Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3706/2024 23.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X7 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı İmamova Fatı̇ ma Əlı̇ bala qızının Cavabdeh qarşı mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi.
1. İddiaçı İmamova Fatı̇ ma Əlı̇ bala qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun uşağı xx.xx.2020-ci il təvəllüdlü X1 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi ev 7, 74 saylı mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin OM seriyalı, 205790 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi İlqar Əhlimanov küçəsi ev 7, 74 saylı mənzil onun xüsusi mülkiyyətidir. Cavabdeh onun gəlindir. O, oğlu X5 ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuş, mülkiyyətçisi olduğu evə gəlin köçmüş və həmin evdə yaşamağa başlamışdır. Daha sonra isə cavabdehi həmin evə pasport qeydiyyatına salmışdır. Lakin cavabdeh sonradan onunla birlikdə yaşamaq istəmədiyindən daima oğlu ilə aralarında mübahisələr yaşanmışdır. Oğlunun isə başqa evə çıxmağa imkanı olmadığından aralarındakı mübahisə daha da kəskinləşmiş, cavabdeh azyaşlı övladını da götürərək Quba rayonu Zərdabi kəndinə atasının evinə qayıtmışdır. Hazırda cavabdehin ona məxsus mənzildə qeydiyyatı formal xarakter daşıyır. Bundan başqa, cavabdehin ona məxsus mənzildən istifadə hüququ yaranmamışdır. O, cavabdehin qeydiyyatdan çıxarılması ilə bağlı Suraxanı Rayon Polis İdarəsinə müraciət etmişdir. Həmin İdarənin ona ünvanladığı xx.xx.2024-cü il tarixli cavab məktubunda müraciətinin müsbət həllinin olmadığı və məhkəməyə müraciət etməyi qeyd edilmişdir. Odur ki, hazırda məhkəyə müraciət etmək məcburiyyətində qalmışdır.
Tərəflərin izahatları.
3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir.
İş materialları.
5. AZ-İİ seriyalı, 341475 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X2 arasında xx.xx.2019-cu il tarixdə nikah bağlanmışdır. Nikaha daxil olduqdan sonra arvada İmamzadə soyadı verilmişdir.
6. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin OM seriyalı, 205790 nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, ev 7, 74 saylı mənzil İmamova Fatı̇ ma Əlı̇ bala qızının mülkiyyətindədir.
7. AR DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh, X3, X4, X6 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, ev 7, 74 saylı mənzildə qeydiyyatdadırlar.
İşin faktiki halları.
8. İşin faktiki halları ondan ibarətdir ki, mübahisə obyekti olan mənzil iddiaçının mülkiyyətindədir. Cavabdeh iddiaçının gəlinidir. Cavabdeh iddiaçının oğlu ilə xx.xx.2019-cu il tarixində nikaha daxil olmuş, daha sonra cavabdeh həmin mənzili tərk edib getmişdir. iddiaçı hazırki tələbində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, ev 7, 74 saylı mənzilin onun xüsusi mülkiyyətində olduğunu qeyd edərək, cavabdehin həmin mənzilə dair istifadə hüququ olmadığından onun və övladının həmin mənzilə dair istifadə hüququnun olmamasının müəyyən edilməsini xahiş edir. İddiaçı hesab edir ki, cavabdhin mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz yaxud mülahizə daxil olmamışdır.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarı. Qərarda qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan müasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
Məhkəmənin mövqeyi
14. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir.
15. Məhkəmə qeyd edir ki, yaşayış sahəsindən istifadə etmək hüququ bir neçə əsas üzrə yarana bilər. Bu əsaslar əşya hüququ, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu halları ola bilər. Hazırkı işdə Cavabdeh iddiaçının gəlinidir – onun övladı X5 ilə nikaha daxil olmuşdur. Cavabdeh qızının mübahisəli mənzilə istifadə hüququ ailə və ya mülki qanunvericiliyin normaları əsasında yarana bilərdi. İşin araşdırılan hallarından o da müəyyən edilir ki, cavabdeh iddiaçının mülkiyyətində olan hazırki iddia tələbində qeyd olunan mənzildə qeydiyyata alınmaqla orada yaşamış,lakin hazırda iddiaçının oğlu ilə cavabdeh arasında olan münasibətlər pozulduğundan həmin ünvanda yaşamır. AR Mənzil Məcəlləsinin 30-cu maddəsi maddəsi baxımından Cavabdeh mübahisəli mənzilə istifadə hüququ yoxdur. Çünki, həmin maddəyə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. (Maddə 30.2) Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Göründüyü kimi Cavabdeh iddiaçının ailə üzvü deyildir. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, ailə qanunvericiliyinin müddəaları ilə yanaşı, mülki qanunvericiliyin normaları əsasında da Cavabdeh iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun olması halı müəyyən edilmir. Belə ki, iddiaçı tərəfindən Cavabdeh notarial qaydada mübahisəli mənzilə istifadə hüququ verilməsi halı müəyyən edilmir. Ona görə də, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıya məxsus mübahisə obyekti olan mənzilə istifadə hüququ yaranmamışdır. Eyni zamanda yuxarıda qeyd olunan hallara istinadən o da qeyd edilməlidir ki, cavabdehlə yanaşı onun övladı X1 da həmin mənzilə münasibətdə istifadə hüququ mövcud deyildir. Belə olan halda, məhkəmə iddiaçının cavabdehə qarşı mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə tələbini əsaslı hesab edir. Ona görə ki, yuxarıda qeyd edildiyi kimi, cavabdehin mübahisəli mənzilə nə ailə qanunvericiliyi, nə də ki mülki qanunvericiliyin tələbləri əsasında istifadə hüququ yaranmışdır.
Məhkəmə xərcləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. İddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə
18. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh və onun övladı xx.xx.2020-ci il təvəllüdlü X1 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, ev 7, 74 saylı mənzildən istifadə hüququnun olmaması müəyyən edilməli və və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
19. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi : İddia təmin edilsin. Cavabdeh və onun övladı xx.xx.2020-ci il təvəllüdlü X1 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, ev 7, 74 saylı mənzildən istifadə hüququnun olmaması müəyyən edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.