Məhkəmə qərarları › İş №e-2(010)-2448/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2448/2024

05.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2448/2024 05.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 295 manat məbləğində sığorta ödənişi, 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının, cəmi 325.40 manat pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-2448/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə sığortalı "xxxx" ASC arasında bağlanmış 06 may 2022-ci il tarixli AS-H 216/22_18 nömrəli sığorta müqaviləsinə əsasən Cəmiyyət tərəfindən sığortalanmış “Toyota Corolla” markalı ** AU *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığorta müddətində xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan “Khazar LX” markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə toqquşaraq zədələnmişdir. Sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Corolla” markalı ** AU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə cəmiyyət tərəfindən 295 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində “Khazar LX” markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli aktında, yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Corolla” markalı ** AU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 295 manat müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 1781/23 nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Toyota Corolla” markalı ** AU *** dövlət nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı ödənilməli olan 295 manat məbləğində pulun Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilmişdir. Tərəflərin izahatları. İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini məhkəməyə bildirməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, AS-İİ 216/22 nömrəli nəqliyyat vasitələrinin qrup sığortası şəhadətnaməsindən görünür ki, sığortaçı "xxxx" ASC sığortalı "xxxx" ASC ilə (könüllü) sığorta müqaviləsini bağlayıblar. xx.xx.2022-ci il tarixli, AS-İİ 216/22 saylı qrup sığorta şəhadətnaməsinin 1 saylı Qoşmasının sığorta olunan nəqliyyat vasitələrinin siyahısından görünür ki, ** AU *** dövlət qeydiyyat nişanlı “Toyota Corolla” markalı minik avtomobili sığorta olunmuşdur və nəqliyyat vasitəsinin şəhadətnamə nömrəsi AS-H 216/22_18 nömrəlidir. xx.xx.2022-ci il tarixli, AS-İİ 216/22 saylı qrup sığorta şəhadətnaməsinin 2 saylı Qoşmasının sığorta olunan nəqliyyat vasitələrinin sığortasına aid şərtlərdən görünür ki, AS-H 216/22_18 nömrəli nəqliyyat vasitəsi şəhadətnaməli avtomobil xx.xx.2022-xx.xx.2023-cü il tarixlərdə ümumi sığorta məbləği 23000 manat olmaqla, sığortalanmışdır. Azərbaycan Respublikası DİN Bakı Şəhər BPİ X9 İdarəsinin xx.xx.2022-ci il tarixli, 046- 33794 saylı Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, 29 iyul 2022-ci il tarixdə saat 12:30-da Nərimanov rayonu,H.Əliyev prospektində “toqquşma” növündə yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxs qismində mülkiyyətçi – "xxxx" MMC, sürücü - Cavabdeh, nəqliyyat vasitəsi qismində ** PV *** dövlət qeydiyyat nişanlı Khazar LX markalı avtomobil qeyd olunmuşdur. Yol nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərçəkən şəxs qismində mülkiyyətçi – Mirzəyev İsmayıl, sürücü – X3, nəqliyyat vasitəsi qismində ** BS *** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtomobil və digər zərərçəkən şəxs qismində mülkiyyətçi –"xxxx" ASC, sürücü – X5, nəqliyyat vasitəsi qismində ** AU *** dövlət qeydiyyat nişanlı “Toyota Corolla” markalı avtomobil qeyd olunmuşdur. 5179104 nömrəli Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsi rəhbər tutularaq, Cavabdeh İXM-nin 327.1-ci və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli, ******* nömrəli Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh tərəfindən İXM-nin 327.1-ci və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası DİN-in xx.xx.2012-ci il tarixli, Q 1-001-12 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair” xx.xx.2022-ci il tarixdə tərtib edilmiş Yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, “Toyota Corolla” markalı **-AU-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı 77- BS-740 dövlət qeydiyyat nişanlı və “Khazar” markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobillər toqquşmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində “Khazar” markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi, “Toyota Prius” markalı 77- BS-740 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq və arxa hissəsi, “Toyota Corolla” markalı **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi zədələnmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, A-AS-318/23 saylı sığorta aktından görünür ki, sığortalı ”Paşa Sığorta” ASC-yə məxsus “Toyota Corolla” markalı, ** AU *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC “Avtomobillərin kompleks sığortası” növündə sığortlanmış və sığorta dəyəri 22067,80 manat təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhər, Nərimanov rayonu, H.Əliyev prospektində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sığortlanmış nəqliyyat vasitəsinə dəymiş zərər və sığorta ödənişi 295 manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 11 nömrəli aktdan görünür ki, “Toyota Corolla” markalı, ** AU *** dövlət qeydiyyat nişanlı avtomobilə 295 manat məbləğində zərər dəymişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Toyota Prius” markalı 77- BS-740 dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətindədir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Toyota Corolla” markalı ** AU *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi ”Paşa Sığorta” ASC-dir. xx.xx.2022-ci il tarixli Etibarnamədən görünür ki, X5 99AU639 dövlət qeydiyyat nişanlı “Toyota Corolla” markalı avtomobili idarə etməyə səlahiyyətlidir. İş materiallarında olan Cavabdeh xx.xx.2022-ci il tarixli izahatında bildirmişdir ki, xx.xx.2022ci il tarixində saat 12:30 radələrində idarə etdiyi Khazar markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobillə H.Əliyev prospektində hərəkətdə olan zaman düzgün ara məsafəsi seçməyib. Avtomobilinin qabaq hissəsi ilə qarşısındakı “Toyota Prius” markalı 77- BS-740 dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuşdur, zərbənin təsirindən sonuncu avtomobilin də qabaq hissəsi onun avtomobilinə arxadan dəymişdir və onun avtomobilinə 150 manat maddi ziyan dəymişdir. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1781/23 nömrəli məktubdan görünür ki, Cavabdeh yaranmış 235 manat sığorta ödənişi borcu barədə məlumat verilmiş, 7 gün müddətində göstərilən məbləğin ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır..... Maddə 884. Sığorta münasibətlərinin subyektləri 884.1. Sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. 884.2. Sığorta və ya təkrarsığorta müqaviləsinin tərəfi olan, yaxud belə müqavilənin həyata keçirilməsi üzrə hüquqlara və (və ya) vəzifələrə malik olan şəxslər sığorta münasibətlərinin subyektləridir... ...884.6. Faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. 884.6–1. Əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olub-olmamasından asılı olmayaraq zərərçəkən sayılır. Maddə 922. Sığorta hadisəsi 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Maddə 924. Sığorta hadisəsinin təsdiqi 924.1. Sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir. 924.2. Sığorta hadisəsi hesab edilə bilən, qanunvericiliyə uyğun olaraq araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsidir. 924.3. Səlahiyyətli dövlət orqanları sığortaçının və ya onun nümayəndəsinin yazılı sorğusuna əsasən, sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər. Maddə 925. Zərərin qiymətləndirilməsi 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. 925.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. 925.4. Sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üçün təyin olunan müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər.... Maddə 926. Sığorta ödənişi 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. 926.4. Sığorta hadisəsi nəticəsində bir neçə zərərçəkən müəyyən edildikdə, bu Məcəllənin 927.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, onlardan sığorta tələbi ilə müraciət etmiş hər hansı biri faydalanan şəxs kimi tanınır. Maddə 936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.... Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. ... Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır... Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: Maddə 327. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması 327.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir.... Maddə 332. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi 332.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə- qırx manat məbləğində cərimə edilir.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Belə ki, iş materiallarından müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə “Toyota Corolla” markalı **- AU-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı 77- BS-740 dövlət qeydiyyat nişanlı və “Khazar” markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması ilə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Toyota Corolla” markalı, ** AU *** dövlət qeydiyyat nişanlı avtomobilə 295 manat məbləğində maddi ziyan vurulmuşdur. ** AU *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi "xxxx"xxxx"xxxx" ASC ilə avtomobillərin (könüllü) sığorta müqaviləsi (şəhadətnaməsi) mövcud idi. Həmin müqaviləyə əsasən, qeyd olunan ziyan məbləği "xxxx" ASC tərəfindən zərərçəkmiş şəxsə tam şəkildə ödənildiyindən, dəymiş ziyan məbləğini tələbetmə hüququ da subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-yə keçmişdir. Tələb edilən məbləğlə bağlı iddiaçı tərəfindən sübutların təqdim edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və öz etirazlarını və onları əsaslandıran hallarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh yol nəqliyyat hadisəsi nəticəsində “Toyota Corolla” markalı, ** AU *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurması iş materialları ilə öz təsdiqini tapmışdır. İş materiallarından da göründüyü kimi, avtomobilə dəymiş ziyan cavabdehin təqsirli hərəkəti nəticəsində baş vermişdir. Belə olan halda, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 295 manat məbləğində sığorta ödənişi, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 325.40 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir. Məhkəmə xərcləri. İddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 295 manat məbləğində sığorta ödənişi, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 325.40 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar