Məhkəmə qərarları › İş №e-2(010)-2533/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-2533/2025

11.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-2533/2025 11.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızı, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyət hüququnun ləğvi və kompensasiya ödənilməsi barədə” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyət hüququnun ləğvi və kompensasiya ödənilməsi barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzildə Cavabdeh 1/8 paylı mülkiyyət hüququna xitam verilməsi, cavabdehə payına uyğun olaraq müəyyən ediləcək bazar dəyərində kompensasiya ödənilməsi, həmin pay üzərində mülkiyyət hüququnun iddiaçıya məxsus edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verildiyindən, onun məhkəmə icraatı mümkün deyildir. Ona görə də, iddia ərizəsi icraata qəbul edilməməli və ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində Cavabdeh rəsmi ünvanını “Xəzər rayonu, Binə qəsəbəsi, X1 küçəsi, 3-cü döngə, 3-cü dalan, ev 5” ünvanı kimi qeyd etmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində cavabdehin ünvanı “Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X2 küçəsi, 3-cü döngə, 3-cü dalan, ev 5” kimi görünür. Belə olan halda iddiaçı hazırki iddia tələbi ilə Suraxanı rayon Məhkəməsinə müraciət etməklə ərazi aidiyyat qaydalarını pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 iyun 2021-ci il tarixli Qərarına əsasən, müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır....Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz... Belə ki, iş materiallarından görünür ki, hər iki tərəf sözügedən mənzildə müəyyən payların mülkiyyətçisidirlər və yuxarıda qeyd edilən mülki prosessual qanunvericiliyə əsasən, iddianın daşınmaz əşyanın olduğu yerə görə verildiyi hallardan hər hansı biri hazırki iş üzrə mövcud deyildir. Beləliklə də, Cavabdeh rəsmi qeydə alındığı ünvan Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşdiyindən, həmin işə ərazi aidiyyəti üzrə Bakı şəhər Suraxanı rayon Məhkəməsində baxılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarına əlavə edilmiş **********30 nömrəli xx.xx.2024-cü il tarixli mədaxil qəbzinə əsasən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsində iddia qaldırmaq üçün İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmin Məcəllənin 114.1 və 114.1.5-ci maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir (m. 114.2). Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyət hüququnun ləğvi və kompensasiya ödənilməsi barədə” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödəniş sistemində **********30 nömrəli xx.xx.2024-cü il tarixli mədaxil qəbzi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsində iddia qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu tam olaraq bu ödənişi həyata keçirən İddiaçı büdcədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar