Məhkəmə qərarları › İş №e-2(010)-2296/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2296/2025

24.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2296/2025 24.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, X6 qızının katibliyi ilə, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya tələbi üzrə vurulmuş zərərin ödənilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1283.32 manat pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 32.84 manat, ümumilikdə, 1316.16 manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sığortalı "xxxx" QSC-nin istifadəsində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak (mağaza) yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə xx.xx.2022-ci il tarixli, RAZ********** nömrəli sığorta müqaviləsi (şəhadətnaməsi) ilə sığortalanmışdır. Bundan başqa mağazada satışda olan əmtəə malları xx.xx.2022-ci il tarixli, AZ/PİC/22/0002-11 nömrəli sığorta müqaviləsi (şəhadətnaməsi) ilə könüllü qaydada sığortaya cəlb olunmuşdur. xx.xx.2022-ci il tarixində sığortalı "xxxx" QSC-nin istifadəsində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak (mağaza) çoxmərtəbəli binanın yuxarı, yəni Cavabdeh sahibliyində olan 11 saylı mənzildən axan su kütlələri (subasma) nəticəsində: a) daşınar əmlak (əmtəə malları) 1.553.50 manat; b) daşınmaz əmlak (tikili) üzrə 290 manat məbləğində zərər görmüşdür. Baş vermiş hadisə ilə bağlı sığortalı "xxxx" QSC-yə: 1. daşınar əmlak (əmtəə malları) üzrə xx.xx.2022-ci il tarixli, Fİ-0043/2022/AKT8324/22 nömrəli aktla 410 manat azadolma məbləği və s. çıxılmaqla 1.143.50 manat məbləğində;

2. daşınmaz əmlak (tikili) üzrə xx.xx.2022-ci il tarixli, CFİ-0144/2022-AKT8325/22 nömrəli aktla 150 manat azadolma məbləği və s. çıxılmaqla 139.82 manat məbləğində, ümumilikdə 1.283.32 manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, N 1699 nömrəli dəymiş zərərin hesabatı barədə rəydən görünür ki, "xxxx" QSC-nin istifadəsində olan ünvan 1 ünvanında yerləşən daşınar əmlaka (əmtəə malları) subasma hadisəsi nəticəsində 1.553.50 manat məbləğində zərər vurulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, N 1700 nömrəli dəymiş zərərin hesabatı barədə rəydən görünür ki, "xxxx" QSC-nin istifadəsində olan olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka subasma hadisəsi nəticəsində 290 manat məbləğində zərər vurulmuşdur. Həmçinin iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti 30 saylı Mənzil- Kommunal İstismarı Sahəsinin xx.xx.2022-ci il tarixli aktında qeyd olunur: "xxxx" QSC-nin istifadəsində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka baxışa keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, həmin ünvanda yuxarı mərtəbədə yerləşən Cavabdeh məxsus 11 saylı mənzilin mətbəx otağında yerləşən paltaryuyanın şlanqındakı kranın gecə vaxtı təsadüfən partlaması nəticəsində "xxxx" mağazasına su axıntısı olmuşdur. Beləliklə yuxarıda qeyd olunanlara əsasən Cavabdeh mülkiyyətində olan əmlakdan istifadə edərkən hüquqlarından sui-istifadə etmiş, üçüncü şəxslər qarşısında öhdəliklərinə etinasız yanaşmışdır. Nəticədə sığortalı "xxxx" QSC-nin istifadəsində olan ünvan 2 ünvanında yerləşən daşınar və daşınmaz əmlaka maddi zərər dəymişdir. Tərəflərin izahatları. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddianı müdafiə edərək bildirmişdir ki, iş iki təfə ekspertizaya getmiş, lakin rəy gəlməmişdir. Səbəb də cavabdehin iştirak etməməsidir. Hesab edir ki, tərəfin evini su bassa da, o, ondan sonrakı mənzilə zərər dəyməsinə şərait yaratmamalı idi. İddianın təmin edilməsini xahiş etmişdir. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, bildirmişdir ki, onun mənzilinə də su axıntısı olmuşdur. İddianın təmin edilməməsini xahiş etmişdir. İş materialları. İş materiallarında olan "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixində tərtib edilmiş Fİ-0043/2022/AKT8324/22 nömrəli sığorta aktının surətindən görünür ki, xx.xx.2022-ci il tarixində ünvan 2 ünvanında yerləşən daşınar əmlaka subasma nəticəsində dəymiş zərərə görə sığortalı (faydalanan şəxs) "xxxx" QSC-yə 410 manat azadolma məbləği çıxılmaqla 1143.50 manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixində tərtib edilmiş CFİ-0144/2022-AKT8325/22 nömrəli sığorta aktının surətindən görünür ki, xx.xx.2022-ci il tarixində ünvan 2 ünvanında yerləşən daşınmaz əmlaka subasma nəticəsində dəymiş zərərə görə faydalanan şəxs "xxxx" QSC-yə 150 manat azadolma məbləği çıxılmaqla 139.82 manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, AZ/PİC/22/0002-11 nömrəli Əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnaməsindən görünür ki, ünvan 2 ünvanında "xxxx" QSC-yə məxsus 92 ədəd mağazada yerləşən daşınar əmlak sığorta predmetidir. Sığorta müddəti hər iki gün daxil olmaqla xx.xx.2022-ci il tarixdə başlayıb, xx.xx.2023-cü il tarixdə bitir. Daşınar əmlak üzrə sığorta məbləği 5 347 000 manat təşkil edir. Hər bir mağaza üzrə ayrı-ayrılıqda zəlzələ və yanğın riskləri istisna olmaqla digər risklərə münasibətdə hər bir hadisə üzrə ümumi sığorta məbləğinin 1%-i həcmində azadolma tətbiq edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesabatından görünür ki, hadisə nəticəsində ünvan 2 ünvanında yerləşən "xxxx" QSC-yə məxsus mağazada yerləşən daşınar əmlaka (6 ədəd tort Trufel, 8 ədəd tort Kudryaş, 8 ədəd tort Napaleon, 7 ədəd tort Nağıl, 8 ədəd tort Mars, 8 ədəd tort Moka, 42 ədəd Pirojna, 89 ədəd Şokolad qutular, 6 ədəd tort Trufel, 6 ədəd tort Mars) cəmi 1553.50 manat məbləğində maddi zərər hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesabatından görünür ki, hadisə nəticəsində ünvan 2 ünvanında yerləşən "xxxx" QSC-yə məxsus daşınmaz əmlaka (mağaza) 290 manat məbləğində maddi zərər hesablanmışdır. İş materiallarında olan S-054/22 nömrəli xx.xx.2022-ci il tarixli Dəymiş zərər məbləğinin razılaşdırılması barədə Sazişdən görünür ki, "xxxx" QSC – “Sığortalı” (faydalanan), "xxxx" ASC – “Sığortaçı” olmaqla bağlanmış həmin Saziş icbari sığorta növü üzrə tərəflərin qarşılıqlı fəaliyyətinin təşkili, onların hüquq və vəzifələri və tərəflər arasında yaranan münasibətləri tənzimləyir. “Sığortalı” və “Sığortaçı” xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “Azza" QSC-nin istifadəsində olan qeyri-yaşayış obyektində baş vermiş subasma hadisəsini və daşınar əmlaka 1553.50 manat məbləğində zərərin dəyməsini təsdiqləyirlər. “Sığortalı” və “Sığortaçı” sığorta olunan əmlaka 1553.50 manat məbləğində dəymiş zərərin ekspert tərəfindən müəyyən edilmiş həcmi və müqavilədə göstərilən 410 manat azadolma məbləği çıxıldıqdan sonra 1143.50 manat məbləğində həyata keçiriləcək sığorta ödənişi barədə razılıq əldə edirlər. İş materiallarında olan S-051/22 nömrəli xx.xx.2022-ci il tarixli Dəymiş zərər məbləğinin razılaşdırılması barədə Sazişdən görünür ki, "xxxx" QSC – “Sığortalı” (faydalanan), "xxxx" ASC – “Sığortaçı” olmaqla bağlanmış həmin Saziş icbari sığorta növü üzrə tərəflərin qarşılıqlı fəaliyyətinin təşkili, onların hüquq və vəzifələri və tərəflər arasında yaranan münasibətləri tənzimləyir. “Sığortalı” və “Sığortaçı” xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “Azza" QSC-nin istifadəsində olan qeyri-yaşayış obyektində baş vermiş subasma hadisəsini və daşınmaz əmlaka 290 manat məbləğində zərərin dəyməsini təsdiqləyirlər. “Sığortalı” və “Sığortaçı” sığorta olunan əmlaka 290 manat məbləğində dəymiş zərərin ekspert tərəfindən müəyyən edilmiş həcmi və müqavilədə göstərilən 150 manat azadolma məbləği çıxıldıqdan sonra 140 manat məbləğində həyata keçiriləcək sığorta ödənişi barədə razılıq əldə edirlər. İş materiallarında olan xx.xx.2017-ci il tarixli İcarə müqaviləsindən görünür ki, X2 - “İcarəyə verən”, "xxxx" MMC – “İcarəçi” olmaqla bağlanmış həmin müqavilə üzrə İcarəyə verən ona məxsus müqavilədə qeyd olunan qeyri-yaşayış sahəsini İcarəçiyə icarəyə verir, İcarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 30 saylı MKİS-in mühəndisi M.M.Əhmədov, texnik N.R.Səfərəliyev və Y.B.Baxışov tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, baxış zamanı məlum olmuşdur ki, yuxardakı mərtəbədə 11 saylı mənzildə yaşayan Cavabdeh mənzilində mətbəx otağında yerləşən paltaryuyan şlankındakı kranın gecə vaxtı təsadüfdən partlaması nəticəsində "xxxx" mağazasına su axıntısı olmuşdur. İş materiallarında olan "xxxx" QSC-nin Baş direktoru Rüstəm Gərəkməzli tərəfindən "xxxx" ASC-nin İdarə Heyətinin sədri Yusif Soltanova ünvanlanmış xx.xx.2022-ci il tarixli, 146/02/22 saylı məktubdan görünür ki, "xxxx" QSC-nin icarəsində olan ünvan 4 ünvanında baş vermiş sığorta hadisəsinə görə daşınar əmlaka dəymiş ziyanla əlaqədar yekun məbləğ olaraq ödəniləcək 1143.50 manatın qeyd olunmuş rekvizitlərə ödənilməsi xahiş edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 37.2 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət kimi tam pay olmaqla X1 adına xx.xx.2018-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan AZ/PİC/22/0002 saylı Əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnaməsinə 1 nömrəli Qoşmadan görünür ki, ünvan 3 ünvanında yerləşən obyekt üzrə sığorta məbləği 41000 manat, sığorta haqqı 112.75 manat təşkil edir. İş materiallarında olan "xxxx" QSC-nin X3 Şamilovna tərəfindən "xxxx" ASC-nin İdarə Heyətinin sədri Yusif Soltanova ünvanlanmış xx.xx.2022-ci il tarixli 9317 və 9318 nömrəli ərizələrdən görünür ki, xx.xx.2022-ci il tarixində ünvan 4 ünvanında yerləşən 4 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən yaşayış mənzilindən su basaraq 1-ci mərtəbədə yerləşən "xxxx" mağazasına ziyan vurmuşdur. Daşınar və daşınmaz əmlaklara və mallara zərər dəymişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" QSC-nin AZ56AVRA******************** №-li bank hesabına 1143.5 manat məbləğində AKT8324/22 saylı akta əsasən sığorta ödənişi edilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" QSC-nin AZ56AVRA******************** №-li bank hesabına 139.82 manat məbləğində AKT8325/22 saylı akta əsasən sığorta ödənişi edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 40.70 kv.m olan mənzil xüsusi mülkiyyət kimi tam pay olmaqla Cavabdeh adına xx.xx.2022-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, iş üzrə cavabdeh olmadığından və tədqiqat obyekti (mənzilin qapısı bağlı olduğundan) və eləcə də, tədqiqat obyektinin tamiri vəziyyətdə olduğu (ilkin vəziyyət saxlanılmadığı) müəyyən edilmişdir. Bu səbəbdən də, baxış keçirilməsi və qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 32.84 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, "xxxx" mağazasına yuxarıdan su axıntısı olmuşdur. İş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən təqdim olunan məlumat daşıyıcıda əks olunan video-görüntülərdən müəyyən olunur ki, cavabdehə məxsus mənzilə yuxarıdan su axıntısı olmuşdur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır..... Maddə 884. Sığorta münasibətlərinin subyektləri 884.1. Sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır.https://e-qanun.az/framework/46944 884.2. Sığorta və ya təkrarsığorta müqaviləsinin tərəfi olan, yaxud belə müqavilənin həyata keçirilməsi üzrə hüquqlara və (və ya) vəzifələrə malik olan şəxslər sığorta münasibətlərinin subyektləridir... ...884.6. Faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. 884.6–1. Əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olub-olmamasından asılı olmayaraq zərərçəkən sayılır. Maddə 897. İcbari sığorta 897.1. İcbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur...https://e-qanun.az/framework/46944 Maddə 922. Sığorta hadisəsi 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Maddə 924. Sığorta hadisəsinin təsdiqi 924.1. Sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir. 924.2. Sığorta hadisəsi hesab edilə bilən, qanunvericiliyə uyğun olaraq araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsidir. 924.3. Səlahiyyətli dövlət orqanları sığortaçının və ya onun nümayəndəsinin yazılı sorğusuna əsasən, sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər. Maddə 925. Zərərin qiymətləndirilməsi 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. 925.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. 925.4. Sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üçün təyin olunan müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər.... Maddə 926. Sığorta ödənişi 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. 926.4. Sığorta hadisəsi nəticəsində bir neçə zərərçəkən müəyyən edildikdə, bu Məcəllənin 927.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, onlardan sığorta tələbi ilə müraciət etmiş hər hansı biri faydalanan şəxs kimi tanınır. Maddə 936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.https://e-qanun.az/framework/46944 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.... Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. ... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. İşin faktiki hallarından göründüyü kimi, xx.xx.2022-ci il tarixində ünvan 1 ünvanında yerləşən "xxxx" QSC-nin istifadəsində olan qeyri-yaşayış obyektinə yuxarı mərtəbədə yerləşən Cavabdeh məxsus mənzildən su axıntısı nəticəsində zərər dəymişdir. Hadisədən sonra baxış keçirilmiş, müvafiq aktlarla subasma faktı təsdiq edilmiş, dəymiş zərər qiymətləndirilmiş və iddiaçı "xxxx" ASC tərəfindən sığortalıya ümumilikdə 1283.32 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hazırda iddia tələbi cavabdehdən həmin məbləğin subroqasiya qaydasında tutulmasından ibarətdir. Məhkəmə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, onun mənzilinə də yuxarı mərtəbədən su axıntısı olmuş və bu halı təsdiq edən video-görüntüləri məhkəməyə təqdim etmişdir. Məhkəmə cavabdehin bu izahatına münasibətdə qeyd edir ki, cavabdehin mənzilinə də su daxil olmasını göstərən hallar iş materialları ilə müəyyən olunsa da, bu hal zərərin birbaşa mənbəyinin cavabdehə məxsus mənzildə yerləşən kommunikasiya qurğularından baş verməsi faktını aradan qaldırmır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli MKİS aktı ilə su axıntısının məhz cavabdehə məxsus mənzildə yerləşən paltaryuyan şlanqındakı kranın partlaması nəticəsində baş verdiyi müəyyən edilmişdir. Bundan əlavə, cavabdehin mənzilinə də su daxil olması halı onun mülkiyyətində olan əmlakdan aşağı mərtəbəyə zərərin qarşısını almaq öhdəliyini aradan qaldırmır. Belə ki, mülkiyyətçi öz əmlakından istifadə edərkən digər şəxslərə zərər vurmamaq və zərərin qarşısını almaq üçün zəruri tədbirləri görməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, təqdim olunmuş sübutlarla müəyyən olunur ki, zərər cavabdehə məxsus mənzildən axan su nəticəsində baş vermiş, həmin zərər sığortaçı tərəfindən ödənilmiş və bununla da iddiaçı subroqasiya hüququ əldə etmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1283.32 manat pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 32.84 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 1283.32 manat pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 32.84 manat, ümumilikdə, 1316.16 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar