Məhkəmə qərarları › İş №e-2(010)-315/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-315/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-315/2025 04.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi.

1. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1380 manat məbləğində vurulmuş zərər və 33.80 manat məbləğində ödənilmiş dövlət rüsumunun, (cəmi 1412,8 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, “Mercedes Benz 240” markalı, **-EZ-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığorta ilə xx.xx.2021-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il oktyabrın 20-də Cavabdeh etibarnamə olmadan idarə etdiyi “Mercedes Benz 240” markalı **-EZ-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu qəsəbəsində “Mercedes Benz E260” markalı, **-LX-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Sabunçu DYPŞ tərəfindən xx.xx.2021-ci il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikasının İXM 332.1-ci və 327.2-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Sabunçu DYPŞ-nin xx.xx.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci( nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəsxin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.2-ci maddələri ilə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 7509 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “Mercedes Benz E260” markalı, **-LX-*** dövlət nömrə nişanlı avtomobilə 1380 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixindı 1380 manat sığorta ödənişini zərərçəkmiş şəxs X1 ödəmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

3. Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-4839/2024 saylı qərardadı ilə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

Tərəflərin izahatları.

4. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsi və iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, hadisə nəticəsində zərər vurulan avtomobilin təmiri üçün məbləğ çox hesablanmışdır. "xxxx" ASC-yə məbləğin azaldılmasını təklif etsə də, ona ödənişi nağd qaydada ödəcəyi təqdirdə, 150 manat məbləğində azaldılacağı bildirilmişdir. “Mercedes Benz 240” markalı **-EZ-*** dövlət nömrə nişanlı avtomobilli etibarnamə olmadan idarə etmişdir. O, ehtiyatda olan hərbi qulluqçudur və üçüncü qrup əlildir. Onun həmin məbləği ödəmək imkanı olmadığını qeyd edərək iddianın rədd olunmasını xahiş etmişdir.

İş materialları.

6. PXA********** saylı xx.xx.2021-ci il tarixli İcbari Sığorta Müqaviləsinə dair məlumatın surətindən görünür ki "xxxx" ASC “Mercedes Benz” markalı ** EZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 5000 (beş min) manat sığorta məbləği həddində avtomobil sığortasını həyata keçirmişdir.

7. PXA101077 saylı sığorta aktından görünür ki, “Mercedes Benz 240” markalı ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddətə 55000.00 manata sığortalamışdır. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "Mercedes Benz E 260 markalı, ** XL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. Avtomobilə dəymiş zərər 1380 manat təşkil edir.

8. xx.xx.2021-ci il tarixdə tərtib edilmiş AP ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, "Mercedes B” markalı, ** EZ *** dovlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh təqsirli olduğu müəyyən edilmiş, həmin şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir.

9. İnzibati tənbeh vermə haqqında qərarın surətindan görünür ki, Mənəfov X2 Xətalar Məcəlləsinin 332.1 və 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və 60 manat məbləğində cərimə olunmuşdur.

10. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Qiymətləndirmə aktından görünür ki, «Mercedes Benz E260» markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 1380 manat məbləğində müəyyən olunur.

11. DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışın surətindən müəyyən olunur ki, Cavabdeh ünvan 1 ünvanda qeydiyyatdadır.

12. Azərbaycan Respblikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixdə Suraxanı rayon Məhkəməsinə ünvanlanmış Məlumatdan müəyyən olunur ki, mülki iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında göstərilən ehtiyat hissələrinin qiyməti və satışı barədə 2023-cü il tarixə məlumat olmadığından icrasız geri qaytarılır. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən hazırki ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır.

İşin faktiki halları.

13. PXA********** saylı xx.xx.2021-ci il tarixli İcbari Sığorta Müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən “Mercedes Benz” markalı ** EZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 5000 (beş min) manat sığorta məbləği həddində icbari qaydada sığorta olunmuşdur.

14. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu qəsəbəsində Cavabdeh tərəfindən idarə olunan və PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış Mercedes Benz 240” markalı ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobil, «Mercedes Benz E260» markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticə sonuncuya maddi zərər dəymişdir.

15. İnzibati tənbeh vermə haqqında qərara əsasən, Mənəfov X2 Xətalar Məcəlləsinin 332.1 və 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və 60 manat məbləğində cərimə olunmuşdur.

16. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Qiymətləndirmə aktından görünür ki, «Mercedes Benz E260» markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 1380 manat məbləğində müəyyən olunur.

Tətbiq edilən hüquq.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 936. Subroqasiya hüququ. 936.1. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

18. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 23. Sığortaçının hüquq və vəzifələri. 23.1. Sığortaçının aşağıdakı hüquqları vardır: 23.1.6. sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək. Maddə 25. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi

Məhkəmənin mövqeyi.

21. İşin faktiki hallarından görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş və başqa bir avtomobilə zərər dəyməsi ilə nəticələnmiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olduğu və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etməsi müəyyən edilmişdir.

22. Sığorta hadisəsi zamanı sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etməsi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3.-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququnu yaradır. Belə olan halda iddiaçı "xxxx" ASC yolnəqliyyat hadisəsi nəticəsində zərər dəymiş avtomobilə görə ödədiyi 1380 manat məbləğində sığorta ödənişini Cavabdeh tələb etməkdə haqlı olmuşdur.

Məhkəmə xərcləri.

23. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 33,80 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hansı ki, bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən iddia qiyməti 1.000 manatadək olduqda ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.

24. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq ödənilmiş 33,80 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

25. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh “Mercedes Benz E260” markalı, **-LX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərin əvəzi 1380 manat və 33,80 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-nin hesabına ödənilməlidir.

26. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh “Mercedes Benz E260” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobillə dəymiş zərərin əvəzi 1380 (bir min üç yüz səksən) manat tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Cavabdeh 33,80 (otuz üç manat, səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar