Məhkəmə qərarları › İş №e-2(010)-3015/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-3015/2025

08.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3015/2025 08.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hаkimi Miriyeva Səlimə Miri qızı, İddiaçı X1 Cavabdeh qarşı “mənzildən istifadə hüququnun olmaması və qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə bаxаrаq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X2 Cavabdeh qarşı “mənzildən istifadə hüququnun olmaması və qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” Y/M, ev 68, mənzil 50 (yeni qaydalarla: AZ 1133, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakdan (evdən) istifadə hüququnun olmaması, həmin mənzildən pasport qeydiyyatından çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbulundan imtina edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan belə başa düşülür ki, iddiaçının keçmiş gəlini olan cavabdeh iddiaçının oğlu ilə 2008-ci ildə rəsmi nikaha daxil olmuş, iddiaçının razılığı ilə mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. İddia ərizəsinə əlavə edilmiş nikahın pozulmasına dair şəhadətnamədən isə görünür ki, iddiaçının oğlu ilə cavabdeh arasındakı nikah elə 2008-ci ildə də pozulmuşdur. Ərizədə qeyd edilir ki, cavabdeh nikah pozulduqdan sonra Türkiyə Respublikasının vətəndaşı ilə ailə həyatı qurmuş və həmin ölkəyə köçmüşdür. Buna baxmayaraq, o, mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalmaqda davam edir. İddia ərizəsindən və ərizəyə əlavə edilmiş sənədlərdən göründüyü qədərilə tərəflər arasındakı mübahisəli hüquq münasibəti (cavabdehin mənzildən istifadə hüququ) 2008-ci ildə yaranmışdır. Belə olan halda bu münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin təsiri altına düşür. Həmin maddənin məzmununa görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli Qərarında sərgilədiyi mövqeyə əsasən, yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququnun yaranması üçün həmin Məcəllənin 228.2-ci maddəsinin dizpozitiv şərtləri möcud olmalıdır. Belə ki, qeyd olunana normanın məzmununa görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. İddia ərizəsinin məzmunundan cavabdehin mülkiyyyətçinin (iddiaçının) keçmiş gəlini olmaqla, ailə üzvü olmadığı görünür. Eyni zamanda tərəflər arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququ ilə bağlı notariat qaydasında təsdiqlənən hər hansı müqavilə olduğu müəyyən edilmir. Hazırda iddiaçı cavabdehin onun mənzilindən istifadə hüququnun olmamasını əsas gətirərək, onun mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaq istəyir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir (“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarı). Bu baxımdan cavabdehin həmin mənzildə formal olaraq qeydiyyatda olması onun mənzildən istifadə hüququnun olduğu mənasına gəlmir. Odur ki, iddiaçı cavabdehin onsuz da mövcud olmayan istifadə hüququnun olmamasının mülki məhkəmə icraatı qaydasında müəyyən edilməsini tələb edə bilməz. Cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması isə birbaşa inzibati orqanın səlahiyyətinə aid olan məsələ olduğundan həmin məsələyə də mülki məhkəmə icraatı qaydasında baxılması istisna edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarına əsasən, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Bundan başqa, həmin qərarda qeyd edilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. Maddə 153. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina. 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və ərizəyə əlavə olunmuş bütün sənədlər ərizə ilə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 153 və 267-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı X1 Cavabdeh qarşı “mənzildən istifadə hüququnun olmaması və qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi icraata qəbul edilməsin və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana (Bakı şəhəri Suraxanı rayon X3) müraciəti əsasında xitam verilməlidir. Bu müraciətdən inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İddiaçıya izah edilsin ki, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən mülki məhkəmə icraatı qaydasında iddia qaldırmağa mane olur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar