Məhkəmə qərarları › İş №e-2(010)-389/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-389/2023

13.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-389/2023 13.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı “istifadə hüququnun itirilmiş hesab olunması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.

1. İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “istifadə hüququnun itirilmiş hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, ev 15B ünvanında yerləşən ümumi sahəsi 65.81 kv.metr olan 54 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

2. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

3. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, ev 15B ünvanında yerləşən ümumi sahəsi 65.81 kv.metr olan 54 saylı mənzilin iddiaçı tərəfindən alınmasına dair AN-İ ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsi bağlanmışdır. Həmin əmlaka dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqişəxsi tərəfindən Çıxarış ona təqdim edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 103.93 kv.metr olan 4 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, ev 15B ünvanında yerləşən ümumi sahəsi 65.81 kv.metr olan 54 saylı mənzildə pasport qeydiyyatındadır. Belə ki, cavabdehlər ona məxsus mənzilin keçmiş mülkiyyətçisi və onun yaxın qohumlarıdır. Müqavilə bağlanıldıqdan sonra iddiaçıya məxsus mənzildə pasport qeydiyyatından çıxacaqlarına dair öhdəlik götürsələr də, bu günədək onun xüsusi mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmaqdadır. Cavabdehlərin uzun müddətdir ki, qeyd olunan ünvanda yaşamamalarına baxmayaraq, ona məxsus olan mənzildə pasport qeydiyyatından çıxmamışdırlar. Hazırki iş üzrə cavabdehlər onun xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatı formal xarakter daşıyır. Bundan başqa, cavabdehlərin formal olaraq mənzildə qeydiyyatda olmaları bir mülkiyyətçi kimi onun mülkiyyət hüquqlarını pozur və onlarn yerinə əlavə kommunal xərcləri ödəməli olur. Buna görə də qeyd olunanlarının nəzərə alınaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

İş materialları.

4. X1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ seriyalı ******* №-li “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X1 ona məxsus ünvan 2 ünvanını İddiaçı satmışdır.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

6. ASAN 6 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ünvan 2 ünvanında qeydiyyatdadır.

7. 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş notariat işindən görünür ki, ünvan 2 ünvanının əvvəlki sahibi X1 olmuşdur. Razılıq ərizələrindən görünür ki, mənzildə qeydiyyatda olub yaşayanlar mənzilin satılmasına heç bir etiraz etməmişlər.

İşin faktiki halları.

8. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ünvan 2 ünvanını xx.xx.2022-ci il tarixdə almışdır. Qeyd olunan mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hal-hazırda həmin ünvandakı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Buna baxmayaraq cavabdehlərin günahı üzündən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını həyata keçirə bilmir. Belə ki, alqısatqı müqaviləsi bağlandıqdan sonra cavabdehlər göstərilən ünvandakı fərdi yaşayış evində yaşamasalar da, formal olaraq bu mənzildə bu günə kimi qeydiyyatda qalmışlar.

Tətbiq olunan hüquq.

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

10. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolu.

Maddə 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Məhkəmənin mövqeyi.

11. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəfin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

12. Belə ki, mülki və mənzil qanunvericiliyi mənzildən istifadə hüququnun itirilməsinin qanuni və müqavilə rejimini nəzərdə tutur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2.-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilməsini, 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 87-ci maddəsində daimi yaşamaq üçün başqa yaşayış yerinə getdiyi halda icarədar və ailə üzvlərinin keçmiş yaşayış sahəsindən istifadə hüququnun itirilməsini, yeni Mənzil Məcəlləsinin 30.4-cü maddəsində mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda keçmiş ailə üzvünün həmin mənzildən istifadə hüququnun itirilməsi və s. kimi hallar nəzərdə tutulur. Eyni zamanda, Mülki Məcəllənin 386-cı maddəsi öhdəlik tərəfləri arasında bağlanmış müqaviləni öhdəliyin əmələ gəlməsi əsaslarından biri hesab edir. Həmin Məcəllənin 385.1.-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

14. Hazırkı işdə, mülkiyyətçi ilə yanaşı onun ailə üzvləri onun bağladığı alqı-satqı müqaviləsinə hər hansı bir qeyd-şərt (onların həmin mənzildən istifadə hüquqlarının saxlanması şərti və s.) qoymadan, yazılı razılıqlarını bildirdikləri üçün, həmin müqavilənin özləri üçün yaratdığı mülki hüquqi öhdəlikləri, o cümlədən qeydiyyatdan çıxmaq öhdəliyini üzərlərinə götürmüş hesab olunurlar. Bununla yanaşı, onlar, satıcının “əmlakı üçüncü şəxslərin hüquqlarından azad şəkildə alıcıya vermək” öhdəliyini nəzərdə tutan müqaviləni dəstəkləməklə, mənzildən istifadə hüquqlarına könüllü və satıcının alqı-satqı müqaviləsində aldığı maddi əvəz müqabilində xitam verilməsinə razı olduqlarını nümayiş etdirmiş olublar.

15. İş materiallarından göründüyü kimi, cavabdehlər üzərinə götürdüyü öhdəliyi nəzərdə tutulmuş müddətdə yerinə yetirmədiyi üçün, iddiaçının bunu məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır.

Məhkəmənin gəldiyi nəticə.

16. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, ev 15B ünvanında yerləşən ümumi sahəsi 65.81 kv.metr olan 54 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, ev 15B ünvanında yerləşən ümumi sahəsi 65.81 kv.metr olan 54 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar