Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2514/2023 23.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakimi Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə və onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh maddi zərərə görə 16600 manat və mənəvi zərərə görə 14000 manat, ümumilikdə 30600 manat pul məbləğinin tutularaq ona(iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək mərhumun 24 aylıq əmək haqqı 27480 manat, qəbr daşı 1000 manat, yas üçün 2400 manat, analizlər üçün 1150 manat və mənəvi zərərə görə 14000 manat, ümumilikdə 46030 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 20 yanvar 2019-cu il tarixdə saat 11:00 radələrində yüngül dərəcəli sərxoş vəziyyətdə ünvan 1 ünvanında yerləşən avtomobil yuma məntəqəsinin qarşısından keçib telefonla danışarkən nalayiq ifadələr işlətdiyinə görə kənarda dayanmış X11 ona avtobus dayanacağında qadınlar olduğunu bildirib söyüş söyməməsini dedikdə aralarında yaranmış mübahisə zamanı Vahid Əsədovu əlləri ilə vuraraq yerə yıxmış, daha sonra Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçəsi 10 ünvanında yerləşən “Elşən” marketə gedib oradan dörd ədəd mətbəx bıçağını götürüb hadisə yerinə qayıdaraq əlində olan bıçaqlarla qəsdən Vahid Əsədovun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmaqla ona sol said və döş qəfəsi nahiyələrinin kəsilmiş səthi yaraları olmaqla sağlamlığa zərər vurmadıqlarından dərəcələri təyin edilməyən, döş qəfəsinin ön səthinin (cəmi 2 ədəd) deşilmiş-kəsilmiş yaraları olmaqla hər ümimilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, dalağın, mədəaltı vəzin, söl böyrəyin, yoğun bağırsağın və böyük piyliyin zədələnməsi ilə müşayiət olunan bel nahiyəsinin (döş qəfəsi ilə sərhəddə) sol yarısının bir ədəd deşilmiş-kəsilmiş yarası olmaqla həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər yetirdikdən sonra hadisə yerindən getmiş, X15 rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb sonuncuya tibbi yardım göstərilməsinə baxmayaraq, 30 yanvar 2019-cu il tarixdə saat 14 radələrində almış olduğu xəsarətlər nəticəsində baş vermiş poliorqan çatmamazlığı səbəbindən ölmüş, bununla da o, qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirib ehtiyatsızlıqdan hüquqlarını müdafiə etdiyi şəxs onun həyat yoldaşı Vahid Əsədovun ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. X11 ilk dəfə 20 yanvar 2019-cu ildə, ikinci dəfə 24 yanvar 2019-cu ildə “Tibbi Ərazi X4 X19in tabeliyindəki 3 nömrəli Şəhər Klinik Xəstəxanasında əməliyyat olunmuşdur. X12 vəziyyəti pisləşdiyi üçün 30 yanvar 2019-cu il tarixdə saat 15 radələrində həmin xəstəxanada vəfat etmişdir. Nə mülki iş üzrə cavabdeh şəxs nədə ki onun qohumları iddiaçı ilə maraqlanmamışdır. O, cinayət işi üzrə X6 hüquqi varisi olmuşdur. X11 hadisə olan günə qədər X18 Servis MMC-də işləmiş və 1300 manat maaşı ilə ailəni dolandırmışdır. X6 vaxtsız ölümü ailəsi üçün çox sarsıdıcı zərbə olmuşdur. Cavabdeh və onun ailəsi tərəfindən yas yerinə və hətta qəbir daşının götürülməsinə belə köməklik olunmamışdır. Qəbr daşına 1000 manat xərc çəkilmişdir. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, üzrlü səbəblərə görə məhkəmə iclasında iştirak edə bilmir və iddia ərizəsini müdafiə edir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirmişdir ki, cavabdeh onun oğludur və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-397/2020 nömrəli 03 iyun 2020-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 126.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə barəsində 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bundan əlavə onun barəsində məcburi ambulatoriya müşahidəsi və psixiatr mülaicəsi şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmişdir. Cavabdeh hal-hazırda müşahidə altındadır və hər an özünə xəsarət yetirmə ehtimalı vardır. Onun həmin hökmdən yenidən şikayət vermək fikri vardır. Belə ki, baş vermiş hadisə nəticəsində X2 rayon 3 saylı şəhər Klinik Xəstəxanasına aparılmış və orada onun üzərində əməliyyat keçirilmişdir. O baş vermiş cinayət hadisəsi nəticəsində deyil, aparılmış cərrahiyyə əməliyyatı nəticəsində vəfat etmişdir. Bunu xəstəxana tərəfindən verilmiş sənədlər də təsdiq edir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “X18 Services” MMC-nin 12 fevral 2019-cu il tarixli 12/k nömrəli əmrindən görünür ki, X11 şərq texnikasına texniki xidmət üzrə sexin palner və mühərriklər üzrə aviatexniki ilə bağlanmış əmək müqaviləsinə 12 fevral 2019-cu il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndinə əsasən (vəfat etməsi ilə əlaqədar) xitam verilmişdir. İş materiallarına əlavə edilmiş 4 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 30 yanvar 2019-cu ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-397/2020 nömrəli 03 iyun 2020-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 126.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş “X18 Services” MMC-nin arayışından görünür ki, X11 01 iyul 2008-ci il tarixindən MMC-də şərq texnikasına texniki xidmət üzrə sexin P və M üzrə aviatexniki vəzifəsində işləmişdir və 12 fevral 2019-cu il tarixində vəfatı ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşlədiyi müddət ərzində aylıq əmək haqqı zərərli amillər nəzərə alınmaqla 1145 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş “Medservis” X21 tərəfindən verilmiş 02 fevral 2019-cu il tarixli çıxarışdan görünür ki, 1966-cı il təvəllüdlü X6 hemodializ+katetr üçün 27 yanvar 2019-ci ildə 550 manat, hemodializ üçün 28 yanvar 2019-cu ildə 300 manat, hemodializ üçün 29 yanvar 2019-cu ildə 300 manat, cəmi 1150 manat məbləğində pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, X8 görə X3 60 manat məbləğində pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13-Təcrübi və Tədris Birliyinin 11 nömrəli 30 yanvar 2019cu il tarixli rəyindən görünür ki, mərhum V.M.Əsədovun meyitinin müayinəsi zamanı dalağın, mədəaltı vəzin, sol böyrəyin, yoğun bağırsağın və böyük piyliyin zədələnməsi ilə müşayiət olunan bel nahiyəsinin (döş qəfəsi ilə sərhəddə) sol yarısının bir ədəd, döş qəfəsinin ön səthinin (cəmi 2 ədəd) deşilmiş-kəsilmiş yaraları, sol said və döş qəfəsi nahiyələrin (döş sümüyü nahiyəsində) kəsilmiş səthi yaraları kimi xəsarətlər aşkar edilmişdir. Qeyd edilən xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşya (alət), ola bilsin ekspertizaya təqdim edilmiş (şərti 1 və 2 kimi təsvir edilmiş bıçaqların) təsirindən, kəsilmiş yaralar isə iti kənarlı əşya (alət) təsirindən törənmişlər, qərarda göstərilən 20 yanvar 2019-cu il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə dalağın, mədəaltı vəzin, sol böyrəyin və böyük piyliyin zədələnməsi ilə müşayiət olunan bel nahiyəsinin deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağız zərər vurmanın əlamətlərinə malikdir, digər deşilmiş-kəsilmiş yaralar həm ümumilikdə, həm də ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, kəsilmiş səthi yaralar isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilməyən xəsarətlərin əlamətlərinə malikdirlər və mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum V.M.Əsədovun ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində baş vermiş poliorqan çatmamazlığı olmuşdur. İlkin meyit əlamətlərinə demək olar ki, ölüm meyitin meyitxanadakı müayinəsindən təxminən 2- 4 saat əvvəl baş vermişdir. İş materiallarına əlavə edilmiş “Tibbi ərazi X4” X19 X16 X19 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 28 iyun 1966-cı il təvəllüdlü X1 cərrahiyyə şöbəsinə 20 yanvar 2019-cu il tarixdə saat 12:30-da “döş qəfəsinin sol yarısının ön və arxa, döş qəfəsinin sağ yarısının ön səthinin kəsilmiş-deşilmiş yarası” diaqnozu ilə qəbul edilmişdir. 20 yanvar 2019-cu il tarixdə “laparotomiya. Splenektomiya. Sol tərəfi nefrektomiya. Mədəaltı vəzin yaralarının tikilməsi. Sol plevra boşluğunun bulan üsulu ilə drenə olunması. Yaraların birincili işlənməsi. Qarın boşluğunun sanasiya və drenə olunması” cərrahı əməliyyatı icra edilmişdir. Kliniki diaqnoz: “Döş qəfəsinin sol yarısının ön və arxa səthinin və döş qəfəsinin sağ yarısının ön səthinin kəsilmiş-deşilmiş yaraları. Döş qəfəsinin sol yarısının arxa səthinin yarasından böyük piyliyin eventerasiyası” 25 yanvar 2019-cu il tarixdə “Relaparotomiya. Eventerasiyanın ləğvi. Mədəyə sero-seroz tikişlərin qoyulması. Qarın boşluğunun sanasiya və drenə edilməsi” cərrahi əməliyyatı həyata keçirilmişdir. Xəstə X16ndən hər hansı prosedur üçün digər xəstəxanaya göndərilməmişdir. İş materiallarına əlavə edilmiş “Medservis” X17 məktubundan görünür ki, X11 27 yanvar 2019-cu il tarixində 3 saylı ŞKX-sını tərəfindən klinikaya müraciət olunmuş və tibb personalı tərəfindən X8 həmin xəstəxanada 27 sentyabr 2019-cu il tarixində səyyar hemodializ və müvəqqəti kateterin qoyulması, 28 yanvar 2019 və 29 yanvar 2019-cu il tarixlərində isə səyyar hemodializ xidmətləri göstərilmişdir. İş materiallarına əlavə edilmiş “Tibbi ərazi X4” X19 X5 X19 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X11 xx.xx.2019-cu il tarixində təcili tibbi yardım ilə X3 gətirilmiş, elə həmin tarixdə də təxliyyə olunmuşdur. İş materiallarına əlavə edilmiş Suraxanı Rayon Məhkəməsinin 2(010)-1670/2023 saylı 19 aprel 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Nümayəndə cavabdeh İddiaçı qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ-ci bəndinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Mülki Məcəllənin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 1122.1.-ci maddəsinə əsasən ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh Vahid Əsədovun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmaqla ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər yetirdiyindən, bununla bağlı iddiaçı tərəfindən müalicə üçün pul vəsaiti ödənildiyindən və cinayət hadisəsi nəticəsində şəxs vəfat etdiyindən cavabdeh vurduğu zərərin əvəzini ödəməlidir. İddiaçı vurulan zərərin məbləğini sübut etmək üçün çeklər və laborator müayinələrinin nəticələrini təqdim etmişdir. Avropa Məhkəməsinin “Fətullayev Azərbaycana qarşı” işi üzrə qəbul etdiyi xx.xx.2010-cu il tarixli qərarının 183-cü bəndində qeyd edilmişdir: “Məhkəmə qeyd edir ki, Məhkəmə Reqlamentinin 60-cı Qaydasına əsasən, əvəzin ədalətli ödənilməsi üçün irəli sürülən bütün tələblər tərkib elementləri üzrə ətraflı bölünməklə, müvafiq təsdiqedici sənədlərlə və ya ödəniş qəbzləri ilə birlikdə təqdim edilməlidir, belə olmadıqda məhkəmə tələbi bütünlüklə və ya qismən rədd edə bilər.”. İddiaçının təqdim etdiyi sənədlər əsasında X6 müalicəsi üçün 1150 manat məbləğində pul vəsaiti xərcləndiyindən və iddiaçının həyat yoldaşının sağlamlığına vurulmuş ağır xəsarətlərin müalicəsi üçün maddi ziyana məruz qaldığı məhkəmədə şübhə doğurmur. Ona görə də məhkəmə ədalət prinsipini rəhbər tutaraq, iddiaçının həyat yoldaşının müalicəsi üçün çəkilən 1150 manatı ağlabatan hesab edir. Avropa Məhkəməsinin “Həsənov Azərbaycana qarşı” və “İsgəndərov və başqaları Azərbaycana qarşı” işləri üzrə qəbul etdiyi müvafiq olaraq xx.xx.2010-cu il və xx.xx.2010cu il tarixli qərarlarında maddi ziyanın məbləği şikayətçilərin maddi ziyana məruz qalma ehtimalı və ədalət prinsipi əsasında müəyyən edilmişdir. Belə ki, “Həsənov Azərbaycana qarşı” iş üzrə qərarın 42-ci bəndində qeyd olunmuşdur: “Tələblərin itirilmiş icarə haqlarına aid olan hissəsinə gəldikdə, məhkəmə hesab edir ki, tələbin bu hissəsi ilə aşkar edilmiş pozuntu arasında səbəbiyyət əlaqəsi var və yəqin ki, şikayətçilər mənzillər üzərində nəzarəti itirmələri nəticəsində maddi ziyana məruz qalıblar. ”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində qeyd edilmişdir: “...Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri -əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.”. Həmin qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Qeyd edilən qərarın 8-ci bəndində göstərilir “..Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”. Cavabdeh qeyri-hüquqi hərəkəti, cinayət əməli törətməsi nəticəsində iddiaçının həyat yoldaşına ağır xəsarət yetirdiyindən, onun fiziki əzab çəkməsi şübhəsizdir və deməli zərərçəkənin, yəni iddiaçının mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə iddiaçının həyat yoldaşının baş vermiş cinayət hadisəsi nəticəsində xəstəxanaya müraciət etməsini və onun ölümü nəticəsində fiziki əzab çəkməsi barədə dəlillərini inandırıcı qəbul edir. Zərərçəkən bunu 14000 manat dəyərində qiymətləndirir. Plenum qərarının 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, tələb olunan məbləğ həddindən artıq çoxdur və mənəvi zərərin zərərçəkən üçün 500 manat məbləğində qiymətləndirilməsi daha ağlabatan və ədalətlidir. MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir, 119.1-ci maddəsinə görə isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, X6 müalicəsinə sərf edilmiş 1150 manat, mənəvi zərərin əvəzi olaraq 500 manat pul vəsaiti və ödənilmiş 36.50 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin mərhumun 24 aylıq əmək haqqı kimi 27480 manat pul vəsaitinin tutulması, qəbir daşı üçün 1000 manat və yas mərasimi üçün 2400 manat pul vəsaitinin tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, həmin məbləğ ölənin sağlığında öz dolanacaqları üçün alan və ya almaq hüququna malik olan şəxslər üçün tutulmalı və həmin məbləğin orta aylıq qazancdan (gəlirindən) faizlər şəklində müəyyənləşdirilməli olduğundan və bununla bağlı iddiaçı tərəfindən sübut təqdim olunmadığından iddia tələbi qalan hissədə təmin oluna bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. X6 müalicəsinə sərf edilmiş 1150 (bir min yüz əlli) manat, mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat pul vəsaiti və 36.50 (otuz altı manat, əlli qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-2514/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2514/2023
23.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver