Məhkəmə qərarları › İş №e-2(010)-2999/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2999/2025

13.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2999/2025 13.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi və tələbin əsaslandırıldığı hallar İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı subroqasiya qaydasında pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1175 manat məbləğində pul vəsaiti və işə baxılması ilə əlaqədar ödənilən 32 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində saat 12:55 radələrində Bakı şəhəri, Y.Səfərov küçəsi ərazisində Cavabdeh idarə etdiyi və PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Ford Transit” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobil “Hyundai Getz” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. DYPİ əməkdaşı tərəfindən tərtib edilən TP5173115 saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Təqdim edilmiş Qüsur aktında göstərilmişdir ki, “Hyundai Getz” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 1175,00 manat təşkil edir. "xxxx" ASC tərəfindən iş üzrə PXA116464/22 saylı sığorta aktı tərtib edilməklə dəymiş zərərə görə 1175,00 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2021-ci il tarixli, PXA********** nömrəli “İcbari sığorta müqaviləsinə dair məlumat”dan müəyyən olunur ki, sığortalı X2 məxsus “Ford Transit” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sığortaçı "xxxx" ASC tərəfindən icbari sığorta növündə sığortalanmışdır. ƏN-Vİ nömrəli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X3 mülkiyyətində olan “Ford Transit” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunmasını etibarnamə əsasında Cavabdeh etibar etmişdir. xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 12:55-də Bakı şəhəri, Yusif Səfərov küçəsi ərazisində “Ford Transit” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və barəsində 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş 1058 nömrəli qiymətləndirmə aktından müəyyən olunur ki, “Hyundai Getz” markalı, **-EJ- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin ümumi məbləği (işçilik + ehtiyat hissələri) 1175 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, PXA116464 nömrəli sığorta aktından və ödəniş tapşırığından müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə, saat 12:55 radələrində Bakı şəhəri, Yusif Səfərov küçəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Getz” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin ümumi məbləği 1175 manat məbləğində müəyyən edilmiş və nəqliyyat vasitəsinin təmiri üçün müvafiq sığorta ödənişi məbləği alan X4 tam şəkildə ödənilmişdir. xx.xx.2022-ci il tarixli, xx/xx-1962 nömrəli xəbərdarlıqdan müəyyən olunur ki, Cavabdeh subroqasiya qaydasında ödənilmiş 1175 manat məbləğində pul vəsaitinin 7 iş günü müddətində iddiaçıya ödənilməli olması bildirilmiş, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş CVN/D 69-576/25 nömrəli yazılı mütəxəssis məsləhətindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Getz” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin ümumi məbləği (ehtiyat hissələri və təmir xərcləri daxil olmaqla) hadisə baş verən tarixə 795 manat təşkil edir. xx.xx.2025-ci il tarixli, **********76 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 32 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 925.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13. Sığorta hadisəsi. 13.2. . Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Maddə 23. Sığortaçının hüquq və vəzifələri. 23.1. Sığortaçının aşağıdakı hüquqları vardır: 23.1.6. sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək; Maddə 25. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları. 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. Maddə 63. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququ. 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Belə ki, sığortalı (faydalanan şəxs) əksər hallarda ona vurulmuş zərəri əhatə edən sığorta ödənişini almaqla, sonrakı tutulmaya marağını itirir. Nəticədə zərər vuran şəxs məsuliyyətdən yayına bilər. Yalnız subroqasiya zərər vuran şəxsdən zərərin əvəzinin tutulmasını təmin edir. Mahiyyətcə, subroqasiya tələb hüququnun güzəştidir (sessiya). Ona görə də sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh xx.xx.2022-ci il tarixində Bakı şəhəri Yusifov Səfərov küçəsi ərazisində “Ford Transit” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edərək qəza törətmiş və “Hyundai Getz” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Həmçinin, “Ford Transit” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü, hazırkı iş üzrə Cavabdeh yolnəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən yayınmışdır. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ-də inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü Cavabdeh barəsində AR İXM-nin 327.1 və 327.6-cı maddəsi ilə qərar qəbul edilərək 100 manat məbləğində cərimə edilmişdir. Daha sonra "xxxx" ASC tərəfindən “Hyundai Getz” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin əvəzi olaraq ödəniş tapşırığı əsasında ümumilikdə 1175 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə tərəfindən işin faktiki hallarının araşdırılması nəticəsində, hüquq qaydasının pozulması halı (hüquqa zidd əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi), həmin hadisəsinin baş verməsində hazırkı iş üzrə cavabdeh – Cavabdeh təqsirinin olması (həmin hüquqa zidd əməli törədərkən iradəsində nöqsan olması), təqsirli olaraq törədilmiş hüquqa zidd əməl nəticəsində zərərçəkmiş şəxsə zərər vurulması və törədilmiş əməllə vurulmuş zərər arasında səbəbli əlaqənin olması, həmçinin iddiaçı tərəfindən vurulmuş zərərin əvəzinin zərərçəkmiş şəxsə sığorta ödənişi təyinatı ilə ödənilməsi və subroqasiya qaydasında həmin ödənişin geri tələb hüququnun əldə edilməsi öz təsdiqini tapmış, qeyd edilənlərin əksini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları müəyyən edilmiş və həmin məcəllənin 63.1-ci maddəsinə əsasən, həmin qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququnun yaranması təsbit edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Lakin, tutulmalı olan məbləğə münasibətdə məhkəmə qeyd edir ki, hazırkı iş üzrə “Hyundai Getz” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin müəyyən edilməsi məqsədilə iş materialları yazılı mütəxəssis məsləhətinin verilməsi üçün müstəqil qiymətləndirici təşkilata göndərilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş yazılı mütəxəssis məsləhətindən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Getz” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin ümumi məbləği (ehtiyat hissələri və təmir xərcləri daxil olmaqla) hadisə baş verən tarixə 795 manat təşkil edir. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş 1058 nömrəli qiymətləndirmə aktında nəqliyyat vasitəsinin ön şüşəsi də zədələnən hissələr siyahısına daxil edilmiş və ön şüşənin qiyməti 380 manat qeyd edilərək qiymətləndirilmişdir. Lakin iş materiallarına əlavə edilmiş fotoşəkillərdə ön şüşənin zədələnməməsi aşkar görünür. Belə olan halda isə zədələnməyən hissənin əvəzinin cavabdehdən tələb edilməsi əsassızdır. Məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən verilmiş yazılı mütəxəssis məsləhəti iş üzrə mötəbər sübut kimi qəbul edilməli və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsinə vurulmuş zərərin ümumi məbləği 795 manat müəyyən edilməlidir. Odur ki, qeyd olunanlara əsasən iddia tələbi qismən təmin edilməli, cavabdehdən subroqasiya qaydasında 795 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçı tərəfindən 32 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur. Eyni zamanda müəyyən edilir ki, hazırkı iş üzrə "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə xidmətinin dəyəri 200 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 32 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 30 manat hissəsi Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli və iş üzrə mütəxəssis rəyinin təqdim edilməsi üçün keçirilmiş qiymətləndirmə xidmətinin dəyəri olan 200 (iki yüz) manat pul vəsaitinin iddianın təmin olunan hissəsinə münasibətdə (68%) 136 manat məbləği Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına, təmin olunmayan hissəsinə münasibətdə (32%) 64 manat məbləği "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 795 (yeddi yüz doxsan beş) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 30 (otuz) manat məbləği Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İş üzrə mütəxəssis rəyinin təqdim edilməsi üçün keçirilmiş qiymətləndirmə xidmətinin dəyərinin iddianın təmin olunan hissəsinə münasibətdə (68%) 136 manat məbləği Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına, təmin olunmayan hissəsinə münasibətdə (32%) 64 manat məbləği "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar