Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3407/2022 06.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququ və qanunun anologiyası) hakim Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh, onun nümayəndəsi Nümayəndə, digər nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. ünvan 1 ünvanında yerləşən 0,12 hektar torpaq sahəsi xx.xx.2005-ci il tarixli JN- 24584H 00600066 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən X1 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış, 19 noyabr 2005-ci il tarixli bağışlama müqaviləsi əsasında onun tərəfindən oğlu İddiaçı bağışlanmışdır.
2. İddiaçı Nümayəndə ilə 1990-cı ildə nikaha daxil olmuş, nikahlarından xx.xx.1992-ci il tarixdə Cavabdeh dünyaya gəlmiş, 2008-ci ildə nikahları pozulmuş, bundan sonra Nümayəndə övladları ilə birlikdə daimi yaşayış yeri olan Hüseyn Cavid küçəsi ev 5, mənzil 23-də qalmış, İddiaçı həmin mənzili tərk edib getmişdir.
3. Cavabdeh 2017-ci ildə bacı-qardaşı və anası ilə birlikdə digər mənzilə - Qurban Xəlilov küçəsi 20, 48 saylı mənzilə köçmüş, 2018-ci ildə nikaha daxil olaraq Bakı şəhərinin Süleyman Vəzirov küçəsində yerləşən mənzildə yaşamış, 2019-cu ildə nikahı pozulduqdan sonra yenidən Qurban Xəlilov küçəsi 20, 48 saylı mənzilə qayıtmışdır.
4. İddiaçı qızı olan Cavabdeh hazırda Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsində yerləşən 12A saylı fərdi yaşayış evində pasport qeydiyyatındadır.
5. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsində yerləşən 12A saylı fərdi yaşayış evi xüsusi mülkiyyət kimi xx.xx.2022-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində **********83-10301 nömrə ilə İddiaçı adına qeydiyyata alınmışdır.
6. Yasamal-30 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 66 saylı evin 48 saylı mənzili RX1364518 saylı, xx.xx.2018-ci il qeydiyyat tarixli Dövlət Reyestrindən çıxarışa əsasən X3 məxsusdur.
7. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin başçısının Qaraçuxur qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, Cavabdeh 2009cu ildən qeydiyyatda olduğu ünvan 2 ünvanında yaşamır.
Məhkəmə icraatının başlanmasına əsas yaradan iddia tələbi:
8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsində yerləşən 12A saylı fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehin həmin evdə qeydiyyatı formaldır, belə ki, o, cavabdehin anası ilə nikahda olduğu dövrdə Hüseyn Cavid küçəsi ev 5-də yerləşən mənzildə yaşamış, nikahı pozulduqdan sonra həmin evi tərk etmiş, cavabdeh isə anası ilə birlikdə həmin evdə qalmışdır. 2017-ci ildə cavabdeh anası ilə birlikdə Qurban Xəlilov küçəsi ev 20-də yerləşən mənzilə, 2018-ci ildə isə ailə qurub iddiaçının mülkiyyətində olan Xətai rayonu, Süleyman Vəzirov küçəsində yerləşən mənzilə köçmüşdür. Cavabdehin nikahı pozulduqdan sonra cavabdeh yenidən qayıdıb anası, bacısı və qardaşı ilə Qurban Xəlilov küçəsi 20, mənzil 48-də yaşamışdır və hazırda da orda yaşayır. Cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsində yerləşən 12A saylı mübahisəli fərdi yaşayış evində qeydiyyatı formal xarakter daşıyır və 2009-cu ildən sonra orada ümumiyyətlə yaşamamışdır. Cavabdehin qeyd edilən ünvanda qeydiyyatda olması fərdi yaşayış evinin mülkiyyətçisi kimi onun hüquqlarını pozur. Ona görə də cavabdeh evdən qeydiyyatdan çıxarılmalıdır.
Məhkəmə baxışı zamanı verilən izahatlar
10. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, izahatında bildirdi ki, iddiaçı ailəsi ilə birlikdə istirahət günlərində babalarını görmək üçün həmin evə gedirdilər. Təqdim edilən arayışdan da görünür ki, cavabdeh 2009-cu ildə mübahisəli fərdi yaşayış evinə qeydiyyata düşmüş, lakin orada yaşamamışdır. O, həmçinin bildirdi ki, Cavabdeh nikaha daxil olarkən iddiaçının mülkiyyətində olan Süleyman Rəhimov küçəsində yaşamışdır, yəni iddiaçı qızının mənzil şəraitini yaxşılaşdırmaq üçün onu əlavə yaşayış yeri ilə də təmin etmişdir. Sonra iddiaçı sözügedən evin cavabdehin istəyi ilə satılmasına və satışdan götürülən vəsaitə sonuncunun sərəncam verməsinə razılıq vermişdir. Onlar isə həmin vəsait hesabına cavabdehin qardaşının adına Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində 4 otaqlı mənzil almışlar.
11. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının doğma qızı olan cavabdeh xx.xx.1992-ci il tarixdə həmin ünvanda doğulmaqla orada yaşayır. İddiaçı uzun illərdir ki, pis vərdişlərə qurşanmışdır və onu bu yoldan çəkindirə bilmirlər. Bu səbəblə də iddiaçı həmişə bütün ailə üzvləri ilə yola getməmiş, cavabdehə və digər ailə üzvlərinə hədə-qorxu gəlməklə onların evdə yaşamasına maneçilik törədir. Hətta Tusi adına Klinikanın xx.xx.2008-ci il tarixli Kranial MRT-nin (X2) nəticəsinə görə iddiaçıda “beyinin inkişafında anomaliya” aşkar edilmişdir. Cavabedhin atası çox vaxt anlaqlı vəziyyətdə olmur, öz hərəkətlərinin nəticəsini başa düşmür. Təəssüf ki, iddiaçı hansısa səbəblərdən valideyn hisslərini, mənəvi dəyərlərini itirmiş, ailəsi ilə heç vaxt maraqlanmamışdır. Hətta bütün ailə üzvlərini evdən qovmuş, evin açarlarını dəyişərək onların evə girməsinə belə imkan vermir. Onlar isə milli-mənəvi dəyərlərə söykənərək atasının bu hərəkətlərini, ailəsinə qarşı yaratdığı problemləri yenə də öz aralarında danışıq yolu ilə həll etməyə çalışır. Baxmayaraq ki, atası, hətta cavabdehə məxsus avtomobilin bir sıra hissələrini də gizlin sökərək satmışdır. Özünə məxsus avtomobili idarə etmək üçün ona vermiş olduğu etibarnaməni ləğv etdirdiyinə gorə ona qarşı müxtəlif tələblərlə, o cümlədən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
12. Cavabdehin digər nümayəndəsi (anası) Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı ilə 1990-2008-ci illər ərzində nikahda olmuş, nikahları pozulduqdan sonra uşaqlar onun himayəsində qalmışdır. Əvvəllər Bül-bülə qəsəbəsində, sonra qayınatasının vəsaiti hesabına alınan, hazırda da oğlunun mülkiyyətində olan Hüseyn Cavid küçəsi ev 5-də yerləşən mənzildə yaşamışlar. Övladları ilə birlikdə həmin mənzildə yaşamağa davam etmiş, iddiaçı isə evi tərk edib getmişdir. Qızı Elza 2009-cu ildə Qaraçuxurdakı evə qeydiyyata düşsə də, onunla birlikdə yaşamış, qızının toyu ərəfəsində uşağının xətrinə yenidən iddiaçı ilə nikaha daxil olmuşdur. Lakin o şəhərdə, iddiaçı isə atasının evində yaşamışlar. Mübahisəsi gedən fərdi yaşayış evi 2005-ci ildə tikilmiş, istirahət günlərində oraya getmiş, qızının nişan mərasimini də orada keçirmişlər. Uşaqların babası Vaqif müəllim onları çox istəmiş, o rəhmətə gedənə kimi, yəni 2018-ci ilə kimi uşaqlarla həmin evdə istirahət üçün yığışmışlar. Uzun müddətdir ki, iddiaçının vərdişləri, yaşayış tərzi ilə bağlı xoşagəlməz halların şahidi olandan sonra ora ümumiyyətlə getmirlər. Hazırda orada istifadə etmədikləri əşyalarını saxlayırlar. Qızının cehiz əşyalarını da nikahı pozulandan sonra orada saxlayıblar. 2017-ci ildən övladları ilə birlikdə Hüseyn Cavid küçəsində yerləşən mənzildən Qurban Xəlilov küçəsi, ev 20-də yerləşən mənzilə köçmüşlər. Qızı 2018-ci ildə ailə qurub babasının aldığı, lakin iddiaçının mülkiyyətində olan Xətai rayonu, Süleyman Vəzirov küçəsində yerləşən mənzilə köçmüş, nikahı pozulandan sonra yenidən qayıdıb onunla Qurban Xəlilov küçəsində yerləşən mənzildə yaşamışdır. O, həmçinin bildirdi ki, Süleyman Rəhimov küçəsindəki mənzil şifahi danışıqlara əsasən qızına bağışlanıldığından həmin vəsaitin qızı tərəfindən hansı məqsədlər üçün istifadə edildiyi onların şəxsi işidir və bunu açıqlamalı deyillər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
13. Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
14. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
16. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
17. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
18. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
19. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
20. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
24. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi
27. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
28. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
29. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsində yerləşən 12A saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 2005-ci ildən İddiaçı mülkiyyətindədir. İddiaçı həmin vaxt xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində ev tikmişdir. Belə olan halda iddiaçı mübahisəli hüquq münasibətinin yarandığı dövrdə həmin evin gözlənilən mülkiyyətçisi olmuşdur. İş materiallarından müəyyən edilir ki, iddiaçının sözügedən ev üzərində mülkiyyət hüququ sonradan dövlət qeydiyyatına alınmışdır.
30. Məhkəmə həmçinin müəyyən edir ki, iddiaçı cavabdehin atasıdır. İddiaçı ilə cavabdehin anası Nümayəndə 1990-cı ildə nikaha daxil olmuşlar. İddiaçı mübahisəli fərdi yaşayış evinə ailə üzvləri ilə birlikdə istirahət günlərində mütəmadi olaraq gedib-gəlmişdir.
31. Tərəflər arasında mübahisəli hüquq münasibətləri evin tikildiyi 2005-ci ildən yarandığından mübahisəyə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin yox, Mülki Məcəllənin normaları tətbiq edilməlidir.
32. Məhkəmə qəbul edir ki, cavabdeh mübahisəli yaşayış sahəsinə istifadə hüququ əldə etmişdir.
33. Beləliklə, hazırkı mübahisənin düzgün həlli, Cavabdeh ev üzərində Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gəlmiş istifadə hüququnun saxlanılıb-saxlanılmamasının müəyyən edilməsindən asılıdır.
34. Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmiş, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüququn, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququ olduğunu vurğulamışdır.
35. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında isə həmin məhkəmə, bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə toxunmuş və hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur.
36. Qeyd olunan Qərarında Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, “Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan “istifadə hüququ”nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan “istifadə hüququ” notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. ...Məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Bu mənada xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz”
37. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, 2008-ci ildə iddiaçı ilə cavabdehin anası arasında nikah münasibəti pozulmuşdur. Tərəflərin övladları analarının himayəsində saxlanılmış, onlar daimi yaşayış yerləri olan Hüseyn Cavid küçəsi ev 5, mənzil 23-də qalmış, iddiaçı isə oranı tərk etmişdir. 2017-ci ildə cavabdeh bacı-qardaşı və anası ilə birlikdə digər mənzilə, Qurban Xəlilov küçəsi 20, 48 saylı mənzilə köçmüşdür. 2018-ci ildə Cavabdeh nikaha daxil olaraq Süleyman Vəzirov küçəsində yerləşən mənzildə yaşamış, 2019-cu ildə nikahı pozulduqdan sonra yenidən Qurban Xəlilov küçəsi 20, 48 saylı mənzilə qayıdaraq orada yaşamışdır.
38. Məhkəmə həmçinin müəyyən edir ki, 2018-ci ildə onlar yenidən nikaha daxil olmuş, lakin bu nikah formal xarakter daşımış, bundan sonra da onlar ayrı yaşamışlar.
39. Bundan başqa məhkəmə baxışı zamanı müəyyən edilir ki, iddiaçının atasının, yəni babasının sağlığında cavabdeh mübabisəli evə mütəmadi olaraq getsə də, 2018-ci ildən o, iddiaçıya məxsus sözügedən evdə yaşamamış, həmin evdən istifadə etməmişdir. Cavabdeh 2018ci ildə evlənmiş, nikah dövründə iddiaçının mülkiyyətində olan Süleyman Vəzirov küçəsində yerləşən mənzildə yaşamış, 2019-cu ildə nikahı pozulduqdan sonra yenidən Qurban Xəlilov küçəsi ev 20, mənzil 48-də yaşamışdır. Cavabdeh bu müddət ərzində başqa yaşayış evlərində yaşamaqla Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsində nəzərdə tutulmuş mənzil hüququnu digər yaşayış sahələrində gerçəkləşdirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh uzun müddət ərzində və davamlı olaraq iddiaçıya məxsus evdən istifadə etməməklə əslində həmin yaşayış sahəsinə ehtiyacının olmamasını və mövcud vəziyyətlə qane olduğunu nümayiş etdirmişdir. Bunun əksi isə, yəni cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna dair hər hansı sübut da iş materialları ilə aşkar edilmir.
40. Məhkəmə həmçinin müəyyən edir ki, cavabdehin nümayəndəsi və vəkili izahatında iddiaçının mübahisəli evin açarlarını dəyişdiyini və cavabdehin oradan istifadə etməsinə maneəçilik yaratdığını bildirsə də, cavabdeh və cavabdehin nümayəndəsi bu faktı təsdiqləməmişlər. Məhkəmə müəyyən edir ki, cavabdeh və nümayəndəsi (anası) cavabdehin mübahisəli evdən istifadə etməməsinin səbəbi olaraq mənzilin mülkiyyətçisi olan iddiaçının vərdişlərini, həyat tərzini bəyənmədiyini göstərsələr də, onlar cavabdehin həmin evdən könüllü və sərbəst istifadə etməsini mümkünsüz edən qanuna zidd hallarla bağlı, eləcə də sözügedən halların aradan qaldırılması üçün müvafiq addımların atılması ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər.
41. Beləliklə, məhkəmə araşdırması zamanı cavabdehin həmin evdə yaşamamasının məhz onun könüllü iradəsi əsasında baş verməsi müəyyən edilmişdir.
42. İddiaçı iddia tələbinin dəlili olaraq bildirdiyi hallardan biri də odur ki, Cavabdeh nikaha daxil olarkən iddiaçının mülkiyyətində olan Süleyman Rəhimov küçəsində yaşamışdır, yəni iddiaçı qızının mənzil şəraitini yaxşılaşdırmaq üçün onu əlavə yaşayış yeri ilə də təmin etmişdir. Sonra iddiaçı sözügedən evin cavabdehin istəyi ilə satılmasına və satışdan götürülən vəsaitə sonuncunun sərəncam verməsinə razılıq vermişdir. Onlar isə həmin vəsait hesabına cavabdehin qardaşının adına Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində 4 otaqlı mənzil almışlar. Cavabdehin nümayəndəsi (anası) sözügedən mənzilin satışından əldə olunan vəsaitə cavabdeh tərəfindən sərəncam verilməsini, həmin dövrdə Cavabdeh 2004-cü il təvəllüdlü qardaşının adına mənzil alındığını mübahisələndirməmiş, sadəcə bildirmişdir ki, həmin vəsaitin qızı tərəfindən hansı məqsədlər üçün istifadə edilməsi onların şəxsi işidir və bunu açıqlamamalıdırlar.
43. Göründüyü kimi, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun saxlanılmış olması cavabdehin öz əmlakından sərbəst surətdə istifadə etmək, əmlaka sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmış və bununla da onun mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli etmiş olardı.
44. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı).
45. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi, 12A saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verildiyindən, istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia tələbi əsassızdır, çünki mövcud olmayan hüquq itirilmiş hesab edilə bilməz.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən Qərarında vurğulanır ki...“Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olubolmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz.”
47. Məhkəmə həmçinin qeyd edir ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi həmin şəxsin müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyatdan çıxarılması üçün əsasdır.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən Qərarında vurğulanır ki...“Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir.
49. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur.
50. Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər.
51. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ :
İddiaçı iddia tələbi təmin olunmasın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Rübabə Qafarova