Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-317/2022 31.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı2 və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı2 tərəfindən BMW markalı, **-UB-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsini alqı-satqı edilməsi üçün cavabdehə verilən 4500 manat, digər İddiaçı1 mülkiyyətində olan OMEGA OPEL markalı, **-RS-*** və MERCEDES markalı, **-CH-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsinin satışından əldə olunan 2000 manat məbləğində pulun, 1000 manat borcun və ödənilən 0 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 7500 manat məbləğində pulun Cavabdeh alınaraq ona (İddiaçı2) ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı2 tərəfindən BMW markalı, **-UB-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsini alqı-satqı edilməsi üçün cavabdehə verilən 4500 manat, digər İddiaçı1 mülkiyyətində olan OMEGA OPEL markalı, **-RS-*** və MERCEDES markalı, **-CH-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsinin satışından əldə olunan 2000 manat məbləğində pulun, 1000 manat borcun və ödənilən 100 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 7600 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı2 iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, o cavabdehlə uzun müddətdir ki, tanışdır. Cavabdeh onun (İddiaçı2) yaxın rəfiqəsinin həyat yoldaşıdır. Uzun illərdir ki, onların ailəvi yaxınlıqları olmuş və aralarında yetəri qədər inam-etibar olmuşdur. Bu səbəbdən də 2019-cu il tarixdə rəfiqəsinin məsləhəti ilə X2 BMW markalı, **-UB-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsini ƏN-№ 908159 № li, 26.03.2019-cu il tarixli ümumi etibarnamə ilə almışdır. Lakin alqı-satqı müqaviləsində o (Gülnar) deyil, cavabdeh Murad özü iştirak etmiş və 4500 manat məbləğində pulu həmin avtomobilin mülkiyyətçisinə verərək alqı-satqı etmişdir. 1 il sonra etibarnamənin müddəti bitdikdən sonra Cavabdeh yeni etibarnaməni 250 manat qarşılığında ona (Gülnara) təqdim etmişdir. Sonradan Cavabdeh maddi durumunun pis olmasını bəhanə gətirərək avtomobili ona icarəyə verməyi təklif etmiş, 2020-ci ilin avqust-sentyabr aylarında həmin avtomobili Cavabdeh günə 10 manat ödəməklə öz aralarında şifahi razılığa gələrək icarəyə vermişdir. Oktyabr ayına kimi pulları vaxtı-vaxtında versə də, sonradan icarə pulunu verməmiş və daha sonra aydın olmuşdur ki, avtomobilin mühərriki xarab olmuşdur. 2021-ci ilin mart ayında avtomobili o, (Gülnar) öz adına keçirtmək istəyəndə əlavə xərcinin çıxmaması bəhanəsi ilə cavabdeh ondan (Gülnardan) 50 manat pul istəmişdir ki, etibarnaməni yeniləsin. O cavabdehlə dəfələrlə əlaqə saxlasa da, hər dəfə fərqli bəhanələrlə görüşdən yayınmış, onun çox axtarışlarından və təkidindən sonra 30.03.2021-ci il tarixdə yeni aldığı etibarnamənin şəklini “Whatsapp” adlanan sosial şəbəkə vasitəsi ilə ona (Gülnara) göndərmişdir. Lakin aydın olmuşdur ki, həmin etibarnamə 2021-ci ilin mart ayında deyil, 2021-ci ilin yanvar ayında verilmişdir. Həmçinin məlum olmuşdur ki, mübahisəli avtomobil Cavabdeh tərəfindən onun tanımadığı Aslan adlı şəxsə satılmışdır. O Aslan adlı şəxsin əlaqə nömrəsini taparaq onunla əlaqə yaratmış və məlum olmuşdur ki, Cavabdeh avtomobili faktiki olaraq Aslan adlı şəxsə satmışdır. Avtomobil hal-hazırda X1 mülkiyyətindədir. Belə ki, bu alqı-satqı 26.10.2020-ci il tarixdə olmuşdur. Sonra 21.11.2020-ci il tarixdə ona (Gülnara) məxsus telefon nömrəsinə AsanPay xidmətindən avtomobilin cəriməsi ilə bağlı 2 sms bildirişləri də gəlmişdir. Lakin həmin cərimələr 05.02.2021-ci il tarixdə ödənilmiş, hətta ödənişin təsdiqi ilə bağlı sms də gəlmişdir. O dəfələrlə ya avtomobili, ya da onun etibarından sui-istifadə edərək aldığı pulları geri istəsə də, cavabdeh bundan imtina etmişdir. Bundan başqa OMEGA OPEL markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı və MERCEDES markalı, 10-CH-44 dövlət qeydiyyat nişanlı avtomobillər formal olaraq digər İddiaçı1 adında olsa da, həmin avtomobillər onun istifadəsində olmuşdur. O avtomobilləri sataraq özünə ev almaq niyyətində olmuşdur. Cavabdehlə həmin avtomobillərdən birini 6000 manata, digərini isə 5500 manata onunla alqı-satqı etmələri ilə aralarında razılığa gəlmişlər. Hər avtomobilin pulundan isə 1000 manat, ümumilikdə 2000 manat məbləğində ona (Gülnara) borcu qalmışdır. Sonradan məlum olmuşdur kİ, cavabdeh OMEGA OPEL markalı, **-RS-*** qeydiyyat nömrəli avtomaşını X5 6000 manat, MERCEDES markalı, **-CH-*** qeydiyyat nömrəli avtomaşını isə X6 5500 manat məbləğinə satmışdır. Daha sonra məlum olmuşdur ki, onlar hər ikisi avtomobillərin pulunu cavabdehə tam şəkildə ödəmişlər, lakin cavabdeh həmin pulları ona (Gülnara) verməmişdir. Dəfələrlə danışıqlarına və müraciətlərinə baxmayaraq o borcunu ödəməmiş, bir çox bəhanələrlə boyun qaçırmağa çalışmışdır. Cavabdehin bu özbaşına, qanunsuz hərəkətlərindən ona, (İddiaçı2) maddi ziyan dəymişdir. Bundan əlavə cavabdehə 1000 manat borc pul vermişdir ki, həmin pulu da cavabdeh ona qaytarmamışdır. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Odur ki, qeyd olunanlara əsasən Cavabdeh 7500 manat pulun və 100 manat dövlət rüsumunun alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı2 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddiaçının izahatına uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, İddiaçı2 onun bacısı ilə tanışdır. Gülnar ona avtomobil alqı-satqı etməsi ilə bağlı təklif vermişdir və bununla əlaqədar olaraq Gülnar üçün BMW markalı, OPEL markalı və MERCEDES markalı üç avtomobil almışlar. Həmin iki avtomobili o İddiaçı1 adına rəsmiləşdirmişdir. O Gülnardan 4500 manat götürərək BMW markalı avtomobil almış, lakin həmin avtomobil rəsmi olaraq Gülnarın adına rəsmiləşdirilməmişdir. Ona yalnız avtomobilə dair etibarnamə verilmişdir. Onun Aslan adlı şəxsə 4000 manat borcu olduğundan o pulun əvəzində BMW markalı avtomobili ona vermiş və Aslan həmin avtomobili başqa şəxsin adına rəsmiləşdirmişdir. Bütün bunlardan Gülnarın məlumatı olmamışdır. Bundan əlavə isə onun OPEL markalı və MERCEDES markalı avtomobillərə görə Gülnara heç bir borcu yoxdur. Onun BMW markalı avtomobilə görə iddiaçıya cəmi 1500 manat borcu vardır. Bundan başqa avtomobili götürəndə aralarında mübahisə düşdüyündən o 2000 manat pul vermişdir ki, həmin pulun 1000 manatı Gülnara aid olmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsinin (vəkilinin) və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş 09.04.2021-ci il tarixli məktubdan görünür ki, X3 mülkiyyətində olan “BMW 318” markalı, ** UB *** dövlət qeydiyyat nişanlı avtomobil 26.10.2020-ci il tarixdən alqı-satqı müqaviləsinə əsasən X1 adına rəsmiləşdirilmişdir. İşdə olan ƏN-Vİİ №-li 220447 saylı X7 tərəfindən İddiaçı2 11.01.2014-cü il tarixdə “BMW 318” markalı, ** UB *** dövlət qeydiyyat nişanlı avtomobilə verdiyi etibarnamədən görünür ki, X7 tərəfindən 1 il müddətinə verilən səlahiyyətlər; sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsilə əlaqədar adından ərizə vermək və digər hərəkətləri etməyi etibar etmişdir. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan ƏN-V №-li 425968 saylı X4 tərəfindən İddiaçı2 26.10.2020-ci il tarixdə “BMW 318” markalı, ** UB *** dövlət qeydiyyat nişanlı avtomobilə verdiyi etibarnamədən görünür ki, X4 tərəfindən 3 ay müddətinə verilən səlahiyyətlər; nəqliyyat vasitəsini idarə etmək üçün hərəkətləri etməyi etibar etmişdir. İşdə olan ƏN-Vİİ №-li 220447 saylı X7 tərəfindən İddiaçı2 11.01.2014-cü il tarixdə “BMW 318” markalı, ** UB *** dövlət qeydiyyat nişanlı avtomobilə verdiyi etibarnamədən görünür ki, X7 tərəfindən verilən səlahiyyətlər; sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsilə əlaqədar adından ərizə vermək və digər hərəkətləri etməyi 17.04.2021-ci il tarixədək etibar etmişdir. İşdə olan ƏN-Vİ №-li 908159 saylı X7 tərəfindən İddiaçı2 11.01.2014-cü il tarixdə “BMW 318” markalı, ** UB *** dövlət qeydiyyat nişanlı avtomobilə verdiyi etibarnamədən görünür ki, X7 tərəfindən verilən səlahiyyətlər; sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsilə əlaqədar adından ərizə vermək və digər hərəkətləri etməyi 26.03.2020-ci il tarixədək etibar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23.02.2016-cı il tarixli qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 216.1-ci maddəsinə əsasən, işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Beləliklə tərəflərin verdiyi izahatlardan və təqdim olunmuş sübutlardan müəyyən olunmuşdur ki, İddiaçı2 tərəfindən BMW markalı avtomobilin alınması üçün 4500 manat pul vəsaiti Cavabdeh verilmişdir. Sonradan həmin avtomobil Cavabdeh tərəfindən başqa şəxsin adına özgəninkiləşdirmişdir. İddiaçı 4500 manat pulu cavabdehə verməsini qeyd etmiş və cavabdeh isə həmin pulu almasını etiraf etmişdir. Lakin cavabdeh tərəfindən həmin pulun iddiaçıya qaytarılması ilə bağlı sübut təqdim olunmadığından iddia qismən təmin olunmalıdır. Bundan əlavə iddiaçı cavabdehə əlavə olaraq 1000 manat borc pul verdiyini bildirmiş, cavabdeh isə 1000 manat pulu aldığını etiraf edərək qazanc əldə etdikləri zaman şərik olduqları üçün, xərclənən pulda da şərik olmaları olduğunu bildirmişdir. Bundan əlavə iddiaçı hər iki avtomobil üçün 2000 manat borclu olduğunu bildirsə də, iş materiallarından müəyyən olunur ki, həmin avtomobillər digər İddiaçı1 mülkiyyətindədir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan 5500 manat alması cavabdeh tərəfindən mübahisələndirilmir və cavabdeh həmin pulu avtomobil alması üçün aldığını qeyd etsə də, bununla bağlı olaraq alqı-satqı müqaviləsini məhkəməyə təqdim etməmişdir. Mübahisəli avtomobilə dair iddiaçıya yalnız etibarnamə verilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin həmin pulu alması üçün tərəflər arasında qanuni əsas və ya müqavilə mövcud olmamışdır və cavabdeh əsassız varlandığından aldığı məbləği iddiaçıya geri qaytarmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4500 manat avtomobilə dair ödənilmiş pul vəsaiti, 1000 manat borc pul vəsaiti və 95 manat dövlət rüsumu İddiaçı2 xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbinin qalan hissəsinə dair mötəbər sübutlar təqdim olunmadığından iddia tələbi qalan hissədə təmin oluna bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh 4500 manat avtomobilə dair ödənilmiş pul vəsaiti, 1000 manat borc pul, cəmi 5500 (beş min beş yüz) manat və 95 (doxsan beş) manat dövlət rüsumu İddiaçı2 xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-317/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-317/2022
31.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver