Məhkəmə qərarları › İş №e-2(010)-2168/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2168/2025

17.03.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2168/2025 17.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Maraqlı şəxs Cavabdeh iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (Cavabdeh maraqlı şəxs qismində cəlb edilməklə) hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi.

1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (Cavabdeh maraqlı şəxs qismində cəlb edilməklə) hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə ilə Bakı şəhəri Suraxan Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayon X2 icra orqanının rəhbəri Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar.

2. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyəcisi olan Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayon X2 Dövlət Sosial Müdafiə Fonduna 4749.96 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən, xx.xx.2024-cü il tarixli, **********160500 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

Tərəflərin izahatları.

3. Ərizəçinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxılması və ərizənin təmin edilməsi bardə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında maraqlı şəxs Cavabdeh ərizəni qəbul etməyərək bildirdi ki, o, hazırda X2 sədri deyil. Bu səbəbdən hesab edir ki, həmin hüquqi şəxsin rəhbəri kimi ölkədən çıxışına məhdudiyyət qoyula bilməz. Odur ki, məhkəmədən ərizənin təmin edilməməsini xahiş etdi.

İş materialları.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Bakı şəhəri Suraxanı rayonu X3 ünvanlanmış xx.xx.2024-cü il tarixli, **********8 nömrəli bildirişdən görünür ki, Bələdiyyəyə vergi borcunun məbləği (8731.48 manat) barədə məlumat verilmiş, həmin borcun ödənilməsi tələb edilmişdir.

6. Bakı şəhəri Suraxanı rayon X2 sədri Həqiqət Məmmədova tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, bələdiyyə büdcəsi yerli büdcə hesab olunduğundan onun maliyyə vəsaitinin yerli vergi ödəyicilərinə paylanmış tədiyyə bildirişləri əsasında olunan ödənişlərdən asılı olduğu, elə bu səbəbdən də DSMF-yə olan borc məbləğinin hissə-hissə ödənilərək, qalıq borc məbləğinin xeyli azaldığı bildirilmiş, qalan əsas borc məbləğinin bələdiyyə büdcəsi imkan verdiyi təqdirdə hissə-hissə ödənilməsinə zəmanət verildiyi qeyd olunmuşdur.

İşin faktiki halları.

7. Bakı şəhəri Suraxanı rayonu X2 ödənilməmiş məcburi dövlət sosial sığorta borcu var.

8. Cavabdeh həmin Bələdiyyənin sədri olmuşdur.

Tətbiq edilən hüquq.

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 355-5. Ərizənin verilməsi. 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Maddə 355-6. Ərizənin məzmunu. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-7. Ərizəyə baxılması və qətnamənin qəbul edilməsi. 355-7.1. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. 355-7.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. 355-7.3. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. 355-7.5. Qətnamənin surəti bu Məcəllənin 227.2-ci maddəsinə uyğun olaraq tərəflərə verilir.

Məhkəmənin mövqeyi.

10. İşin hallarından görünür ki, Bakı şəhəri Suraxanı rayonu X2 ödənilməmiş məcburi dövlət sosial sığorta borcu var. Həmin borcun ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi – Bələdiyyənin sədri kimi maraqlı şəxs qismində göstərdiyi Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş edir.

11. Lakin iş üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, maraqlı şəxs qismində işə cəlb edilmiş Cavabdeh artıq Bakı şəhəri Suraxanı rayonu X2 sədri deyil. Belə ki, o, məhkəmə iclasında verdiyi izahatında istinad etdiyi bu halı təsdiq edən sübut kimi məhkəməyə həmin bələdiyyənin hazırkı sədri Həqiqət Məmmədova adından imzalanmış və bələdiyyənin möhürü ilə təsdiq edilmiş məktubu təqdim etmişdir. Məhkəməyə ünvanlanmış həmin sənəddə Bələdiyyənin sosial sığorta borcunun olması qəbul edilmiş, həmin borcun hissə-hissə ödənilməkdə olduğunu bildirilmişdir.

12. Məhkəmə hesab edir ki, Bələdiyyənin cari sədrinin adından imzalanaraq, bələdiyyənin rəsmi möhürü ilə təsdiqlənmiş bu sənəd hazırkı iş üzrə maraqlı şəxs Cavabdeh artıq Bakı şəhəri Suraxanı rayonu X2 sədri olmadığı nəticəsinə gəlməyə əsas verir. Belə olan halda rəhbəri olmadığı orqanın icra edilməmiş öhdəliklərinin icrasını təmin etmək üçün onun ölkədən gedişinə məhdudiyyət qoyula bilməz. Odur ki, ərizə təmin edilməməlidir.

Məhkəmə xərcləri.

13. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Bu baxımdan iddiaçı orqan hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməkdən azad olmuşdur.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Hazırda ərizə təmin edilmədiyindən məhkəmə hesab edir ki, ödənilməmiş rüsum maraqlı şəxsdən tutula bilməz.

Məhkəmənin gəldiyi nəticə.

15. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir.

16. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (Cavabdeh maraqlı şəxs qismində cəlb edilməklə) hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar