Məhkəmə qərarları › İş №e-2(010)-3481/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-3481/2023

21.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3481/2023 21.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdıraraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən subroqasiya hüquqi ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə cavabdehlərdən 1290 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 32.9 manat, müvəqqəti təminat tədbiri ilə bağlı ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 10 manat, ümumilikdı 1332.9 manat pulun "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə məhkəməyə təqdim edilərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin aşağıda göstərilən tələbləri pozulduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. 1) Elektron qaydada məhkəməyə təqdim edilmiş iddia ərizəsindən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti adından iddia ərizəsini imzalayan şəxsin "xxxx" ASC-nin İdarə Heyətinin sədri Fuad Allahverdiyev olduğu qeyd edilmişdir. İddia ərizəsinə həmin şəxsin iddiaçı Cəmiyyət adından bu ərizəni imzalamağa səlahiyyətinin olduğunu təsdiq edən sənəd (X1 "xxxx" ASC-nin qanuni təmsilçisi olduğunu göstərən reyestrdən çıxarış) əlavə edilmişdir. Lakin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəni elektron qaydada imzalayan şəxs X2 yox, X4 adlı başqa bir şəxsdir. Hansı ki, həmin şəxsin "xxxx" ASC adından iddia ərizəsi imzalamaq səlahiyyəti olduğunu təsdiq edən heç bir sənəd ərizəyə əlavə edilməmişdir. Nəzərə alınmalıdır ki, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.6-cı maddəsinə əsasən, elektron imza sahibi - öz adından və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona səlahiyyət vermiş şəxs adından çıxış edən fiziki şəxsdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi səlahiyyətli şəxs tərəfindən imzalanmadan məhkəməyə verilmişdir. 2) Mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydalarına düzgün riayət edilməmiş, iş materiallarına iddiaçı tərəfindən məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət etməzdən əvvəl subroqasiya qaydasında tələb edilən pulla bağlı hər iki cavabdehə məlumat verildiyini, onlardan bu pulun ödənilməsinin tələb edildiyini təsdiq edən sənədlər əlavə edilməmişdir. İddia ərizəsinə iddiaçı tərəfindən yalnız Cavabdeh1 ünvanlanmış xəbərdarlıq məktubu əlavə edilmişdir ki, bu məktubun da həmin cavabdehə göndərildiyini təsdiq edən heç bir sənəd ərizəyə əlavə edilməmişdir. Nəzərə alınmalıdır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən, bu Qanundan irəli gələn mübahisələr, tərəflər arasında danışıqlar yolu ilə tənzimlənməsi mümkün olmadıqda, səlahiyyətli orqanlar tərəfindən, o cümlədən məhkəmə qaydasında həll edilir. Göründüyü kimi hazırkı mübahisəyə birbaşa tətbiq edilməli olan qanunda mübahisənin ilk öncə danışıqlar yolu ilə tənzimlənməsi, yəni məhkəməyə qədər nizama salınma qaydasına riayət edilməsi, bu mümkün olmadıqda məhkəməyə müraciət edilməsi nəzərdə tutulmuşdur. İddiaçı "xxxx" ASC isə bu qaydaya riayət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Belə olan halda iddia ərizəsi mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət edilmədən məhkəməyə təqdim edilmiş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 149. İddia ərizəsinin forması və məzmunu. 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat. Maddə 150. İddia ərizəsinə əlavə edilən sənədlər. 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir). Maddə 151. İddia ərizəsinin mümkünlüyü. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda. 152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər bu iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən ödənilmiş dövlət rüsumu ilə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D I: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ödənilmiş 32.9 manat (otuz iki manat doxsan qəpik) məbləğində dövlət rüsumu (ödənişin tarixi: xx.xx.2023; qəbzin nömrəsi: **********) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar