir tələb olmamışdır və iddiaçı müğənni üçün aviabiletlərini özü almışdır. Bundan başqa, konserti o, ləğv etdirməmişdir. İddiaçı bilet satışlarının az olduğunu görərək özü konserti ləğv etdirmək istəmiş, iddiaçının pulunun batmaması üçün məkanı dəyişdirmək və konserti qüvvədə saxlamaq təklifini etsə də, iddiaçı bununla razılaşmamışdır. Qeyd edilənləri sübut edən “whatsapp” sosial şəbəkəsində əks olunan yazışmalar mövcuddur. Bundan başqa, Bakıda konsert verməsi barədə müğənninin özü tərəfindən çəkilən videolar da var. O, əslində heç həmin pulu iddiaçıya qaytarmalı deyildi. Onun işi yalnız müğənnini gətirmək və konsertin reklamını etməkdən ibarət olmuşdur. Biletlərin satılıb-satılmaması onun işi deyil. Sadəcə iddiaçı biletlərin satılmadığını görən zaman ona konserti ləğv etdirməsini söyləmiş, o da konserti ləğv etdirmişdir. Bilet satmaq qəti onun işi deyil, biletləri bununla məşğul olan şirkət satmalı idi. Həmçinin, VİP biletlərin dəyəri olan ümumilikdə 600 manat məbləğində pul vəsaiti konsertin ləğvindən sonra onun tərəfindən geri qaytarılmışdır. İddiaçı bu məbləği özü birbaşa qaytarmalı olsa da, bunu etməmiş və yalnız 300 manat məbləğini ona qaytarmış, digər 300 manatı toya gedən zaman ondan borca götürülmüş pulun əvəzinə hesablamışdır. Şahid ifadələri Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, o, iş üzrə tərəflərin hər birini tanıyır. O, keçən ilin iyun ayında “Sehirli Spa”da çalışırdı. Həmin mərkəzin reklamı ilə bağlı Cavabdeh mərkəzə dəvət edilmişdir. Cavabdeh mərkəzin rəhbəri Həcər xanıma yaxın günlərdə müğənni Zeynəb Dizdarı Bakıya gətirəcəklərini və həmin konsertdə iştirak üçün “VİP” zonadan biletlər alarlarsa, bunun qarşılığında konsertdən sonra müğənninin həmin mərkəzdə müsahibə verəcəyini və bununla bağlı mərkəzdən hər hansı ödəniş tələb olunmayacağını təklif etmişdir. Bu təklifdən sonra İddiaçı zəng edilmiş və müəyyən danışıqlar aparılmışdır. Bundan sonra konsertin biletlərinin satışına başlanmış və 600 manat məbləğində pul vəsaiti iddiaçının kart hesabına köçürülmüşdür. Bir müddət sonra cavabdeh Həcər xanımla əlaqə saxlamış və konsertin təxirə salındığını bildirmişdir. Həcər xanım ödənilmiş bilet məbləğinin geri qaytarılması üçün biletlərin satışını həyata keçirən şirkətlə əlaqə saxlamış, lakin şirkət tərəfindən həmin biletlərin “VİP” biletlər olduğu və buna görə qaytarılmanın məhz iddiaçı tərəfindən mümkün olduğu qeyd edilmişdir. Həcər xanım iddiaçı ilə əlaqə saxladıqda iddiaçı həmin məbləği geri qaytarmaqdan imtina etmişdir. Həcər xanım da Roland bəyə zəng edərək İddiaçı ödənilən bilet pullarını ondan istəmiş, Cavabdeh da 600 manat məbləğində pulu Həcər xanımın kartına göndərmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, cavabdehə əvvəldən tanısa da, iddiaçı ilə şəxsi tanışlığı olmamışdır. Belə ki, o, iddiaçını cavabdehlə video əlaqə saxlayan zaman mobil telefondan görmüşdür. Cavabdeh onunla reklam işinin təşkili üçün əlaqə saxlamış, ona video yazıların hazırlanması üçün 350 manat, fotoşəkillərə görə isə 200 manat cavabdeh tərəfindən pul vəsaiti verilmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, iddiaçının şikayətinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və maraqlı tərəfə mülki qaydada məhkəmə orqanlarına müraciət etmək hüququnun olması izah edilmişdir. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubunun surətindən müəyyən olunur ki, müraciətdə qeyd olunan xüsusatlar üzrə araşdırma aparılmış, əvvəlcədən tanıdığı cavabdeh ilə aralarında konsert təşkil etməsi və s. təşkilati işlər üçün ödənilmiş pulun geri qaytarılmaması səbəbindən yaranmış mübahisəli məsələnin polis orqanlarının səlahiyyətinə aid olmadığı nəzərə alınaraq mülki iddia və xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. "xxxx" MMC (Sifarişçi) və "xxxx" MMC (İcraçı) arasında bağlanmış konsertlərin keçirilməsi haqqında 32HK nömrəli müqavilənin surətindən müəyyən olunur ki, “Sifarişçi” konsertin xx.xx.2024-cü il tarixdə keçirilməsini və konsertə dair müqavilə üzrə xidmətlərin göstərilməsini sifariş verib “İcraçı” ya razılaşdırılmış xidmət haqqı ödəməyi, “İcraçı” isə “Sifarişçi” nin müqaviləyə uyğun olaraq müəyyən etdiyi qaydada xidmətləri göstərməyi öhdəsinə götürür. Mədaxil qəbzlərinin surətindən müəyyən olunur ki, 5522********3580 nömrəli kart hesabından 4169********2209 nömrəli kart hesabına 440 manat (xx.xx.2024-cü il tarix), 200 manat (xx.xx.2024-cü il tarix), 2000 manat (xx.xx.2024-cü il tarix), 1000 manat (xx.xx.2024-cü il tarix), 300 manat (xx.xx.2024-cü il tarix), 100 manat (xx.xx.2024-cü il tarix) məbləğində pul vəsaiti mədaxil edilmişdir. İş materiallarına əlavə edilmiş 01 ədəd fotoşəkildən müəyyən olunur ki, 4169********2209 nömrəli kart hesabı cavabdehə məxsusdur. xx.xx.2024-cü il tarixli mədaxil qəbzinin surətindən müəyyən olunur ki, 5522****3580 nömrəli kart hesabından 4098****6150 nömrəli kart hesabına 2000 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. ("xxxx" MMC-yə iddiaçı tərəfindən ödənilmiş məbləğ). xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçıya məxsus kart hesabına 1000 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzlərindən müəyyən olunur ki, iddiaçıya məxsus kart hesabına ümumilikdə 4680 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. Tərəflər arasında olan “whatsapp” yazışmalarının mətnindən müəyyən olunur ki, iddiaçı cavabdehə ümumilikdə 6700 manat pulu qaytarmalı olduğunu (5100+1300 reklam+300 borc), bu məbləğdən 1000 manatın qaytarıldığını qeyd etmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 142 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Maddə 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, işin faktiki hallarını və işə əlavə edilən sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, mübahisənin düzgün həlli edilməsi baxımından hazırkı iddia tələbinin tapşırıq müqaviləsindən irəli gələn öhdəliklərin lazımınca icra edilməməsi nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi bağlı olması, iddia tələbinin qanuni əsasını isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 779.1-ci maddəsinin (vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır) təşkil etməsi nəzərə alınmalı və iş üzrə araşdırma aparılması zamanı iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtləri rəhbər tutulmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Türkiyə Respublikasından olan müğənninin (Zeynep Dizdar) Bakı şəhərində konsertinin təşkili ilə bağlı cavabdehlə şifahi tapşırıq müqaviləsi bağlamış, cavabdeh konsertin həyata keçirilməsi üçün müəyyən təşkilati işləri yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Tapşırıq müqaviləsinə görə vəkalət verən vəkalət alana onun adından və onun vəsaiti hesabına hər-hansı hüquqi hərəkətləri icra etməyi tapşırır. Bu növ müqavilə münasibətlərinə əsasən, vəkalət alanın vasitəçilik xidmətlərinin nəticəsi maddi formada təcəssüm olunmur və xidmətlərin konkret nəticə əldə olunmasına təminat verilmir. İddiaçı iddia tələbində konsertin keçirilməsi ilə bağlı çəkdiyi bütün xərclərin konsertin baş tutmaması səbəbindən məhz cavabdeh tərəfindən ona geri qaytarılmasını xahiş etmişdir. İddiaçı cavabdehlə konsertin bütün təşkilati işlərinin onun tərəfindən həyata keçirilməli olması barədə razılaşdıqlarını, buna görə də konsertin keçirilməsi ilə bağlı çəkdiyi bütün xərclərin konsertin baş tutmaması səbəbindən məhz cavabdeh tərəfindən ona geri qaytarılmasını tələb etsə də, buna dair mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Belə ki, sübutların məhkəmə iclasında tədqiqi zamanı müəyyən olunmuşdur ki, cavabdeh məhz müğənni ilə konsert vermək üçün razılığın əldə edilməsi, konsertin reklam işinin təşkilini həyata keçirməyi öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş səs yazılarının tədqiqi zamanı müəyyən edilmişdir ki, iddiaçı konsertin baş tutmaması ilə bağlı narahatlığını cavabdehə ünvanladığı səs yazısında “ortada nəsə batsa mənimki batacaq” kimi ifadə etmiş, yəni konsertin təşkili ilə bağlı zəruri xərcləri (müğənninin aviabiletlərinin alınması, yaşayış sahəsi ilə təmin edilməsi, konsertin təşkili ilə bağlı məkanın icarəyə götürülməsi, biletlərin satışı və s. daxil olmaqla) çəkdiyini və həmin konsertin baş tutmaması halında zərərin məhz ona dəyəcəyini bildirmişdir. Həmçinin, tərəflər arasında bağlanmış şifahi tapşırıq müqaviləsinin mahiyyəti ilə bir daha təsdiqlənir ki, cavabdeh öz üzərinə götürdüyü təşkilati işləri – müğənni ilə ilkin razılıq əldə edilməsi və konsertin reklam işinin təşkilini vicdanlılığın tələb etdiyi tərzdə vaxtında və lazımı qaydada icra etmiş, iddiaçının iddia etdiyi kimi digər təşkilatı məsələlərlə bağlı məsuliyyətin məhz cavabdehin üzərində olması, həmin öhdəliklərin məhz cavabdeh tərəfindən icra edilməli olması ilə bağlı mötəbər və təkzibedilməz sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçının əvvəlcə 3000 ABŞ dolları (5100 manat), daha sonra reklam işinin təşkili üçün 1300 manat və əlavə olaraq 300 manat məbləğində pul vəsaitini cavabdehə verməsi, eləcə də həmin pul vəsaitindən 5680 manat məbləğin iddiaçıya geri qaytarılması işin mübahisəsiz halıdır. İddiaçı cavabdeh tərəfindən ona qaytarılmalı pul vəsaitinin ümumilikdə 10700 manat olmasını, bu məbləğdən 5680 manat məbləğin geri qaytarılmasına baxmayaraq, 5020 manat məbləğində pul vəsaitinin geri qayrarılmadığını bildirsə də, iş materiallarına əlavə edilmiş və iş üzrə tərəflərin tapşırıq müqaviləsindən irəli gələn münasibətləri ilə bağlı yazışma məlumatlarının tədqiqi nəticəsində iddiaçı tərəfindən cavabdehə ümumilikdə görməli olduğu işlərə görə 6700 manat məbləğində pul vəsaitinin verilməsi və bu məbləğdən ümumilikdə 5680 manat məbləğində pul vəsaitinin( 5100 manat-müğənniyə ödənilən qonorar, 580 manat-yayımlanmamış reklamlar) iddiaçıya köçürülmə yolu ilə geri qaytarılması müəyyən olunur. Reklam işinin təşkili ilə bağlı iddiaçının ödədiyi puldan qaytarılmayan 720 manata dair hissə ilə bağlı qeyd edilməlidir ki, cavabdeh aralarında bağlanmış şifahi tapşırıq müqaviləsinin şərtlərinə əsasən, konsertin təşkili ilə bağlı müxtəlif kütləvi informasiya vasitələrində (rəsmi internet səhifələrində) bu barədə elanlar yerləşdirmiş və müxtəlif video çarxlar hazırlamışdır. Qeyd edilən faktlar iş materiallarına əlavə edilən müvafiq sübutlarla öz təsdiqini tapmışdır. İddiaçının cavabdehə verdiyi 300 manat məbləğində pul vəsaitinin geri qaytarılması ilə bağlı hissədə məhkəmə qeyd edir ki, müvafiq pul vəsaiti iddiaçı tərəfindən cavabdehə borc pul məbləği kimi verilmiş, həmin pul vəsaiti sonradan cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmışdır. Hər bir halda, müvafiq münasibətlər borc müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə əlaqədar olmaqla, şifahi tapşırıq müqaviləsinə dair öhdəliklərin icrası ilə eyniyyət təşkil etmir və mübahisə olunmur. Nəzərə alınmalıdır ki, iş üzrə keçirilən məhkəmə iclasları zamanı iddiaçı öz iddia tələbinin tərkib elementlərini təşkil edən pul vəsaitlərinin konkret olaraq hansı məbləğdə və hansı məqsədlə verilməsini dəqiqləşdirməmiş, ayrı-ayrı məhkəmə iclasları zamanı müxtəlif mövqelər səsləndirməklə qeyri-müəyyənliyə yol vermişdir. Belə ki, adi qaydada iddiaçı 5020 manat məbləğində qaytarılmayan pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etsə də, məhkəmə iclasları zamanı səsləndirdiyi fikirlərdən (xx.xx.2025-ci il tarixli məhkəmə iclası) və iş materialarına əlavə edilmiş “whatsapp” yazışmalarının mətnindən aydın olur ki, iddiaçı cavabdehə ümumilikdə 6700 manat (5100 manat müğənninin qonorarı, 1300 manat reklam işinin təşkili və 300 manat borc) məbləğində pul vəsaiti verdiyi və həmin vəsaiti tələb etməsi müəyyən olunur. İddia tələbinin 2000 manat məbləğində vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı hissədə məhkəmə qeyd edir ki, iddiaçı müvafiq məbləği cavabdehdən konsertin təşkili üçün seçilmiş məkanın müvəqqəti icarəyə götürülməsi ilə əlaqədar olaraq vurulmuş zərərin əvəzi kimi geri tələb edir. Halbuki, konsertin keçiriləcəyi məkanla məhz iddiaçı rəhbərlik etdiyi "xxxx" MMC adından müqavilə bağlamışdır və həmin xidmət müqaviləsinin tərəfləri də məhz “X7” MMC və "xxxx" MMC-dir. Hazırda isə konsertin keçirilməməsi səbəbindən müqavilənin bağlanması ilə bağlı iddiaçının ödədiyi məbləği cavabdehdən tələb etməsinin qanuni və müqavilə əsası mövcud deyildir. Belə ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış şifahi tapşırıq müqaviləsinə uyğun olaraq öhdəsinə götürdüyü işləri, müğənni ilə ilkin razılıq əldə edilməsi (iş materiallarına əlavə edilmiş müğənninin Bakı şəhərində konsert verəcəyi ilə bağlı video yazısı bu faktı təsdiq edir) və reklam işinin təşkilini vicdanlılığın tələb etdiyi tərzdə və müqavilə şərtlərinə uyğun olaraq vaxtında və lazımı qaydada icra etmişdir. Konserin keçirilməsi nəzərdə tutulan məkanın seçilməsi və müqavilənin bağlanması cavabdehin öz üzərinə götürdüyü öhdəliklər sırasına aid edilməmiş, həmin hərəkətlərin məhz cavabdeh tərəfindən edilməli olmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, iddia tələbi bu hissədə iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırıldığından təmin edilməməlidir. Konsertin baş tutmaması ilə bağlı isə qeyd edilməlidir ki, iddiaçı məhz biletlərin satılmamasına görə konsertin keçirilməsini ləğv etmiş, cavabdeh başqa tarixə təxirə salınmasını təklif etsə də, iddiaçı buna razılaşmamışdır. Bu vəziyyətdə cavabdehin, tapşırıq müqaviləsi üzrə vəkalət alanın tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi halı müəyyən olunmur və nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıması istisna olunur. Belə ki, konsert cavabdehin öz işini yerinə yetirməməsi ilə əlaqdar olmayan səbəbdən, yəni biletlərin satılmaması ilə əlaqədar olaraq iddiaçı tərəfindən ləğv edilmişdir. Nəzərə almaq lazımdır ki, tapşırıq müqaviləsi mülki hüquq münasibətləri iştirakçılarına bu münasibətlərdə öz seçimi ilə təyin etdiyi və müvafiq vəkalət verdiyi şəxs vasitəsilə iştirak etməyə imkan verən hüquqi vasitədir. Tapşırıq müqaviləsi, hər şeydən əvvəl, bir şəxsin (vəkalət verənin) digər şəxs (vəkalət alan) tərəfindən təmsil edilməsi haqqında ikitərəfli, kosensual, tərəflərin iradəsindən asılı olaraq əvəzli və ya əvəzsiz müqavilədir. Tapşırıq müqaviləsinin spesifik xüsusiyyəti ondadır ki, müqavilə üzrə tapşırığı həyata keçirməyi öhdəsinə götürmüş vəkalət alan konkret nəticə əldə olunmasına təminat vermir. Tapşırığın icrası üçün lazım olan bütün hərəkətləri vicdanla həyata keçirmiş vəkalət alan istənilən nəticəni əldə etməsə belə müqavilə üzrə öz borcunu yerinə yetirmiş sayılır. Məhkəmə qeyd edir ki, müqavilə öhdəliklərinin pozulması nəticəsində iddiaçıya vurulmuş maddi zərərin əvəzinin ödənilməsinə dair hissədə iddia tələbi təmin edilmədiyindən, vurulmuş mənəvi zərərin məhz cavabdehin müqavilə öhdəliklərini pozması nəticəsində əmələ gəlməsi ehtimal olunan mənəvi zərərlə əlaqədə olduğundan, mənəvi zərərin ödənilməsinə dair hissədə də iddia tələbi təmin edilməməlidir. Digər tərəfdən, iddia tələbinin mənəvi zərərin ödənilməsinə dair hissəsində məhkəmə qeyd edir ki, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən, mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır (“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarı). Mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbinin qanuniliyinin yoxlanılması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Digər tərəfdən, iddiaçı cavabdehlərin qanunsuz hərəkət və (və ya) hərəkətsizliyi nəticəsində özünün keçirdiyi mənəvi sarsıntı və iztirabların nədə ifadə olunmasını, bu kimi sarsıntıların məhz cavabdehlərin hərəkətləri nəticəsində baş vermiş olmasını, eləcə də keçirilmiş sarsıntılarla cavabdehlərin hərəkətləri arasında nə kimi səbəbli əlaqənin olmasını sübut edə bilməmişdir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (AR MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 142 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 142 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №e-2(010)-2167/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2167/2025
14.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver