Məhkəmə qərarları › İş №e-2(010)-3703/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3703/2025

31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3703/2025 31.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Talıbova Leyla Oruc qızı İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi 1.İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1500 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 35 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində saat 20:30 radələrində Bakı şəhəri, S.Mehmandarov küçəsi ərazisində Cavabdeh tərəfindən idarə edilən və PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “BMW 520” markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobil “Toyota Prius” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymiş, X3 yüngül dərəcəli xəsarət almışdır. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edimiş AP0191093 saylı İnzibati xəta haqqında protokola əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi (327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə) nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Təqdim edilmiş Qüsur aktında göstərilmişdir ki, “Toyota Prius” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 750,00 manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA113753/22 saylı sığorta aktı tərtib edilməklə “Toyota Prius” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 750 manat, PXA115879/22 saylı sığorta aktı tərtib edilməklə X1 dəymiş zərərə görə isə 750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. (ümumilikdə 1500,00 (bir min beş yüz) manat) 3.Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İş materialları.

4. AP0191093 saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ilə bağlı protokol tərtib olunmuşdur.

5. TP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 200 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.

6. xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən müəyyən olunur ki, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir.

7. İcbari Sığorta Müqaviləsinə dair Məlumatın surətindən müəyyən olunur ki, ** TJ *** dövlət qeydiyyat nişanlı “BMW” markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər PXA********** saylı sığorta şəhadətnaməsi ilə sığortalanmışdır.

8. PXA 113753 saylı sığorta aktından görünür ki, Cavabdeh “BMW 520 İ” markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci tarixədək müddətə 55000.00 manata sığortalamışdır. Sığortalanmış avtomobil xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi törətmiş nəticədə "Toyota Prius" markalı, ** KN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. Avtomobilə dəymiş zərər 750 manat təşkil edir. 9.PXA 115879 saylı sığorta aktından görünür ki, Cavabdeh “BMW 520 İ” markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci tarixədək müddətə 55000.00 manata sığortalamışdır. Sığortalanmış avtomobil xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş nəticədə X3 yüngül dərəcəli bədən xəsarəti almışdır. Sığorta ödənişi 750 manat onun hesabına köçürülmüşdür.

İşin faktiki halları.

10. ** TJ *** dövlət qeydiyyat nişanlı “BMW” markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər PXA********** saylı sığorta şəhadətnaməsinə əsasən icbari qaydada sığortalanmışdır.

11. xx.xx.2022-ci il tarixdə “BMW 520 İ” markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törətmiş nəticədə "Toyota Prius" markalı, ** KN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir, həmçinin yol-nəqliyyat hadisəsi törətmiş nəticədə X3 yüngül dərəcəli bədən xəsarəti almışdır. Avtomobilə dəymiş zərər 750 manat təşkil edir. X3 yüngül xəsarət almış və sığorta təşkilatı tərəfindən “İcbari Sığorta” Haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən yüngül xəsarətə görə sığorta ödənişinin 15%-i, yəni 750 manat pul vəsaiti sağlamlığa vurulmuş zərərə görə zərərçəkənə ödənilmişdir.

12. AP0191093 saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ilə bağlı protokol tərtib olunmuşdur.

13. xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən müəyyən olunur ki, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir.

14. TP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 200 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.

Tətbiq edilən hüquq.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 936. Subroqasiya hüququ. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

16. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 23. Sığortaçının hüquq və vəzifələri. 23.1. Sığortaçının aşağıdakı hüquqları vardır: 23.1.6. sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək. Maddə 63. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququ. 63.1.Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Maddə 14. Sağlamlığa dəyən zərər 14.2. Sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir: 14.2.5. yüngül xəsarət alması – 15 faiz.

17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı.

Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir... Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur.

18. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi

Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.

Məhkəmənin mövqeyi.

20. İşin faktiki hallarından görünür ki, ** TJ *** dövlət qeydiyyat nişanlı “BMW” markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixindən xx.xx.2022ci il tarixinə qədər PXA********** saylı sığorta şəhadətnaməsinə əsasən icbari qaydada sığortalanmışdır. 21.xx.xx.2022-ci il tarixdə “BMW 520 İ” markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törətmiş nəticədə "Toyota Prius" markalı, ** KN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir, həmçinin yol-nəqliyyat hadisəsi törətmiş nəticədə X3 yüngül dərəcəli bədən xəsarəti almışdır. Avtomobilə dəymiş zərər 750 manat təşkil edir. X3 yüngül dərəcəli bədən xəsarəti aldığından sığorta ödənişi 750 manat onun hesabına köçürülmüşdür. Həmin məbləğ sığorta təşkilatı tərəfindən ödənilmişdir.

22. AP0191093 saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ilə bağlı protokol tərtib olunmuşdur.

23. TP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 200 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda (§ 18) istinad edilmiş qərarında qeyd edilir ki, qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir... Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.

25. Məhkəmə hesab edir ki, şəxsin hadisə yerindən yayınması iş materiallarında öz əksini tapmış və həmin şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. Hazırkı iş üzrə Cavabdeh yüksək təhlükə mənbəyi (avtomobil) üzərində sahibliyinin hüquqi əsası olmuşdur. Bu səbəbdən iddiaçı "xxxx" ASC yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə yüngül xəsarətə görə sığorta ödənişinin 15%-ni, yəni ödədiyi 750 manat məbləğində sığorta ödənişini və avtomobilə dəymiş 750 manat zərəri, zərər vuran və hadisə yerindən yayınan avtomobilin sahibi Cavabdeh tələb etməkdə haqlı olmuşdur.

Məhkəmə xərcləri.

26. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 35 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hansı ki, bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən iddia qiyməti 1000 manatadək olduqda ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.

27. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq ödənilmiş 35 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

28. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin əmlakına və şəxsin sağlamlığına vurulmuş 1500 manat sığorta ödənişi və 35 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-nin hesabına ödənilməlidir.

29. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 284, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə q ə t e t d i:

İddia təmin edilsin. Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin əmlakına və şəxsin sağlamlığına vurulmuş 1500 (bir min beş yüz) manat sığorta ödənişi və 35 (otuz beş) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar