Məhkəmə qərarları › İş №e-2(010)-3185/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-3185/2024

04.06.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3185/2024 04.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Talıbova Leyla Oruc qızı İddiaçı Cavabdeh qarşı «fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : İddiaçı Cavabdeh qarşı «fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilmədən verildiyi üçün geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1.-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 152.1.6-1.-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Bu qanunun 28.1.-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin qanunun 29.3.-cü maddəsinə əsasən tərəflərdən biri və ya hər ikisi mediasiya prosesini davam etdirməyə razılıq vermədikdə, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışı tərəflərə təqdim edir. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 saylı qərarının 10.2-ci bəndinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “Mediasiya haqqında” Qanun) 3.2ci və Mülki Prosessual Məcəllənin 4.6-cı maddələri ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə tərəflərin məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirakını tələb edir. Bu qaydaya əməl olunmaması Mülki Prosessual Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, əgər iddia ərizəsi icraata qəbul edilmişsə, həmin Məcəllənin 259.0.13-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün əsasdır. 10.3-cü bəndinə əsasən üzərində ər-arvadın ümumi mülkiyyət hüququ yaranmış əmlakın nikahın davam etdiyi, ailə münasibətlərinin faktiki aradan qalxdığı, yaxud nikah pozulduqdan sonra başqa bir əmlak dəyərinə çevrilməsi (əşyanın satılması, dəyişdirilməsi və s.) nəticəsində əldə olunmuş predmetlərə (pul vəsaitinə və ya digər əmlaka hüququn tanınması, onların qaytarılması və s.), o cümlədən ər-arvad arasında bağlanmış nikah müqavilələrinin və onların ümumi əmlakı üzərində sərəncam verən əqdlərin etibarsızlığına dair tələblərin də kökündə ər-arvadın mülkiyyətinin qanuni və ya müqavilə rejimi durduğundan bu xarakterli mübahisələr ailə münasibətlərindən irəli gələn mübahisələr sayılır. Beləliklə iş materiallarından müəyyən olunur ki, tərəflər arasında yaranmış mübahisə «fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi» ilə bağlıdır. Sadalanan qanunvericiliyin tələbinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı zəruridir. Məhkəmə hesab edir ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunduğundan və iş materiallarından hazırkı fərdi yaşayış evinin birgə nikah dövründə iddiaçı tərəfin adına qeydiyyata alınması və hazırkı tələbin kökündə ər-arvadın mülkiyyətinin qanuni rejimi durduğundan tərəflərin ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunsa da, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Beləliklə hesab edirəm ki, iddia ərizəsinin forma və məzmununa riayət olunmamış, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirak etməsi ilə bağlı olaraq sənəd təqdim edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə uyğun olaraq mediasiya prosesində iştirakının zəruriliyi izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149,152, 263-264cü maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı «fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə uyğun olaraq mediasiya prosesində iştirakının zəruriliyi izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar