Məhkəmə qərarları › İş №e-2(010)-2361/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2361/2025

08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2361/2025 08.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 280 (iki yüz) manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, ümumillikdə isə 310 (üç yüz on) manat pulun iddiaçı “Qala Sığorta" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə sığortalanmış "Mercedes Benz C220 CDİ" markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixində Suraxanı rayonu ərazisində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "Toyota-Prius" markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Baş vermiş hadisə icbari sığortalar haqqında qanunvericiliyin zərərlərin birbaşa tənzimlənməsi qaydaları üzrə qeydə alınmış, tənzimlənmiş və "Toyota-Prius" markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə 280 (iki yüz səksən) manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Suraxanı rayon DYPŞ-nin İnzibati tənbeh vermə haqqında qərarda müəyyən edilmişdir ki, “Mercedes Benz C220 CDİ” markalı, 15 ВР 943 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh hadisə yerindən yayınmışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-ci və 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalar ilə bağlı inzibati tənbeh tədbiri tətbiq edilmişdir.

İş materialları

3. xx.xx.2022-ci il tarixli, PQA********** nömrəli İcbari Sığorta Müqaviləsinə dair məlumatdan görünür ki, “Mercedes Benz C220 CDİ” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı minik avtomobili sığortaçı "xxxx" ASC tərəfindən Cavabdeh xeyrinə sığorta edilmişdir.

4. xx.xx.2023-cü il tarixli, CLM**********50 nömrəli yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı ödəniş aktından görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yeni Günəşli qəsəbəsində baş vermiş hadisə ilə əlaqədar dəymiş zərərin məbləği 280 manatdır.

5. İş materiallarında olan nzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində “Mercedes Benz C220 CDİ” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək AR İXM-in 327.1 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir.

6. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, yekun aktından müəyyən edilir ki, yolnəqliyyat hadisəsi nəticəsində “Toyota Prius” markalı, **-DV-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 280 manat məbləğində pul zərərçəkənin sığortaçısı "xxxx" ASC tərəfindən ödənilmişdir.

İşin faktiki halları

7. xx.xx.2023-cü il tarixdə Cavabdeh idarə etdiyi “Mercedes Benz C220 CDİ” markalı, **-BP-*** dövlət nömrə nişanlı avtomobillə X1 idarə etdiyi “Toyota Prius” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması və hadisə nəticəsində “Toyota Prius” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 280 manat məbləğində zərər dəyməsi, həmin dəymiş zərər məbləğinin zərərçəkənin sığortaçısı "xxxx" ASC tərəfindən ona ödənilməsi işin mübahisəsiz hallarıdır.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi

Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 936. Subroqasiya hüququ 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

13. Azərbaycan Respublikası “İcbari Sığortalar haqqında” Qanun

Maddə 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Maddə 63. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququ 63.1 Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

14. AR X3 Heyətinin “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda”nın təsdiq edilməsi barədə 29 iyun 2022-ci il tarixi Qərarı.

5. Zərərvuranın sığortaçısına subroqasiya tələbinin irəli sürülməsi 5.1. Zərərçəkənin sığortaçısı Qanuna uyğun olaraq sığorta ödənişini həyata keçirdikdən sonra zərərvuranın sığortaçısına qarşı subroqasiya hüququndan istifadə edir. 5.2. Zərərvuranın sığortaçısı subroqasiya tələbi irəli sürmüş zərərçəkənin sığortaçısı qarşısında sığorta ödənişinin Qanuna və bu Qaydaya uyğun olaraq həyata keçirilməsi üçün öhdəlik daşıyır. 5.3. Sığorta ödənişi verildikdən sonra zərərçəkənin sığortaçısı sığorta ödənişinin verilməsini təsdiq edən, qiymətləndirmənin nəticələrini əks etdirən və faydalanan şəxsin sığorta ödənişi məbləği ilə razı olduğunu təsdiq edən məlumatları və sənədlərin surətlərini iddia faylına daxil edir.

Məhkəmənin mövqeyi

15. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir.

16. İş materialları ilə müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh idarə etdiyi “Mercedes Benz C220 CDİ” markalı, **-BP-*** dövlət nömrə nişanlı avtomobillə X1 idarə etdiyi “Toyota Prius” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və hadisə nəticəsində “Toyota Prius” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 280 manat məbləğində zərər dəymişdir. Eyni zamanda, o da müəyyən edilir ki, inzibati tənbeh vermə haqqında qərarla baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində “Mercedes Benz C220 CDİ” markalı, **- BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək AR İXM-in 327.1 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Subroqasiya hüququnu tənzimləyən yuxarıda qeyd edilmiş maddi hüquq normalarının mətnindən aydın olur ki, geriyə tələb hüququnun yaranması əsalarından biri qəzanı törətmiş şəxsin hadisə yerindən yayınması halıdır. Deməli, hazırkı iş üzrə iddiaçının Cavabdeh qarşı subroqasiya tələbi əsaslıdır. Ziyanın məbləğinə gəldikdə isə, işə əlavə edilən sənədlərdən aydın olur ki, vurulmuş ziyanın məbləği 280 manat təşkil etmişdir. Bu halın əksini sübut edəcək hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Məhkəmə bu sübuta tənqidi yanaşılması üçün hər hansı əsas görmür.

Məhkəmə xərcləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

19. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

21. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 280 manat məbləğində sığorta ödənişi, 30 manat dövlət rüsumu olmaqla cəmi 310 manat pul tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir.

22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,

qət etdi:

İddia təmin edilsin. Cavabdeh 280 manat məbləğində sığorta ödənişi, 30 manat dövlət rüsumu olmaqla cəmi 310 manat pul tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar