Məhkəmə qərarları › İş №e-2(010)-3706/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3706/2025

25.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3706/2025 25.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Miriyeva Səlimə Miri qızı İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki iş materiallarını araşdıraraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – "xxxx" ASC) Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 971.50 manat məbləğində sığorta ödənişinin və 30 manat dövlət rüsumunun, ümumilikdə 1001.50 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə “Moped Moon ZXAF50” markalı nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" ASC-də sığortalanmış “Hyundai Elantra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 971.50 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Səbail RPİ DYPİ-dən iddiaçının ünvanına inzibati xəta haqqında qərarın surəti daxil olmuş, həmin qərar üzrə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.4.1-ci maddəsi ilə təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülkiy məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə qanunvericiliyinin tələbini əsas götürərək işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2022-ci il tarixli, MC********** nömrəli sığorta şəhadətnaməsindən görünür ki, "xxxx" QSC-yə məxsus (sığortalı) buraxılış ili 2021-ci il olan, “Hyundai Elantra” markalı, **- AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022 – xx.xx.2023-cü il tarixləri arasında (sığorta müddətində) "xxxx" ASC tərəfindən əmlaka vurulan zərərə görə - 27525 manat məbləğində avtonəqliyyat vasitələrinin kasko sığortası növü üzrə sığortalanmışdır. xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 13:15-də Bakı şəhəri, Puşkin küçəsi ilə Xəqani küçəsinin kəsişməsi adlanan ərazidə “Moped Moon ZXAF50” markalı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.4.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş hesablama aktından görünür ki, "xxxx" QSC-yə məxsus “Hyundai Elantra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin ümumi məbləği (ehtiyat hissələri + işçilik) 1762 manat məbləğində qiymətləndirilmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş 22-04247/11/CM-674/22 nömrəli sığorta aktından görünür ki, "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Hyundai Elantra” markalı, **- AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iştirakı ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xəqani-Puşkin küçəsi kəsişməsi 1149 adlanan ərazidə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sonuncu nəqliyyat vasitəsinə dəymiş zərərin ümumi məbləği 1762 manat məbləğində müəyyən edilmiş və 971.50 manat məbləğində hesablanmış sığorta ödənişi zərər dəymiş nəqliyyat vasitəsinin sahibi "xxxx" QSC-yə məxsus bank hesabına mədaxil edilmişdir. xx.xx.2022-ci il tarixli, 103OPX12231508F4 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" QSC-yə məxsus bank hesabına “MC********** sığorta ödənişi” təyinatı üzrə 971.50 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. xx.xx.2025-ci il tarixli, AS-25/002 nömrəli geri tələb (subroqasiya) məktubundan görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərə görə ödənilmiş sığorta məbləği (971.50 manat və 500 manat işlərin görülməsi xərci, cəmi 1471.50 manat) barədə məlumat verilmiş, həmin məbləğin 10 (on) gün müddətində ödənilməsi təklif edilmiş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 936. Subroqasiya hüququ. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 25. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları. Maddə 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 36. Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları. İ. Yol hərəkətinin iştirakçıları: 1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; 2) yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 3) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar... Maddə 81. Yol hərəkəti qaydalarını pozmağa görə məsuliyyət. Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qanunvericiliyin qeyd olunan müddəalarından görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. İş materiallarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Moped Moon ZXAF50” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində "xxxx" ASC-yə avtonəqliyyat vasitəsi sahiblərinin kasko sığortası növü üzrə sığortalanmış “Hyundai Elantra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq avtomobilə zərər vurmuşdur. Baş vermiş yolnəqliyyat hadisəsində Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.4.1-ci maddəsi ilə təqsirli bilinmiş, barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Hadisə nəticəsində zərərçəkmiş “Hyundai Elantra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 971.50 manat məbləğində qiymətləndirilmişdir. Hadisəni nəticəsində zərərçəkmiş nəqliyyat vasitəsi "xxxx" ASC-də sığortalanmış olduğundan zərər dəymiş avtomobilin təmiri üçün "xxxx" ASC tərəfindən "xxxx" QSC-yə 971.50 manat məbləğində sığorta ödənişi edilmişdir. Hazırda iddiaçı "xxxx" ASC Cavabdeh təqsirli hərəkətləri nəticəsində zərər dəymiş avtomobilə görə ödədiyi sığorta ödənişini subroqasiya qaydasında cavabdehdən tələb edir ki, məhkəmə bu tələbi tam əsaslı hesab edir. Belə ki, yuxarıda qeyd edilmiş qanunvericilik normalarından görünür ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İş materiallarından baş vermiş yol nəqliyyat hadisəsində məhz cavabdehin təqsirli olması, onun təqsirli hərəkəti nəticəsində başqa avtomobilə ziyan dəymiş olması və bu ziyanın iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş olduğu müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 971.50 manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 284-2-ci maddəsinə əsasən,kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.1-ci maddəsinə əsasən,ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən,cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2-ci maddəsinə əsasən,məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda - 30 manati məbləğində dövlət rüsumu ödənilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş iddia qiymətindən artıq dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmiş 7.10 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 971.50 manat məbləğində sığorta ödənişi və 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 222-ci, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 971.50 (doqquz yüz yetmiş bir manat əlli qəpik) manat məbləğində sığorta ödənişi və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Artıq ödənilmiş 7.10 (yeddi manat on qəpik) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar