Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2181/2025 13.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X5 və X7 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitinin və 35 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. İddiaçı ASC tərəfindən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən "OPEL ASTRA"markalı, 99SN279d.q.n-lı avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurulan zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixli, PAZ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. X2 xx.xx.2023-cü il tarixdə təxminən saat 14:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu Padar kəndinin ərazisindən keçən 103-cü km-də idarə etdiyi “Volkswagen Passat” markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayonu istiqamətindən Oğuz şəhəri istiqamətində hərəkət edərkən X8 idarə etdiyi “Opel Astra H” markalı ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsindən vurub toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “Opel Astra H” markalı avtomobilin sürücüsü X12 ağır zərər vurmuş və o, xx.xx.2023-cü il tarixdə təxminən saat 02:00 radələrində Şəki RMX-da ölmüş, həmçinin idarə etdiyi “Volkswagen Passat” markalı avtomobilin salonunda olan sərnişin X3 bazu sümüyünün orta 1/3-nin qəlpəli yerdəyişmiş sınığının əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamliğa ağır zərər vurmuşdur. Baş vermiş hadisə ilə bağlı xx.xx.2024-cü il tarixli, CML-0021/2024-AKT117/24 nömrəli aktla İddiaçı ASC tərəfindən zərərçəkmiş X1 vurulan «AĞİR» zərərə görə 1500 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2023-ci il tarixli 8/921 nömrəli rəyindən görünür ki, 1a. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Opel Astra H markalı 99SN279 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 6-cı hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 1b. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Volkswagen Passat markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasi Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1ci bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1- ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasi Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat- İmtahan İdarəsinin işə əlavə edilmiş xx.xx.2023-ci il tarixli 3-13-16/2-11713/2023 nömrəli məktubundan görünür ki, Qeydiyyat İmtahan İdarəsinin kompüter uçot bazasında xx.xx.1982-ci il təvəllüdlü X12 xx.xx.2010-cu il tarixdə xx.xx.2020-ci il tarixədək müddətə etibarlı olan AB 306361 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Göründüyü kimi, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı mərhum X8 icbari qaydada sığorta olunmuş "OPEL ASTRA" markalı, **-SN-*** d.q.n-lı atvonəqliyyat vasitəsin«i idarə etmək hüququ olmamışdır». Avtonəqliyyat vasitəsinin sahibi və sığortalı (cavabdeh) Cavabdeh1 isə«sürücülük hüququ olmayan şəxsə mülkiyyətində olan avtonəqliyyat vasitəsini idarə etməyə vermişdir».
İddia tələbinin dəqiqləşdirilməsi
İddiaçı ASC Suraxanı Rayon Məhkəməsinə ərizə ünanlayaraq X20 və X14 cavabdehlər sırasından çıxarılaraq Cavabdeh2 cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbi ilə razı olmadığını bildirdi və qeyd etdi ki, o, nəqliyyat vasitəsini etibarnamə əsasında başqa şəxsə vermişdir.
5. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları
6. xx.xx.2024-cü il tarixli, CML-0021/2024-AKT117/24 saylı Sığorta Aktından görünür ki, X22 “Opel Astra” markalı, **-SN-*** dövlət qeydiyyyat nişanlı minik avtomobili ilə qəza törədərək X16 ağır xəsarət yetirmişdir və ağır xəsarətə görə sığorta məbləğinin 30%-i yəni, 1500 manat dəyərində zərər müəyyən edilmişdir.
7. PAZ********** nömrəli, xx.xx.2022-ci il tarixli sığorta şəhadətnaməsindən görünür ki, “Opel Astra” markalı, **-SN-*** dövlət qeydiyyyat nişanlı minik avtomobili “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi” ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı ASC tərəfindən sığortalanmışdır.
8. X23 tərəfindən İddiaçı ASC-nin idarə heyyətinin sədri Yusif Soltanova ünvanlanan ərizədən görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 1ş vermiş yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitələrinin toqquşması nəticəsində xəsarət almışdır. Ona dəymiş ziyanın ödənilməsi ilə əlaqədar köməklik göstərilməsini xahiş etmişdir.
9. DİN DYP-nin Web Portalından çıxarılan sənədin surətindən görünür ki, Cavabdeh1 adına ******* şassi nömrəli “Opel Astra” markalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi xx.xx.2022-ci il tarixdə verilmişdir.
10. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, “Opel Astra” markalı, **-SN-*** dövlət qeydiyyyat nişanlı minik avtomobilinin qəza hadisəsi baş verən zaman sürücüsü X20 olmuşdur. Nəqliyyat vasitəsinin mülkiyyətçisi isə Cavabdeh1dur. Hadisə baş verən zaman sürücünün sürücülük hüququ olmamışdır.
10. Cavabdeh2 DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə verdiyi izahatdan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə Oğuz rayonunun Yaqublu kəndində yaşayan qohumları evinə qonaq gətmişdir. O orada olduğu zaman xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində yaşayan qohumu X6 qonaq gəldiyini eşitmişdir. xx.xx.2023-cü il tarixdə o və bir neçə qohumu birlikdə Qəbələ rayonuna getməyə hazırlaşırdı ki, bu zaman qohumu X35 rayonunun Padar kəndinə getmək üçün ona məxsus olan Opel Astra H markalı ** SN *** dövlət qeydiyyat nişanlı avtomobili götürmək istədiyini bildirdi. O, Muxtar Muradovun sürücülük vəsiqəsi olduğunu bildiyi üçün ona ozünə məxsus olan avtomobili götürüb sürməyə icazə vermişdir. Bundan sonra, o və digər qohumları Qəbələ rayonuna yola düşmüşlər. Onlar Qəbələ rayonuna təzə çatdıqları zaman onun mobil telefonuna zəng gələrək Muxtar Muradovun yol-nəqliyyat hadisəsinə düşərək Şəki ŞRMX-na daxil olmaları barədə məlumat verdilər. Bu zaman onlar dərhal Qəbələ rayonundan çıxıb Şəki ŞRMX-na getdik. Onlar ora çatan zaman o hadisə barədə maraqlanarkən ona məlum oldu ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 14:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun ərazisindən keçən 103-cü km-də, sonradan adını bildiyi X9 idarə etdiyi Wolswagen Passat markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobillə, qohumu X8 idarə etdiyi Opel Astra H markalı ** SN *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. X36 H markalı avtomobili idarə edən qohumu X20 xəsarət alaraq Şəki ŞRMX-na daxil olmuş, həmçinin Wolswagen Passat markalı avtomobilin sürücüsü X19 onun idarə etdiyi avtomobilin salonunda olan sərnişinlər X23, xx.xx.2019-cu ildə anadan olmuş azyaşlı X10 xəsarət alaraq Oğuz RMX-na daxil olmuşlar, lakin avtomobilin salonunda olan digər sərnişin xx.xx.2016-cı ildə anadan olmuş azyaşlı X24 heç bir xəsarət almamışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar olaraq ona məxsus olan Opel Astra H markalı ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə heç bir tələbi yoxdur. Wolswagen Passat markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X15 və həmin avtomobilin salonunda olan sərnişin X17, xx.xx.2019-cu ildə anadan olmuş azyaşlı X21 və xx.xx.2016-cı ildə anadan olmuş azyaşlı X18 əvəllər tanımamış və onlarla arasında hər hansı düşmənçilik və ya ədavəti olmamışdır.
11. Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(054)-17/2023 saylı hökmündən görünür ki, X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkum X11 məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesab edilməsi hökm edilmişdir.
13. İddiaçı ASC xx.xx.2025-ci il tarixli ərizələrindən görünür ki, X20 və X14 cavabdehlər sırasından çıxarılaraq Cavabdeh2 cavabdeh qismində cəlb edilməsini xahiş etmiş və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1500 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İşin faktiki halları
14. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, Cavabdeh1 mülkiyyətində olan Opel Astra” markalı, **-SN-*** dövlət qeydiyyyat nişanlı minik avtomobili “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi” ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı ASC tərəfindən sığortalanmışdır. Həmin avtomobili mülkiyyətçi etibarnamə ilə Cavabdeh2 vermiş, sonuncu da öz növbəsində avtomobili etibarnaməsiz mərhum X12 vermişdir. xx.xx.2023-cü il tarixdə X4 rayonu, Padar kəndi ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə X23 ağır xəsarət almışdır. Sağlamlığa dəymiş ziyanla əlaqədar sığorta məbləği 1500 manat müəyyən edilmişdir. Hazırki iddia tələbində İddiaçı ASC sığortalı X16 ödənilən 1500 manat məbləğində sığorta ödənişi ilə əlaqədar cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya hüququnun yarandığını bildirir və hesab edir ki, həmin sığorta ödənişi cavabdehlər tərəfindən müştərək qaydada ödənilməlidir. Cavabdeh1 isə iddia tələbini qəbul etmir və hesab edir ki, hadisənin baş verməsində onun heç bir təqsiri yoxdur, belə ki o, avtomobili etibarnamə əsasında Eldara vermişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 885. Sığorta sahələri 885.1. Sığorta sığortaçıların fəaliyyət istiqamətləri baxımından həyat sığortası və qeyri-həyat sığortası (ümumi sığorta) sahələrinə, sığorta obyekti baxımından şəxsi sığorta və əmlak sığortası sahələrinə bölünür. Maddə 936. Subroqasiya hüququ 936.1 Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2 Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
15. Azərbaycan Respublikası “İcbari Sığortalar haqqında” Qanun
Maddə 25. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Məhkəmənin mövqeyi
16. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
17. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normasından göründüyü kimi, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Yəni, bu hüquqlar zərərçəkəndən sığortaçıya keçir. Cavabdeh tərəfindən X1 ziyan vurulması işin mübahisəsiz halıdır. Cavabdeh1 mülkiyyətində olan “Opel Astra” markalı, **-SN-*** dövlət qeydiyyyat nişanlı avtomobili Cavabdeh2 etibarnamə ilə verməsi, sonuncunun həmin avtomobili X12 etibarnamə olmadan verməsi, Muxtar Muradovun da qəza törətməsi işin mübahisəsiz halıdır. Belə ki, bu hal işə əlavə edilən sənədlərlə və cavabdeh tərəfin həm məhkəməyə, həm də istintaq orqanına verdiyi izahatları ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə əsaslıdır. Belə ki, o, etibarnaməli idarəçiliyndə olan avtomobili heç bir hüquqi əsas olmadan qəzanı törədən mərhum Muxtar Muradova vermiş, nəticə olaraq da sözügedən qəza hadisəsi baş vermişdir. Başqa sözlə Cavabdeh2 subroqasiya hüququnu yaradan təqsirli hərəkəti avtomobili hüquqi əsas olmadan başqasının istifadəsinə verməsi olmuşdur. Ona görə də, məhkəmə yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə istinad etməklə hesab edir ki, tələb Cavabdeh2a münasibətdə əsaslıdır. Məhkəmə hazırkı tələbi digər Cavabdeh1 oğluna münasibətdə əsaslı hesab etmir. Belə ki, qeyd edildiyi kimi, “Opel Astra” markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 məxsusdur və o, avtomobili idarə etmək üçün etibarnamə əsasında Cavabdeh2 vermişdir. Məhkəmə qeyd edir ki, subroqasiya hüququnu tənzimləyən yuxarıda qeyd edilmiş maddi normaların tələblərindən göründüyü kimi, subroqaqsiya hüququnun yaranmasının əsas şərti zərərvuranın təqsirli hərəkətlərinin olmasıdır. Yəni, geriyə tələb hüququ məhz şəxsin təqsirli hərəkətinə görə yaranır. Bu qəbildən çıxış edərək məhkəmə qeyd edir ki, hazırkı işdə digər Cavabdeh1 qəzada təqsirli hərəkət və ya hərəkətsizliyi müəyyən edilmir. Çünki, Cavabdeh1 qəza törədilən avtomobili qanuni əsasla digər Cavabdeh2 vermişdir və ona görə də, avtomobilə görə məsuliyyəti Cavabdeh1 daşıya bilməzdi.
Məhkəmə xərcləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
19. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən, iş üzrə ödənilmiş 35 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
21. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2 iddiaçının xeyrinə 1500 manat məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 35 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir. 22.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh2 iddiaçının xeyrinə 1500 manat məbləğində pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 35 manat dövlət rüsumu Cavabdeh2 tutularaq iddiaçı "Azsığorta” ASC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Tural Məmmədov