Məhkəmə qərarları › İş №e-2(010)-2276/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2276/2023

02.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2276/2023 02.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı Qərı̇ bov Azad Sərdar oğlunun, Cavabedehin nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Qərı̇ bov Azad Sərdar oğlunun Cavabdeh qarşı vurulmuş real zərər və əldə çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi.

1. İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş zərərin əvəzi olaraq 5050 manat məbləğin (real zərər), 7950 manat əldə çıxmış fayda və iş üzrə ödənilmiş 129 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. Qeyd edir ki, 2020-ci ilin əvvəlindən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernizasiya layihəsində şirkətdə onunla birlikdə işləmiş Cavabdeh 2021-ci ilin əvvəlində ona müraciət edərək çox sərfəli bir təklifinin olduğunu demişdir. Torpaq alıb ev tikmək ilə qazanc əldə edə biləcəyini bildirmişdir. O, həmin işi reallaşdırmaq üçün özünün heç bir maliyyə vəsaitinin olmadığını, onun həmin işi maliyyələşdirməyini və özünün isə bütün işlərin başında duracağını demişdir. Belə ki, aralaırnda olan razılığa görə usta, material, torpaq alışı və bütün digər xərcləri o,ödəməli, Murad isə işlərin başında dayanmalı, ustaları tapmalı, materialların alınmasını təşkil etməli, bir sözlə, boş torpaq sahəsinin alınmasından, evin tikilib hazır vəziyyətə gətirilərək satılmasına qədər bütün işlərə rəhbərlik edəcəkdi. Gəlirlə bağlı isə razılaşmışdılar ki, evin satışından əldə olunan gəlirin 30%-i Muradın, 70%-i isə onun olacaqdı. Aralarında olan şifahi razılığa əsasən Murad tikinti müddəti ərzində ona vaxtaşırı yazılı formada hesabatları verməli idi. Qeyd edir ki, Murad ilk hesabatı bir aydan sonra verdi, digər ayların hesabatını isə dəfələrlə istəməyinə baxmayaraq, müxtəlif bəhanələr gətirərək, təqdim etmədi. O, hər dəfə Cavabdeh torpaq sahəsi və fərdi yaşayış evinin tikilməsi üçün usta, material və s. müxtəlif miqdarda məbləğlər verdikcə, onun özünün iştirakı ilə əksər hallarda bu iş nəzərdə tutduğu kağızda qeyd aparmışdır. Beləliklə, Cavabdeh cəmi 55000 (əlli beş min) manat məbləğində pul vermişdir. Pulları Cavabdeh müxtəlif tarixlərdə və yerlərdə - əksər hissəsini zavoddakı xidməti otağında, sonuncu dəfə isə 5000 (beş min) manat məbləği isə Nərimanov rayonu, Təbriz küçəsi yaxınlığında vermişdir. Bu məbləğ ilə 2021-ci ilin fevral ayından Binəqədi rayonu DSK yolu Yeni yaşayış massivi, Elmar marketin yerləşdiyi yerin arxasında 2 sot torpaq sahəsi alındı və kürsülü formada 4 otaqlı, 104 kv.m sahəsi olan fərdi yaşayış evi tikildi. Fərdi yaşayış evinin tikintisinin başa çatdırılması və yaşayış üçün hazır vəziyyətə gətirilməsi 2021-ci ilin iyul ayında tamamlandı. Bu zaman Cavabdeh ona öz başqa bir tanışı Şöhrət adlı şəxsin həmin evi almaq istədiyini dedi. Onlar fərdi yaşayış evinin qiymətini 63000 (altmış üç min) manat məbləğində müəyyənləşdirdilər. Cavabdeh ona bildirdi ki, evin satılması qarşılığında Şöhrətdən 1000 (bir min) manat beh alıb və pulun qalan 62000 (altmış iki min) manatını 2021-ci ilin avqust ayının sonuna qədər hissə-hissə olmaqla verəcəkdir. Bu danışıq zamanı o, Cavabdeh, behin özündə qalmasını, lakin bundan sonra heç bir halda onsuz pul almamasını tapşırdı. Eyni zamanda, evi alacaq şəxs olan Şöhrətə səsli mesaj ataraq bildirdi ki, onun icazəsi olmadan Murada pul verməsin. O, Murada Notariat Ofisində torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair sənədi verdikdən sonra Şöhrətə xx.xx.2021 tarixində səsli mesaj göndərərək sənədi Cavabdeh verdiyini və ay sonuna qədər məbləğin ödənilməsini xahiş etmişdir. Həmin səsli mesajdan bir gün sonra Şöhrət özü ona bildirdi ki, artıq Murada 1000 manat beh, daha sonra 2000 azn və 35000 azn olmaqla toplam 38000 (otuz səkkiz min) manat məbləğində ödəniş edib. Yəni, səsi dinləyənədək artıq həmin məbləğləri vermiş olub. Səsi dinlədikdən sonra isə Şöhrət Cavabdeh bildirib ki, Azadın göndərdiyi səs o mənanı verir ki, onun Cavabdeh verdiyi puldan Azadın xəbəri yoxdur. Yenə də Şöhrətin deməsinə görə bundan sonra Cavabdeh növbəti gün onunla danışacağını demiş və xx.xx.2021 tarixinde iş yerinin yaxınlığında onunla görüşüb üzrxahlıq edərək 1000 manat beh aldıqdan sonra icazəsi olmadan pul almayacağına söz verməsinə baxmayaraq Şöhrətdən pul almışdır. O, həmin pulu şəxsi ehtiyaclarına xərclədiyini və guya ondan xəcalət çəkdiyi üçün görüşə gəlib bu sözləri deyərək utanc hissi keçirdiyini bildirdi. Eyni zamanda avqust ayının sonunda pulu dəqiq qaytaracağını bildirdi. O, yenə də ona inanaraq avqustun sonuna qədər məbləğin tam şəkildə ödənilməsi üçün onu gözləyəcəyini demişdir. Həmin günün ikinci yarısı Şöhrət ona zəng vuraraq Muradın onunla görüşdüyünü xəbər aldı və Murada pul barədə ona məlumat verməməsinin irad tutduğunu bildirdi. Muradın isə onunla danışıb razı salacağı barədə ona vəd verdiyini qeyd etdi. Söhbət zamanı Şöhrət dəfələrlə Murada 38000 azn verdiyini və yerdə qalan qalığın 25000 azn olduğunu, həmin məbləği də ona verəcəyini dedi. Beləliklə, xx.xx.2021-ci il tarixdə Şöhrət ona zəng edərək qalan pulun bir hissəsinin hazır olduğunu və gəlib götürə biləcəyini dedi. O, axşam onunla görüşərək ondan 20000 (iyirmi min), bir neçə gün sonra isə 5000 (beş min) manat məbləğində pulu təhvil almışdır. Qeyd olunanlarla bağlı tərəfindən istintaq orqanına müraciət olunmuş, Cavabdeh cinayət işi üzrə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və iş üzrə müvafiq məhkəmə aktları qəbul olunmuşdur.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iddiaçı Qərı̇ bov Azad Sərdar oğlu iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X3 iddia tələbini qəbul etməyərək bildirdi ki, cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərər tamamilə ödənilmişdir.

İş materialları.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-518/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1185/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinmiş, ona 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Cavabdeh həbsdə saxlanıldığı 02 gün ona təyin edilmiş cəzadan çıxılmış və onun üzərində 03 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, o, dərhal məhkəmə iclas zalından həbsə alınmış və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, Cavabdeh cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi vaxtdan, yəni, 05 dekabr 2022-ci il tarixdən hesablanması müəyyən edilmiş, Cavabdeh tərəfindən ödənilmiş, saxlanılması üçün Bakı şəhəri BPİ-nin X7 təhvil verilmiş 7500 manat pul zərərçəkmiş şəxs İddiaçı ödənilməsi və zərərçəkmiş şəxs İddiaçı adına poçt vasitəsilə 17.500 (on yeddi min beş yüz) manat məbləğində pulun göndərilməsinin nəzərə alınması müəyyən edilmiş, zərərçəkmiş şəxs İddiaçı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilmiş, iş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat pul Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə maddi sübut - 01 ədəd CD diskin hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılması, məhkəmədə Cavabdeh hüquqlarını müdafiə etmiş müdafiəçisi X2 təqsirləndirilən şəxsə göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 90 manat miqdarında pul vəsaitinin Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına ödənilməsi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının yuxarıda qeyd olunan qərarı ilə təqsirləndirilən şəxs Cavabdeh müdafiəçisi X4 və zərərçəkmiş şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Cavabdeh CM-in 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair 1(101)-1185/2022 saylı, 05 dekabr 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Cavabdeh CM-in 178.2.4-cü maddəsi ilə təyin olunmuş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh istintaq zamanı şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün, o cümlədən 05 dekabr 2022-ci il tarixdən 14 fevral 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 09 (doqquz) gün, cəmi 02 (iki) ay 11 (on bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla 04 (dörd) ay 22 (iyirmi iki) gün ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində 01 (bir) il 07 (yeddi) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmiş, Cavabdeh yaşadığı ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi müəyyən edilmiş, Cavabdeh üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmuş, hökmün icrasına nəzarət Cavabdeh yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilmiş, Cavabdeh cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması müəyyən edilmiş və hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının yuxarıda qeyd olunan qərarından görünür ki, müdafiə tərəfi ekspert rəyi ilə evin tikinti və təmir işlərinin bazar dəyərinin 40000 manat məbləğində müəyyən edilməsini, evin 63000 manata satılmasının real olmamasını göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həqiqətən də iş materiallarında olan ekspert rəyi ilə evin tikinti və təmir işlərinin bazar dəyərinin təqribən 40000 manat məbləğində olması görünür. Lakin, müdafi tərəfi nəzərə almamışdır ki, həmin məbləğ tikinti və təmir işlərinin bazar dəyəri olmuş, rəylə evin yerləşdiyi torpaq sahəsinin dəyəri nəzərə alınmamışdır. Həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxs torpaq sahəsini alınması ilə bağlı əlavə vəsaitin xərclənməsini təsdiq etmişlər. Bundan əlavə, müdafiə tərəfi Cavabdeh özgə əmlakını ələ keçirmək niyyəti olmadığını, Muradın niyyətinin Şöhrət Axundovdan aldığı pulun bir hissəsi ilə başqa işlər görüb qazanc əldə etdikdən sonra Azada olan borcu qaytarmaq olduğunu göstərsə də, bu dəlil də əsaslı olmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, Cavabdeh zərərçəkmiş şəxs İddiaçı 63.000 manat dəyərində əmlakını deyil, zərərçəkmiş şəxsin faktiki olaraq ona verdiyi 55050 manat pulun (25.000 manat pulun X6 tərəfindən İddiaçı ödənilməsi nəzərə alınmaqla) 30.050 manat hissəsini dələduzluq edərək, yəni onun etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə, ələ keçirməklə zərərçəkmişə xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, ittihamın həcmi 30050 manatadək azaldılmalı, məbləğin azaldılması birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməllərinin CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Zərərçəkmiş şəxsin apellyasiya şikayətinə gəldikdə şikayətdə məhkumun əməlinin CM-in 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.3.2-ci maddəsinə tövsif edilməsi xahiş edilsə də, məhkəmə kollegiyası artıq ittihamın həcmi ilə bağlı qənaətini yuxarıda əsaslandırdığından yenidən təkrarlanmasına lüzum görməyərə bu hissədə dəlillərin əsassız olduğu qənaətinə gəlmişdir. Apellyasiya mıəhkəməsi həmçinin qeyd etmişdir ki, təqsirləndirilən şəxs Cavabdeh təyin edilən cəza məsələsinə gəldikdə isə məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Cavabdeh cəza təyin edərkən cəzanı yüngülləşdirən hallar qismində cinayət nəticəsində vurulmuş ziyanın qismən, ümumilikdə 25.000 manat məbləğində ödənilməsini, himayəsində 2 azyaşlı uşağının olmasını, müsbət xarakterizə olunmasını, cəzasını ağırlaşdıran halın olmamasını göstərərək ona azadlıqdan məhrum etmə növündə cəza təyin etmişdir.

İşin faktiki halları.

6. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər arasında işgüzar münasibətin qurulması ilə bağlı şifahi razılaşma olmuşdur. Həmin münasibətlər əsasında iddiaçı tərəfindən cavabdehə ümumilikdə 55050 manat məbləğində pul vəsaiti verilmişdir. Həmin pul vəsaiti hesabına inşa edilmiş fərdi yaşayış evi isə cavabdeh tərəfindən digər şəxsə satılmışdır. Cavabdehin əməllərində cinayət tərkibi olduğuna görə o, məhkum edilmişdir. Yuxarı instansiya məhkəməsinin qərarından aydın olur ki, iddiaçının cavabdehə faktiki olaraq verdiyi 55050 manat pulun 25.000 manat hissəsi evi satın alan şəxs X6 tərəfindən İddiaçı ödənilmişdir. Qalan 30050 (otuz min əlli) manat pul vəsaitindən isə Cavabdeh tərəfindən ödənilmiş və saxlanılması üçün Bakı şəhəri BPİ-nin X7 təhvil verilmiş 7500 manat pul və İddiaçı adına poçt vasitəsilə göndərilən 17.500 (on yeddi min beş yüz) manat məbləğində pul ödənilmişdir və ödənilməmiş cəmi 5050 manat məbləğində pul vəsaiti qalmışdır. Hazırki iddia tələbində iddiaçı həm ödənilməmiş 5050 manat real zərər məbləğinin, həm də 7950 manat əldən çıxmış faydanın cavabdehdən tutulmasını tələb edir. Tələbin birinci hissəsi yuxarıda qeyd edilmiş məhkəmə aktları ilə əsaslandırılır, ikinci hissəsi isə onunla əsaslandırılır ki, cavabdehlə iddiaçının danışığı həmin evin 63000 manata satılması ilə bağlı olmuş və iddiaçı da evin məhz 63000 manata satılmasına razılıq vermişdir. Ona görə də, cavabdeh əldən çıxmış faydanı da iddiaçıya qaytarmalıdır. Cavabdeh tərəf isə iddianı tələbini qəbul etmir və qeyd edir ki, iddiaçıya vurulmuş ziyan məbləği tamamilə ödənilmişdir.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

Məhkəmənin mövqeyi

9. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir.

10. Məhkəmə qeyd edir ki, tərəflər arasında işgüzar münasibətin olması, həmin münasibət çərçivəsində iddiaçının cavabdehə ayrı-ayrı vaxtlarda verilməsi nəzərə alınmaqla ümumilikdə 55050 manat məbləğində pul vəsaiti verilməsi, sonradan cavabdehin iddiaçıya qarşı dələduzluq cinayəti törətməklə onun pul vəsaitini mənimsəməsi işin müəyyən edilən hallarıdır. Beləliklə, müəyyən edilir ki, cavabdeh iddiaçının qanunla qorunan hüquq və mənafelərinə qarşı təqsirli, hüquqazidd əməl törətmişdir. Ona görə də, məhkəmə hesab edir ki, delikt hallarını tənzimləyən maddi hüquq normalarının tələbləri baxımından iddiaçı cavabdehdən pul tələb etməkdə haqlıdır. Tələb edilən pulun məbləğinə gəldikdə isə, qeyd edilməlidir ki, yuxarı instansiya məhkəməsinin qərarından aydın olur ki, iddiaçının cavabdehə faktiki olaraq verdiyi 55050 manat pulun 25.000 manat hissəsi evi satın alan şəxs X6 tərəfindən İddiaçı ödənilmişdir. Qalan 30050 (otuz min əlli) manat pul vəsaitindən isə Cavabdeh tərəfindən ödənilmiş və saxlanılması üçün Bakı şəhəri BPİ-nin X7 təhvil verilmiş 7500 manat pul və İddiaçı adına poçt vasitəsilə göndərilən 17.500 (on yeddi min beş yüz) manat məbləğində pul ödənilmişdir və ödənilməmiş cəmi 5050 manat məbləğində pul vəsaiti qalmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, qeyd olunan pul vəsaitinin cavabdehdə qalmasını şərtləndirən hallar mövcud deyildir və bu səbəbdən iddia qeyd olunan hissədə təmin edilməli və Cavabdeh 5050 (beş min əlli) manat pul vəsaiti tutularaq iddiaçı Qərı̇ bov Azad Sərdar oğluna ödənilməlidir.

11. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi əldə çıxmış fayda üzrə 7950 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslı deyildir. Belə ki, yuxarı instansiya məhkəməsinin qərarından göründüyü kimi, İddiaçı onun 63.000 manat məbləğində əmlakına ziyan vurulduğunu qeyd etsə də, lakin təqdim edilmiş ekspert rəyindən göründüyü kimi evin tikinti və təmir işlərinin bazar dəyərinin 40000 manat məbləğində müəyyən edilməsi və evin 63000 manata satılmasının real olmaması göstərilmişdir. Eyni zamanda qərardan aydın olur ki, Cavabdeh zərərçəkmiş şəxs (iddiaçı) İddiaçı 63.000 manat dəyərində əmlakını deyil, zərərçəkmiş şəxsin faktiki olaraq ona verdiyi 55050 manat pulun (25.000 manat pulun X6 tərəfindən İddiaçı ödənilməsi nəzərə alınmaqla) 30.050 manat hissəsini dələduzluq edərək, yəni onun etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə, ələ keçirməklə zərərçəkmişə xeyli miqdarda ziyan vurmuşdur. Deməli, cinayət mühakimə icraatı qaydasında müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya vurduğu ziyan 63000 manat deyil, 30.050 manatdır. Bu xüsusda məhkəmə hesab edir ki, iddia tələbinin qeyd olunan hissədə təmin edilməsi qanuni və əsaslı hesab edilə bilməz.

Məhkəmə xərcləri

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

13. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 129 manat dövlət rüsumunun 70.50 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

14. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh dəymiş zərərə görə 5050 (beş min əlli) manat pul vəsaiti tutularaq iddiaçı Qərı̇ bov Azad Sərdar oğluna ödənilməli, iddia qalan hissədə təmin edilməməli və iş üzrə ödənilmiş 129 manat dövlət rüsumunun 70.50 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

15. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh dəymiş zərərə görə 5050 (beş min əlli) manat pul vəsaiti tutularaq iddiaçı Qərı̇ bov Azad Sərdar oğluna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 129 manat dövlət rüsumunun 70.50 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiy gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar