Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3259/2025 15.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, Abdulova Mətanət Nurəddin qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil və Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı elektrik enerjisinin verilməsinin dayandırılması ilə bağlı qanunsuz hərəkətlərin cavabdehə qadağan edilməsi, əsassız borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, əsassız borca görə tutulmuş pul vəsaitinin geri qaytarılması və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi.
1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı elektrik enerjisinin verilməsinin dayandırılması ilə bağlı qanunsuz hərəkətlərin cavabdehə qadağan edilməsi, əsassız borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-yə **********L0000 abonent kodu üzrə onun yaşadığı evə elektrik enerjisinin verilməsinin dayandırılması ilə bağlı qanunsuz faktiki xarakterli hərəkətlərin qadağan edilməsi, 4950.59 manat məbləğində əsassız borcun elektrik enerjisindən istifadə üzrə ona aid abonentin borc saldosundan silinməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması, elektrik enerjisinin kəsilməsi nəticəsində ona vurulmuş maddi və mənəvi zərərə görə 8000 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ona qarşı elektrik enerjisindən istifadəyə görə yaranmış 4950.59 manat məbləğində borcun ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2689/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 587.45 manat məbləğində pulun ondan tutularaq "xxxx" ASC-yə ödənilməsi, qalan hissədə isə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamə üzrə 587.45 manat məbləğində borc onun tərəfindən ödənilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Suraxanı rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə qeyd edilən qətnamənin icrasına dair Suraxanı Rayon Məhkəməsinin 2(010)-2689/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə xitam verilmişdir. "xxxx" ASC tərəfindən 4950.59 manat məbləğində iddia edilən borc məhkəmə tərəfindən qismən təmin edilmiş, 587.45 manat məbləğində borc məhkəmə tərəfindən tanınmış, iddia qalan hissədə, yəni 4363.14 manat hissəsində əsassız hesab edilərək rədd edilmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc onun tərəfindən ödənildikdən və icraata xitam verildikdən sonra da "xxxx" ASC tərəfindən ona aid abonentin saldosunda borc kimi qalmaqda davam etmiş, silinməmişdir. O, abonentin saldosundan əsassız borcun silinməsi tələbi ilə "xxxx" ASC-yə qarşı iddia tələbi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-4878/2023 nömrəli qərardadı ilə borcun silinməsi ilə bağlı məhkəmənin 2(010)-2689/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnamə olduğu əsas gətirilərək iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmiş, iddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi özünün e-2(010)-4878/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadında da yenidən etmişdir: “Həmin qətnamədən görünür ki, iddiaçı "xxxx" ASC cavabdeh İddiaçı istehlak etdiyi elektrik enerjisinə görə 4950.59 manat məbləğində borcu olduğunu iddia edib həmin borcun cavabdehdən tutulmasını tələb etsə də, məhkəmə, bu tələbi qismən – 587.45 manat məbləğində borcun silinməsi hissəsində təmin etmişdir. Bununla da, məhkəmə tələbin qalan hissədə əsassız olması qənaətinə gəlmiş, mübahisəni mahiyyəti üzrə həll etmişdir. Müvafiq qətnamədən heç bir tərəf apellyasiya şikayəti verməmiş, qətnamə qanuni qüvvəsini almışdır”. Lakin, "xxxx" ASC-nin əməkdaşları Azərbaycan Respublikasının adından çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə aktını qanunsuz olaraq heçə sayaraq ondan həmin pulu ödəməyi tələb edirlər. "xxxx" ASC heç bir borcu olmadığı halda hələ də onun abonent saldosundan iddia ərizəsi ilə tələb etdiyi borcu silmədiyi üçün həmin məbləğ onun üzərində borc kimi qalmışdır. Nəticə etibarı ilə "xxxx" ASC-nin əməkdaşları onun işığını kəsmiş və onu ailəsi ilə birlikdə qış vaxtı 05 (beş) aydan artıq müddət ərzində elektrik enerjisi olmadan yaşamağa məhkum etmişdir. "xxxx" ASC özünü Azərbaycan Respublikasının adından qərar çıxardan məhkəmə orqanından xeyli üstün görür və məhkəmə qərarını icra etmir. Əvəzində ona silinmənin yalnız məhkəmə qərarı əsasında mümkün olduğunu bildirir. "xxxx" ASC-nin İdarə Heyətinin əldə olan hüquqi sənədlər əsasında qərar qəbul etmək səlahiyyəti və qüdrəti çatmır ki, öz vəzifələrini məhkəmənin üzərinə qoyur? "xxxx" ASC əsassız olaraq ondan 4950.59 manat borcu tələb edir. Hər dəfə elektrik enerjisinin aylıq istifadəsinə görə təqdim etdikləri bildirişdə ondan 4950.59 manat əsassız pul tələb edir, yenidən elektrik enerjisinin verilməsinin dayandırılması ilə təhdid edirlər. Lakin, qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən, tələb edilən borc əsassızdır və elektrik enerjisinin istifadəsi ilə bağlı onun abonent saldosundan silinməsi cavabdehin vəzifəsidir. Elektrik enerjisinin paylanmasında təbii inhisara sahib olan "xxxx" ASC-nin qanunsuz və əsassız şəkildə onun mənzilinə verilən elektrik enerjisini dayandırması qanunsuz faktiki xarakterli hərəkətdir. Bu mübahisə müqavilə münasibətlərindən irəli gəlmir, sırf cavabdehin təbii inhisar subyektinin kefinə görə qanunsuz faktiki xarakterli hərəkətlərindən irəli gəlir. Bu səbəbdəndir ki, mübahisə ümumi hüquq sahəsinə aiddir və iş üzrə inzibati qanunvericilik tətbiq edilməlidir. Cavabdehə ünvanlanan qanunsuz faktiki xarakterli hərəkətlərindən çəkinməyə və elektrik enerjisinin verilməsinin bərpasına dair məktub hələ də cavabsız qalmışdır. 05 (beş) aydan artıq müddət ərzində "xxxx" ASC müqavilə öhdəliklərinə əməl etməyərək onu elektrik enerjisindən məhrum etmişdir. O, yaşadığı evin elektrik enerjisini baha qiymətə yanacaq alaraq generator vasitəsilə qismən təmin etmişdir. Elektrik enerjisi olmadan evin qızdırılması üçün istilik sistemini işə salmaq olmur. Elektrik enerjisinin olmaması övladlarının təhsilinə, həm də sağlamlıqlarına mənfi təsir göstərmişdir. Elektrik enerjisinin kəsildiyi evdə o, həyat yoldaşı və iki övladı olmaqla 04 nəfər yaşayır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ailəsi mənəvi sarsıntı və iztirab keçirmişdir. Cavabdehin qanuna zidd hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Maddi və mənəvi ziyanın məbləği 8000 manat təşkil edir.
İddia tələbinin dəqiqləşdirilməsi.
3. İddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-yə **********L0000 abonent kodu üzrə iddiaçının yaşadığı evə elektrik enerjisinin verilməsinin dayandırılması ilə bağlı qanunsuz faktiki xarakterli hərəkətlərin qadağan edilməsi, 4950.59 manat məbləğində əsassız borcun elektrik enerjisindən istifadə üzrə iddiaçıya aid abonentin borc saldosundan silinməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması, əsassız borca görə onun hesabından tutulan pulun geri qaytarılması və elektrik enerjisinin kəsilməsi nəticəsində ona vurulmuş mənəvi ziyana görə 8000 manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
4. Məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi X2 izahat verərək bildirdi ki, 4950.59 manat məbləğində borcun olduğu iddiaçının saldosunda həqiqətən görürünür. Baxmayaraq ki, belə bir borcun olmadığı digər bir məhkəmə qətnəması ilə müəyyən edilb. Amma həmin iş üzrə bu borcun silinməsi nəzərdə tutulmur. Yalnız məhkəmə qətnaməsi əsasında bu borc silinə bilər.
İş materialları.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)- 2689/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı istehlak edilmiş elektrik enerjisi haqqının ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehdən elektrik enerjisindən istifadəyə görə 587.45 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
7. xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(010)-2689/2021 nömrəli icra sənədi üzrə icraata “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır.
8. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubunun surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-2689/2022 nömrəli icra sənədində 4950.59 manat borc məbləğinin silinməsi məhkəmə qətnaməsində təsdiqini tapmadığı üçün həmin borcun silinməsinin mümkün olmadığı bildirilmişdir.
İşin faktiki halları.
9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)- 2689/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı istehlak edilmiş elektrik enerjisi haqqının ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehdən elektrik enerjisindən istifadəyə görə 587.45 manat tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi ilə tələb olunan borcun tutulması qismən təmin olunmasa da, borcun təmin olunmayan hissəsi İddiaçı məxsus saldoda borc kimi qalmaqda davam edir. Tətbiq edilən hüquq.
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
12. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin faktiki hallarını və işə əlavə edilən sənədləri araşdıraraq, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
13. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)- 2689/2021 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı istehlak edilmiş elektrik enerjisi haqqının ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehdən elektrik enerjisindən istifadəyə görə 587.45 manat pul tutulub iddiaçiya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. İcra sənədi üzrə icraata “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən - icra sənədi tam icra olunduqda xitam verilməsi qərara alınmışdır. Göründüyü kimi bundan əvvəlki məhkəmə mübahisəsi zamanı iddiaçıya məxsus abonent saldosunda göstərilən məbləğdə borc cavabdehdən tələb olunsa da, qətnamə ilə İddiaçı elektrik enerjisindən istifadəyə görə yalnız 587.45 borcu olması müəyyən olunub. Yerdə qalan 4950.59 manat borc silinməsi ona görə silinməmişdir ki, qətnamədə tələb olunan borcun təmin olunmayan hissəsinin də silinməsinə dair hər bununla bağlı hansı tələb olmamışdır. Məhkəmə cavabdehin elektrik enerjisindən istifadəyə görə 587.45 manat borcunun olması qənaətinə gəlmiş və yerdə qalan borc məbləğinin silinməsi məsələsi həll olunmamışdır.
14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi öz izahatında qeyd olunan borc məbləğinin silinməsi üçün məhkəmə aktnın qəbul edilməsinin zəruri olduğunu qeyd etmiş və yalnız qəbul edilmiş məhkəmə aktı əsasında həmin borcun silinməsinin həyata keçirlməsinin mümkün ola biləcəyini göstərmişdir.
15. Hazırkı iş üzrə müəyyən edilmiş hallardan belə aydın olur ki, "xxxx" ASC tərəfindən İddiaçı məxsus elektrik enerjisindən istifadəyə dair abonent saldosunda 4950.59 manat məbləğində borcun iddiaçıdan tələb olunnması qanunsuz olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-ci maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı ona məxsus abonent saldosunda borc kimi qeyd olunan 4950.59 manat məbləğində borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etməkdə haqlı olmuşdur.
16. Həmçinin məhkəməyə təqdim edilmiş abonent saldosundan görünür ki, İddiaçı hesabından elektrik enerjisindən borca görə ümümilikdə 28.65 manat məbləğində pul vəsaiti tutulmuşdur. Qeyd olunan borcun iddiaçıdan tələb olunması məhkəmə tərəfindən əsassız olduğu hesab edildiyindən, iddiaçının hesabından silinmiş 28.65 manat məbləğində pul vəsaiti də ona geri qaytarılmalıdır. Belə ki, hazırda həmin vəsaitin iddiaçının hesabından tutulması üçün heç bir hüquqi əsas yoxdur.
17. İddia tələbində həmçinin İddiaçı yaşadığı evə elektrik enerjisinin verilməsinin dayandırılması ilə bağlı qanunsuz faktiki xarakterli hərəkətlərin qadağan edilməsi və elektrik enerjisinin kəsilməsi nəticəsində ona vurulmuş mənəvi ziyana görə 8000 manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir.
18. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi evə elektrik enerjisinin verilməsinin dayandırılması hallarının artıq baş vermədiyini bildirmiş, iddiaçıya elektik enerjisinin verilməsində cavabdeh tərəfindən hər hansı maneəçilik törədilmədiyini etiraf edimişdir. Belə olan halda artıq tərərlər arasında bu məsələ ilə bağlı hər hansı mübahisənin olmadığı aşkar olur ki, mübahisə aradan qaldığı tədqirdə onun həll edilməsi zərurətinə ehtiyac da aradan qalxmış olur.
19. Mənəvi zərərə görə tələb edilən 5000 manat məbləğində kompensasiyaya münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, “Ramazanov və digərlərinin” işi üzrə xx.xx.2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Ali Məhkəməsi milli məhkəmələrə bu problemi tənzimləyən milli hüquq müddəaları olmadığı üçün mənəvi zərərə görə kompensasiya məsələlərinin həllində Avropa Məhkəməsinin təcrübəsinə riayət etməyi tövsiyə etmişdir.
20. “Kletsova Yusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında, eləcə də bir sıra digər qərarlarında Avropa İnsan Hüquqları Məhkəməsi mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq, iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir.
21. Avropa Məhkəməsinin müvafiq mövqeyini əsas götürməklə məhkəmə hesab edir ki, iddiaçının cavabdehə verdiyi pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinin qət edilməsi iddiaçıya dəymiş mənəvi zərərin ədalətli kompensasiyasını təmin edir. Odur ki, iddia mənəvi zərərlə bağlı hissədə təmin edilməməlidir.
Məhkəmənin gəldiyi nəticə
22. Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, elektrik enerjisindən istifadəyə görə 4950.59 manat məbləğində borc İddiaçı məxsus abonent saldosundan silinməli, iddiaçının hesabından silinmiş 28.65 manat məbləğində pul vəsaiti ona geri qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı aid abonent saldosundan 4950.59 manat məbləğində borc silinsin və 28.65 manat məbləğində pul vəsaiti iddiaçiya qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.