Məhkəmə qərarları › İş №e-2(010)-3470/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3470/2025

11.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3470/2025 11.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Fəridə İslam qızı İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi. İddia tələbi İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı subroqasiya qaydasında pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1500 manat məbləğində pul vəsaiti və ödənilmiş 35 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları Cavabdehə məxsus, buraxılış ili 1997-ci il olan “Mercedes Benz 230” minik markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021 – xx.xx.2022-ci il tarixlərini əhatə edən dövr ərzində (sığorta müddətində) əmlaka vurulan zərərə görə 5000 manat məbləğində (sağlamlığa vurulan zərərə görə - 1 şəxs üçün 5000 manat, 1 hadisə üçün 50000 manat) iddiaçı tərəfindən icbari qaydada sığortalanmışdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Hövsan qəsəbəsi ərazisində iddiaçı tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Mercedes Benz 230” minik markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində piyada X5 az ağır dərəcəli xəsarət almış (AR Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4”nin ekspert rəyi iş materiallarına əlavə edilmişdir) və sağlamlığa dəyən zərərə görə ümumilikdə 1500 manat məbləğində sığorta ödənişi müvafiq olaraq X3 hesabına köçürülmüşdür. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-118/2023 nömrəli hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 02 il, 06 ay müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi hökm edilmişdir. İddia ərizəsi və ona etirazın dəlilləri a)iddia ərizəsinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində saat 15:00 radələrində Bakı şəhəri, Hövsan qəsəbəsi ərazisində cavabdeh tərəfindən idarə olunan və iddiaçı tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Mercedes Benz 230” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində piyada X5 az ağır dərəcəli xəsarət almışdır. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş İş № 1(010)-118/2023 saylı hökmə əsasən, cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Bununla əlaqədar olaraq, iddiaçı tərəfindən iş üzrə PXA133162 saylı sığorta aktı tərtib edilməklə piyada qismində olan X2 aldığı xəsarətə görə 1500 manat sığorta ödənişi ödənilmişdir b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin iddia tələbinə qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər AR DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AD N seriyalı, 326442 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, buraxılış ili 1997-ci il olan, qara rəngli, “Mercedes Benz 230” minik markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdehin adına qeydə alınmışdır. PXA********** nömrəli, xx.xx.2021-ci il tarixli icbari sığorta müqaviləsinə dair çıxarışdan müəyyən olunur ki, cavabdehə məxsus, buraxılış ili 1997-ci il olan “Mercedes Benz 230” minik markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021 – xx.xx.2022-ci il tarixlərini əhatə edən dövr ərzində (sığorta müddətində) əmlaka vurulan zərərə görə 5000 manat məbləğində (sağlamlığa vurulan zərərə görə - 1 şəxs üçün 5000 manat, 1 hadisə üçün 50000 manat) icbari qaydada sığortalanmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-118/2023 nömrəli hökmündən müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 02 il, 06 ay müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi hökm edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 1047 nömrəli ekspert rəyindən müəyyən olunur ki, ekspert tədqiqata təqdim edilmiş şəxsin məhkəmə-tibbi ekspertizası nəticəsində 2011-ci il təvəllüdlü azyaşlı X2 tibbi sənədlərdə qeyd olunanlara əsasən, qərarda göstərilən məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlmişdir – azyaşlı F.R. Əlizadənin bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol bud sümüyünün orta yuxarı 1/3-nin qəlpəli yerdəyişmiş açıq sınığı, sol bud və baldır nahiyələrinin əzilmiş-cırılmış yaraları, sol ayağın sıyrığı; qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər. Dərəcəsinə görə sol bud sümüyünün orta yuxarı 1/3-nin qəlpəli yerdəyişmiş açıq sınığı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, sol bud və baldır nahiyələrinin əzilmiş-cırılmış yaraları hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, sol ayağın sıyrığı sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İddiaçı tərəfindən tərtib olunmuş PXA133162 nömrəli sığorta aktından müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Hövsan qəsəbəsi ərazisində iddiaçı tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Mercedes Benz 230” minik markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində piyada X5 az ağır dərəcəli xəsarət almış (AR Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4”nin ekspert rəyi iş materiallarına əlavə edilmişdir) və sağlamlığa dəyən zərərə görə ümumilikdə 1500 manat məbləğində sığorta ödənişi müvafiq olaraq X3 hesabına köçürülmüşdür. AZ68HAJC******************** nömrəli kart hesabından xx.xx.2025-ci il tarixli çıxarışdan müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2203-cü il tarixdə yuxarıda qeyd olunan hesaba “TRN:********************1/EMEK_HAQQİ/XALQ SİGHORTA/null” təyinatı ilə 1500 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. xx.xx.2023-cü il tarixli, 05/01-846 nömrəli xəbərdarlıqdan müəyyən olunur ki, cavabdehə subroqasiya qaydasında ödənilmiş 1500 manat məbləğində pul vəsaitinin 7 (yeddi) iş günü müddətində iddiaçıya ödənilməli olması bildirilmiş, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli, **********41 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən məhkəməyə ərizə ilə müraciət edilməsi üçün 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 84.2. Məhkəmə tapşırığının yerinə yetirilməsi haqqında qərardad qəbul edilir və həmin qərardad dərhal bütün materiallarla birlikdə işə baxan məhkəməyə göndərilir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13.2. Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Maddə 14.2. Sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir: 14.2.5. yüngül xəsarət alması – 15 faiz. Maddə 23.1. Sığortaçının aşağıdakı hüquqları vardır: 23.1.6. sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək; Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Belə ki, sığortalı (faydalanan şəxs) əksər hallarda ona vurulmuş zərəri əhatə edən sığorta ödənişini almaqla, sonrakı tutulmaya marağını itirir. Nəticədə zərər vuran şəxs məsuliyyətdən yayına bilər. Yalnız subroqasiya zərər vuran şəxsdən zərərin əvəzinin tutulmasını təmin edir. Mahiyyətcə, subroqasiya tələb hüququnun güzəştidir (sessiya). Ona görə də sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. Belə ki, tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, cavabdeh xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Hövsan qəsəbəsi ərazisində iddiaçı tərəfindən mülki məsuliyyəti PXA********** nömrəli müqavilə ilə icbari qaydada sığorta olunmuş, özünə məxsus “Mercedes Benz 230” minik markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərək piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş və baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində piyada X1 az ağır dərəcəli xəsarət yetirmişdir. X6 sağlamlığına vurulan xəsarətin ağırlıq dərəcəsi və xarakteri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 1047 nömrəli ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Həmin yolnəqliyyat hadisəsinin baş verməsində cavabdehin təqsiri Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-118/2023 nömrəli hökmünə əsasən sübuta yetirilmiş, cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 02 il, 06 ay müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi hökm edilmişdir. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Cavabdehin təqsiri, yəni onun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi, həmçinin faydalanan şəxslərin zərərvuran şəxs-cavabdehə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıyaiddiaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçdiyindən və işdə bunun əksini təsdiq edən sübutlar olmadığına görə iddia tələbi təmin edilməlidir. Həmçinin, məhkəmə tərəfindən işin faktiki hallarının araşdırılması nəticəsində, hüquq qaydasının pozulması halı (hüquqa zidd əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi), həmin hadisəsinin baş verməsində hazırkı iş üzrə cavabdehin təqsirinin olması (həmin hüquqa zidd əməli törədərkən iradəsində nöqsan olması), təqsirli olaraq törədilmiş hüquqa zidd əməl nəticəsində zərərçəkmiş şəxsə zərər vurulması və törədilmiş əməllə vurulmuş zərər arasında səbəbli əlaqənin olması, həmçinin iddiaçı tərəfindən vurulmuş zərərin əvəzinin zərərçəkmiş şəxsə sığorta ödənişi təyinatı ilə ödənilməsi və subroqasiya qaydasında həmin ödənişin geri tələb hüququnun əldə edilməsi öz təsdiqini tapmış, qeyd edilənlərin əksini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları müəyyən edilmiş və həmin məcəllənin 25.1.2-ci maddəsində bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yaranması imperativ olaraq təsbit edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh cinayət qanunu ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməkdə təqsirli bilindiyindən, hüquqa zidd əməl nəticəsində dəymiş zərər sığortaçı tərəfindən zərəkçəkmişə ödənildiyindən və həmin məbləğdə zərəri tələb etmə hüququ subroqasiya qaydasında iddiaçıya keçdiyindən 1500 manat məbləğində vurulmuş zərər və 35 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 384-6.1, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1500 (min beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 35 (otuz beş) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar