Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-300/2023 24.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh etibarnamə üzrə nümayəndələri (vəkilləri) Vəkil2 və Vəkil4, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC) "vurulmuş maddi zərərin ödənilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dəymiş maddi zərər olaraq 354,657.31 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən ödənilən 645 manat məbləğində dövlət rüsumunun və 9000 manat məbləğində vəkilə ödənilməli olan nümayəndəlik haqqının cavabdehə aid edilərək ondan tutularaq iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi (vəkili) X12 vəsatətlə müraciət edərək, "xxxx" MMC-nin işə iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi (vəkili) X12 iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, dəymiş maddi zərər məbləği 354,657.31 manatdan 325,243 manat məbləğində pul vəsaitinə qədər azaldılaraq cavabdehdən tələb edilməsi və həmin məbləğin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini və iddia ərizəsinin digər hissələri, o cümlədən iddianın əsasına dair gətirilən dəlillərin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, iddiaçı Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınan "xxxx" MMC-nin (bundan sonra “Cəmiyyət”) təsisçilərindən biridir və Cəmiyyətdə 73.77 faiz paya malikdir. Cavabdeh 2008-2020-ci illər ərzində Cəmiyyətin ali icra orqanı olan baş direktor vəzifəsində çalışmış və işində yol verdiyi ciddi pozuntulara görə Cəmiyyətin təsisçiləri tərəfindən tutduğu vəzifədən azad edilmişdir. Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, cavabdeh iddiaçı ilə əmək münasibətlərində olduğu dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Cəmiyyətə külli miqdarda maddi ziyan vurmuşdur. Belə ki, cavabdeh öz fəaliyyəti dövründə ona Cəmiyyət tərəfindən ayrılan və sonuncunun işgüzar fəaliyyəti məqsədilə istifadə edilməli olan korporativ plastik kartlardan şəxsi məqsədlər üçün istifadə etməklə Cəmiyyətə 354,657.31 manat məbləğində maddi zərər vurmuşdur. Cavabdeh bu pulları ilkin cavabdehin fəaliyyətinə heç bir aidiyyəti olmayan, sırf öz şəxsi ehtiyaclarını ödəmək üçün xərcləmişdir. Məsələn cavabdeh bu kartlardan istifadə etməklə özünə dəbdəbəli geyimlər və bahalı mobil telefonlar almış, şəxsi təhsil və səyahət xərclərini ödəmişdir və sair əsassız şəxsi xərcləmələrə yol vermişdir. Konkret olaraq, cavabdehin əmək müqaviləsinə xitam verilərkən onun çalışdığı son 5 il ərzində Cəmiyyətə məxsus və cavabdehin ezam xərclərinin ödənilməsi üçün nəzərdə tutulan 6 korporativ bank kartından 433,140.42 manat məbləğində vəsait xərcləndiyi və buna görə cavabdeh tərəfindən heç bir hesabat tədim edilmədiyi aşkar edilmişdir. Emitent olaraq “Paşa Bank” və “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən verilmiş və Cəmiyyətə məxsus korporativ kartlar üzrə çıxarışlar araşdırılmış və onlar üzrə ezamiyyətə aid olmayan və şəxsi xarakter daşıyan 354,657.31 manat məbləğində xərcləmələrin aparıldığı aşkar edilmişdir. Misal olaraq, bu xərcləmələrə lüks geyim markası olan “Brioni” mağazasından 8813.44 ABŞ dolları məbləğində pal-paltarın alınması, Türkiyədə 1072 ABŞ dolları məbləğində tibbi müayinə xərcləri, İstanbul otellərinin birində 13785 ABŞ dolları məbləğində qonaqlama, “NLT Telekom” mağazalar şəbəkəsindən və xaricdə “Apple” firmasının rəsmi mağazalarından saysız mobil telefon cihazlarının alınması, X2 “X19” otelində 15035 ABŞ dolları məbləğində qonaqlama və sair digər qeyri-ezam xərcləri daxildir. Xərcləmələrin xülasəsi: ABB Bank 01 yanvar 2015-31 dekabr 2016, 38,185.82 ABŞ dolları, 64,915.89 manat, şəxsi xərclər 64,915.89 manat; ABB Bank 01 yanvar 2015-31 dekar 2016, 50,791.86 ABŞ dolları, 86,346.17 manat, şəxsi xərclər 54,213.50; PashaBank 01 yanvar 2018-31 dekabr 2018, 12,360.50 ABŞ dolları, 21,012.85 manat, şəxsi xərclər 21,012.85; PashaBank 01 yanvar 2019-31 dekabr 2019, 80,480.52 ABŞ dolları, 136,816.88 manat, şəxsi xərclər 136,816.88; PashaBank 01 yanvar 2020-31 dekabr 2020, 23,644.37 ABŞ dolları, 40,195.43 manat, şəxsi şəxslər 13,845.00; ABB Bank 01 yanvar 2017-31 dekabr 2020, 37,560.70 ABŞ dolları, 63,853.19 manat, şəxsi şəxslər 63,853.19; toplam 243,023.17 ABŞ dolları, 413,140.42 manat, şəxsi xərclər 354,654.31. Cavabdehin korporativ bank kartlarından şəxsi məqsədlər üçün istifadə etməsi nəticəsində Cəmiyyətə külli miqdarda zərər dəymişdir. Onu da qeyd etmək lazımdır ki, cavabdeh son 5 ildə aşağıdakı ezamiyyətlərdə olmuşdur. Ona ödənilməli olan ezamiyyə xərcləri “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 saylı Qərarına əsasən hesablansa idi, toplam məbləğ 35,561.30 manat təşkil edərdi ki, onun sırf ezamiyyətlə bağlı xərclədiyi məbləğ 54,483.11 manat təşkil etmişdir. Başlama: 1/24/2015, bitmə: 2/4/2015, 11 gün, ezam ölkəsi-ABŞ, günlük xərc-350, toplam-3850, toplam AZN-6545; başlama: 4\20/2015, bitmə: 4/20/2015, 1 gün, ezam ölkəsi-Almanya, günlük xərc-225, toplam-225, toplam AZN-432; başlama: 4/21/2015, bitmə: 4/24/2015, 3 gün, ezam ölkəsi-Şotlandiya, günlük xərc-170, toplam 510, toplam AZN-1178,1; başlama: 5/11/2015, bitmə: 5/15/2015, 4 gün, ezam ölkəsi Şotlandiya, günlük xərc-170, toplam 680, toplam AZN 1570.8; başlama: 5/24/2015, bitmə: 5/30/2015, 6 gün, ezam ölkəsi-Şotlandiya, günlük xərc-170, toplam 1020, toplam AZN-2356.2; başlama: 9/24/2015, bitmə: 10/2/2015, 8 gün, ezam ölkəsi-İngiltərə, günlük xərc 190, toplam 1520, toplam AZN 3511.2; başlama: xx/xx/2015, bitmə: xx/xx/2015, 4 gün, ezam ölkəsi-Kuveyt, günlük xərc 180, toplam 720, toplam AZN 1224; başlama: xx/xx/2015, bitmə: xx/xx/2015, 6 gün, ezam ölkəsi BƏƏ, günlük xərc 235, toplam 1410, toplam AZN 2397; başlama: 2/15/2016, bitmə: 2/19/2016, 4 gün, ezam ölkəsi BƏƏ, günlük xərc 235, toplam 940, toplam AZN 1598; başlama: 2/29/2016, bitmə: 3/4/2016, 4 gün, ezam ölkəsi Türkiyə, günlük xərc 150, toplam 600, toplam AZN 1020; başlama: 3/27/2016, bitmə: 3/31/2016, 4 gün, ezam ölkəsi göstərilməyib, günlük xərc 350, toplam 1400, toplam AZN 2380; başlama: 4/12/2016, bitmə: 4/15/2016, 3 gün, ezam ölkəsi Rusiya Federasiyası, günlük xərc 150, toplam 450, toplam AZN 765; başlama: 8/27/2016, bitmə: 9/2/2016, 6 gün, ezam ölkəsi göstərilməyib, günlük xərc 350, toplam 2100, toplam AZN 3570; başlama: 2/21/2017, bitmə: 2/24/2017, 3 gün, ezam ölkəsi Banqladeş, günlük xərc 155, toplam 465, toplam AZN 790.5; başlama: 7/15/2017, bitmə:7/19/2017, 4 gün, ezam ölkəsi Banqladeş, günlük xərc 155, toplam 620, toplam AZN 1054; başlama: 4/28/2019, bitmə: 5/3/2019, 5 gün, ezam ölkəsi İngiltərə, günlük xərc 190, toplam 950, toplam AZN 2194.5; başlama: 1/26/2020, bitmə: 1/31/2020, 5 gün, ezam ölkəsi göstərilməyib, günlük xərc 350, toplam 1750, toplam AZN 2975; cəmi 35561.3. Göründüyü ki, cavabdehin faktiki xərclədiyi məbləğ sırf ezamiyyətə xərclədiyi məbləği dəfələrlə aşmış və bunun nəticəsində Cəmiyyətə külli miqdarda zərər vurmuşdur. Bununla bağlı olaraq “PraysvoterhausKupers Sentral Eyşa ənd Kokasus B.V.” şirkətinin Azərbaycan Respublikası filialı tərəfindən hesabat alınmışdır və həmin hesabata əsasən Cavabdeh ümumi məbləği 405828 manat olan korporativ kartlardan xərcləmələrin 325243 manat vəsaitin şəxsi məqsədlər üçün istifadə olunduğu müəyyən olunmuşdur. Buna görə də iddia tələbinin azaldılması barədə iddia ərizəsinə əlavə verilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı iddia ərizəsinə yalnız Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 49-cu maddələrinə istinad etməklə, iddiaçının işəgötürən deyil, cavabdehin rəhbəri olmuş MMC-nin təsisçisi olan xarici hüquqi şəxs olmasını göstərməklə, habelə iddia ərizəsində açıq şəkildə mübahisənin əmək mübahisəsi deyil, mülki mübahisəsi olmasını vurğulamaqla tərəflərin qarşılıqlı münasibətləri üzrə birmənalı olaraq səhv nəticəyə gəlmişdir. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı təsisçi ilə direktor arasında olan münasibətlərin işəgötürən-işçi münasibətləri, yəni əmək münasibətləri olmadığını hesab edir. Halbuki, məhz tərəflər arasında olan bu iş üzrə münasibətlərin əmək, yoxsa mülki münasibətlər olması məsələsinə dair Azərbaycan Respublikasının Ali Məhkəməsi 20 iyul 2022-ci il tarixli 2(102)-4218/2022 saylı qərar qəbul etmişdir. Ali Məhkəmə Qərarının 14, 15, 16, 17 və 18-ci bəndlərində açıq şəkildə təkrar-təkrar vurğulamışdır ki, hazırkı iş üzrə iddiaçı və cavabdeh arasında olan münasibətlər əmək münasibətləridir və yaranan mübahisə də fərdi əmək mübahisədir. Odur ki, tərəflər arasındakı münasibətlər mülki deyil, əmək münasibətləridir və yaranan mübahisə də, fərdi əmək mübahisəsidir. Hər hansı subyekt iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən həm həmin subyekt, həm də məhkəmə tərəfindən sözügedən subyektin bu iddianın verilməsi üçün subyektin hüququnun olub-olmaması müəyyən olunmalıdır. Hazırkı iş üzrə iddiaçının subyektiv hüququnun olub-olmamasını araşdırarkən birinci növbədə pul tələbinin yaranması əsasına nəzər yetirilməlidir. Belə ki, iddiaçı özü də iddia ərizəsində qeyd etmişdir ki, onun pul tələbi cavabdeh tərəfindən ezamiyyət xərcləri üçün nəzərdə tutulmuş vəsaitin öz məqsədləri üçün xərclənməsi olmuşdur. Əmək Məcəlləsinin 175.2-ci maddəsinin “d” bəndinə əsasən xidməti ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyə xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalmış borc məbləği işçinin razılığı və ya icra sənədi olmadan işçinin əmək haqqından tutula bilər. İddiaçının təsisçisi olduğu Cəmiyyətin 23 noyabr 2020-ci il tarixli İR-505/20-1 nömrəli əmrinə əsasən Cəmiyyət cavabdehin 2020ci ilin sentyabr, oktyabr və noyabr ayları üzrə əmək haqqı və istifadə edilməmiş məzuniyyət günləri əvəzi hesablanmış məbləğ hesabına cavabdehdən 58,834.54 manat məbləğində vəsait tutulmuşdur. Tutulan vəsait də məhz ezamiyyə xərcləri üçün verilmiş avansın qalıq borcu qaytarılmadığına və xərclərlə bağlı hesabat verilmədiyinə görə tutulmuşdur. Deməli, əgər iddiaçının tələbinin əsası ezamiyyə xərcləri üçün verilmiş avansın qalıq borcunun qaytarılmamasından yaranıbsa, bu vəsait dəymiş ziyan deyil, borc hesabı olunmalı və borc münasibətlərindən irəli gələn mübahisə üzrə iddiaçı məhz Cəmiyyət olmalıdır ki, iddiaçının həmin vəsaitin tələb olunması üçün hər hansı subyektiv hüququ yoxdur (əsas: Konstitusiya Məhkəməsinin L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli və M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarlarında göstərdiyi hüquqi mövqəyi). İddiaçı isə bu mübahisəni mülki hüquq münasibətləri istiqamətində yayındırmışdır ki, məhkəmə bu mübahisəni əmək münasibətlərindən irəli gələn mübahisə kimi qəbul etməsin. Cavabdeh iddiaçının qeyd etdiyi kimi deyil, tam əksinə Mülki Məcəllənin tələbinə uyğun olaraq hərəkət etmiş, Cəmiyyəti idarə edərkən onun gəlirli olmasına, külli miqdarda mənfəət əldə edilməsinə və təsisçilərə külli miqdarda dividendlərin ödənilməsinə nail olmuşdur. Məsələn, direktorlar şurasının 29 aprel 2020-ci il tarixli iclasında cavabdehin 2016-2018-ci illərdə olan fəaliyyəti qiymətləndirilərək ona 5,000,000 manat məbləğində mükafatın verilməsi qərara alınmışdır. Şuranın 07 oktyabr 2020-ci il tarixli iclasda isə qeyd edilmişdir ki, pandemiya dövrünə baxmayaraq Cəmiyyət 11.4 min manat mənfəət əldə etmişdir ki, burada da cavabdehin xüsusi rolu olduğu vurğulanmışdır. İddiaçı qeyd etmişdir ki, cavabdeh 5 il ərzində 6 korporativ bank kartından 433,140.42 manat məbləğində vəsait xərcləmişdir ki, bu vəsaitdən 354,657.31 manat məbləğində vəsait şəxsi xarakter daşımışdır. İddiaçı bu hala istinad edərkən birinci növbədə sübut etməlidir ki, vəsait xərclənərkən bank kartları cavabdehin istifadəsində olmuşdur. Belə ki, əgər iddiaçı bank kartlarının verilməsinə ezamiyyə xərcləri üçün verilmiş vəsait kimi yanaşırsa, deməli, bu kartların verilməsi kassadan nağd pulun verilməsinə bərabər tutulmalıdır. Mühasibatlıq uçotunun müvafiq qaydalarına əsasən isə kassadan nağd pulun verilməsi zamanı müvafiq sənədlər tərtib edilməli və həmin sənədlər səlahiyyətli şəxslər tərəfindən imzalanmalıdır. İddiaçı isə belə sənədləri və ya onların mövcudluğu barədə hər hansı digər sübutu məhkəməyə təqdim etməmiş, bank kartlarının cavabdehə təqdim edilməsi və onun istifadəsində olmasını (xüsusilə də, bank hesabından çıxarışlarda qeyd olunan əməliyyatlar zamanı) sübut etməmişdir. Halbuki, hər hansı təqsirli hərəkət barədə danışdıqda, birinci növbədə hərəkəti törədən subyekt müəyyən olunmalıdır. Qeyd edilir ki, təqsirli subyekt müəyyən olunmadan, ziyan-əməl səbəbli əlaqə zənciri mövcud deyil. Çünki, bu zəncirdə əməlin mövcud olması üçün bu əməli törətmiş subyekt olmalıdır ki, bank kartlarının cavabdehin istifadəsində olması sübut olunmadığına görə cavabdehin təqsirli subyekt olması da sübut edilməmişdir. İddiaçı cavabdehin ezamiyyətlərinin siyahısını göstərsə də, cavabdehin həqiqətən həmin ezamiyyətlərdə olubolmaması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Belə ki, iddiaçının göstərdiyi ki, cavabdeh həmin vəsaiti bilavasitə ezamiyyətdə xərcləmişdirsə, cavabdeh fiziki olaraq həmin coğrafı nöqtədə olmalı idi. Həmçinin Cəmiyyətin fəaliyyətinin yoxlanması üçün hər il kənar audit keçirilir. Hətta Cəmiyyətin Nizamnaməsinin 12.3-cü maddəsinə əsasən auditor rəyi və hesabatlar olmadan ümumi yığıncaq illik balans və maliyyə hesabatlarını təsdiq etməməli, gəlir və xərcləri ayırmamalıdır. Deməli, cavabdeh tərəfindən ezamiyyə xərclərindən kənarlaşma kənar auditor tərəfindən müəyyən olunmalı idi. Halbu ki, kənar audit keçirilsə də, belə bir kənarlaşma nə mübahisələndirilən 5 il dövründə, nə də ki, əvvəlki dövrlərdə müəyyən edilməmişdir. Bundan əlavə, Cəmiyyətdə hər il gəlir və xərclər təsdiq olunur. Lakin, iddiaçı öz iddia tələblərinin “əsaslandırılması” üçün həmin gəlir və xərclər məbləğini təsdiq edən qərarı məhkəməyə təqdim etməmişdir. Bu da o deməkdir ki, iddiaçı sui-istifadə etməklə, cavabdehdən mövcud olmayan dəymiş ziyan hesabına əsassız varlanmaq niyyətindədir. 1-ci hissədə də qeyd etdiyi kimi, Cəmiyyətin 23 noyabr 2020-ci il tarixli İR-505/20-1 nömrəli əmrinə əsasən Cəmiyyət cavabdehdən 58,834.54 manat məbləğində vəsait tutmuşdur. Lakin iddiaçı həmin məbləği iddia tələblərində nəzərə almamışdır. Bu da iddiaçının əsassız varlanma niyyətini təsdiq edən bir digər faktdır. İddiaçının cavabdehə qarşı iddiası müstəqil kənar auditor rəyindən deyil, Cəmiyyətin daxili audit xidmətinin 20 noyabr 2020-ci il tarixli aktından irəli gəlmişdir. Həmin akt da öz növbəsində Cəmiyyətin daxili audit xidmətinin rəhbəri deyil, Cəmiyyətin maliyyə direktoru tərəfindən imzalanmışdır. Yəni, Cəmiyyətin daxili audit xidmətinin aktı Cəmiyyətin subyektiv/birtərəfli mövqeyini əks etdirmir. Belə çıxır ki, daxili audit xidməti Cəmiyyətin mövqeyini əks etdirən istənilən rəy tərtib edə bilər. Audit yoxlaması aparılarkən auditin aparılması prosesini təsdiq edən sənəd kimi akt deyil, rəy tərtib olunur və həmin rəydə yoxlama zamanı tədqiq edilmiş sənədlərin siyahısı, hər bir məbləğ üçün açıqlama, hətta barəsində yoxlama aparılan şəxsin, yəni cavabdehin izahatı mövqeyi əksini tapmalıdır. Lakin iş materiallarında mövcud olan akt quru statistik rəqəmləri əks etdirir və heç bir sənədə istinad yoxdur. Əgər Cəmiyyət tərəfindən dəymiş ziyanla bağlı araşdırma aparılmışdırsa və nəticədə daxili audit aktı tərtib edilmişdirsə, bu halda Cəmiyyət Əmək Məcəlləsinin 203-cü maddəsinə əsasən araşdırma aparmalı və cavabdehin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək), yoxlamanın nəticələri ilə tanış olmaq hüquqlarını təmin etməli idi. Cəmiyyət isə cavabdehin heç bir hüququnu təmin etməmiş, araşdırmanın aparılmasını təsdiq edən sənədlərdən yalnız daxili audit aktı məhkəməyə təqdim edilmişdir ki, cavabdeh heç həmin aktla da məhkəmədən qabaq tanış edilməmişdir. Ezamiyyə xərclərinin uçotu ilə bağlı məsələlər qanunvericilikdə tənzimlənsə də, korporativ prinsiplərə və beynəlxalq idarəetmə standartlarına uyğun olaraq Cəmiyyət kimi böyük müəssisələrdə bu uçotun aparılması prosedurunu tənzimləyən hər hansı qayda və ya təlimat mövcud olmalıdır. İddiaçı isə belə bir qayda və təlimat təqdim etməmişdir. Belə bir qayda və təlimat təqdim edilsəydi, oradan avansla bağlı hərəkətlərin aparılması qaydası aydın olardı. İş materiallarında olan nümayəndənin etibarnaməsindən görünür ki, notariat ofisi həmin etibarnamənin əslini deyil, fotosurətini təsdiq etmişdir. Bu da etibarnamənin mövcudluğu, nəticədə də, nümayəndənin səlahiyyətlərinin olmasına dair şübhələr yaratmışdır. İddiaçı iddia ərizəsində hazırkı işin mülki iş olmasını bildirmişdir. Halbuki, iddia ərizəsinə hazırkı etirazın dəlillərindən də göründüyü kimi, tərəflər arasındakı mübahisə Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən əmək funksiyalarının icrası ilə bağlı yaranmış fərdi əmək mübahisəsidir. Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən hazırkı işdə olduğu kimi maddi ziyan vurulması məsələləri ilə əlaqədar iddia müddəti ziyanın vurulmasını aşkar edildiyi gündən 1 ildir. İddiaçı isə bu müddəti xeyli ötürmüşdür. Qeyd olunanlara əsasən iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil4 iddia müddətini tətbiq edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Belə ki, iddiaçı iddia ərizəsində hazırkı işin mülki iş olmasını bildirmişdir. Halbuki, iddia ərizəsinə etirazın dəlillərindən də göründüyü kimi, tərəflər arasındakı mübahisə Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən əmək funksiyalarının icrası ilə bağlı yaranmış fərdi əmək mübahisəsidir. Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən hazırkı işdə olduğu avans ödənişin qaytarılması məsələləri ilə əlaqədar iddia müddəti hüquqlarının və qanuni mənafelərini pozulduğu gündən 1 təqdim ayıdır. İddiaçının təsisçisi olduğu "xxxx" MMC-nin (“Cəmiyyət”) 23 noyabr 2020-ci il tarixli İR-505/20-1 nömrəli əmrinə əsasən Cəmiyyət cavabdehin 2020-ci ilin sentyabr, oktyabr və noyabr ayları üzrə əmək haqqı və istifadə edilməmiş məzuniyyət günləri əvəzi hesablanmış məbləğ hesabına cavabdehdən 58,834.54 manat məbləğində vəsait tutulmuşdur. Tutulan vəsait də məhz ezamiyyə xərcləri üçün verilmiş avansın qalıq borcu qaytarılmadığına və xərclərlə bağlı hesabat verilmədiyinə görə tutulmuşdur. Bu da o deməkdir ki, iddiaçı 23 noyabr 2020-ci il tarixində artıq hüququnun pozulduğunu hesab etsə də, üstündən 2 ilə yaxın müddət keçəndən sonra, yəni 06 oktyabr 2022-ci il tarixində iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Deməli, iddiaçı Əmək Məcəlləsinin 296.5-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq iddia müddətini xeyli ötürmüşdür. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmədə iclasında izahat verərək bildirmişdir ki, Cavabdehn oğlu 29 mart 2008-ci il tarixdən 20 oktyabr 2020-ci il tarixədək cəmiyyətin baş direktoru olmuşdur. Belə ki, "xxxx" MMC-nin təsisçilərinin yığıncağının “Qərarı” ilə Cavabdeh işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılmışdır. Daha sonra "xxxx" MMC-nin əmri ilə Cavabdeh tutduğu vəzifədən sui-istifadə edərək mülkiyyətçiyə külli miqdarda ziyan vurduğuna görə onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Cavabdeh "xxxx" MMC-nin baş direktoru (qanuni təmsilçisi) olduğu ərəfədə cəmiyyətə məxsus pil vəsaitlərindən şəxsi məqsədlər üçün istifadə edilməsi hüququna malik olmayıb. Bu barədə nə şirkətə məxsus nizamnamədə, nə də hər hansı daxili qayda və ya prosedurda Cavabdeh aid hər hansı hüquq müəyyən edilməmişdir. Buna baxmayaraq, iddia tələbində qeyd olunan məbləğlərin şəxsi məqsədlər üçün qanunsuz olaraq öz istifadəsində olan kart hesablarına "xxxx" MMC tərəfindən mədaxil edilməsi üçün Cavabdeh tərəfindən qanunsuz göstərişlər verilmiş və müvafiq vəsaitlər şəxsi məqsədlər üçün istifadə edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin 20 noyabr 2020-ci il tarixli daxili audit aktından müəyyən edilir ki, "xxxx" MMC-nin (bundan sonra “Cəmiyyət”) iştirakçılarının 16 oktyabr 2020-ci il tarixində keçirilən ümumi yığıncağında Cavabdeh fəaliyyətində verdiyi nöqsanlara görə baş direktor vəzifəsindən azad olması barədə qəbul qəbul edilmişdir. Cavabdeh əmək müqaviləsinə xitam verilərkən onun çalışdığı son 5 il ərzində cəmiyyətə məxsus və Cavabdeh ezam xərclərinin ödənilməsi üçün nəzərdə tutulan 6 korporativ bank kartından 433,140.42 manat məbləğində vəsait xərcləndiyi və buna görə Cavabdeh tərəfindən heç bir hesabat təqdim edilmədiyi aşkar edilmişdir. Emitent olaraq Paşa Bank və Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş və Cəmiyyətə məxsus korporativ kartlar üzrə çıxarışlar araşdırılmış və onlar üzrə ezamiyyətə aid olmayan və şəxsi xarakter daşıyan 354,657.31 manat məbləğində xərcləmələrin aparıldığı aşkar edilmişdir. Bu xərcləmələrə lüks geyim markası olan “Brioni” mağazasından 8813.44 ABŞ dolları məbləğində pal-paltarın alınması, Türkiyədə 1072 ABŞ dolları məbləğində tibbi müayinə xərcləri, İstanbul otellərinin birində 13785 ABŞ dolları məbləğində qonaqlama, “NLT Telekom” mağazalar şəbəkəsindən və xaricdə “Apple” firmasının rəsmi mağazalarından saysız mobil telefon cihazlarının alınması, X2 X19 otelində 15035 ABŞ dolları məbləğində qonaqlama və sair digər qeyri-ezam xərcləri daxildir. Həmin xərcləmələrin xülasəsi: ABB Bank 01 yanvar 2015-31 dekabr 2016, 38,185.82 ABŞ dolları, 64,915.89 manat, şəxsi xərclər 64,915.89 manat; ABB Bank 01 yanvr 2015-31 dekar 2016, 50,791.86 ABŞ dolları, 86,346.17 manat, şəxs xərclər 54,213.50; PashaBank 01 yanvar 2018-31 dekabr 2018, 12,360.50 ABŞ dolları, 21,012.85 manat, şəxsi xərclər 21,012.85; PashaBank 01 yanvar 2019-31 dekabr 2019, 80,480.52 ABŞ dolları, 136,816.88 manat, şəxsi xərclər 136,816.88; PashaBank 01 yanvar 2020-31 dekabr 2020, 23,644.37 ABŞ dolları, 40,195.43 manat, şəxsi şəxslər 13,845.00; ABB Bank 01 yanvar 2017-31 dekabr 2020, 37,560.70 ABŞ dolları, 63,853.19 manat, şəxsi şəxslər 63,853.19; toplam 243,023.77 ABŞ dolları, 413,140.42 manat, şəxsi xərclər 354,654.31 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş X4 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 mediasiya şurasında xx.xx.2022-ci il tarixdə təyin olunmuş iclasda iştirak etmiş və 50 manat mediasiya xərci ödəmişdir. İş materiallarında olan "xxxx" MMC-nin tərəfindən verilmiş 17 aprel 2015-ci il tarixli ezamiyyət haqqında əmrdən görünür ki, Cavabdeh Baş direktor 20 aprel 2015-ci il tarixdən 20 aprel 2015-ci il tarixi də daxil olmaqla Almaniya Federativ Respublikasının Hamburq şəhərinə və 21 aprel 2015-ci il tarixdə 24 aprel 2015-ci il tarixi də daxil olmaqla İngiltərənin Aberdin şəhərinə 5 təqvim günü müddətinə (yolda olan vaxtı nəzərə almaq şərti ilə) ezamiyyətə göndərilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin tərəfindən verilmiş 07 may 2015-ci il tarixli ezamiyyət haqqında əmrdən görünür ki, Cavabdeh Baş direktor 11 may 2015-ci il tarixdən 14 may 2015-ci il tarixi də daxil olmaqla X8 şəhərinə 4 təqvim günü müddətinə (yolda olan vaxtı nəzərə almaq şərti ilə) ezamiyyətə göndərilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin tərəfindən verilmiş 20 may 2015-ci il tarixli ezamiyyət haqqında əmrdən görünür ki, Cavabdeh Baş direktor 24 may 2015-ci il tarixdən 30 may 2015-ci il tarixi də daxil olmaqla X8 şəhərinə 7 təqvim günü müddətinə (yolda olan vaxtı nəzərə almaq şərti ilə) ezamiyyətə göndərilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin tərəfindən verilmiş 09 oktyabr 2015-ci il tarixli ezamiyyət haqqında əmrdən görünür ki, Cavabdeh Baş direktor, X5-ictimaiyyətlə əlaqədar şöbəsinin müdiri 11 oktyabr 2015-ci il tarixdən 15 oktyabr 2015-ci il tarixi də daxil olmaqla Küveyt dövlətinin Mişref şəhərinə 5 təqvim günü müddətinə (yolda olan vaxtı nəzərə almaq şərti ilə) ezamiyyətə göndərilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin tərəfindən verilmiş 13 noyabr 2015-ci il tarixli ezamiyyət haqqında əmrdən görünür ki, Cavabdeh Baş direktor, X11-baş direktorun müavini/aparat rəhbəri, X7-biznesin inkişafı şöbəsinin müdir müavini, X9-ictimaiyyətlə əlaqədar şöbəsinin müdiri 20 noyabr 2015-ci il tarixindən 26 noyabr 2015-ci il tarixi də daxil olmaqla X1 Dammam şəhərinə 7 təqvim günü müddətinə (yolda olan vaxtı nəzərə almaq şərti ilə) ezamiyyətə göndərilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin tərəfindən verilmiş 11 fevral 2016-cı il tarixli ezamiyyət haqqında əmrdən görünür ki, Cavabdeh Baş direktor, X7-biznesin inkişafı şöbəsinin müdirinin müavini, X6-idarəetmə sistemləri şöbəsinin müdiri, Stamp Larryəməliyyatlar üzrə məsləhətçi, X10-baş direktorun müşaviri 15 fevral 2016-cı il tarixindən 19 fevral 2016-cı il tarixi də daxil olmaqla X3 Dubay şəhərinə 5 təqvim günü müddətinə (yolda olan vaxtı nəzərə almaq şərti ilə) ezamiyyətə göndərilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin tərəfindən verilmiş 26 fevral 2016-cı il tarixli ezamiyyət haqqında əmrdən görünür ki, Cavabdeh Baş direktor və Stamp Larryəməliyyatlar üzrə məsləhətçi 29 fevral 2016-ci il tarixindən 04 mart 2016-ci il tarixi də daxil olmaqla Türkiyənin İstanbul şəhərinə 5 təqvim günü müddətinə (yolda olan vaxtı nəzərə almaq şərti ilə) ezamiyyətə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikkasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 23 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, fiziki şəxs Cavabdeh, həmçinin iddiaçı qismində qeyd edilmiş "xxxx" adlı şirkətin uçot-baza məlumatlarına əsasən vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmaları barədə məlumat müəyyən edilməmişdir. İş materiallarına əlavə olunmuş “PraysvoterhausKupers Sentral Eyşa ənd Kokasus B.V.” şirkətinin Azərbaycan Respublikası filialı tərəfindən verilmiş xx.xx.2008-ci il tarixdən xx.xx.2020-ci il tarixədək kredit kartı çıxarışları xərclərinin araşdırılması ilə bağlı hesabatdan müəyyən olunur ki, aparılmış araşdırılmaya əsasən Cavabdeh tərəfindən ümumi məbləği 405828 manat olan korporativ kartlardan xərcləmələrin 325243 manat vəsaitin şəxsi məqsədlər üçün istifadə olunduğu müəyyən olunmuşdur. İş materiallarına olan 19 oktyabr 2020-ci il tarixli “işçinin mükafatlandırılması ilə bağlı əmrin ləğv edilməsi” barədə 443-3/20 nömrəli əmrdən görünür ki, "xxxx" MMC-nin baş direktoru Cavabdeh mükafatlandırılmasını nəzərdə tutan 01 sentyabr 2020-ci il tarixli əmri ləğv edilmişdir. İş materiallarına olan 20 noyabr 2020-ci il tarixli “əmək müqaviləsinin ləğv edilməsi” barədə İR 505/20 nömrəli əmrdən görünür ki, "xxxx" MMC-nin baş direktoru Cavabdeh əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) 20 noyabr 2020-ci il tarixində xitam verilmişdir. İş materiallarında olan Səbail rayon Məhkəməsinin e-2(009)-183/2022 saylı 16 fevral 2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh əmək kitabçasının cavabdeh "xxxx" MMC tərəfindən təqdim edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş Təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı barədə çıxarışın surətindən müəyyən olunur ki, "xxxx"MMC-12.85%, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti-13.38% və “NOBEL OİL SERVİCES(UK) LİMİTED”(İngiltərə(Britaniya))- 73.77% təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ-ci bəndinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Bu Məcəllənin 49.3.-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2.-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Bu Məcəllənin 192-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 194-cü ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Bu Məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; Bu Məcəllənin 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı barədə çıxarışa əsasən "xxxx" MMC-nin payı 12.85%, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin payı-13.38% və “NOBEL OİL SERVİCES(UK) LİMİTED” (İngiltərə(Britaniya))-nin payı 73.77% təşkil edir. "xxxx" MMC hər üç təsisçinin birgə idarəetməsində olan hüquqi şəxsdir. Cavabdeh xx.xx.2008-ci il tarixdən xx.xx.2020ci il tarixə kimi "xxxx" MMC-nin baş direktoru vəzifəsində çalışmış və işlədiyi müddət ərzində verilmiş əmrlərə əsasən 20 aprel 2015-ci il tarixdən 04 mart 2016-ci il tarix də daxil olmaqla müxtəlif ölkələrdə ezamiyyətlərdə olmuşdur. İş materiallarından müəyyən olunur ki, Cavabdeh 2016-cı ildən sonrakı dövr ərzində müxtəlif ölkələrə səfərlər etsə də, onun ezamiyyətdə olması ilə bağlı sübutlar məhkəməyə təqdim olunmamışdır. "xxxx" MMC-nin qəbul edilmiş nizamnaməsinə əsasən baş direktorun bir sıra səlahiyyətləri mövcuddur, belə ki, baş direktor cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etməli, onun operativ idarə olunmasını həyata keçirməli, cəmiyyətin daxili idarəetmə strukturunu, ştat cədvəlini, aralıq maliyyə hesabatlarını, aralıq mühasibat balansını və gəlir, xərc və kapital xərclərini müəyyən edən dövrü hesabatları təsdiq etməli və bu barədə Direktorlar Şurasını məlumatlandırılmalı və s. səlahiyyətləri həyata keçirməlidir. Cavabdeh "xxxx" MMC-nin baş direktoru vəzifəsində çalışmaqla ezamiyyətlə bağlı əmrlərin verilməsi, aralıq maliyyə hesabatlarının, aralıq mühasibat balansının, gəlir, xərc və kapital xərclərini müəyyən edən dövrü hesabatların təsdiq edilməsinə dair nəzarət funksiyası bilavasitə özündə olmuşdur. Bundan əlavə “PraysvoterhausKupers Sentral Eyşa ənd Kokasus B.V.” şirkətinin Azərbaycan Respublikası filialı tərəfindən kredit kartı çıxarışları xərclərinin araşdırılması ilə bağlı hesabat tərtib olunmuş və aparılmış araşdırılmaya əsasən Cavabdeh tərəfindən ümumi məbləği 405828 manat olan korporativ kartlardan xərcləmələrin 325243 manat vəsait hissəsinin şəxsi məqsədlər üçün istifadə olunduğu müəyyən olunmuşdur. İddia edilən maddi ziyanla cavabdeh şəxsin qanunazidd əməli və bu əməlin nəticəsi arasında səbəbli əlaqə mövcud olduğundan və iddiaçıya məxsus korporativ kartlardan xərcləmələrin 325243 manat hissəsinin şəxsi məqsədlər üçün istifadə olunması nəticəsində iddiaçının maddi ziyana məruz qaldığı məhkəmədə şübhə doğurmur. Ona görə də məhkəmə cavabdehin vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşımalı olduğunu hesab edir. Avropa Məhkəməsinin “Həsənov Azərbaycana qarşı” və “İsgəndərov və başqaları Azərbaycana qarşı” işləri üzrə qəbul etdiyi müvafiq olaraq xx.xx.2010-cu il və xx.xx.2010cu il tarixli qərarlarında maddi ziyanın məbləği şikayətçilərin maddi ziyana məruz qalma ehtimalı və ədalət prinsipi əsasında müəyyən edilmişdir. Belə ki, “Həsənov Azərbaycana qarşı” iş üzrə qərarın 42-ci bəndində qeyd olunmuşdur: “Tələblərin itirilmiş icarə haqlarına aid olan hissəsinə gəldikdə, məhkəmə hesab edir ki, tələbin bu hissəsi ilə aşkar edilmiş pozuntu arasında səbəbiyyət əlaqəsi var və yəqin ki, şikayətçilər mənzillər üzərində nəzarəti itirmələri nəticəsində maddi ziyana məruz qalıblar. ”. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC iddiaçının birgə idarəetməsində olan hüquqi şəxs olduğundan və əmək müqaviləsi Cavabdeh ilə "xxxx" MMC arasında bağlansa da, “NOBEL OİL SERVİCES(UK) LİMİTED”(İngiltərə(Britaniya)) nizamnamə kapitalında mayalarının miqdarı 73.77% olmaqla təsisçi olduğundan, həmçinin əmək müqaviləsi üzrə işçi öhdəliklərini yerinə yetirərkən işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyət daşıdığından və cavabdehin qanunsuz hərəkəti nəticəsində təsisçiyə ziyan vurulduğundan 325243 manat vurulmuş zərərin əvəzi Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Avropa Məhkəməsinin “Fətullayev Azərbaycana qarşı” işi üzrə qəbul etdiyi xx.xx.2010-cu il tarixli qərarının 183-cü bəndində qeyd edilmişdir: “Məhkəmə qeyd edir ki, Məhkəmə Reqlamentinin 60-cı Qaydasına əsasən, əvəzin ədalətli ödənilməsi üçün irəli sürülən bütün tələblər tərkib elementləri üzrə ətraflı bölünməklə, müvafiq təsdiqedici sənədlərlə və ya ödəniş qəbzləri iləbirlikdə təqdim edilməlidir, belə olmadıqda məhkəmə tələbi bütünlüklə və ya qismən rədd edə bilər.”. Məhkəmə hesab edir ki, nümayəndəyə ödənilən xərclə bağlı sübut təqdim olunmadığından həmin hissədə iddia tələbi rədd olunmalıdır. MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərci – 645 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 325 243(üç yüz iyirmi beş min iki yüz qırx üç) manat dəymiş zərər və ödənilmiş 645 (altı yüz qırx beş) manat məbləğində dövlət rüsumu tutularaq İngiltərənin (Böyük Britaniya)” Nobel Energy Limited” şirkətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-300/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-300/2023
24.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver