Məhkəmə qərarları › İş №e-2(010)-2469/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-2469/2022

16.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-2469/2022 16.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, cavabdehin vəkili və nümayəndəsi Vəkil2, üçüncü şəxsin vəkili Vəkil3 iştirakları ilə, iddiaçı İngiltərənin (Böyük Britaniya) İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İngiltərənin (Böyük Britaniya) İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmə hazırlıq iclası 16 avqust 2022-ci il tarixə, saat 10:30-a təyin edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 izahat verərək bildirdi ki, mediasiyanın predmeti əmək münasibətləri, kommersiya münasibətləri, mülki münasibətlərindən ibarətdir. Təsisçi ilə direktor arasında münasibət də mülki münasibətlərə aiddir. İddia Mülki Məcəllənin 49-cu maddəsinə söykənir və iddia ərizəsində Əmək Məcəlləsinə istinad edilməyib. Burada İddiaçıdir, işəgötürən deyil, işəgötürən təsisçidir. Daha əvvəl bu tipli işlə əlaqədar Ali Məhkəmənin qərarı var. Orada da qeyd olunur ki, direktorla şirkət arasında olmuş mübahisələrə görə təsisçiyə dəymiş zərərin ödənilməsi ayrıdır. Əməkdə də maddi məsuliyyət məsələsi var və əmək münasibətləri ilə tənzimlənilir, bu məsələ mülki hüquqi məsuliyyətdir. Təsisçi ilə direktor arasında heç bir əmək münasibəti yoxdur. Təsisçi direktordan şirkətə vurduğu ziyanı geri qaytarmasını tələb edir. Bu məsələnin əmək münasibətlərinə heç bir aidliyi yoxdur. Real faktdır ki, direktor pul xərcləyib və təsisçiyə zərər dəyib. Məsuliyyətin təbiətini isə mülki-hüquqi məsuliyyət kəsb edir. Bu səbəbdən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 izahat verərək bildirdi ki, Ali Məhkəmə 3 bənddə konkret olaraq bildirib ki, təsisçi ilə direktor arasında mübahisə əmək münasibətlərinə aid edilir. Burada işçilər arasında yaranan yox, əmək münasibətlərindən irəli gələn münasibətlər nəzərdə tutulur. Dəymiş ziyan da əmək münasibətlərindən irəli gəlir. Əmək Məcəlləsi məsuliyyəti müəyyən edir, ancaq burada ümumi münasibətlərdən danışılır. Əmək Məcəlləsində qanuni təmsilçinin mülkiyyətçi qarşısında məsuliyyət məsələsi də var. İddiaçının vəkili və nümayəndəsi özü də ilkin mediasiya sessiyasında iştirak etmədiyini qeyd etmişdir. Bu səbəbdən vəsatət təqdim edərək mülki işin baxılmamış saxlanılmasını xahiş etdi. Üçüncü şəxsin vəkili Vəkil3 iddiaçının vəkili və nümayəndəsinin məsələ ilə bağlı mövqeyi ilə razı olduğunu bildirdi. Məhkəmə hesab edir ki, mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, mülki iş üzrə məhkəmə prosesləri zamanı Cavabdeh mülki işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsi barədə vəsatət təqdim etmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2469/2022 nömrəli iş üzrə qəbul etdiyi 31 may 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş mülki işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsi barədə vəsatətin rədd edilməsi qərara alınmışdır. Cavabdeh 09 iyun 2022-ci il tarixdə şikayət ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2469/2022 nömrəli iş üzrə qəbul etdiyi 31 may 2022-ci il tarixli qərardadının ləğv edilməsini və ya 7 gün müddətində işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsini xahiş etmiş və şikayət təmin olunmayaraq, şikayətin mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4218/2022 nömrəli iş üzrə qəbul etdiyi 20 iyul 2022-ci il tarixli qərarı ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin e- 2(010)-2469/2022 nömrəli iş üzrə 31 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış və qərardadda qeyd olunmuşdur ki, hazırkı mübahisə onlar arasında hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblərə aid olmamaqla, əmək münasibətlərindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 3-cü maddəsinə əsasən, işəgötürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Qanunun mənasına görə mülkiyyətçinin (təsisçilərin) təyin etdiyi müəssisənin rəhbəri digər işçilərə münasibətdə işəgötürən kimi çıxış etsə də, onun özünün işçi kimi işəgötürəni qismində mülkiyyətçi (təsisçilər) çıxış edir. Bu baxımdan mülkiyyətçi ilə bağlanmış əmək müqaviləsi əsasında çalışan müəssisə rəhbəri ilə mülkiyyətçi arasında da əmək münasibətləri yaranır və Əmək Məcəlləsinin 287ci maddəsinə əsasən, əmək funksiyalarının icrası ilə bağlı onlar arasında yaranmış mübahisələr fərdi əmək mübahisəsi hesab edilir. Məcəllənin 188-ci maddəsinin “ğ)” bəndinə əsasən isə işçinin işəgötürənə vurduğu maddi və mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi fərdi əmək münasibətlərinin predmetinə daxildir. Əmək Məcəlləsinin 193.1-ci maddəsi müəssisənin rəhbəri (işəgötürən) tərəfindən mülkiyyətçiyə vurulan ziyana görə həm bu Məcəllə, həm də digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada və hallarda tam maddi məsuliyyət müəyyən edir. Göründüyü kimi müəssisə rəhbərinin mülkiyyətçiyə (təsisçilərə) vurduğu ziyana görə məsuliyyətin əmək qanunvericiliyində və ya digər normativ hüquqi aktlarda, o cümlədən Mülki Məcəllədə müəyyən edilməsindən asılı olmayaraq, bu, fərdi əmək mübahisəsi olmaqla əmək hüquq münasibətləri qaydasında tənzimlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda hakim ərizəni baxılmamış saxlayır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsinə əsasən Aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: 21.9.1. bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə; 21.9.2. tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə; 21.9.3. tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə; 21.9.4. bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 №-li, 24 dekabr 2021-ci il tarixli Qərarının 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Bundan əlavə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1.ci maddəsinə əsasən mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.1. mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; 3.1.3. əmək münasibətlərindən irəli gələn mübahisələr; 3.1.4. inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən əmək münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq, mediasiya vasitəsilə həll oluna bilər: 27.1.1. fərdi əmək mübahisələri; 27.1.2. kollektiv əmək mübahisələri. Bu qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Beləliklə iş materiallarından müəyyən olunur ki, tərəflər arasında yaranmış mübahisə əmək münasibətlərindən irəli gələn mübahisə, yəni fərdi əmək mübahisəsi ilə bağlıdır. Sadalanan qanunvericiliyin tələbinə əsasən fərdi əmək mübahisələrindən irəli gələn mübahisələr üzrə tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı zəruridir. Tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunsa da, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı İngiltərənin (Böyük Britaniya) İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar