Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2705/2023 28.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X6, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya hüququ ilə əlaqədar pul” tələbinə barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmənin baxış iclasında baxılır. MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya hüququ ilə əlaqədar pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1450 və ödənilmiş dövlət rüsumuna görə 34,50 manat müvvəqəti təminat tədbirinin təmin edilməsi barədə ərizəyə ödənilmiş dövlət rüsumuna görə 10 manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış ** XO *** dövlət qeydiyyat nişanlı,“Fiat Doblo”markalı avtomobil xx.xx.2019-cu il tarixində, Bakı şəhəri, Sabunçu rayonu, Şəhər yolu şossesi ərazisində Cavabdeh2 tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Nissan Sunny” markalı, ** ST *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar, "xxxx" ASC tərəfindən “Nissan Sunny” markalı, ** ST *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 1450 (bir min dörd yüzəlli) manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Sabunçu rayon RPİ DYPŞ tərəfindən tərtib edilmiş TP ******* saylı X13 Haqqında Qərarında müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh2 “Fiat Doblo” markalı, ** XO *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. Buna görə də, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati tənbeh tətbiq edilmişdir. Qeyd olunanlara əsasən, "xxxx" ASC tərəfindən 25 noyabr 2021-ci il tarixli, 1649/21 nömrəli məktubla cavabdehə qarşı 1450 manat məbləğində subroqasiya hüququ ilə əlaqədar pul tələbi irəli sürülmüş və həmin məbləğin 10 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin, hal-hazırkı tarixədək cabadehlər tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələbimiz təmin olunmadığından həmin tələbimizin məhkəmə qaydasında təmin olunması zəruriyyəti yaranmışdır. Tərəflərin izahatları. İş üzrə iddiaçının nümayəndəsi X11 iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh2 hadisə baş verən zaman onun etibarnaməsi olmadığını, onun dəfələrlə etibarnamə tələb etsə də verilmədiyini qeyd etdi. Avtomobilin etibranamə ilə Rzayev Hatəm tərəfindən alınmasını və Hatəmin onu rəsmi olmayaraq işə götürdüyünü bildirdi. Həmçinin, hadisə yerindən yayınmadığını və axırı kimi orada olduğunu, cəriməni də Rzayev Hatəm tərəfindən ödəndiyini bildirdi. İş üzrə Cavabdeh1 həmin maşının mülkiyyətçisi olmadığını, 6 aydır ki həmin maşın onun adına olmadığını bildirdi. Avtomobili 2015-ci ildən 2019-cu ilə kimi Hatəmə etibarnamə ilə verdiyini dedi. 2019-cu ildə etibarnamənin müddəti bitən kimi, həmin ildə avtomobili öz adlarına keçirilməsi üçün etibarnamə verdiyini bildirdi. Avtomobilin kreditdə olanda satıldığını və kreditdən çıxarıb adlarına keçirmədiklərini qeyd etdi. Əlavə olaraq bildirdi ki, avtomobil onun adına deyil. İş materialları. CM 1613/2019 saylı 05.12 2019-cu il cu il tarixli sığorta aktının surətindən görünür ki, sığortalı Məmmədov Etibar oğluna məxsus 2010-cu il buraxılışlı “FiAT YÜK” markalı ** XO *** dövlət qeydiyyatlı, ZFA**********4082 ban nömrəli avtomobil "xxxx" ASC tərəfindəm AVSMMİS növündə sığortalanmış və sığorta dəyəri 5.000,00 manat təyin edilmişdir. 21.112019-cu il tarixində sat 14:00-da Bakı şəhər, Sabunçu rayonu, Şəhər şossesində yol nəqliyyat hadisəsi baş vermiş Cavabdeh2 maşını etibarnaməsiz sürmüşdür. Hadisəni Sabunçu rayon RPİ qeydiyyata almışdır. Hadisə nəticəsində “NİSSAN SUNNY” markalı ** ST *** dövlət qeydiyyatlı avtomobilə ziyan dəymiş, əmlaka dəymiş zərərin məbləği 1450 manat təyin edilmişdir. Həmin məbləğ X2 yulu ilə verilmişdir. xx.xx.2019-cu il tarixli, 2363 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, X7 hesabına "xxxx" ASC tərəfindən 1450,00 manat pul vəsaiti köçürülmüşdür. xx.xx.2019-cu il tarixli Sabuncu rayon DYPŞ YNH inspektoru polis kapitanı X3 tərəfindən “Fiat Yük” markalı ** XO *** dövlət qeydiyyatlı avtomobilin idarə edən Cavabdeh2 barəsində AR İXM-nin 327.1, 332.1-ci maddələri ilə protokol tərtib edilmişdir. xx.xx.2019-cu il tarixli “X13 haqqında Qərar”ın surətindən görünür ki, Cavabdeh2 ** XO *** dövlət qeydiyyat “Fiat Yük” markalı avtomobili sürərkən, AR İXM-nin 327.1, 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətini icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki Sabuncu rayon DYPŞ xx.xx.2019-cu il tarixdə saat 14:00-da ş/şossesi küçəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat haddisəsini ** XO *** dövlət qeydiyyat “Fiat Doblo” markalı avtomomobil törətmişdir. Həmin avtomobilin mülkiyyətçisi X12, hadisə törədilən zaman sürücü isə Cavabdeh2 olmuşdur. xx.xx.2019-ci il tarixli, avtobomilə dəymiş zərərin hesablanmasına dair aktından görünür ki, “Nissan Sunny” markalı, ** ST *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir-bərpa xərcləri ümumilikdə 1450 manat məbləğində qiymətləndirilmişdir. ABN 381766 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin sürətindən görünür ki, “X20 1.3 yuk” markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 məxsusdur. “AZEMİS” Elektron Məhkəmə sistemində görünür ki, Cavabdeh1 2010-cu il buraxilişli, ******* mühhərik nömrəli, ZFA**********4082 ban nömrəli “X19 1.3 Yük” avtomobilini X8 xx.xx.2025-ci il tarixinədək etibarnamə üzrə sahibliyinə vermişdir. 1649/21 nömrəli xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh2 Abuzər oğluna dəymiş zərərə görə – 1450 manat pul məbləğini 10 iş günü müddətində ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır..... Maddə 884. Sığorta münasibətlərinin subyektləri 884.1. Sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. 884.2. Sığorta və ya təkrarsığorta müqaviləsinin tərəfi olan, yaxud belə müqavilənin həyata keçirilməsi üzrə hüquqlara və (və ya) vəzifələrə malik olan şəxslər sığorta münasibətlərinin subyektləridir... ...884.6. Faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. 884.6–1. Əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olub-olmamasından asılı olmayaraq zərərçəkən sayılır. Maddə 897. İcbari sığorta 897.1. İcbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur... Maddə 922. Sığorta hadisəsi 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Maddə 924. Sığorta hadisəsinin təsdiqi 924.1. Sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir. 924.2. Sığorta hadisəsi hesab edilə bilən, qanunvericiliyə uyğun olaraq araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsidir. 924.3. Səlahiyyətli dövlət orqanları sığortaçının və ya onun nümayəndəsinin yazılı sorğusuna əsasən, sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər. Maddə 925. Zərərin qiymətləndirilməsi 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. 925.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. 925.4. Sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üçün təyin olunan müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər.... Maddə 926. Sığorta ödənişi 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. 926.4. Sığorta hadisəsi nəticəsində bir neçə zərərçəkən müəyyən edildikdə, bu Məcəllənin 927.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, onlardan sığorta tələbi ilə müraciət etmiş hər hansı biri faydalanan şəxs kimi tanınır. Maddə 936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.... Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. ... Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır... Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: Maddə 327. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması 327.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. 332.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 23. Sığortaçının hüquq və vəzifələri 23.1. Sığortaçının aşağıdakı hüquqları vardır:... 23.1.6. sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək;... Maddə 25. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları. 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır:... 25.1.3 . icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.... 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər.... Maddə 52. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.4. Müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və ya 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 10 faizi (hər bir halda 10 manatdan az olmamaqla) 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən sığorta ödənişi ödənilmiş “Nissan Sunny” markalı, ** ST *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “X20 1.3 yük” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə Cavabdeh2 təqsirli olduğu müəyyən edilmiş, dəymiş zərər həcmində sığorta ödənişi iddiaçı tərəfindən faydalanan şəxsə ödənilmişdir. Sığorta ödənişin məbləği 1450 manat olmuşdur. Belə olan halda, cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermiş sığorta hadisəsinə görə faydalanan şəxsə sığorta ödənişi edən iddiaçı ödədiyi sığorta ödənişi məbləğini cavabdehdən subroqasiya qaydasında tələb etməkdə haqlı olmuşdur. Məhkəmə iddia tələbini digər Cavabdeh1 münasibətdə əsaslı hesab etmir. Belə ki, iş materiallarından görünür ki, sığorta hadisəsi baş verdiyi zaman, “X20 1.3 Yük” markalı, **- XO-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətində idi, lakin, o, avtomobili etibarnamə əsasında digər şəxsin - X1 vermişdir. Cavabdeh2 bu halı öz ifadələrində də təsdiqlənmiş, və bildirmişdir ki, avtomobili məhz X4 götürüb, etibarnamə olmadan sürmüşdür. Məhkəmə qeyd edir ki, subroqasiya hüququnu tənzimləyən yuxarıda qeyd edilmiş maddi normaların tələblərindən göründüyü kimi, subroqaqsiya hüququnun yaranmasının əsas şərti zərərvuranın təqsirli hərəkətlərinin olmasıdır. Yəni, geriyə tələb hüququ məhz şəxsin təqsirli hərəkətinə görə yaranır. Bu qəbildən çıxış edərək məhkəmə qeyd edir ki, hazırkı işdə Cavabdeh2 təqsirinin olması iş materialları ilə sübut edilsə də, digər Cavabdeh1 qəzada hərəkət və ya hərəkətsizliyi müəyyən edilmir. Çünki, Cavabdeh1 qəza törədilən avtomobili qanuni əsasla digər şəxsin sahibliyinə vermişdir və ona görə də, avtomobilə görə məsuliyyəti Cavabdeh1 daşıya bilməzdi. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 1450 manat məbləğində sığorta ödənişi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib və müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 34,56 manat və müvəqqəti təminat tətbirinin təmini barədə ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu 10 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 1450 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. İş üzrə ödənilmiş 34,50 manat dövlət rüsumu və 10 manat müvəqqəti təminat tətbirinin təmini barədə ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu Cavabdeh2 tutularaq iddiaçıya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(010)-2705/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2705/2023
28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver