Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3407/2024 24.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsinə, mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı "xxxx" QSC-nin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 14/15, ev 9 ünvanında yerləşən, ümumi sahəsi 104.55 kv.m-dən ibarət olan 34 saylı mənzildən Cavabdeh istifadə hüququna xitam verilməsi, cavabdehin həmin mənzildən çıxarılması, mənzilin boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi, həmçinin ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı QSCyə ödənilməsi. İddia tələbinin dəlilləri X4 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 104.55 kv.m. olan mənzil İddiaçı QSC-yə bağışlanmışdır. Bundan sonra Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********82-05101-091001 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla İddiaçı QSC-nin həmin mənzilin üzərindəki mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Buna baxmayaraq sözügedən mənzil İddiaçı QSC-yə (hədiyyə alana) təhvil verilməmişdir. Hal-hazırda hədiyyə verən X4 özü həmin mənzildə yaşamasa da, qeyd olunan mənzil onun yaxın qohumu Cavabdeh tərəfindən istifadə edilməkdədir. İddiaçı tərəfindən cavabdehlə mənzilin İddiaçı QSC-yə təhvil verilməsi barədə danışıqların aparılması cəhdləri göstərilsə də, mənzilin qapısı bağlı olduğundan, həmçinin telefon zənglərimizə cavab verilmədiyindən belə danışıqlar baş tutmamışdır. Buna görə də “Aqrarkredit" QSC cavabdehə 13 may 2024-cü il tarixli, 13-7/2- 3-15/1179/2024 nömrəli rəsmi xəbərdarlıq məktubu göndərmiş, xx.xx.2024-cü il tarixdə “ünvan bağlı” qeydi ilə həmin xəbərdarlıq məktubu qeri qaytarılmışdır. DİN-in ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan göründüyü kimi ünvan 1 ünvanında yerləşən sözügedən mənzildə Cavabdeh qeydiyyatdadır. İş materialları xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Hədiyyə verən X4 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 104.55 kv/m, yaşayış sahəsi 75.55 kv/m, yardımçı sahəsi 29 kv/nl olan 5 otaqlı mənzilin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) “Hədiyyə alanın'' “Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatının mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 1 “Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatının adına dövlət mülkiyyət hüququ ilə qeydiyyatdan keçirilmişdir. “Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatının xx.xx.2024-cü il tarixli Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, İddiaçı QSC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini 10 gün ərzində boşaldaraq İddiaçı QSC-yə təhvil verməsi tələb olunur, əks halda tərəfindən hüquqi tədbirlər görülməsi barədə məlumat verilmişdir. 7360517 aylı «yaşayış yeri üzrə qeydiyyat haqqında» arayışdan görünür ki, ünvan 1də X7 və Cavabdeh qeydiyyatdadır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli 2(102)- 2640/2022 saylı qərarından görünür ki, iddiaçı “Aqrarkredit" QSC BOKT tərəfindən verilmiş kassasiya şikayəti təmin ediliməmiş, Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)- 10120/2021 nömrəli mülki iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə (ilk iddianın təmin olunmayan hissəsində) dəyişdirilmədən saxlanılmışdır. Tərəflərin izahatları İddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X4 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 104.55 kv/m, yaşayış sahəsi 75.55 kv/m, yardımçı sahəsi 29 kv/nl olan 5 otaqlı mənzili iddiaçı “Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatına bağışlamışdır. Hazırda həmin mənzil iddiaçı Bankın mülkiyyətindədir. Cavabdeh mənzilin keçmiş sahibi X2 ərinin qardaşıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol. Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə qeyd edir ki, yaşayış sahəsindən çıxarılma ilə bağlı tələb tədqiq edilərkən ilk növbədə şəxsin həmin yaşayış sahəsinə münasibətdə istifadə hüququnun olubolmaması müəyyən edilməlidir. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, xx.xx.2021-ci il tarixində X4 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 14/15, ev 9, 34 saylı mənzili iddiaçı “Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatına bağışlamışdır. Hazırda həmin mənzil iddiaçı Bankın mülkiyyətindədir. Cavabdeh mənzilin keçmiş sahibi X2 ərinin qardaşıdır. Məhkəmə, qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, mübahisəli mənzil tam mülkiyyət hüququ ilə iddiaçıya məxsus olduğundan, mənzilin keçmiş mülkiyyətçisi və orada yaşayan digər şəxslər mənzilin bağışlanması ilə mənzilə münasibətdə bütün hüquqlarını itirmişlər. Məhkəmə həmçinin qeyd edir ki, iş materialları ilə Cavabdeh həmin mənzildən istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması da müəyyən edilmir. Belə ki, tərəflər arasında bununla bağlı razılaşma olmayıb. Deməli, cavabdehin hazırda həmin mənzilə münasibətdə istifadə hüququ yoxdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarının 23- 6 cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Beləliklə, həm daxili, həm də beynəlxalq qanunvericiliyin prinsipləri mülkiyyət hüququna müstəsna hüquq kimi yanaşaraq, mülkiyyətin toxunulmazlığına təminat verməklə onun kənar müdaxilələrdən qorunmasına istiqamətlənmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildə formal olaraq qeydiyyatda qalmaları mənzilin mülkiyyətçisi olan iddiaçının mülkiyyət hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir”. Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı” işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə həmçinin qeyd edir ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, şəxsin yaşayış sahəsinə istifadə hüququnun olmaması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi həmin şəxsin müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Məhkəmənin gəldiyi nəticə Cavabdeh iddiaçı "xxxx" QSC-nin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 14/15, ev 9 ünvanında yerləşən, ümumi sahəsi 104.55 kv.mdən ibarət olan 34 saylı mənzil üzərində istifadə hüququ olmadığından o, mənzildən çıxarılmalı, mənzil boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməli, həmçinin ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" QSC-nin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 14/15, ev 9 ünvanında yerləşən, ümumi sahəsi 104.55 kv.mdən ibarət olan 34 saylı mənzil üzərində istifadə hüququ olmadığından o, mənzildən çıxarılsın, mənzil boşaldılaraq İddiaçı QSC-yə təhvil verilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-3407/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3407/2024
24.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver