Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2976/2024 05.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi.
1. İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zahir Xalid oğluna yüngül yüngül xəsarət almasına görə ödənilmiş 430 (dörd yüz otuz) manat məbləğində sığorta ödənişi, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqını Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı Sığorta Şirkəti ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Saipa Tiba SX” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Zahir Xalid oğluna dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarət yetirmışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığına görə ona qarşı subroqasiya hüququ yaranmışdır. İnzibati tənbeh vermə haqqında qərarda Cavabdeh təqsirli olması öz əksini tapmışdır. İddiaçı Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq, Zahir Xalid oğluna yüngül xəsarət almasına görə 750 (yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Ödənilmiş 750 manat məbləğində sığorta ödənişindən Cavabdeh tərəfindən 320 (üç yüz iyirmi) manat İddiaçı Sığorta Şirkəti ASC-nə ödəniş həyata keçirilmiş, qalan məbləğ, yəni 430 (dörd yüz otuz) manat məbləğində pul vəsaiti hal-hazırda ödənilməmiş qalmaqdadır. Qeyd olunanlara əsasən baş verən yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 430 (dörd yüz otuz) manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında qanunvericiliklə nəzərdə tutulmuş qaydada Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
Tərəflərin izahatları.
3. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X1 “Elektron Məhkəmə” sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək üzrlü səbəbdən məhkəmə iclaslarına iştirakları olmadan mülki işə baxılmasını və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayır.
İş materialları.
5. 110598 saylı sığorta aktından görünür ki, Cavabdeh “Saiba Tiba SX” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddətə 55000.00 manata sığortalamışdır. xx.xx.2021-ci il tarixdə sığortalanmış avtomobil xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi törətmiş nəticədə Zahir Xalid oğlu yüngül dərəcəli xəsarət almışdır. Zahir Xalid oğlunun sağlamlığına vurulmuş zərərə görə sığorta ödənişinin məbləği 750 manat təşkil edir.
6. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh ünvanlanmış pretenziyanın məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixdə idarə etidi “Saiba Tiba SX” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə Zahir Xalid oğlu yüngül dərəcəli xəsarət almışdır. İddiaçı Sığorta Şirkəti öz növbəsində Zahir Xalid oğlu yüngül dərəcəli xəsarətə görə 750 AZN (yeddi yüz əlli) sığorta ödənişi həyata keçirməsi barədə xəbərdalıq edilmişdir.
7. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş idarəsi tərəfindən göndərilmiş məktubdan görünür ki, Gürcüstan vətəndaşı Cavabdeh sonuncu dəfə ünvan 1 ünvanına qeydiyyata alınmışdır.
8. Sabunçu rayon DYPŞ tərəfindən çıxarılan İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.8-ci və 327.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və 200 manat məbləğində cərimə olunmuşdur.
9. Bakı şəhəri Sabunçu rayon X3 Şöbəsi tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 19:50-də Bakı şəhəri, Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü piyadanı vurmaqdır. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri olan şəxs Cavabdeh idarə etdiyi nəqliyyat vasitəsi “Saipa Tiba SX” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobildir. Yol-nəqliyyat hadisəsi zamanı Zahir Xalid oğlu yüngül xəsarət almışdır.
10. Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxs Sabunçu rayon şöbəsinin 237 saylı, xx.xx.2022-ci il tarixli Ekspert rəyindən görünür ki, Zahir Xalid oğlunda ağır simplomu ilə müşaiyət olunmuş sağ ayaq pəncəsinin dərialtı hematoması müəyyən edilmiş, Xəsarət bərk küt əşya təsirindən törənmişdir. Qərarda göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir.
11. Cavabdeh Sabunçu rayon Polis İdarəsi-nin İstintaq şöbəsində verdiyi izahatdan görünür ki, o, xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Saiba Tiba SX” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsinin törətmiş və piyada Zahir Xalid oğlunu vuraraq ona yüngül xəsarət yetirdiyini etiraf etmişdir.
İşin faktiki halları.
12. “Saiba Tiba SX” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddətə 55000.00 manata sığortalamışdır.
13. “Saiba Tiba SX” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Zabrat qəsəbəsində Cavabdeh tərəfindən idarə olunarkən yol nəqliyyat hadisəsi törətmiş nəticədə Zahir Xalid oğlu yüngül dərəcəli xəsarət almışdır. Sığorta məbləği 55000 AZN olduğu üçün Zahir Xalid oğlunun sağlamlığına vurulmuş zərərə görə sığorta ödənişinin məbləği-750 manat təşkil edir. Həmin məbləğ sığorta təşkilatı tərəfindən Zahir Xalid oğluna ödənilmişdir.
Tətbiq edilən hüquq.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 936. Subroqasiya hüququ. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
15. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 23. Sığortaçının hüquq və vəzifələri. 23.1. Sığortaçının aşağıdakı hüquqları vardır: 23.1.6. sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək. Maddə 63. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququ. 63.1.Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Maddə 14. Sağlamlığa dəyən zərər 14.2. Sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir: 14.2.5. yüngül xəsarət alması – 15 faiz.
16. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı.
Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir... Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat
Məhkəmənin mövqeyi.
19. İşin faktiki hallarından görünür ki, xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş və yol-nəqliyyat hadisəsində piyada yüngül xəsarət almış və sığorta təşkilatı tərəfindən İcbari Sığorta Haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən yüngül xəsarətə görə sığorta ödənişinin 15%-i, yəni 750 manat pul vəsaiti sağlamlığa vurulmuş zərərə görə zərərçəkənə ödənilmişdir.
20. Sabunçu rayon DYPŞ tərəfindən çıxarılan İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.8-ci və 327.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və 200 manat məbləğində cərimə olunmuşdur.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda (§ 18) istinad edilmiş qərarında qeyd edilir ki, qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir... Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.
22. Məhkəmə hesab edir ki, şəxsin hadisə yerindən yayınması iş materiallarında öz əksini tapmış və həmin şəxs inzibati məsuliyyətə cəlb olunmuşdur. Hazırkı iş üzrə Cavabdeh yüksək təhlükə mənbəyi (avtomobil) üzərində sahibliyinin hüquqi əsası olmuşdur. Bu səbəbdən İddiaçı Sığorta Şirkəti ASC yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə yüngül xəsarətə görə sığorta ödənişinin 15%-ni, yəni ödədiyi 750 manat məbləğində sığorta ödənişini zərər vuran və hadisə yerindən yayınan avtomobilin sahibi Cavabdeh tələb etməkdə haqlı olmuşdur.
Məhkəmə xərcləri.
23. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı ödəmişdir. Hansı ki, bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən iddia qiyməti 1.000 manatadək olduqda ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.
24. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq ödənilmiş 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
25. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh “Saiba Tiba SX” markalı, ** RP *** dovlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin sağlamlığına vurulan yüngül xəsarətə görə ödənilmiş - 430 (dörd yüz otuz) manat sığorta ödənişi və 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilməlidir.
26. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh “Saiba Tiba SX” markalı, ** RP *** dovlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin sağlamlığına vurulan yüngül xəsarətə görə ödənilmiş - 430 (dörd yüz otuz) manat sığorta ödənişi və 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova