Məhkəmə qərarları › İş №e-2(010)-3157/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3157/2021

25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3157/2021 25.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə LPO "xxxx" ASC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilmiş 3092 (üç min doxsan iki) manat məbləğində sığorta ödənişinin, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və qırx qəpik bank xidməti daxil olmaqla cəmi 3122,40 (üç min yüz iyirmi iki manat qırx qəpik) manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq LPO "xxxx" ASC-yə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında 13.06.2019-cu il tarixdə sığorta müqaviləsi bağlanmış və Mİ-010640 №-li şəhadətnamə üzrə ** PV *** dövlət qeydiyyat nişanlı, “Khazar Samand” markalı avtomobil 3 (üç) il müddətinə sığortalanmışdır. Sığortalanmış avtomobil 04.05.2020-ci il tarixdə Abşeron rayonu ərazisində hərəkət edərkən, mülkiyyət hüququ Cavabdeh2 məxsus olan və hadisə zamanı Cavabdeh1 tərəfindən idarə edilən ** MC *** dövlət qeydiyyat nişanlı, “Tofaş Şahin” markalı avtomobillə toqquşmuş və nəticədə sığortalı avtomobilə zərər dəyərək sığorta hadisəsi baş vermişdir. Hadisə yerinə gəlmiş Baş DYPİ Ekoloji Nəzarət üzrə TPXB əməkdaşı tərəfindən tərtib edilmiş GP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cavabdeh1 göstərilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi nəticəsində zərərə uğramış sığortalı avtomobilin təmiri, müştərinin müraciətinə müvafiq olaraq, “İnter Kontinental” avtomobillərə texniki xidmət stansiyasında həyata keçirilmiş və tərtib edilən 07.05.2020-ci il tarixli “Qüsur aktı”na əsasən, avtomobilə dəymiş zərər 3092 manat məbləğində hesablanmışdır. “X1 Sığortası üzrə Sığorta Şəhadətnaməsinin” əlavə şərtlərinə dair razılaşmanın “c” bəndinə əsasən sığortalanmış avtomobil üzrə sığorta hadisəsi baş verdiyi zaman aşkar şəkildə bilinən subroqasiya tələbi mövcud olduqda azadolma məbləği də subroqasiya şəklində qarşı tərəfdən alınır, başqa sözlə sığortalıdan azadolma məbləği tutulmur. Bununla əlaqədar olaraq azadolma məbləği çıxılmadan 3092 manat məbləğində sığorta ödənişi tərəflərindən sığortalı "xxxx" MMC-yə ödənilmiş və bu ödəniş bu ödəniş 14.08.2021-ci il tarixli 836 №-li ödəniş tapşırığında öz əksini tapmışdır. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. 23.06.2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək bildirmişdir ki, o, 04.05.2020-ci il tarixdə Cavabdeh2 məxsus avtomobili idarə edərkən qəza törətmiş və BDYPİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş qərara əsasən təqsirli bilinmişdir. Hadisə olanda o, qarşı tərəfə 400 manat pul vermişdir. O, maşını təmir etdirmək istəyərkən qarşı tərəf maşının kasgo sığortası olduğunu və buna görə də özləri edəcəklərini bildirmişlər. O, maşına dəymiş zərəri ödəməyə hazırdır, lakin borcunun hissə-hissə ödənilməsini istəyir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR DİN BDYPİ Qİİ tərəfindən 07.05.2019-cu il tarixdə verilmiş AD seriyalı 500649 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Khazar Samand” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi "xxxx" MMC-dir. “Minik avtomobili üçün yol vərəqəsi”ndən görünür ki, X2 “Khazar Samand” markalı **- PV-*** dövlət qeydiyyat nişanlı avtomobili 04.05.2020-ci il tarixdən 07.05.2020-ci il tarixədək idarə etmişdir. AR DİN BDYPİ QİŞ tərəfindən 25.11.2017-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Tofaş Şahin” markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2dur. X7 Xidməti Baş İnspektor polis kapitanı Babaşov Müşviq Əli oğlu tərəfindən tərtib edilmiş İXP ******* №-li inzibati tənbeh vermə haqqında protokoldan görünür ki, Cavabdeh1 04.05.2020-ci il tarixdə, saat 23:00-da AR İXM-nin 332.1 və 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. 12.08.2020-ci il tarixli sığorta aktından görünür ki, Sığortalanmış avtomobil 04.05.2020ci il tarixdə Abşeron rayonu ərazisində hərəkət edərkən, mülkiyyət hüququ Cavabdeh2 məxsus olan və hadisə zamanı Cavabdeh1 tərəfindən idarə edilən ** MC *** dövlət qeydiyyat nişanlı, “Tofaş Şahin” markalı avtomobillə toqquşmuş və nəticədə sığortalı avtomobilə zərər dəyərək sığorta hadisəsi baş vermişdir.Yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-yə məxsus “Khazar Samand” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə LPO "xxxx" ASC tərəfindən 3092 manat sığorta ödənişi həyata keçirilmişdir. “İnter Continental” avtomobillərə texniki xidmət stansiyası tərəfindən tərtib edilmiş 07.05.2020-ci il tarixli Qüsur Aktından görünür ki, hadisə nəticəsində “Khazar Samand” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 3092 manat məbləğində zərər dəymişdir. 14.08.2020-ci il tarixli 836 saylı ödəniş tapşırığından görünür ki, LPO "xxxx" ASC tərəfindən vurulmuş zərərin əvəzi olaraq "xxxx" MMC-yə 3092 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. 04.05.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, LPO "xxxx" ASC tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edən zaman 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2.-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114.1.-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəməyə təqdim edilmiş 14.08.2020-ci il tarixli 836 saylı ödəniş tapşırığından görünür ki, LPO "xxxx" ASC tərəfindən vurulmuş zərərin əvəzi olaraq "xxxx" MMC-yə 3092 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Deməli, iddiaçının subroqasiya hüququ yaranıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1.-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 936.5-ci maddəsinə görə, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. İş materiallarından olan X7 Xidməti Baş İnspektor polis kapitanı Babaşov Müşviq Əli oğlu tərəfindən tərtib edilmiş İXP ******* №-li inzibati tənbeh vermə haqqında protokoldan görünür ki, Cavabdeh1 04.05.2020-ci il tarixdə, saat 23:00-da AR İXM-nin 332.1 və 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu hal, iddiaçıya ödədiyi sığorta ödənişinin geri tələb etmək hüququ verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Hazırkı işdə ziyan vuran nəqliyyat vasitəsi mülkiyyətçisi onu etibarnamə olmadan bilavasitə ziyan vuran üçüncü şəxsin qanunsuz istifadəsinə verdiyi üçün, məhkəmə hər iki cavabdehin müştərək qaydada mülki hüquq pozuntusuna görə cavabdehlik daşımalı olduqları qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3092 (üç min doxsan iki) manat məbləğində pul tutularaq ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhər Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar