Məhkəmə qərarları › İş №e-2(010)-2882/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2882/2023

16.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2882/2023 16.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X4 qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə müraciət edərək, ərizəsini onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi "Hyundai HD65 xüsusi təy" markalı, **-XA-*** dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri, R. Behbudov küçəsi ilə hərəkət edən zaman ara məsafəsinin düzgün seçilməsi qaydasını pozmuş, nəticədə "Toyota Prius" markalı, **-XZ-*** dövlət nömrə nişanlı avtomobilə zərər vurmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qərarla "Hyundai HD65 xüsusi təy" markalı, **-XA-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində "Toyota Prius" markalı, **-XZ-*** dövlət nömrə nişanlı avtomobilə 100 manat maddi zərər dəymişdir. PME********** saylı sığorta şəhadətnaməsinə və İAS221949 saylı xx.xx.2022-ci il tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən cəmi 100 (bir yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlardan da göründüyü kimi, Cavabdeh hadisə vaxtı "Hyundai HD65 xüsusi təy" markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobili müvafiq etibarnamə olmadan yəni, idarəetmə hüququ olmadan idarə etmişdir.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

İddia tələbi.

3. Cavabdeh 100 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 30,40 manat dövlət rüsumu olmaqla, ümumilikdə 130,40 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

Tərəflərin izahatları.

4. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə ilə müraciət edərək, işə iddiaçının iştirakı olmadan baxılaraq, təqdim edilən sübutlar əsasında yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Lakin məhkəmənin xx.xx.2023-cü il tarixdə keçirilən hazırlıq iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək izahatında qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində onun etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etdiyini qeyd etsə də, onun etibarnaməsi olmuş, hətta etibarnaməni hadisə baş verdikdən sonra polis əməkdaşına da təqdim etmişdir. Buna görə də, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

7. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

İş materialları.

8. İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki “Hyundai HD65” markalı, **-XA-*** dövlət nömrə nişanlı yük avtomobili "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sığortalanmışdır.

9. İAS221949 №-li sığorta ödənişi aktından görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh idarə etdiyi “Hyundai” markalı, **-XA-*** dövlət nömrə nişanlı avtomobillə ara məsafəsinin düzgün seçilməməsi nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı dəymiş zərərin məbləği 100 manat təşkil edir.

10. Bakı şəhər DYPŞ tərəfindən xx.xx.2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXMnin 327.1-ci və 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə olunmuşdur.

11. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" tərəfindən X2 hesabına 100 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir.

12. "xxxx" ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişdən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixində Bakı şəhəri, R. Behbudov küçəsində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində "Toyota Prius" markalı, **-XZ-*** dövlət nömrə nişanlı avtomobilə maddi zərər vurulmuşdur. Həmin yol nəqliyyat hadisəsi zamanı avtomobili idarəetmə hüququ (etibarnamə) olmadan idarə etməsi səbəbindən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə uyğun olaraq zərərçəkənə ödəniləcək sığorta ödənişinin ondan geri alınacağı barədə xəbərdar olunmuşdur.

13. xx.xx.2022-ci il tarixdə verilmiş qüsur aktının surətindən görünür ki, hadisə nəticəsində “Toyota Prius” markalı, **-XZ-*** dövlət nömrə nişanlı avtomobilə 100 manat məbləğində zərər dəymişdir.

14. İşdən görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh “Hyundai” markalı, **-XA-*** dövlət nömrə nişanlı avtomobili idarə etmək üçün X1 tərəfindən etibarnamə verilmişdir.

15. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilən zaman 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

Tətbiq edilən hüquq.

16. Azərbaycan Respublikası Müki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 936.1.Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2 Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

17. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 13.4. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Maddə 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmənin mövqeyi.

19. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir.

20. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi, iddia tələblərini “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsi ilə əsaslandırır.

21. Məhkəmə araşdırılması zamanı isə iddiaçının tələblərini əsaslandırdığı hallar öz təsdiqini tapmamışdır.

22. Belə ki, məhkəmə iddiaçının subroqasiya hüququ ilə bağlı qeyd edir ki, iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmamışdır.

23. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs dedikdə isə avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmayan şəxsdir. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Göründüyü kimi, qanunverici sığotaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir.

24. Qanunvericilikdə “qanuni əsaslar” dedikdə etibarnamə yox, avtomobili idarə etmək hüququnu verən sürücülük vəsiqəsi başa düşülür. Odur ki, şəxsin avtomobili etibarnamə olmadan idarə etməsi, onun avtomobili idarə etmək hüququnun olmaması kimi qəbul edilməməmlidir.

25. Belə ki, avtomobili idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edilməsinə görə məsuliyyəti inzibati xətalar qanunverciliyi müəyyən etmişdir. Bu məsuliyyəti müəyyən etməkdə inzibati xətalar qanunverciliyinin iki məqsədi vardır: birincisi, avtomobil mülkiyyətçilərinin mənafeyi müdafiə olunsun və başqa şəxslər mülkiyyətçinin iradəsi olmadan avtomobilə sahiblənə bilməsinlər; ikincisi, yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları gücləndirilsin, yəni qayda pozuntusu zamanı avtomobili idarə edən şəxsin (sürücünün) şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması mümkün olsun. Göründüyü kimi, bu normanın sığortaçıların mənafeyinin qorunması ilə bağlı məqsədi yoxdur.

26. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən “qanuni əsaslar” ifadəsi yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul edilmir. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur.

27. Göstərilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” hesab edilmir və bu səbəbdən də iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmamışdır.

28. Həmçinin məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia isə rədd edilməli olduğundan, məhkəmə xərci olan 30,40 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Buna görə də iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi də rədd edilməlidir.

29. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.

Məhkəmə xərcləri.

30. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 30,40 manat dövlət rüsumu ödəmişdir.

31. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddiaçı "xxxx" ASC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30,40 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

33. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddiası təmin edilməməli, ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilməlidir.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı - cavabdehdən 100 manat yolnəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləğinin, 30,40 manat dövlət rüsumunun, ümumilikdə 130,40 manat məbləğində pulun tutulub iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar