Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2357/2023 02.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh 404 manat məbləğində yolnəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişi, 30.40 manat məbləğində dövlət rüsumu, ümumilikdə 434.4 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 2357/2023 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
İddia tələbinin əsaslandırıldığı hallar.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki: “xx.xx.2022-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Fiat Doblo” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisi ilə hərəkət edən zaman manevretmə qaydalarını pozmuş, nəticədə “Kia Ceed” markalı, ** ZR *** dövlət qeydiyyat nşanlı avtomobilə zərər vurmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Binəqədi Rayon DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qərarla “Fiat Doblo” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Ceed” markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobilə 404 manat maddi zərər dəymişdir. PME********** saylı sığorta şəhadətnaməsinə və S222934 saylı, xx.xx.2022-ci il tarixli sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən cəmi 404 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cəmiyyətimizdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Fiat Doblo” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus sənədlərin surətindən görünür ki, avtomobilin mülkiyyətçisi yəni, “nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs” X6r. Müvafiq iş üzrə Cavabdeh isə nəqliyyat vasitəsini idarə etmək üçün mülkiyyətçi tərəfindən heç bir etibarnamə verilməmişdir”.
Tərəflərin izahatları.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və təqdim edilmiş sübutlar əsasında yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, baş vermiş yol nəqliyyat hadisəsində onun heç bir təqsiri yoxdur. Belə ki, o, arvadı X7 məxsus avtomobili idarə edərkən 162 nömrəli marşrutun surətlə gəldiyini görmüş və özünü müdafiə etmək üçün maşını sağa çəkmiş, nəticədə başqa bir avtomobilə dəymişdir. Hadisədən sonra cərimə olunmuş, 36 manat cərimə ödəmişdir. Sonradan "xxxx" ASC ona pulun ödənilməsi ilə bağlı bildiriş göndərəndə o, şirkətin əməkdaşlarına izah etmişdir ki, o, arvadına məxsus avtomobili arvadı yanında olarkən idarə etmişdir. Bu səbəbdən sığortaçı ondan pul tələb etməməli idi. Buna baxmayaraq iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
İş materialları.
6. xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir.
7. Culfa Rayon Əbrəqunus kənd XDS İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixdə verilmiş İİİ-JQ seriyalı, 285398 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X9 arasında xx.xx.1985-ci il tarixdə nikah bağlanmış, həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 24 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Hacıyeva soyadı verilmişdir.
8. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, “Kia Ceed” markalı, ** ZR *** dövlət nömrəli nişanlı avtomobilə dəymiş zərər ehtiyat hissələri 294 manat, işçilik 110 manat olmaqla, cəmi 404 manat hesablanmışdır.
9. xx.xx.2022-ci il tarixli, İAS222934 saylı sığorta ödənişi aktından görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində faydalanan şəxsə (X10) 404 manat məbləğində sığorta ödənişi edilməsi müəyyən edilmişdir.
10. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X3 müştəri hesabına 404 manat məbləğində pul köçürülmüşdür.
İşin faktiki halları.
11. “Fiat Doblo” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə sığortalanmışdır.
12. Avtomobil xx.xx.2022-ci ildən X4 adına qeydə alınmışdır. X1 Ramis Hacı oğlunun arvadıdır. Onların arasındakı nikah 1985-ci ildə qeydə alınmışdır.
13. xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh etibarnaməsiz idarə etdiyi arvadına məxsus “Fiat Doblo” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisi ilə hərəkət edən zaman manevretmə qaydalarını pozmuş, nəticədə “Kia Ceed” markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur.
14. Hadisədən sonra tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarla hadisənin baş verməsində “Fiat Doblo” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh təqsiri müəyyən edildiyi üçün həmin şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində (nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir.
15. Tərtib edilmiş qüsur aktına hadisə nəticəsində “Kia Ceed” markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 404 manat məbləğində qiymətləndirilmişdir. Həmin məbləğdə sığorta ödənişi "xxxx" ASC tərəfindən faydalananan şəxsə ödənilmişdir.
Tətbiq edilən hüquq.
16. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 25. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları. 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Maddə 53. Mülki məsuliyyəti icbari sığorta etdirilməli olan avtonəqliyyat vasitəsi sahibləri, sığortalı və sığorta olunan. 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
18. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
Maddə 32. Ər-arvadın birgə mülkiyyəti. 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 33. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ. 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 33.2. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
20. Məhkəmə ilk növbədə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
21. Yuxarıda (§ 16) istinad edilmiş “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsindən göründüyü kimi, avtomobilin buna hüququ olmayan şəxs tərəfindən idarə edilməsi nəticəsində baş vermiş yol nəqliyyat hadisəsinə görə sığortaçının zərərçəkmiş avtomobilə görə ödənilmiş sığorta ödənişini subroqasiya qaydasında tələb etmək hüququ vardır. Lakin bunun üçün ilk növbədə avtomobilin həqiqətən “idarə etməyə hüququ olmayan şəxs tərəfindən” idarə edildiyi müəyyən edilməlidir.
22. Hazırkı işdən görünür ki, Cavabdeh idarə etdiyi “Fiat Doblo” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomobil onun arvadı X5 mülkiyyətidir. Onların nikahı xx.xx.1985ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cavabdeh yol nəqliyyat hadisəsi törətdiyi avtomobil isə xx.xx.2022-ci il tarixdən etibarən onun arvadı X5 mülkiyyətindədir. Deməli, yol nəqliyyat hadisəsinin baş verdiyi xx.xx.2022-ci il tarixdə avtomobil cavabdehlərin birgə nikahı dövründə əldə edilmiş əmlak kimi onların ümumi birgə mülkiyyətində olmuşdur.
23. Beləliklə, Cavabdeh arvadı ilə ümumi birgə mülkiyyətçisi olduğu avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh avtomobilin ümumi birgə mülkiyyətçisi olduğundan onun bu avtomobildən istifadə hüququ var. Məhkəmə qeyd edir ki, məsələyə bu cür yanaşma ər-arvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasından irəli gəlir. Bu prezumpsiyaya əsasən, avtomobilin cavabdehlərin ümumi birgə mülkiyyəti kimi tanınmasına dair rəsmi sənəd olmasa da hər bir şəxs, eləcə də iddiaçı "xxxx" ASC həmin avtomobili cavabdehlərin ümumi birgə mülkiyyəti kimi qəbul etməli, avtomobil üzərində cavabdehlərin hər ikisinin mülkiyyət hüququnu, eləcə də bunun tərkib hissəsi olan istifadə hüququnu tanımalıdır. Xüsusən, istifadə hüququnun tanınması mübahisəsiz olmalıdır. Çünki Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 33.3 və 33.4-cü maddələrində ümumi əmlak üzərində sərəncam hüququnun həyata keçirilməsi ilə bağlı digər tərəfin rəsmi razılığı tələb olunsa da istifadə hüququ ilə bağlı belə bir tələb yoxdur. Yəni ər-arvad ümumi mülkiyyətlərində olan əmlakı ayrı-ayrılıqda istifadə etməkdə tam sərbəstdirlər və bu hüququ hər hansı etibarnamə almaqla, yaxud başqa qaydada rəsmi olaraq qeydiyyata aldırmağa ehtiyac yoxdur.
24. Təsadüfi deyil ki, cavabdeh həmin avtomobillə törətdiyi yol nəqliyyat hadisəsinə görə inzibati qaydada cərimə olunsa da o, yalnız İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə təqsirli bilinmişdir. Halbuki, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi İXM-in 332-ci maddəsində nəzərdə tutulmuş inzibati xətadır və Cavabdeh həmin maddədə nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə də təqsirli bilinə bilərdi. Lakin hazırkı işdə bu hal baş verməmişdir. Beləliklə, yol nəqliyyatında təhlükəsizliyə nəzarət edən orqan da bu avtomobil üzərində ümumi mülkiyyətçi kimi Cavabdeh istifadə hüququnu tanımışdır.
25. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun məqsədləri baxımından “Fiat Doblo” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsaslarla istismar edən sahibidir. Onun avtomobili idarə etməsinin qanuni əsasını isə artıq yuxarıda qeyd edildiyi kimi ər-arvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyası təşkil edir. Bu baxımdan iddiaçı "xxxx" ASC avtomobilin etibarnamə olmadan idarə edilməsi əsası ilə ödədiyi sığorta ödənişini cavabdehdən tələb edə bilməz.
26. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
Məhkəmə xərcləri.
27. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən 30.4 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
28. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
29. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva