Məhkəmə qərarları › İş №e-2(010)-3648/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3648/2022

16.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3648/2022 16.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh vurulmuş mənəvi zərərə görə 2000 (iki min) manat məbləğində vəsaitin tutulması. İddia tələbinə dair dəlillər Cavabdeh dəfələrlə iddiaçıya qarşı şərəf və ləyaqətini alçaldan, kütlə arasında təhqiredici ifadələr işlədərək şər və böhtan atmaqla, iddiaçını nüfuzdan salan hərəkətlər etmişdir. Hətta kütləvi informasiya vasitələrində yazılar dərc etmişdir. İddiaçını ağır cinayətlərdə ittiham etməklə polisə, məhkəmələrə vermişdir. Cavabdehin növbəti hərəkəti xx.xx.2022-ci il tarixdə təxminən saat 17 radələrində Qaraçuxur qəsəbəsi, 104 saylı məktəbin yaxınlığında yerləşən iddiaçıya məxsus qarajdan avtomobilini çıxartmaq istəyən zaman baş vermişdir. Cavabdeh iddiaçıya məxsus qaraja yaxınlaşıb iddiaçını hamının eşidə biləcəyi formada, uca səslə söyüb təhqir etmişdir. Cavabdeh sonra özü-özünə müxtəlif xəsarətlər yetirmiş, polisə müraciət etmişdir. Ekspertin rəyindən məlum olmuşdur ki, xəsarəti özü-özünə yetirə bilər. Belə ki, iddiaçı ilə onun arasında olan maşın qarajına görə mübahisələr, məhkəmə çəkişmələri 2010-cu ildən başlamış və nəhayət 2021-ci ildə son məhkəmə iclası keçirilmişdir. Bu illər ərzində 21 dəfə məhkəmə hərəkətləri olmuşdur. Şoşanovanın bu illər ərzində iddiaçıya maşın qarajına görə məhkəmələr qarşısında qaldırdığı iddialara, dəfələrlə baxılmış və onun iddiaları rədd edilərək, iddiaçının xeyrinə qərarlar çıxarılmışdır. Ona görə də Cavabdeh öz çirkin əməllərindən və iddiaçıya qarşı şər- böhtanlarından əl çəkmir, hər cür vasitə ilə ləkələməyə çalışır. Cavabdeh məhkəmələrin çıxardığı hüquqi qüvvəyə minmiş qərarlarına etinasız yanaşır, qadınlığından istifadə edərək iddiaçını şərləyib, ləkələməklə qanunların əksinə hərəkət edir. Cavabdehin bu hərəkəti iddiaçının şərəf, ləyaqət və işgüzar nüfuzuna xələl gətirən, sarsıntı, iztirab keçirməsinə səbəb olmuş hərəkətlərdir. Bu hərəkətlərin nəticəsində iddiaçıya mənəvi zərər vurulmuşdur. İddia tələbinə etirazın dəlilləri Cavabdeh məhkəməyə təqdim etdiyi etirazdan görünür ki, İddiaçı Bakı Apellyasiya məhkəməsinin MK-nın xx.xx.2011-ci il tarixli 2(103)-1201/2011-ci il tarixli qətnaməsinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2011-ci il tarixli, 2(102)-3080/2011 nömrəli qərarına məhəl qoymur. Əmlakını mənimsəmək məqsədilə ona məxsus olmayan, Bakı şəhər İcra hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsinin yardımçı təsərrüfat otağının tikintisinə (qaraj kimi istifadəsi qadağandır qeyd edilmiş) icazə məktubunun əsasında, mənzilinin ünvanına Suraxanı RİH tərəfindən keçmiş həyat yoldaşı X1 adına verilmiş sərəncam əsasında, nikah dövründə əldə edilmiş, 1998-ci ildə tikdirdiyi yardımçı təsərrüfat otağını tərk etmir. Əmlakını ələ keçirmək üçün, dəfələrlə ona hədəqorxu, təhqir, təzyiqlər etmişdir. Əmlakından oğurluq təhqiqatı aparıldığı müddətdə təhqiqatçı ona zəng etdiyində “siz orada bir erməni qəhbəsi ilə bacarmırsınız?” deyə böhtan atmış və təhqir etmişdir. Əmlakını ələ keçirmək üçün dəfələrlə ona hədə-qorxu gəlib, sahə rəisinin yanına idarədən qohumu polis işçisini gətirərək onu qoca dəli arvad kimi tanıtmış, hədə-qorxu gəlməsini istəmişdir. Nəticə də polislər (Pərviz, Mamed, Ayaz) tərəfindən “sən bu əmlakdan əl çəkməsən, həbs ediləcəksən, şərləyəcəyik, döyüləcəksən, fikirləş, çox pis olacaq” hədə-qorxu gəliblər. Telefonla zəng etdirib qızları ilə hədələnmişdir. Mənzilinin işıq xətti dibindən kəsilib. 2019-cu ildə İddiaçı məhkəməyə müraciətində 5000 manat məhkəmələrə, 2500 manat polisə rüşvət verdiyini etiraf edərək qarşılıqlı iddia vermişdir. Təhqiqatda oğurluq faktı sübut olunmuş və cinayət işi başlanması üçün RPİ-yə göndərilmişdir. Rüşvət qarşılığında saxta akt tərtib edərək cinayət işi başlanılması rədd edilmişdir. Yarımçıq mil dəftər vərəqində yazılmış və eyni xətlə imzalanmış aktda imzanın keçmiş həyat yoldaşına aid olmadığını gördükdə xəttişünaslıqla formatlı kağızda kompyuterdə tərtib edilmiş ikinci saxta akt peyda oldu və bu dəfə də üçüncü şəxs 2014-cü ildə dünyasını dəyişdiyindən onun əvəzindən imzaya oxşamayan qaralama edilir. Prokurorluq 10 dəfə Suraxanı RPİ-nin qərarını ləğv etsədə, rüşvət öz işini gördü. xx.xx.2022-ci il tarixdə evə qayıdarkən saat 17 radələrində şəxsi əmlakı olan “yardımçı təsərrüfat otağı” İddiaçı tərəfindən növbəti dəfə açıldığını və içərisində qara rəngli avtomobil olduğunu təkrar görmüşdür. Təbii ki, əmlakının içərisinə girərək təcili avtomobili çıxartmasını və nə haqla onun əmlakının qapısını açdığını, təkrar açarını dəyişdiyini qışqıraraq soruşmuşdur. Əvəzində ona “kəs səsini, çıx burdan” deyə qışqırdı və o, onun əmlakından çıxmasını tələb etmişdir “sən çıxmalısan”. Yanındakı oğlana “gir onu çıxart” deyə müraciət etmişdir. O imtina etdikdə özü içəri keçib ona xəsarətlər yetirərək sürütləyib çıxartdı. Ona xəsarət yetirərkən qol saatı qırıldı və əks tərəfə uçdu və həmin oğlan içəridən saatını gətirib İlyasa verdi. O da saatı üstünə ataraq “götür zibilini” dedi və qarşılıqlı iradlar oldu. Nə söyüş nə də təhqir olmayıb. O, 102 polis xidmətinə zəng edərkən maşına oturub qaçdı. 5 dəfə 102 xidmətinə zəng etsə də, polis bölməsindən gələn olmadı və o, 1 saat gözlədikdən sonra əlində olan sumka, setka ilə polis bölməsinə getmişdir. Polis bölməsində Əli adlı təhqiqatçıdan nə üçün çağırışa gəlmədiklərini soruşmuş, onun şikayətinə Əlinin baxmasını istəmədiyini bildirmişdir. Otağa keçərkən hadisəni danışmış, əlindəki qırılmış saatı, qollarındakı xəsarətləri görmüş və yazmağa başladı. “Siz nə yazırsısnız?” sualına “ekspertizaya göndərirəm ki, xəsarətlərin təsdiqlənsin” cavabını verdi. O, İddiaçı əmlakına qanunsuz girdiyi, avtomobil saxladığı, ona güc tətbiq edərək əmlakından sürütləyib çıxardığı üçün cəzalandırılmasını tələb etmişdir. Səhəri gün Bakı Apellyasiya məhkəməsinin qətnaməsini təhqiqatçıya təqdim etmişdir. 15 iyul tarixdə polis bölməsinə gedərək təhqiqatçıdan işin nə yerdə olduğunu suruşmuş və o da bildirmişdir ki, hələ təhqiqat gedir. 29 iyul tarixdə məhkəməyə çağırış bildirişini aldıqda xx.xx.2022-ci il tarixdə qərar qəbul edildiyini görmüş və gedib qərarın nüsxəsini götürmüşdür. Bu günə qədər göndərilməyən. 18 iyul tarixində Prezident Administrasiyasında qəbulda təhqiqatın nəzarətə götürülməsini xahiş etmiş və rəsmi məktub göndərmişdir. Ekspertiza xəsarətləri təsdiqləsə də, “xx.xx.2022 tarixdə bərk küt əşyanın təsirindən törədə bildiyi və əl çatan nahiyəsində yerləşdiyindən, həmin xəsarətlər özü tərəfindən yetirilə bilər” qeydi onu çox təəcübləndirdi. Həkim ekspert xəsarətlərinin yüngül olduğunu bildirdi və o da cavab vermişdir ki, “öldürəsi deyildi ki”. Xəsarət yetirən şəxsin çox imkanlı birisi olduğunu da ekspertin nəzərinə çatdırmışdır. Nəticəsi çox gülünc rəy. Bunları dəqiqləşdirmək üçün İddiaçı avtomobolində olan videoregistratr və yol polisindən kamera görüntüləri tələb etmək məqsədə uyğun olardı. Təhqiqata verilən İsmayıl Qədirovun izahatı da yalandır. Hər ikisi tərəfindən xahiş yox, tələb olub. İlyas tərəfindən xəsarətlər yetirilərək sürütlənib çıxarılmışdır. O, niyə əmlakından çıxmalı idi? Maddi cəhətdən İddiaçı asılı olan biri məgər düzgün ifadə verər? Bu qərarda indiyə qədər gizlədilən sübut bir ifadə var. İddiaçı keşmiş həyat yoldaşı Ramiz Mustafayevdən ailəyə məxsus 1998-ci ildə Bakı şəhər Memarlıq idarəsinin razılıq “qaraj kimi istifadəsi qadağandır” qeyd edilmiş məktubu, Suraxanı RİHnin sərəncamı əsasında tikdirdiyi və 2008-ci ilə qədər 11000 ABŞ dolları məbləğində məişət əşyaları ilə dolu, iki otaqlı, su, kanalizasiya, işıq xəttləri çəkilmiş, arakəsmə otaqda seyf qapısı, mənzilinin ünvanının üstündə, istifadəsində olan yardımçı təsərrüfat otağını 14 500 ABŞ dolları məbləğində pula aldığını qeyd edir. R.Mustafayevin yardımçı təsərrüfat otağına sahiblik hüququ olmadığı üçün əmlakı sata bilməz. Ona görə də indiyə qədər alqısatqı müqaviləsi təqdim olunmamışdır. 07 dekabr 2010-cu il tarixli Suraxanı rayon məhkəməsinin qətnaməsində keçmiş həyat yoldaşım R.Mustafayevin əmlakımızı “əmisi nəvəsi olan İddiaçı pay vermişdir”, eyni qətanmədə “əvəzsiz qonşusuna pay vermişdir” yalanı qeyd edilib. Nə pay sənədi nə də qohumluq əlaqəsi olmadığı üçün sadəcə sövdələşmiş cinayət törədilib. 2008-ci ildə əmlak mübahisəsi ərəfəsində keçmiş həyat yoldaşı R.Mustafayev sərəncamlı əmlakını Azərbaycan Respublikasının MM-nin 146-cı maddəsini, daşınmaz əmlak üzərində sərəncam vermək hüququnu kobud şəkildə pozmuş, qanunsuz olaraq şifahi satmışdır. 2011-ci il Apellyasiya məhkəmə kollegiyası “yuxarıda göstərilən əsaslarla hesab edir ki, 1998-ci ildə R.Mustafayevin adına verilmiş sərəncam qanunvericiliyin müddəlarına uyğun olaraq həyata keçirilmişdir və onun etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyil”. Və “İ. Şahverdiyevin iddiası təmin edilməsin!” qeyd edilmişdir. 1998-ci il sərəncamı qüvvədədir. Azərbaycan Respublikası Ali məhkəməsi də bu qərarı qüvvədə saxlamışdır. Yardımçı təsərrüfat otağı dəyəri olan əmlakdır. İddiaçı yardımçı təsərrüfat otağını ələ keçirmək məqsədilə başqa ünvana qaraj kimi, imza icra başçısına aid olmayan və gerb möhürü olmayan saxta “sərəncam” əldə etmişdir. Polisə izahatında qeyd etmişdir. Əmlakın təyinatını dəyişmək, nə də kiminsə mövcud əmlakını satmaq icra hakimiyyətinin səlahiyyətində deyil. Suraxanı RİH-nin xx.xx.2013-cü il tarixli 1/1742 saylı məktubuna əsasən “Qaraçuxur qəs. C.Qurbanov 95/63 ünvanda yaşayan İddiaçı məxsus 24 kv.m-lik mövcud qarajın yerləşdiyi torpaq sahəsinə bağlanmış icarə müqaviləsi və buna əsas olan sənədlər olmadığından eyni zamanda xx.xx.2001-ci il tarixdən vətəndaşlara fərdi yaşayış və bağ evləri verilməsi səlahiyyətimizə aid olmadığından xahişinizin təmin edilməsi imkanımız xaricindədir.” Bir daha Suraxanı RİHnin İddiaçı heç bir sərəncam vermədiyini təsdiqləyir. Məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin izahatları İddiaçı iddianı müdafiə edərək, izahatında iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı vəkili Vəkil iddianı müdafiə edərək, izahatında iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiada göstərilənlər yalandır. İddiaçı oğrudur, rüşvətxordur, təsdiq edir bunları, qanunsuz işlər görür. Onun əmlakını oğurlamışdır. O, iddiaçı barəsində şikayət etmiş, lakin cinayət işi rədd olunmuşdur. O, iddiaçının şərəf və ləyaqətini alçaldacaq söz işlətməmiş, ona dələduz və onu alçaldacaq söz deməmişdir. O, iddiaçıya oğru, rüşvətxor deyib. Hər yerdə, həmişə deyib, indi də deyir ki, o, oğrudur və rüşvətxordur, çünki bu həqiqətən belədir. İş materiallarına əlavə edilmiş: Bakı şəhər BPİ-nin Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı S.Məmmədovun xx.xx.2015-ci il tarixdə verilmiş qərarından görünür ki, Cavabdeh yardımçı otağında olan şəxsi əmlakının 11.000 (on bır min) ABŞ dolları məbləğində məişət əşyalarının oğurlanması barədə müraciəti əsasında Suraxanı RPİ-nin 32-ci polis bölməsində araşdırma aparılmışdır. Həmin qərarla, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı əməllərində cinayət tərkibi olması öz təsdiqini tapmadığından cinayət təqibi üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə müvafiq olaraq rədd edilmişdir. Suraxanı rayon Polis İdarəsinin 32-ci PB-nin baş təhqiqatçısı polis mayoru Əli İsgəndərovun xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Bakı şəhəri, ünvan 2-da yaşayan Cavabdeh xx.xx.2022-ci il tarixdə Suraxanı RPİ-nin 32-ci PB-nə ərizə ilə müraciət edərək, xx.xx.2022-ci il tarixdə təxminən saat 17 radələrində ünvan 2 ünvanında üzərində yardımçı təsərrüfat otağında İddiaçı ilə aralarında mübahisə olmasını, İddiaçı onu əlləri ilə baş və bədəninin müxtəlif nahiyyələrinə vurmasını, itələməsini və başının divara dəyməsini bildirmişdir. Həmin qərarla, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh və İddiaçı şikayət ərizələri ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14 may 1999-cu il tarixli qərarında göstərilmişdir ki, “məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir:

1. məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi;

2. həmin məlumatların doğru olmaması;

3. bu məlumatların yayılması. …Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə, onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır”. Beləliklə, şərəf və ləyaqətin ləkələnməsini müəyyən etmək üçün məhkəmə tərəfindən yuxarıda qeyd olunan üç hal müəyyən edilməlidir. Bu üç haldan hər hansı birinin olmaması şərəf və ləyaqətin ləkələnməsini istisna edir.“ Məhkəmə məlumatın yayılması ilə bağlı qeyd edir ki, məlumatın yayılması dedikdə onların üçüncü şəxslərin nəzərinə çatdırılması və həmin şəxslərə bildirilməsi başa düşülür. Burada söhbət şəxsin şərəf və ləyaqətini pozan məlumatların bir neçə şəxsə və ya çoxsaylı şəxslərə bildirilməsindən gedir. Məlumatın heç olmazsa, hər hansı üçüncü şəxsə çatdırılması məlumatın yayılması sayılır. Ona görə də məlumatın bir nəfər şəxsə bildirilməsi onun yayılmayacağını istisna etmir. Həmçinin məhkəmə qeyd edir ki, hazırki iş üzrə məlumatın vətəndaşın şərəf və ləyaqətini ləkələməsi və bu məlumatın yayılması hallarını sübutmək yükü iddiaçının və həmin məlumatın doğru olub-olmaması halını sübutmək yükü cavabdehin üzərinə düşür. Hazırki işdə bu üç halın hər biri mövcuddur. Belə ki, məhkəmə müəyyən edir ki, Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında iddiaçının ünvanına "oğru, rüşvətxor" ifadələrini işlətməsini etiraf etməsi birinci halın mövcudluğuna dəlalət edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin Azərbaycan Respublikasının rayon (şəhər), inzibati, kommersiya və apellyasiya məhkəmələrinə ünvanlandırdığı əsaslandırılmış izah məktubunda qeyd olunur ki, ….göstərilən işlər üzrə məhkəmə təcrübəsi isə onu göstərir ki, bir çox hallarda ifadə və məlumatların məna, məzmun və ifadə tərzi baxımından şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsinin xüsusi bilik tələb edilmədən cəmiyyətdə mövcud olan sosial-əxlaqi dəyərlər baxımından qiymətləndirmə aparmaqla hakimin özü tərəfindən və bəzi hallarda “Azərbaycan dilinin izahlı lüğəti”ndən (http://www.azerbaycandili.azA/ocabularies/List linki üzrə yüklənilməsi mümkündür) istifadə etməklə asanlıqla müəyyən edilməsinin mümkünlüyünə baxmayaraq, iş üzrə məhkəmə-linqvistik ekspertizaları təyin edilir. Bu isə son nəticədə işlərə baxılmasında süründürməçiliyə və artıq vaxt itkisinə səbəb olur. Bununla yanaşı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən əldə edilmiş məlumata əsasən məhkəmə-linqvistik ekspertizalarının təyin edilməsi zamanı məhkəmələr tərəfindən xüsusi bilik tələb etməyən aydın anlaşılan söz və ifadələrlə bağlı (məs., "şərəfsiz”, “alçaq”, “dələduz", “həyasız", “qanmaz" və s. kimi) şərəf və ləyaqətin alçalması məsələsinə dair suallar qoyulmaqla yanaşı, bir sıra hallarda ekspert qarşısında hüquqi xarakterli və ekspertin xüsusi biliyindən kənar məsələlərə dair suallar qoyulur (məs., ifadələrdə təhqir cinayətinin tərkibi vardırmı”; ifadələr böhtan sayılırmı"), habelə şərəf və ləyaqətə toxunub-toxunmadığını müəyyən edilməsi xüsusi bilik tələb etməyən nalayiq şəkildə ifadə olunan sözlər və açıq söyüşlərdən ibarət materiallar təqdim edilərək (şifahi və ya yazılı şəkildə) müvafiq rəyin verilməsi tələb olunur. Bu baxımdan, məhkəmələrə qeyd edilən kateqoriya işlərə baxılarkən yuxarıda istinad edilən hallarda işin ağlabatan müddətdə baxılmasının qarşısını alan, lüzumsuz linqvistik ekspertizaların keçirilməsindən çəkinmələri tövsiyyə edilir. Məhkəmə cavabdehin iddiaçıya münasibətdə işlətdiyi “oğru, rüşvətxor” ifadələri ilə bağlı qeyd edir ki, oğurluq, rüşvət vermə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi Hissəsində nəzərdə tutulan cinayət əməlləridir və qüvvədə olan qanunvericiliyin müvafiq normalarına əsaslanaraq belə qənaətə gəlir ki, təqsiri cinayət-prosessual qanunvericiliklə nəzərdə tutulan qaydada sübuta yetirilməmiş, barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü olmayan şəxs təqsirli sayıla bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, “oğru, rüşvətxor” ifadələrinin bir Azərbaycan vətəndaşı olaraq iddiaçının şərəf və ləyaqətini ləkələməsi və onun üçün cəmiyyətdə müəyyən mənfi nəticələrə səbəb olması aşkardır, mübahisəsizdir. Cavabdeh izahatında iddiaçının şərəf və ləyaqətini alçaldacaq ifadələr söyləmədiyini bildirsə də, iddiaçının təqsirsizlik prezumsiyası hüququna müdaxilə edərək sonuncunun müvafiq əməllə bağlı məhkəmə tərəfindən heç bir cinayət məsuliyyətinə cəlb edilmədiyini bildiyi halda onun barəsində “oğru, rüşvətxor” ifadələrini işlətmişdir. Məhkəmə isə cavabdehin söylədiyini təsdiq etdiyi həmin ifadələrin iddiaçının şərəf və ləyaqətini ləkələyən ifadələr olduğunu yəqin etmişdir. Beləliklə, hazırki işdə cavabdeh iddiaçı barəsində yayılmış məlumatların doğruluğunu sübut edə bilməmiş və nəticədə ikinci halın mövcudluğu da məhkəmə tərəfindən müəyyən edilmişdir Üçüncü hala gəldikdə, cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında iddiaçını “oğru” adlandırmış və iddiaçı barəsində həmin ifadəni “hər yerdə, həmişə” işlətdiyini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Bu baxımdan hazırki iş üzrə üçüncü hal, yəni “bu məlumatların yayılması“ cavabdehin məhkəmə iclası zamanı verdiyi izahatında etiraf olunduğundan iddiaçı həmin halı bu hissədə sübut etmək vəzifəsindən azaddır. Həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilən etiraz ərizəsində iddiaçı barədə “oğurluq etdiyinə, rüşvət verdiyinə" dair yazılan qeydlər məhkəmənin cavabdehin iddiaçı barəsində həmin yalan məlumatı yaydığına dair mülahizəsini qətiləşdirir. Məhkəmə hesab edir ki, üçüncü halın cavabdeh tərəfindən etiraf olunması həmin halın mövcudluğuna dair məhkəmə araşdırmasının zəruriliyini istisna edir. Məhkəmə belə qənaətə gəlir ki, həmin halın mövcudluğu mübahisəsizdir. Məhkəmə yuxarıda qeyd olunanlarla bərabər eyni zamanda cavabdehin öz düşüncələrini azad ifadə etmək hüququnun olmasını qəbul edir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsi ilə fikir və söz azadlığına təminat verir. Fikir və sözün azadlığına birlikdə təminat verilməsi onların biri-biri ilə sıx bağlılığından xəbər verir. “İnsan hüquqlarının və X2 haqqında” Avropa Konvensiyasının 10-cu maddəsinə əsasən, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Demokratik cəmiyyətdə əhəmiyyətinə baxmayaraq, 10-cu maddə ilə qorunan hüquq mütləq deyil, ona bəzi məhdudiyyətlər qoyulmasına yol verilir. Şəxsin ifadə azadlığına qanuni məhdudiyyətlərin hansı hallarda qoyulması 10-cu maddənin 2-ci bəndində tam sadalanır. Bu azadlıqların həyata keçirilməsi aşağıdakı hallarda qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər: milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqlar naminə; iğtişaşın və ya cinayətin qarşısını almaq üçün; sağlamlığın, yaxud mənəviyyatın mühafizəsi üçün; digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün; gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün; ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, fikir ifadə etmək azadlığı vətəndaşların şərəf və ləyaqətinin alçaldılmasına bəraət qazandırmır. Məhkəmə iddiaçının barəsində işlədilən şər-böhtan xarakterli məlumatlara təkzib verilməsi və vurulmuş mənəvi zərərin əvəzi olaraq 2000 manat kompensasiyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə münasibətdə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə müvafiq olaraq, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edilmişsə, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. Şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar yaymış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzini ödənilməsini tələb etmək hüququ vardır (maddə 23.1-23.4) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, ... mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Qeyd olunmalıdır ki, həm şərəf, həm də ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusudur. Bununla yanaşı, əgər şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edirsə, ləyaqət həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Bu baxımdan şəxsin şərəfinin alçaldılmış hesab edilməsi üçün yalan məlumatların və ya həqarətedici ifadələrin ən azı bir neçə şəxs arasında yayılması tələb edilirsə, ləyaqətin alçaldılmış hesab edilməsi üçün belə ifadələrin üçüncü şəxslərin iştirakı olmadan şəxsə söylənilməsi də kifayət edir. Bu baxımdan hətta üçüncü şəxslərin iştirakı olmadan ünvanlandığı şəxsin şəxsiyyətinə uyğun olmayan, onu açıq-aşkar alçaldan, adi əxlaq qaydaları çərçivəsindən kənara çıxmaqla söylənilən ifadələr zərərçəkənin ləyaqətini alçaltmaqla onun mənəvi iztirab və sarsıntı keçirməsinə, başqa sözlə mənəvi zərərə məruz qalmasına səbəb ola bilər. Bununla belə, məhkəmə qeyd edir ki, bu kimi işlərdə iddianın əsasını yayılmış məlumatların şərəf və ləyaqətin ləkələnməsi və həmin məlumatların təkzib edilməsi təşkil edir. Mənəvi ziyanla bağlı tələb isə törəmə tələbdir. Bu işlərdə ilkin olaraq yayılmış məlumatların şərəf və ləyaqəti ləkələnməsin və həmin məlumatların təkzib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, başqa sözlə iddiaçının hüquqlarının pozulmasının tanınması mühüm əhəmiyyət kəsb edir. Hazırki işdə də iddiaçının hüquqlarının pozulması, məhkəməyə göndərdiyi etirazında və məhkəmə iclası zamanı verdiyi izahatında cavabdeh tərəfindən bildirilən ifadələrin iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlar olması faktı məhkəmə tərəfindən tanınır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçının şəxsiyyəti barədə müvafiq ifadələrin səsləndirilməsi iddiaçının mənəvi sarsıntı və iztirab çəkməsinə səbəb olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının çəkdiyi mənəvi sarsıntıların hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, mənəvi ziyana görə iddiaçıdan 800 manat tutulması ağlabatandır və həmin məbləğ iddiaçının mənəvi iztirablarının mütənasib əvəzi kimi qəbul edilə bilər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh vurulmuş mənəvi zərərə görə 800 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş mənəvi zərərə görə 800 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar