Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2737/2023 15.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X11 qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 1 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı adına olan daşınmaz əmlaklar barədə məlumat verilməsi və Bakı şəhəri, Suraxanı rayonu, V yaşayış sahəsi, ev 14, 27 saylı mənzil İddiaçı adına hansı tarixdə və hansı əsaslarla qeydiyyatdan keçməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririlir ki, İddiaçı adına 266876 nömrəli xx.xx.1983-cü il tarixli orderə, 3174 nömrəli xx.xx.2014-cü il tarixli forma-2 arayışa, X2, X1 və Cavabdeh razılıq ərizələrinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, V yaşayış sahəsi, ev 14, 27 saylı mənzil xx.xx.2014-cü il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. İddiaçı adına respublikanın digər ərazi idarələrində daşınmaz əmlakın qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar olunmamışdır.
2. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş materiallara əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li “Çıxarış”ın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, V yaşayış sahəsi, ev 14, mənzil 27 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. X2, X1 və Cavabdeh xx.xx.2014-cü il tarixli razılıq ərizələrindən görünür ki, onlar Bakı şəhəri, Suraxanı rayonu, V yaşayış sahəsi, ev 14, 27 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə və çıxarış alınmasına etiraz etməmişlər.
4. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, ünvan 2 ünvanının aylıq kirayə haqqı 300-350 manat müəyyən edilmişdir.
İşin faktiki halları
5. ünvan 3 ünvanının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin mənzilin iddiaçının xüsusi mülkiyyətində olması işin mübahisəsiz hallarıdır.
İddia tələbi
6. İddiaçı cavabdehlər Cavabdeh, X3 və X5 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh, X3 və X5 ümumilikdə 21000 (iyirmi bir min) manat məbləğində kompensasiya verilməklə onların ünvan 3 ünvanına olan istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərdən Cavabdeh mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Sonradan iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbi həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehlərdən X4 və X6 cavabdehlər siyahısından çıxartmaqla, məhkəmədən Cavabdeh 16000 (on altı min) manat məbləğində kompensasiya verilməklə onun ünvan 3 ünvanına olan istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdehlər X3 və X5 qarşı tələb olmadığı üçün ərizə nəzərə alınaraq onlar cavabdehlər siyahısından çıxarılmışdır.
Tərəflərin izahatları
9. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
10. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddiaçı ilə cavabdeh arasında 1986-cı ildə nikah bağlanıb və 2023-cü il tarixdə məhkəmə qətnaməsi ilə nikahları pozulub. Tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmış uşaqları ailə qurublar və ayrı yerlərdə yaşayırlar. Cavabdeh içki aludəçisidir, iddiaçını öz evində yaşamağa qoymur və iddiaçı məcbur qalaraq kirayələrdə yaşayır. Buna görə də qeyd olunanlarının nəzərə alınaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
Tətbiq olunan hüquq
11. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
12. Azərbaycan Respublikası Mənzil Məcəlləsi (01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş) Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Maddə 87. Yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin hüquq və vəzifələri Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarı 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarı
“...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. ...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.”
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarı
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.
17. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu
Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında.
18. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolu Maddə 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
19. Avropa İnsan Hüquqları Məhkəməsinin “Sporronq və Lonnpot İsveçə qarşı” işi
Mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
21. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəfin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
22. Belə ki, qanunvericiliyə əsasən kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi barədə iddia qaldırmaq hüququna, yəni subyektiv hüquqa malik olmaq üçün iddia irəli sürmüş şəxs (iddiaçı) mülkiyyətçi olmalı və iddia irəli sürülmüş şəxsin (cavabdehin) həmin yaşayış sahəsinə istifadə hüququ olmalıdır. Bu şərtlər mövcud olduqdan sonra isə təklif olunan kompensasiyanın məbləği araşdırılmalıdır.
23. İş materiallarından müəyyən olunur ki, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur və hazırki iş üzrə cavabdehin isə həmin mənzilə istifadə hüququ vardır.
24. Məhkəmə qeyd edir ki, tərəflər arasındakı münasibətlər xx.xx.2000-ci il tarixədək yarandığı üçün mübahisə həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən həll olunmalıdır. Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən isə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. İddiaçı tərəfin qeyd etdiyi və iddia ərizəsindən də məlum olduğu kimi cavabdeh hazırda həmin mənzildə yaşayır və mənzildən istifadə hüququ mövcuddur.
25. Bir əmlak hüququ olaraq mülkiyyət hüququ, təmin etdiyi səlahiyyətin həcmi baxımından tam və bütöv olan yeganə əşya hüququdur. Öz sahibinə əşya üzərində inhisarlı bir şəkildə ən geniş səlahiyyətlər təmin edən bu hüquq həm əşya barəsində sərəncam verə bilmə səlahiyyətini (yəni əşyanın hüquqi müqəddəratını və əmlak mənsubiyyətini müəyyən edə bilmə səlahiyyətini) təmin edir, həm də əşya üzərində üç səlahiyyətin (istifadə, sahiblik və sərəncam) hamısını birlikdə və ən geniş şəkildə təmin edir.
26. İstifadə hüququ anlayışı isə, sahibinə istifadə imkanını tanıyan haqqın hüquqi mahiyyətini və xarekterini deyil, haqqın istiqamətləndiyi məqsədi ifadə edir. Bu hüquq, sahibin lazım gələndə mənzilin mülkiyyətçisinə qarşı istifadə edə biləcəyi ehtiyat bir əmlak hüququ deyil.
27. Beləliklə, qeyd olunan normalara əsaslanaraq məhkəmə belə bir qənaətə gəlir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin.
28. İddiaçı cavabdehə 16.000 (on altı min) manat məbləğində kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
29. Qanunvericiliyin qeyd olunun tələblərini və işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarında göstərilən “əvəzləşdirilmə”yə uyğundur.
30. Belə ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun itirilməsi üçün cavabdehin istədiyi məbləği deyil, mülkiyyətçinin təklif etdiyi kompensasiya məbləğini nəzərə almalı və həmin kompensasiya məbləğinin istifadəçiyə davamlı surətdə başqa yerdə əvvəlki mənzillə müqayisədə oxşar yaşamaq imkanı üçün yetərli olub-olmamasını qiymətləndirməlidir.
31. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Bu mənada mülkiyyətçi istədiyi vaxt yaşayış binasının tərkib hissəsindən istifadə hüququ ilə yüklü olan mənzilini bu yükdən azad edə bilər. Qanunda kompensasiya miqdarının bazar qiymətinə uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilməli olduğu göstərilsə də, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alqı-satqının, girov və icarənin müstəqil predmeti ola bilmədiyindən təbii olaraq sözügedən hüquq baxımından bazarda sərbəst bir şəkildə qiymətin formalaşması da mümkün deyildir.
32. Məhkəmə hesab edir ki, bu cür mübahisələrdə kompensasiyanın miqdarını müəyyən edərkən ilk növbədə yaşayış binasının tərkib hissəsindən istifadə hüququ sahibinin bu hüququna xitam verilməzdən əvvəl, evdə qaldığı şəraitə diqqət yetirilməsi zəruridir. Belə ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ sahibinin, mülkiyyətçinin evində qaldığı şərtlər daxilində özünə başqa bir yaşayış yerini təmin edə bilməsi üçün nə qədər bir məsrəfə qatlanmalı olduğu nəzərə alınmalıdır. İşdən mübahisəsiz qaydada görünür ki, ünvan 3 ünvanı yaşayış sahəsi 30,14 kv.metr olmaqla iki otaqdan ibarətdir. Bu meyar üzrə məhkəmə hesab edir ki, cavabdehin həmin mənzilə istifadə hüququna xitam verilməsi müqabilində 16.000 manat təşkil edən kompensasiya məbləği kifayət qədər ədalətli olmaqla, mövcud ərazidə eyni şəraitli, ayrıca yaşayış sahəsi əldə edib həmin sahədə yaşamaq üçün ağlabatan məbləğdir.
33. Bundan əlavə, məhkəmə hesab edir ki, kompensasiyanın miqdarını müəyyən edərkən diqqət yetirilməli məqamlardan biri də mənzilin yerləşdiyi ərazinin əhəmiyyətidir. İşdə olan "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, ünvan 2 ünvanının aylıq kirayə haqqı 300-350 manat müəyyən edilmişdir. Təklif edilən kompensasiya məbləği bu meyar üzrə də kifayətedici hesab edilə bilər. Belə ki, eyni qəsəbədə aylıq kirayə haqqının orta hesabla 350 manat olduğu (hətta bir otaqlı deyil, iki otaqlı mənzilin qiyməti nəzərə alınmaqla) mənzili kirayələyəcək cavabdehin həmin mənzildə iddiaçının təklif etdiyi 16.000 manat kompensasiya məbləği ilə üç ildən artıq müddətdə yaşamaq imkanı olacaqdır ki, bu mənada təklif edilən kompensasiya məbləği kifayətedici hesab edilə bilər.
34. İddianın cavabdehin mübahisəli evdən çıxarılması tələbinə gəldikdə isə məhkəmə hesab edir ki, tərəflər arasındakı ailə münasibətlərinin aradan qalxması, iddiaçının iradəsinə zidd olaraq cavabdehin həmin evdə yaşaması və cavabdehin pul kompensasiyasının ödənilməsi ilə istifadə hüququna xitam verilməsi iddianın əsaslı olması qənaətinə gəlməyə əsas verir. Buna görə də, iddiaçı sahibliyində olan evdən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır.
Məhkəmənin gəldiyi nəticə
35. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 16000 (on altı min) manat məbləğində kompensasiya verilməklə, onun İddiaçı məxsus ünvan 2 ünvanına olan istifadə hüququna xitam verilməli və o, həmin mənzildən çıxarılmalı, pul kompensasiyasının ödənilməsi ilə Cavabdeh yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması eyni vaxtda icra olunmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh 16000 (on altı min) manat məbləğində kompensasiya verilməklə, onun İddiaçı məxsus ünvan 2 ünvanına olan istifadə hüququna xitam verilsin və o, həmin mənzildən çıxarılsın. Pul kompensasiyasının ödənilməsi ilə Cavabdeh yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması eyni vaxtda icra olunsun. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu və mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində rüsum olmaqla, cəmi 100 (bir yüz) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.