Məhkəmə qərarları › İş №e-2(010)-3250/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3250/2025

11.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3250/2025 11.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – "xxxx" ASC) Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədi ilə cavabdehdən 4821.80 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 68.22 manat, ümumilikdə 4890.02 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)- 3250/2025 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

İddia tələbinin əsaslandırıldığı hallar.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh “Chevrolet Cobalt” markalı, **- PS-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Buzovna qəsəbəsi ərazisində idarə edərkən "xxxx" ASC tərəfindən MV-C (Q) 00083-23 nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış “Bmw 740i” markalı, **-PA-*** dövlət qeydiyyat nişanlı sığortalı avtomobilə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Bmw 740i” markalı, **-PA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 4821.80 manat sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi üzrə Xəzər rayon DYPŞ-nin inzibati tənbeh vermə haqqında qərarına əsasən, cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Həmçinin, hadisə baş verən vaxt həmin avtomobilin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olmamışdır. Cavabdehin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olmaması səbəbindən "xxxx" ASC tərəfindən “Bmw 740i” markalı, **-PA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə ödənilmiş 4821.80 manat məbləğ cavabdeh tərəfindən ödənilməlidir. "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixli, G-01-D-1135-2025 nömrəli məktubla cavabdehə qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğ 7 iş günü ərzində ödənilməsi tələb olunmuş, lakin bu günədək tələb olunan məbləğ cavabdeh tərəfindən ödənilməmişdir.

Tərəflərin izahatları.

4. Məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

6. xx.xx.2024-cü il tarixli, 67 nömrəli zərər aktından görünür ki, “BMW 740i” markalı, **-PA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin ümumi məbləği (ehtiyat hissələri + işçilik + əlavə dəyər vergisi) 5321.80 manat həcmində qiymətləndirilmişdir.

7. xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Cavabdeh xx.xx.2024-cü il, saat 21:16 radələrində Bakı şəhəri, Buzovna qəsəbəsi ərazisində “Chevrolet Cobalt LT” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci (əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 40 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır.

8. xx.xx.2024-cü il tarixli, MVC0581/24 nömrəli sığorta aktından görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 21:15 radələrində Bakı şəhəri, Buzovna qəsəbəsi ərazisində "xxxx" ASC tərəfindən MV-C (Q) 00083-23_24 nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtomobillərin kompleks sığortası” növü üzrə sığortalanmış “BMW 740i” markalı, **-PA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 5321.80 manat məbləğində zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi vaş vermiş və 500 manat şərtsiz azadolma məbləği çıxıldıqdan sonra 4821.80 manat məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmiri üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabına mədaxil edilmişdir.

9. xx.xx.2024-cü il tarixli, 9281 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 4821.80 manat məbləğində sığorta ödənişi “QAİME MT**********47 MVC0581 24 SAYLİ AKTA ESASEN SİGORTA ODENİSHİ” təyinatı üzrə "xxxx" MMC-nin AZ50RBTA******************** nömrəli bank hesabına mədaxil edilmişdir.

10. xx.xx.2025-ci il tarixli, 6-01-P-1135-2025 nömrəli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh subroqasiya qaydasında yaranmış tələbin həcmi (4821.80 manat) barədə məlumat verilmiş, həmin məbləğin 7 (yeddi) iş günü ərzində ödənilməsi xahiş edilmiş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

11. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş CVN/O 23-384/25 nömrəli yazılı mütəxəssis məsləhətindən görünür ki, “BMW 740i” markalı, **-PA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın hesablanması ilə əlaqədar tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktında qeyd edilən ehtiyat hissələrinin və xidmətlərin qiymətləri həmin dövrdə mövcud olan real bazar qiymətlərinə qismən uyğun hesablanmışdır. Aparılmış hesablamalar və təhlillərə əsasən, “BMW 740i” markalı, **-PA- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan həmin dövrdə mövcud olan real bazar qiymətləri iş materiallarında olan qüsur aktı araşdırılmaqla “BMW 740i” markalı, **-PA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği, işçilik haqqı da nəzərə alınmaqla 4210 manat təşkil edir.

İşin faktiki halları.

12. Cavabdeh xx.xx.2024-cü il tarixdə, Bakı şəhəri, Buzovna qəsəbəsi ərazisində “Chevrolet Cobalt LT” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “BMW 740i” markalı, **-PA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə edilmişdir. Beləliklə, yol-nəqliyyat hadisəsinin baş verməsinə görə Cavabdehin təqsiri müəyyən edilmişdir.

13. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “BMW 740i” markalı, **-PA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin ümumi məbləği 5321.80 manat həcmində qiymətləndirilmiş, ümumi zərər məbləğindən 500 manat azadolma məbləği çıxılaraq 4821.80 manat məbləğində pul vəsaiti (sığorta ödənişi) iddiaçı tərəfindən zərər vurulmuş nəqliyyat vasitəsinin təmiri üçün "xxxx" MMC-nin bank hesabına mədaxil edilmişdir.

Tətbiq edilən hüquq.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 936. Subroqasiya hüququ. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

16. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

17. Məhkəmə qeyd edir ki, subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyatakeçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Belə ki, sığortalı (faydalanan şəxs) əksər hallarda ona vurulmuş zərəri əhatə edən sığorta ödənişini almaqla, sonrakı tutulmaya marağını itirir. Nəticədə zərər vuran şəxs məsuliyyətdən yayına bilər. Yalnız subroqasiya zərər vuran şəxsdən zərərin əvəzinin tutulmasını təmin edir. Mahiyyətcə, subroqasiya tələb hüququnun güzəştidir (sessiya). Ona görə də sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir.

18. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə, Bakı şəhəri, Buzovna qəsəbəsi ərazisində “Chevrolet Cobalt LT” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, MV-C (Q) 00083-23_24 nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtomobillərin kompleks sığortası” növü üzrə sığortalanmış “BMW 740i” markalı, **-PA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri Xəzər RPİ DYPŞ-də inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü Cavabdeh barəsində AR İXM-nin 327.1-ci (əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması) maddəsi ilə TP seriyalı, ******* nömrəli qərar qəbul edilərək 40 manat məbləğində cərimə edilmişdir. Daha sonra, "xxxx" ASC tərəfindən “BMW 740i” markalı, **-PA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin əvəzi olaraq ödəniş tapşırığı əsasında ümumilikdə 4821.80 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

19. Cavabdehin təqsiri, yəni onun inzibati xətaya yol verməsi, həmçinin faydalanan şəxslərin zərərvuran şəxs-cavabdehə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya-iddiaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçdiyindən və işdə bunun əksini təsdiq edən sübutlar olmadığına görə iddia tələbi təmin edilməlidir.

20. Həmçinin, məhkəmə tərəfindən işin faktiki hallarının araşdırılması nəticəsində, hüquq qaydasının pozulması halı (hüquqa zidd əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi), həmin hadisəsinin baş verməsində hazırkı iş üzrə cavabdeh – Cavabdeh təqsirinin olması (həmin hüquqa zidd əməli törədərkən iradəsində nöqsan olması), təqsirli olaraq törədilmiş hüquqa zidd əməl nəticəsində zərərçəkmiş şəxsə zərər vurulması və törədilmiş əməllə vurulmuş zərər arasında səbəbli əlaqənin olması, həmçinin iddiaçı tərəfindən vurulmuş zərərin əvəzinin zərərçəkmiş şəxsə sığorta ödənişi təyinatı ilə ödənilməsi və subroqasiya qaydasında həmin ödənişin geri tələb hüququnun əldə edilməsi öz təsdiqini tapmış, qeyd edilənlərin əksini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.

21. Məhkəmə onu da qeyd edir ki, yol-nəqliyyat hadisənin məhz cavabdehin təqsirli hərəkətlərinin nəticəsində meydana gəlməsi, təqsirli hərəkətlər nəticəsində iddiaçı tərəfindən sığortalanmış nəqliyyat vasitəsinə zərər vurulması və vurulmuş zərərlə baş vermiş hadisə arasında səbəbli əlaqənin olması müəyyən edilsə də, yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərər məbləğinin obyektiv qiymətləndirilməsini təmin etmək zərurəti meydana gəlmişdir. Bu məqsədlə, iş materialları müstəqil qiymətləndiriciyə göndərilmiş, iddiaçı tərəfindən təqdim edilmiş qüsur aktının yol-nəqliyyat hadisəsi baş verən zaman mövcud bazar qiymətlərinə uyğunluğunun, belə uyğunluq aşkar edilmədiyi halda isə vurulmuş zərərin real məbləğinin müəyyən edilməsi vəzifəsi həmin təşkilata həvalə edilmişdir.

22. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş CVN/O 23-384/25 nömrəli yazılı mütəxəssis məsləhətindən görünür ki, “BMW 740i” markalı, **-PA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın hesablanması ilə əlaqədar tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktında qeyd edilən ehtiyat hissələrinin və xidmətlərin qiymətləri həmin dövrdə mövcud olan real bazar qiymətlərinə qismən uyğun hesablanmışdır. Aparılmış hesablamalar və təhlillərə əsasən, “BMW 740i” markalı, **-PA- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan həmin dövrdə mövcud olan real bazar qiymətləri iş materiallarında olan qüsur aktı araşdırılmaqla “BMW 740i” markalı, **-PA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği, işçilik haqqı da nəzərə alınmaqla 4210 manat təşkil edir. Göründüyü kimi, iddiaçı tərəfindən sığorta şəhadətnaməsi əsasında “Avtomobillərin kompleks sığortası” növü üzrə sığortalanmış nəqliyyat vasitəsinə vurulmuş zərərin ümumi məbləği 4210 manat təşkil etsə də, "xxxx" MMC tərəfindən bu məbləğ fərqli qiymətləndirilmiş və nəticədə zərərin obyektiv qiymətindən artıq həcmdə sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı tərəfindən yazılı mütəxəssis məsləhətində qeyd edilən məlumatların həqiqəti əks etdirməməsi barədə etiraz mövqeyi məhkəməyə daxil olmamış, buna dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin ümumi məbləği 4210 manat + 811.80 manat əlavə dəyər vergisi (ƏDV) əlavə edilməklə 5021.8 manat məbləğində qəbul edilməli və 500 manat şərtsiz azadolma məbləği çıxıldıqdan sonra qalıq 4521.8 manat məbləğində sığorta ödənişi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

Məhkəmə xərcləri.

23. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçı tərəfindən 68.22 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.

24. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olan 65.22 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

25. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4521.8 manat məbləğində sığorta ödənişi və 65.22 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

26. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 4521.8 (dörd min beş yüz iyirmi bir manat səksən qəpik) manat məbləğində sığorta ödənişi və ödənilmiş 65.22 (altmış beş manat iyirmi iki qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar