Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-320/2023 26.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "borcla əlaqədar pul" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 8246,16 manat borc və ödənilmiş 102,47 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi. İddia tələbinin dəlilləri Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi abonent kodu **********80023 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 8246,16 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunmuş, lakin o, müxtəlif bəhanələrlə istifadə etdiyi elektrik enerjisinin haqqı olan 8246,16 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. "xxxx" ASC-nin əməkdaşları hər ay cavabdehin ünvanına gələrək sayğacın göstəricisini göstərməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. "xxxx" ASC mülki hüquq subyektidir və digər şəxslər tərəfindən pozulmuş hüquqları qanunverciliyə uyğun olaraq bərpa edilməlidir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi X3 məhkəmə iclası zamanı iddia tələbinin dəlillərini müdafiə edərək məhkəməyə verdiyi izahatında göstəmişdir ki, maliyyə arayışını təqdim etmişdir. Məhkəmə sərfiyyata baxsa, ödənişlər olduğunu anlayacaqdır. Aktlar köhnə olub, hazırda tapa bilmirlər. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, iddianı qəbul etmir. O vaxt barmek tərəfdən transformator qoyulmuşdu. Onlar bazardan sayğac almış və bir neçə evə həmin sayğacdan hesablayıb ödəmişlər. Əmlak 1996-cı ildən olub. Butka kimi istifadə olunub. İran vətəndaşı istifadə edib. Odur ki, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materialları "xxxx" ASC tərəfindən tərtib edilmiş Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli 101745 nömrəli, 02 mart 2021-ci il tarixli müqaviləsindən görünür ki, sip xətti hesablaşma elektrik sayğacı, 1kVts aktiv elektrik enerjisi 0,07-0,11 manat tarif üzrə aparılması və elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunması şərtləri ilə "xxxx" ASC ilə Cavabdeh arasında elektrik enerjisinin alqısatqı müqaviləsi bağlanmışdır. "xxxx" ASC tərəfindən verilmiş 01-547/23 saylı, xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh elektrik enerjisindən isifadə etməsi nəticəsində 2007-ci il tarixdə 652,96 manat, 2008-ci il tarixdə 500,03 manat, 2009-cu il tarixdə 2140,6 manat, 2010-cu il tarixdə -600 manat, 2011-ci il tarixdə 1979 manat, 2012-ci il tarixdə 250,06 manat, 2013-cü il tarixdə 286,36 manat, 2014-cü il tarixdə 743,62 manat, 2015-ci il tarixdə 810,02 manat, 2016-cı il tarixdə 679,47 manat, 2017-ci il tarixdə 41,29 manat, 2018-ci il tarixdə 556,95 manat, 2019-cu il tarixdə 26,97 manat, 2020-ci il tarixdə 177,94 manat olmaqla, cəmi 8246,15 manat qalıq borcu qalmışdır. İşin faktiki halları "xxxx" ASC və Cavabdeh arasında 02 mart 2021-ci il tarixli “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi” bağlanmış və bu müqaviləyə əsasən "xxxx" ASC abonent Cavabdeh məxsus əmlakı elektrik enerjisi ilə təchiz etmişdir. Bundan sonra abonentin ünvanına "xxxx" ASC tərəfindən **********0023 nömrəli abonent kodu verilmiş, elektrik sayğacı quraşdırılmışdır. İddiaçı "xxxx" ASC Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 8246,15 manat qalıq borcu olduğunu iddia edərək, həmin borcun cavabdehdən tutulmasını tələb etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı verdiyi izahatında iddianı müdafiə etmiş, cavabdeh isə iddia tələbini qəbul etməmiş və məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 527.1. öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 551.2. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; 552.1. müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Azərbaycan Respublikası Mənzil Məcəlləsi. Maddə 135. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi. 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları". 1.1. elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. 4.1. enerji təchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 4.2. istehlakçılar, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş elektrik enerjisi istehlakının göstəricilərinə və məhdudiyyət rejimlərinə əməl etməli, elektrik enerjisindən səmərəsiz istifadə olunmasına, israfçılığa və təsərrüfatsızlığa yol verməməlidirlər. 8.1. dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8.4. enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 9.1. istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, iş materialları ilə Cavabdeh elektrik enerjisindən istifadə ilə əlaqədar öhdəliklərini icra etmədiyinə görə ona hesablanmış borcun ödənilməsi ilə bağlı iddia tələbi əsaslıdır. Bununla belə, məhkəmə aşağıdakılara əsasən həmin tələbi qismən əsaslı hesab edir. Belə ki, qeyd edilməlidir ki, maliyyə arayışının bağlanan aktlar qrafasında göstərilən 2009-cu il tarixli 2531,04 manat məbləğində və 2011-ci il tarixli 2428,92 manat məbləğində hesablanmış aktlar, ümumiyyətlə, iş materiallarında mövcud deyil. Nəzərə alınmalıdır ki, məhkəmə iş materiallarında mövcud olmayan aktlar üzrə qiymətləndirmə apara bilməz. Hər nə qədər iş materiallarında olan maliyyə arayışından həmin tarixlərdə bağlanan aktlar qrafasında müəyyən məbləğ yazıldığı görünsə də, bu təklikdə məhkəmənin həmin məbləğləri akta görə hesablanmış dəymiş zərər məbləği kimi qəbul etməsi üçün kifayət deyil. Belə ki, bunun üçün ilk növbədə müvafiq aktlar iş materiallarında mövcud olmalı idi. Belə olan halda məhkəmə yalnız istifadə edilmiş elektrik enerjisindən qalıq qalmış borc üzrə qiymətləndirmə aparır. Bununla yanaşı iddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışından görünür ki, Cavabdeh borc 2007-ci il tarixindən hesablanmışdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddət iddia müddəti olaraq qəbul edilməlidir. Yuxarıda sadalanan maddi hüquq nomalarına və qeyd edilənlərə əsasən cavabdehdən tutulmalı olan borc məbləği 4125,67 manatdır. Həmçinin məhkəmə hesab edir ki, cavabdeh əmlakın sahibi əcnəbi olduğundan müqavilənin onunla bağlandığını və elektrik enerjisini faktiki onun istifadə etməyini iddia etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, yalnız formal mülahizələrlə kifayətlənmişdir. Məhkəmə hazırki iş üzrə tərəflər arasında bağlanmış müqaviləni əsas götürür. Müqavilədən isə Cavabdeh elektrik enerjisinə görə tarif üzrə hər ay ödənişlər etməyi öhdəsinə götürdüyü aydın olur. Məhkəmə xərcləri İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 102,47 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hansı ki, bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 102,47 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə İddia qismən təmin edilməli, Cavabdeh istifadə edilmiş elektrik enerjisinə görə 3286,19 (üç min iki yüz səksən altı manat on doqquz qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 102,47 (bir yüz iki manat, qırx yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh istifadə edilmiş elektrik enerjisinə görə 3286,19 (üç min iki yüz səksən altı manat on doqquz qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 102,47 (bir yüz iki manat, qırx yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-320/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-320/2023
26.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver