Məhkəmə qərarları › İş №e-2(010)-2399/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2399/2025

15.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2399/2025 15.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən mərhum qardaşı X5 2000-ci il tarixdə boşanmış keçmiş həyat yoldaşı Cavabdeh3 və onun uşaqları Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən ünvana texniki inventarlaşdırma işlərinin aparılması üçün gəldikləri zaman maneə yaratmalarının qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus olan ünvan 2 ünvanında yerləşən mənzilə hüquqmüəyyənedici sənəd verilməsi üçün DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət etmişdir. Onun ərizəsi əsasında DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri sözügedən ünvana texniki inventarlaşdırma işlərinin aparılması üçün gəldikləri zaman mərhum qardaşı X5 2000-ci il tarixdə boşanmış keçmiş həyat yoldaşı Cavabdeh3 və onun uşaqları Cavabdeh1 və Cavabdeh2 mütəxəssislərə işlərini görməyə icazə verməmişlər. Bu səbəbdən də DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli məktubla texniki inventarlaşdırma işlərini aparmaq mümkün olmadığı üçün hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Hesab edir ki, mərhum qardaşı X5 2000-ci il tarixdə boşanmış keçmiş həyat yoldaşı Cavabdeh3 və onun uşaqları Cavabdeh1 və Cavabdeh2 bu cür özbaşına hərəkətlər etmələri qadağan edilməlidir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaya etiraz.

3. Cavabdeh1 iddiaya etirazla məhkəməyə müraciət edərək, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddiaya etirazın əsaslandırıldığı hallar.

4. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, İddiaçı tələbində göstərir ki, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi ona məxsusdur və mənzilə hüquqmüəyyənedici sənəd verilməsi üçün DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət etmiş, həmin ərizə əsasında inventarlaşdırma işlərinin aparılması üçün gəldikləri zaman o və digər cavabdehlər mütəxəssislərə icazə verməmişlər. Qeyd edir ki, həmin mənzil dövlət mənzil fonduna məxsusdur. Mənzilin kirayəçisi xx.xx.1965-ci ildə verilmiş orderə əsasən mərhum babası X18 olmuşdur. Anası 1997-ci ildə mərhum atası X15 ilə rəsmi nikaha daxil olduğu vaxtdan yuxarıda qeyd olunan mənzilə gəlin köçmüş, hal-hazıradək orada yaşayır. Bacısı xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh2 və onun mənzildən istifadə hüququ yaranmışdır. İddiaçının isə həmin mənzildə sadəcə qeydiyyatı vardır. 40 ilə yaxındır ki, həmin ünvanda yaşamır. Hazırda isə iddiaçı mənzilin kirayəçisinin ailə üzvü kimi onun və digər cavabdehlərin icazəsi olmadan mənzili qanunsuz olaraq öz adına özəlləşdirmək istəyir. Hansı ki, Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında AR Qanununun 8-ci maddəsinə görə mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı; mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsi ilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşların razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. Hansı əsasla o və digər iki cavabdehin həmin mənzildə istifadə hüququ, qeydiyyatı olduğu halda və orada yaşamaqlarına baxmayaraq, onların razılığı olmadan iddiaçı Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında AR Qanununun 8-ci maddəsinin tələbinə zidd mənzili özəlləşdirmək istəyir. Görünür ki, iddiaçı yalan məlumat verməklə saxta təhrif olunmuş sənədlər əldə edərək 1 saylı Ərazi İdarəsinə təqdim etmişdir. Əlavə olaraq qeyd edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, iddiaçının oğlu X23 ailəsi ilə birlikdə xx.xx.2024-cü ildə icra məmurları tərəfindən həmin mənzilə köçürülmüşlər. Anası Cavabdeh3 ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququnun mübahisəsiz olması halı sözügedən qətnamə ilə də öz təsdiqini tapmışdır. Yuxarıda sadalanan hallardan göründüyü kimi, iddiaçının həmin mənzildə ondan və digər cavabdehlərdən hər hansı bir üstünlük hüququ yoxdur. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında AR Qanununun 8-ci maddəsinin tələbinə zidd olaraq cavabdehlərin razılığı olmadan iddiaçının adına hüquqmüəyyənedici sənədin verilməsi məqsədi ilə həmin mənzildə texniki inventarlaşdırma işlərinin aparılması qanunsuzdur. Ümumiyyətlə, cavabdehlərin razılıq ərizələri olmadan DƏDKR və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşının mənzilə gəlmələri belə qanunsuz olmuşdur. Bir sözlə, iddiaçı hüquqdan sui-istifadə edərək inzibati orqanın qanunsuz hərəkətləri ilə cavabdehlərin hüquqlarını pozmağa çalışır.

Tərəflərin izahatları.

5. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə etdi ki, o, həmin evdə doğulmuş, evlənənəndən sonra evdən çıxıb kirayədə qalmışdır. Anası 2012-ci ildə rəhmətə gedəndən sonra evə gediş-gəlişinə icazə verilməmişdir. Hesab edir ki, iddia əsaslıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək bildirdi ki, 1994-cü il tarixdə mübahisəli mənzilə gəlin köçmüşdür. 2007-ci ildə əri ilə nikahı pozulsa da indiyədək həmin mənzildə yaşayır. Mənzil order əsasında onun qayınatasına məxsus olmuşdur. İddiaçı mənzildən çoxdan köçüb getmişdir və mənzilə dair heç bir hüququ yoxdur. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi.

7. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, mübahisəli mənzildə o, anası və bacısı yaşayır. Həmin mənzil onların babasına məxsus olulmuşdur. Orada doğulmuşdur və hazırda da birlikdə yaşayırlar. İddiaçının mənzillə bağlı heç bir hüququ yoxdur. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi.

8. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, mübahisəli mənzildə o, qardaşı və bacısı yaşayır. Həmin mənzil onların babasına məxsus olmuşdur. Orada doğulmuşdur və hazırda da birlikdə yaşayırlar. İddiaçının mənzillə bağlı heç bir hüququ yoxdur. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi.

9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddiaya etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

İş materialları.

10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi, ev 8 ünvanında yerləşən 24 nömrəli mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı idarənin mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmadığı üçün ərizənin icrası mümkün olmamış və hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

11. Azərbaycan SSR Bakı şəhəri X11 İcraiyyə Komitəsinin Uçot və yaşayış sahəsinin bölüşdürülməsi şöbəsi tərəfindən Ağayev Fərman X. oğluna verilmiş xx.xx.1965-ci il tarixli, 24882 nömrəli orderin Azərbaycan Respublikasının dövlət dilinə tərcümə və notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 47.05 kv.metr olan 3 otaqlı mənzilə Ağayev Fərman X. oğlu və onunla yaşayan 9 nəfər – X8, X19, İddiaçı, X20, X16, X6 və X1 rayon Soveti İcraiyyə Komitəsinin xx.xx.1965-ci il tarixli, 44 saylı qərarına əsasən köçmək hüququna malikdirlər.

12. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 197/2024 nömrəli qətnaməsindən görünür ki, ilkin iddia təmin edilmiş, ilkin iddia üzrə iddiaçılar X15 və X12 ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanındakı mənzilə köçürülmələri, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 qarşılıqlı iddia üzrə cavabdehlər X10 və X17 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

İşin faktiki halları.

13. Bakı şəhəri X11 İcraiyyə Komitəsi tərəfindən xx.xx.1965-ci il tarixli orderlə X13 və onun orderdə adları qeyd edilmiş ailə üzvlərinə (X8, X19, İddiaçı, X20, X16, X6 və X9) ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 47.05 kv.metr olan 3 otaqlı mənzilə köçmək hüququ vermişdir.

14. Adına order verilmiş X7 Ağayev iş üzrə Cavabdeh3 keçmiş əri, digər cavabdehlər Cavabdeh1 və Tehranə Ağayevanın atası, İddiaçı isə qardaşıdır.

15. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, ev 8, mənzil 24 ünvanında hazırda iş üzrə cavabdehlər yaşayır.

Tətbiq edilən hüquq.

16. “SSRİ və İttifaq respublikalarının mülki qanunvericiliyinin əsaslarının təsdiq edilməsi haqqında” SSRİ Qanunu.

Sovet Sosialit Respublikaları X26 qərara alır: Maddə 1. “SSRİ və müttəfiq respublikaların mülki qanunvericiliyinin əsasları” təsdiq edilsin və 1962-ci ilin may 1-dən qüvvəyə minsin. Maddə 2. SSRİ X27 Heyətinə tapşırılsın ki, SSRİ və ittifaq respublikalarının mülki qanunvericiliyinin Əsaslarının qüvvəyə minməsi qaydasını müəyyən etsin və SSRİ qanunvericiliyinin əsaslarına uyğunlaşdırılsın. Maddə 3. İttifaq respublikalarının Ali Sovetlərinə tapşırılsın ki, ittifaq respublikalarının qanunvericiliyini SSRİ və ittifaq respublikalarının mülki qanunvericiliyinin əsaslarına uyğunlaşdırsınlar. Maddə 301. Kirayəçinin ailə üzvlərinin hüquq və vəzifələri. Yaşayış sahəsinin kirayəçisi ilə yanaşı, onunla birlikdə yaşayan kirayəçinin ailə üzvləri də kirayə müqaviləsindən irəli gələn hüquq və vəzifələri əldə edirlər. Kirayəçinin ailə üzvlərinə kirayəçinin arvadı, uşaqları və valideynləri daxildir. Digər qohumlar, habelə əmək qabuliyyəti olmayan himayəsində olan şəxslər kirayəçi ilə birlikdə yaşadıqda və onunla ümumi təsərrüfat apardıqda kirayəçinin ailə üzvləri kimi tanına bilərlər.

17. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanunu.

Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Maddə 9. Müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini elektron üsulla təqdim olunan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada hüquq sahibinin həmin çıxarışı əldə etməsini təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Vətəndaş saxta sənədlər, təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir.

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu.

10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: ...10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi...

19. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.

Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

21. İşin faktiki hallarından göründüyü kimi, hazırda cavabdehlərin yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, ev 8, mənzil 24 ünvanında yerləşən mənzilə köçmək (orada yaşamaq) hüququ X21 və onun orderdə adları qeyd edilmiş ailə üzvlərinə xx.xx.1965-ci il tarixli order əsasında verilmişdir. Orderdə mənzilin Fərman Ağayevə verildiyi, adları qeyd edilən digər şəxslərin isə onun ailə üzvü kimi mənzildə yaşamaq hüququ əldə etdiyi göstərilmişdir. Hansı ki, həmin ailə üzvlərindən biri də iş üzrə İddiaçıdir. Belə ki, o, adına order verilmiş Fərman Ağayevin oğlu olmaqla yaxın ailə üzvü olmuşdur.

22. Hazırda İddiaçı iddia edir ki, həmin mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün aidiyyəti orqana müraciət etsə də mənzil sakinləri olan iş üzrə cavabdehlər tərəfindən orqanın əməkdaşlarına texniki inventarlaşdırma işlərinin görülməsinə şərait yaradılmamış, bu səbəbdən aidiyyəti orqan mənzil üzərində hüquqların qeydiyyatından imtina etmişdir. Öz növbəsində cavabdeh tərəf aidiyyəti orqan tərəfindən texniki inventarlaşdırma işlərinin görülməsinə imkan vermədiklərini qəbul etmiş, bunu iddiaçının həmin mənzili qanunsuz olaraq özəlləşdirməyə çalışması ilə əsaslandırmışlar. Cavabdehlərə görə, bu özəlləşdirmənin qanunsuzluğu ondan ibarətdir ki, özəlləşdirmə yalnız mənzildən istifadə hüququ olan şəxslərin, yəni cavabdehlərin razılığı ilə baş tuta biləcəyi halda iddiaçı buna özbaşına nail olmağa çalışır və hazırkı iddiası da bu niyyətini həyata keçirməyə yönəlmişdir.

23. Məhkəmə isə hesab edir ki, mübahisəli məsələnin həlli üçün ilk növbədə iddiaçının bu iddianı qaldırmağa müvafiq subyektiv hüququnun olub-olmadığı, əgər subyektiv hüquq varsa, cavabdehlər tərəfindən bu hüquqa müdaxilə edilib-edilmədiyi, əgər edilibsə, bu müdaxilənin cavabdeh tərəfin etirazında iddia edildiyi kimi qanuni bir əsasa söykənib-söykənmədiyi kimi məsələlər araşdırılmalıdır.

24. Məhkəmə iddiaçının subyektiv hüququ ilə bağlı məsələdə mübahisəli hüquq münasibətinin yarandığı, yəni mənzillə bağlı orderin verildiyi tarixdə qüvvədə olan yuxarıda da istinad edilmiş “SSRİ və İttifaq respublikalarının mülki qanunvericiliyinin əsaslarının təsdiq edilməsi haqqında” SSRİ Qanununun 301-ci maddəsində yaşayış sahəsinin kirayəçisi ilə yanaşı, onunla birlikdə yaşayan kirayəçinin ailə üzvlərinin də kirayə müqaviləsindən irəli gələn hüquq və vəzifələri əldə etdiyi göstərilmişdir. Bundan əlavə, yenə yuxarıda istinad edilmiş “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanunun 1-ci bəndində qeyd edilmişdir ki, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin qanunun 5-ci maddəsində isə qeyd edilmişdir ki, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.

25. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı bu iddianı qaldırmağa subyektiv hüququ olmuşdur. Ona görə ki, yuxarıda qeyd edilən normalardan göründüyü kimi, iddiaçı orderdə adı qeyd edilmiş ailə üzvü kimi qanunla müəyyən edilmiş şərtlər ödəniləcəyi təqdirdə mənzili şəxsi mülkiyyətinə keçirmək hüququna malikdir. Bu hüquq isə ona hazırkı mərhələdə mənzil üzərində mülkiyyət hüququ verməsə də belə mülkiyyət hüququnu əldə etməyə “qanuni gözlənti” verir. Nəzərə alınmalıdır ki, Avropa İnsan Hüquqları Məhkəməsinin də öz presedentlərində dəfələrlə vurğuladığı kimi, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər (Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il)

26. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının gələcəkdə həmin mənzillə bağlı mülkiyyət hüququ əldə etməyi gözləmək üçün kifayət qədər qanuni əsası vardır. Bu hissədə məhkəmə qeyd edir ki, iddiaçının mənzili cavabdeh tərəfin razılığı olmadan özəlləşdirə bilməyəcəyi, belə razılığın olmadığı hazırkı vəziyyətdə iddiaçının bu özəlləşdirmə ilə bağlı bütün fəaliyyətinin, eləcə də hazırkı iddianın predmeti olan texniki inventarlaşdırma işlərinə yaradılan maneənin aradan qaldırılmasının qanunsuz olduğu barədə cavabdeh tərəfin etirazı mahiyyət etibarilə mənzilin özəlləşdirilməsi ilə bağlı tərəflər arasında mübahisə olduğunu göstərir. Hansı ki, yuxarıda da istinad edilmiş “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanunun 9-cu maddəsinə əsasən, vətəndaş saxta sənədlər təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Həmin qanunun 7-ci maddəsində vətəndaşın yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə əlavə ediləcək sənədlərdən biri kimi mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi göstərilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, gələcəkdə mənzilin iddiaçının adına özəlləşdirilməsindən imtina edilməsi istisna edilmir. Bununla belə bu hal iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnu aradan qaldırmır. Ona görə ki, cavabdehlərdən fərqli olaraq, iddiaçının adı orderdə kirayəçinin ailə üzvü kimi qeyd edilmiş, bu isə ona kirayəçinin bütün hüquqlarını həyata keçirmək imkanı (subyektiv hüquq) vermişdir. Cavabdeh tərəfin etirazının əsasında duran məsələlər iddiaçının subyektiv hüququnu həyata keçirməsi zamanı qanunla müəyyən edilmiş prosessual şərtlərə riayət edilməsi ilə bağlıdır.

27. Cavabdeh tərəfin iddiaçının subyektiv hüququna müdaxilə edib-etməməsinə münasibətdə məhkəmə qeyd edir ki, işin bu halı tərəflər arasında mübahisəsizdir. Belə ki, cavabdehlər mübahisəli ünvanda texniki inventarlaşdırma işlərinin aparılmasına müdaxilə etdiklərini, buna icazə vermədiklərini qəbul etmiş, lakin yuxarıda istinad edilmiş səbəbdən bu müdaxilənin qanuni olduğunu iddia etmişdir. Məhkəmə isə bu mövqe ilə razılaşmır və hesab edir ki, iddiaçı həmin ünvanda texniki inventarlaşdırma işlərinin aparılmasına cavabdehlər tərəfindən maneə törədilməsinin qadağan edilməsini tələb etməkdə haqlı olmuşdur. Belə ki, həmin mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeyd edilməsi mənzil üzərində cavabdehlərin mane olduğu işlərin görülməsindən asılıdır. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci maddəsinə əsasən torpaq sahəsinin planı və ölçüsü, eləcə də torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması üçün zəruri olan sənədlərdəndir. Dolayısı ilə həmin işlərin görülməsinin cavabdehlərin razılığına bağlanması iddiaçını gələcəkdə həmin mənzili öz adına özəlləşdirəcəyi halda belə mənzili öz mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaq imkanından məhrum edir. Məhkəmə təkrar qeyd edir ki, cavabdeh tərəfin etirazının əsasını təşkil edən hallar özəlləşdirmənin prosedur qaydası ilə bağlıdır ki, bu hal iddiaçını bu cür özəlləşdirməni tələb etmək hüququndan məhrum etmədiyindən bu hüququn həyata keçirilməsinə yönələn bütün fəaliyyəti qeyri-qanuni etmir. Odur ki, iddiaçı iddianın predmetini təşkil edən maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlı olmuşdur. Odur ki, iddia təmin edilməlidir.

Məhkəmə xərcləri.

28. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Buna baxmayaraq, iddiaçı tərəfindən müvafiq rüsum ödənilməmişdir.

29. Belə olan halda məhkəmə hesab edir ki, ödənilməmiş dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə.

30. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia təmin edilməli, ünvan 2 ünvanında daşınmaz əmlakın dövlət qeydiyyatını aparan orqan tərəfindən texniki inventarlaşdırma işlərinin aparılmasına mane olunması cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qadağan edilməli, ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq dövlət büdcəsinə ödənilməlidir.

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. ünvan 2 ünvanında daşınmaz əmlakın dövlət qeydiyyatını aparan orqan tərəfindən texniki inventarlaşdırma işlərinin aparılmasına mane olunması cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qadağan edilsin. Ödənilməmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar