Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-325/2022 07.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 500 manat zərər məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 530 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi. İddia tələbinin dəlilləri 30.07.2019-cu il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri M.Mustafayev küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, cavabdeh tərəfindən idarə edilmiş 'Mitsubishi Pajero" markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobil, "Hyundai İ 20'” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. 'Mitsubishi Pajero" markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən 05.02.2019cu il tarixindən 05.02.2020-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. Hadisə ilə bağlı Bakı şəhəri Nəsimi RDYPŞ-nin 22.08.2019-cu il tarixli, 08231723-1219 saylı YNH-nin təfərrüatları barədə Arayışdan, 10.08.2019-cu il tarixli, AP № ******* saylı inzibati xəta haqqında Protokoldan, 05.08.2019 və 10.08.2019-cu il tarixli İzahatlardan və Nəsimi RPİ-nin 8999 saylı Raportundan görünür ki, həmin hadisənin törədilməsində cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-ci maddələri ilə təqsirli şəxs kimi tanınmışdır. 02.09.2019-cu il tarixli təhvil-təslim aktından və 03.09.2019-cu il tarixli ödəniş sənədindən görünür ki, zərərin məbləği olaraq 500 manat sığorta ödənişi iddiaçı tərəfindən zərərçəkmiş şəxs X2 bank hesabına ödənilmişdir. Tərəflərin izahatları İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: TP ******* saylı 10.08.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarından müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.1 və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. PXA********** saylı şəhadətnamədən müəyyən olunur ki, “Mitsubishi Pajero" markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobil 05.02.2019-cu il tarixdən 05.02.2020-ci il tarixədək müddətə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta”sı növü ilə sığortalanmışdır. PXA50734 saylı sığorta aktından görünür ki, X4 'Mitsubishi Pajero" markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomaşını 05.02.2019-cu il tarixdən 05.02.2020-ci il tarixədək müddətə 55.000 manata sığortalamışdır. 30.07.2019-cu il tarixdə Bakı şəhəri, M.Mustafayev küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sığortalanmış 'Mitsubishi Pajero" markalı, **-TD-*** dövlət nömrə nişanlı avtomaşın "Hyundai İ 20'” markalı, **-NS-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşdur. Avtomobillərin texniki xidmət mərkəzinin 14.08.2019-cu il tarixli qüsur aktından müəyyən olunur ki, "Hyundai İ 20'” markalı, **-NS-*** dövlət nömrə nişanlı avtomaşına 500 manat məbləğində ziyan dəymişdir. 03.09.2019-cu il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, "xxxx" ASC-nin Baş Filialı tərəfindən zərərçəkənin kart hesabına 500 manat məbləğində ödəniş olunmuşdur. "xxxx" ASC-nin 30.09.2019-cu il tarixli Cavabdeh ünvanladığı bildirişdən müəyyən olunur ki, iddiaçı cavabdehdən ödənilmiş zərər məbləğini məktubu aldıqdan sonra 7 təqvim günü ərzində ödəməsini, əks təqdirdə, məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1). Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (maddə 883.1). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (maddə 936.2). “İcbari sığortalar haqqında” Qanun Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır (maddə 63.1). Mülki Prosessual Məcəllə Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4) Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, “Mitsubishi Pajero" markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobil 05.02.2019-cu il tarixdən 05.02.2020-ci il tarixədək müddətə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta”sı növü ilə sığortalanmışdır. Məhkəmə həmçinin müəyyən edir ki, Cavabdeh idarə etdiyi 'Mitsubishi Pajero" markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nəqliyyat hadisə törədərək "Hyundai İ 20'” markalı, **-NS-*** dövlət nömrə nişanlı avtomaşına maddi zərər vurmuşdur. TP ******* saylı 10.08.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.1 və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. "xxxx" ASC-nin tərəfindən hadisə nəticəsində zərər dəymiş avtomobilin sahibinə 500 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Sadalanan xüsusatlara və qanuvericilik aktı normalarına istinadən məhkəmə hesab edir ki, sığorta ödənişi vermiş iddiaçının hadisəni törətmiş cavabdehə qarşı verilmiş sığorta ödənişi məbləğində, yəni 500 (beş yüz) manat həcmində subroqasiya hüququ yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh ödənilmiş sığorta ödənişi müqabilində 500 (beş yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 (otuz) manat məbləğdə pul cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ödənilmiş sığorta ödənişi müqabilində 500 (beş yüz) manat və dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-325/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-325/2022
07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver