Məhkəmə qərarları › İş №e-2(010)-3531/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3531/2023

19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3531/2023 19.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçının nümayəndəsi X9, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə cavabdehlərdən 1290 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 32.9 manat, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 10 manat, ümumilikdə 1332.9 manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış Cavabdeh1 məxsus “Toyota Prius” markalı, 77 ВR 802 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı-Qaraçuxur yolunda Cavabdeh2 tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “X11” markalı, ** SU *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “X11” markalı, ** SU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 1290 (bir min iki doxsan) manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Suraxanı rayon DYPŞ-nin TP ******* saylı X12 Haqqında Qərarında müəyyən edilmişdir ki, “Toyota Prius” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh2 Səfər oğlu hadisə yerindən yayınmışdır. "xxxx" ASC tərəfindən 01 fevral 2023-ci il tarixli, 0100/23 nömrəli məktubla Cavabdeh2 1290 (bir min iki yüz doxsan) manat məbləğində subroqasiya hüququ ilə əlaqədar pul tələbi irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin hal-hazırkı tarixədək cababdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələbi təmin olunmadığından həmin tələbin məhkəmə qaydasında təmin olunması zərurəti yaranmışdır.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edərək bildirdi ki, digər Cavabdeh1 tanımır. Hadisə vaxtı idarə etdiyi avtomobil X6 məxsus olmuş, özü isə həmin avtomobili etibarnamə əsasında idarə edərək, ona aylıq icarə haqqı ödəmişdir. Hadisənin baş verməsində təqsirli olduğundan iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi.

5. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil iddianı qəbul etməyərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi Cavabdeh1 iş üzrə digər Cavabdeh2 tanımır. Belə ki, Cavabdeh1 özünə məxsus avtomobili X10 adlı şəxsə satmış, bu zaman aralarında faktiki alqı-satqı olsa da, bu rəsmiləşdirilməmiş, alqı-satqı etibarnamə əsasında baş tutmuşdur. Həmin vaxtdan avtomobil faktiki olaraq X1. Zərərin vurulmasında Cavabdeh1 heç bir təqsiri olmamışdır. Odur ki, məhkəmədən iddianın müdafiə etdiyi şəxsə münasibətdə təmin edilməməsini xahiş etdi.

İş materialları.

6. İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Toyota Prius(hibrid)” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasında 12 ay müddətinə sığortalı X3 adına "xxxx" ASC-də avtonəqliyyat vasitələsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır.

7. Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş və hazırda qüvvədən düşmüş xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh1 mülkiyyətində olan “Toyota Prius (hibrid) minik” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti Cavabdeh2 etibar edilmişdir. Etibarnamə 1 il müddətinə verilmiş və xx.xx.2023-cü il, saat 23:59-dək qüvvədə olduğu göstərilmişdir. Etibarnaməni Cavabdeh1 adından onun verdiyi etibarnamə əsasında hərəkət edən nümayəndəsi X10 imzalamışdır. Etibarnamə haqqında məlumat: Bakı şəhəri 23 saylı notariat ofisi, tarix xx.xx.2021.

8. "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, X10 adına "xxxx" ASC tərəfindən sığorta edilmiş və hadisə vaxtı Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi “Toyota Prius (hibrid) minik” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2022-ci il, saat 11:00-da Bakı şəhəri, Suraxanı- Qaraçuxur yolunda X4 məxsus “X11” markalı, ** SU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq avtomobilə 1290 manat məbləğində zərər vurmuşdur. "xxxx" ASC tərəfindən ödənilməli sığorta ödənişinin məbləği dəymiş zərər məbləğində müəyyən edilmiş və X7 (köçürmə yolu ilə) ödənilməsi göstərilmişdir.

9. "xxxx" ASC tərəfindən tərtib edilmiş 3826/2022 nömrəli qiymətləndirmə aktından görünür ki, xx.xx.2022-ci il tarixdə məlumat verilmiş hadisədən sonra xx.xx.2022-ci il tarixdə keçirilmiş qiymətləndirmə nətiəsində “Mercedes Benz” markalı, ** SU *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin qiyməti 460 manat, təmir işlərinin qiyməti isə 830 manat məbləğində olmaqla, dəymiş zərər cəmi 1290 manat məbləğində qiymətləndirilmişdir.

10. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 4159 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X5 hesabına 1290 manat məbləğində sığorta ödənişi edilmişdir.

11. Bakı şəhəri Suraxanı rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli X12 haqqında qərardan görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə, saat 11:00-da Qaraçurur ərazisində “Toyota Prius (Hibrid) minik” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi qaydalarını pozması və yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş və 100 manat məbləğində inzibati cərimə edilmişdir.

İşin faktiki halları.

12. Cavabdeh1 öz mülkiyyətində olan “Toyota Prius” markalı, 77 ВR 802 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmə səlahiyyətini xx.xx.2021-ci il tarixli etibarnamə əsasında X6 etibar etmişdir.

13. “Toyota Prius” markalı, 77 ВR 802 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022xx.xx.2023-cü il tarixləri arasında "xxxx" ASC tərəfindən sığortalanmış, sığortalı şəxs X10 olmuşdur.

14. X10 avtomobilin mülkiyyətçisi Cavabdeh1 tərəfindən ona verilmiş etibarnamə əsasında “Toyota Prius” markalı, 77 ВR 802 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyətini xx.xx.2022-ci il tarixli etibarnamə əsasında Cavabdeh2 etibar etmişdir.

15. Cavabdeh2 xx.xx.2022-ci il tarixdə, saat 11:00-da Qaraçuxur qəsəbəsi ərazisində idarə etdiyi “Toyota Prius” markalı, 77 ВR 802 dövlət qeydiyyat nişanlı avtomobillə ara məsafəsi qaydalarını pozmuş, nəticədə X7 məxsus “X11” markalı, ** SU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə yerindən yayınmış, nəticədə İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək 100 manat məbləğində inzibati tənbeh edilmişdir.

16. xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “X11” markalı, ** SU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə avtomobilin mülkiyyətçisi X7 "xxxx" ASC tərəfindən 1290 manat məbləğində sığorta ödənişi edilmişdir.

Tətbiq edilən hüquq.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 936. Subroqasiya hüququ. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

18. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı.

Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir... Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.

19. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 23. Sığortaçının hüquq və vəzifələri. 23.1. Sığortaçının aşağıdakı hüquqları vardır: 23.1.6. sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək. Maddə 25. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları. 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Maddə 63. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququ. 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.

Məhkəmənin mövqeyi.

22. İşin faktiki hallarından görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş və başqa bir avtomobilə zərər dəyməsi ilə nəticələnmiş yol nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olmuş və o, hadisə yerindən yayınmışdır. Eyni zamanda, Cavabdeh2 idarə etdiyi avtomobilin sığortaçısı olan iş üzrə iddiaçı "xxxx" ASC tərəfindən hadisə nəticəsində digər avtomobilə dəymiş zərərə görə avtomobilin mülkiyyətçisinə 1290 manat məbləğində sığorta ödənişi edildiyi də iş materiallarından görünür.

23. Sığorta hadisəsi zamanı sürücünün hadisə yerindən yayınması “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsinə əsasən sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququnu yaradır. Belə olan halda iddiaçı "xxxx" ASC Cavabdeh2 təqsirli olaraq törətdiyi və sonrasında hadisə yerindən yayındığı yol nəqliyyat hadisəsi nəticəsində zərər dəymiş avtomobilə görə ödədiyi 1290 manat məbləğində sığorta ödənişini Cavabdeh2 tələb etməkdə haqlı olmuşdur.

24. Digər Cavabdeh1 münasibətdə məhkəmə qeyd edir ki, bu cavabdeh, digər Cavabdeh2 yol nəqliyyat hadisəsi törətdiyi “Toyota Prius” markalı, 77 ВR 802 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisidir və mülkiyyətçi olduğuna görə müvafiq sığorta ödənişi subroqasiya qaydasında həm də ondan tələb edilmişdir.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda (§ 18) istinad edilmiş qərarında qeyd edilir ki, qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir... Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.

26. Cavabdeh1 avtomobilin mülkiyyətçisi olduğundan onun yüksək təhlükə mənbəyinə sahibliyinin hüququ əsasını mülkiyyət hüququ təşkil edir. Lakin məhkəmə hesab edir ki, onun avtomobilə sahibliyinin maddi şərti təmin olunmamışdır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh1 mülkiyyətində olan “Toyota Prius” markalı, 77 ВR 802 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnu xx.xx.2021-ci il tarixli etibarnaməyə əsasən X10 adlı şəxsə etibar etmişdir. Həmin şəxs də bu etibarnamə əsasında avtomobilin mülkiyyətçisi adından bu iş üzrə cavabdeh olan Cavabdeh2 etibarnamə vermişdir. Mülkiyyətçinin avtomobili idarə etmək hüququnu kimə(lərə)sə etibar etməsi onun avtomobil üzərində sahibliyini (hakimiyyətə malik olmasını) mütləq qaydada istisna etməsə də, hazırkı işin hallarından görünür ki, Cavabdeh1 hadisə baş verən vaxt avtomobil üzərində hakimiyyətə malik olmamışdır. İş materiallarından görünür ki, Cavabdeh1 avtomobili idarə etmək hüququnu xx.xx.2021-ci il tarixdə X6 etibar etdikdən sonra, sonuncu bu hüququ xx.xx.2022-ci il tarixli etibarnamə əsasında Cavabdeh2 etibar etmişdir. Bundan tam üç ay sonra - xx.xx.2022-ci il tarixdə avtomobil "xxxx" ASC tərəfindən sığortalanarkən də sığortaçı qismində avtomobilin mülkiyyətçisi kimi Cavabdeh1 yox, Aydın Quliyevin adı qeyd edilmişdir. Bundan əlavə, məhkəmə iclasında izahat verərək iddianı qəbul edən Cavabdeh2 avtomobilin mülkiyyətçisi kimi Cavabdeh1 tanımadığını, avtomobili X10 adlı şəxsdən icarəyə götürdüyünü və hər ay ona icarə haqqı ödədiyini bildirmişdir. İddianın hər iki cavabdehə qarşı qaldırıldığı nəzərə alınsa, Cavabdeh2 digər cavabdehi avtomobilin mülkiyyətçisi kimi tanımadığını, dolayısı ilə baş vermiş hadisəyə digər cavabdehin heç bir aidiyyətinin olmadığını bəyan etməsi ilk növbədə Cavabdeh2 özünün maraqlarına uyğun olmadığından məhkəmə onun izahatını səmimi hesab edir. Bundan əlavə, avtomobillərin etibarnamə əsasında “alqı-satqısı” təcrübəsi ölkədə geniş yayılmış təcrübə olduğundan Cavabdeh1 etibarnamə əsasında Aydın Quliyeva “satdığı” avtomobilin sonuncu tərəfindən iş üzrə digər Cavabdeh2 “icarəyə verilməsi” inandırıcı hesab edilməyə bilməz.

27. İşin bütün bu hallarını nəzərə alan məhkəmə hesab edir ki, Cavabdeh1 yüksək təhlükə mənbəyi olan avtomobil üzərində sahibliyinin maddi şərti təmin olunmamışdır. Belə ki, o, yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmamış, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmamış və ondan yararlanmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 Mülki Məcəllənin 1108-ci maddəsi baxımından avtomobilin sahibi hesab edilə bilməz. Odur ki, iddianın həmin cavabdehə qarşı yönəlmiş hissəsinin təmin edilməsi istisna edilir.

Məhkəmə xərcləri.

28. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 32.9 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ödənilmiş məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müvafiq iddia qiymətinə uyğun olmuşdur.

29. İddia yalnız Cavabdeh2 yönəlmiş hissədə təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 32.9 manat məbləğində dövlət rüsumu məhz həmin cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

30. İddia tələbindən görünür ki, iddiaçı "xxxx" ASC, bu iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən ödənilmiş dövlət rüsumundan əlavə, bu iş üzrə müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunu da cavabdehlərdən tələb etmişdir. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-16(010)-156/2023 nömrəli qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki iş üzrə müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair iddiaçı tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən təmin edilməmiş müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərkən ödənilmiş dövlət rüsumu ərizəçiyə (iddiaçıya) aid edilməli, həmin rüsum cavabdehlərdən tutulmamalıdır.

Məhkəmənin gəldiyi nəticə.

31. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 1290 manat məbləğində pul və 32.9 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

32. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh2 1290 (min iki yüz doxsan) manat məbləğində pul və 32.9 manat (otuz iki manat doxsan qəpik) məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar