Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-389/2024 05.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zərər çəkmiş nəqliyyat vasitəsinin bərpası üçün təmir xərcləri və ƏDV məbləği hesablanmaqla həyata keçirilmiş sığorta ödənişi əvəzində 1290,30 (min iki yüz doxsan manat, otuz qəpik) manat məbləğində vəsaitin, 32,90 manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Cavabdeh tərəfindən idarə olunan ** BT *** dövlət qeydiyyat nişanlı, X8 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** PR *** dövlət qeydiyyat nişanlı, Skod Kodiaq markalı avtonəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* aylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən Cavabdeh təqsirli bilinmişdir. Sığortalı ** PR *** dövlət qeydiyyat nişanlı Skoda Kodiaq markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. ** PR *** dövlət qeydiyyat nişanlı Skoda Kodiaq markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat asitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 6290,30 manat (altı min iki yüz doxsan manat, 30 qəpik) məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli “Sığorta aktı”na əsasən sığortalı dəymiş zərər məbləği ilə razı olmadığından nəqliyyat vasitəsi təmirə yönəldilmiş və 6290,31 manat (altı min iki yüz doxsan manat, 31 qəpik) məbləğində sığorta ödənişi (5330,77 nəqliyyat vasitəsinin ehtiyyat issələri və təmir xərcləri, 959,54 manat ƏDV olmaqla) nəqliyyat vasitəsinin təmiri ilə bağlı təmir mərkəzinin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası “Meqa Sığorta” şirkəti tərəfindən "xxxx" ASC-yə 5000,00 (beş min) manat məbləğində vəsait ödənilmişdir. xx.xx.2023-cü il tarixində sığorta ödənişi çıxılmaqla qalıq məbləğ olan 1290,30 (min iki yüz doxsan manat, otuz qəpik) manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. Tərəflərin izahatları
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olmadığını bildirdi və qeyd etdi ki, tələb edilən pul vəsaitini ödəmək üçün kifayət qədər maddi imkana malik deyildir.
İş materialları
5. “X2 Şəhadətnaməsi”nin surətindən görünür ki, ** PR *** dövlət qeydiyyat nişanlı, Skoda Kodiaq markalı avtonəqliyyat vasitəsi "xxxx" MMC-nin mülkiyyətindədir.
6. xx.xx.2021-ci il tarixli, Avtonəqliyyat vasitələrinin (Kasko) sığortası Şəhadətnaməsindən görünür ki, Skoda Kodiak markalı, 2021-ci il istehsalı, tünd boz metallik rəngli ** PR *** dövlət qeydiyyat nişanlı avtomobil sığortaçı Paşa Sığorta ASC tərəfindən kasko növündə sığortalanmışdır. Şərtsiz azadolma 200 manat, sığorta predmetinin dəyəri 66144,00 manat, sığorta məbləği 66.144,00 manat, sığorta haqı 3088,92 manat müəyyən edilmişdir. 7 “X2 Şəhadətnaməsi”nin surətindən görünür ki, ** BT *** dövlət qeydiyyat nişanlı, X8 yük markalı nəqliyyat vasitəsi X3 mülkiyyətindədir.
8. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli etibarnaməsinin surətindən görünür ki, "xxxx" MMC mülkiyyətində olan ** PR *** dövlət qeydiyyat nişanlı, Skoda Kodiaq markalı avtonəqliyyat vasitəsinin idarə edilməsini X5 etibar etmişdir. Etibarnamə verildiyi tarixdən xx.xx.2022-ci il tarixədək (saat 23.59) etibarlı olmuşdur.
9. Avtonəqliyyat Vasitələrinin (KASKO) Sığortası Şəhadətnaməsinin surətindən görünür ki, sığortalı "xxxx" MMC-nin mülkiyyətində olan ** PR *** dövlət qeydiyyat nişanlı, Skoda Kodiaq markalı avtonəqliyyat vasitəsi sığortaçı "xxxx" ASC tərəfindən şərtsiz azadolma məbləği 200 manat, sığorta məbləğinin dəyəri 66144 manat, sığorta məbləği 66144 manat və sığorta haqqı 3088.92 manat olmaqla 3 il müddətində sığortalanmışdır.
10. ƏN-V seriyalı, 872844 nömrəli, xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, X1 Pərviz İltizam oğluna mülkiyyətində olan ** BT *** dövlət qeydiyyat nişanlı, X8 yük markalı nəqliyyat vasitəsini xx.xx.2030-cu il tarixədək idarə etmək səlahiyyəti vermişdir.
11. TP ******* nömrəli “İnzibati Tənbehvermə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli Qərar”ın surətindən görünür ki, ** BT *** dövlət qeydiyyat nişanlı, X8 yük markalı avtomobilin sürücüsü Cavabdeh AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir.
12. xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, Skoda kodiak Tünd Boz rəngli avtomobilə dəymiş ziyanın yekun məbləği 6290 manat olmuşdur.
13. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli “sığorta aktı”ndan görünür ki, ** PR *** dövlət qeydiyyat nişanlı, Skoda Kodiaq markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyan məbləği 6290.30 manat təşkil edir.
14. "xxxx" ASC-nin kassa məxaric orderindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına 6290.30 manat vəsait köçürülmüşdür.
İşin faktiki halları
15. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, ** PR *** dövlət qeydiyyat nişanlı, Skoda Kodiaq markalı avtonəqliyyat vasitəsi "xxxx" MMC-nin mülkiyyətindədir, həmin avtomobil iddiaçı şirkətdə kasko növündə sığortalanmışdır. Mülkiyyətçi tərəfindən həmin nəqliyyat vasitəsi etibarnamə əsasında xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək X4 idarəçiliyinə verilmişdir. Eyni zamanda ** BT *** dövlət qeydiyyat nişanlı, X8 yük markalı nəqliyyat vasitəsi X3 mülkiyyətindədir və həmin nəqliyyat vasitəsi xx.xx.2030-cu il tarixədək etibarnamə əsasında Cavabdeh idarəçiliyinə verilmişdir. xx.xx.2022-ci il tarixdə ** PR *** dövlət qeydiyyat nişanlı, Skoda Kodiaq markalı avtonəqliyyat vasitəsi ilə X8 yük markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş və X8 yük markalı avtomobilin sürücüsü Cavabdeh AR İXMnin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Daha sonra, ** PR *** dövlət qeydiyyat nişanlı, Skoda Kodiaq markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləği hesablanmış və ziyan həmin avtomobilin sığortaçısı "xxxx" ASC tərəfindən 6290.30 manat qiymətləndirilmiş və həmin vəsait sığortaçı tərəfindən sığortalının hesabına ödənilmişdir. Daha sonra, isə digər avtomobil - ** BT *** dövlət qeydiyyat nişanlı, X8 yük markalı nəqliyyat vasitəsinin sığortaçısı tərəfindən "xxxx" ASC-yə 5000 manat sığorta ödənişi təqdim edilmişdir. Hazırkı iddia tələbində iddiaçı qalıq qalmış 1290,30 manat ziyan məbləğinin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə iddia tələbi ilə razı deyildir. Etirazını onunla əsaslandır ki, tələb edilən məbləği ödəməyə maddi imkanı yoxdur.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 936. Subroqasiya hüququ 936.1 Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2 Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
17. AR İnzibati Xətalar Məcəlləsi Maddə 327. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması. 327.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görəqırx manat məbləğində cərimə edilir.
Məhkəmənin mövqeyi
18. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
19. Məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlı olmuşdur. Belə ki, iş materialları və tərəflərin izahatından müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən X8 yük markalı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinmiş və barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bu hal ziyanın cavabdehin təqsirli hərəkəti nəticəsində vurulmasını təsdiq edir. Eyni zamanda. O da müəyyən edilir ki, ** PR *** dövlət qeydiyyat nişanlı, Skoda Kodiaq markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləği sığorta aktına əsasən 6290.30 manat qiymətləndirilmiş və sığortalının hesabına ödənilmişdir. Daha sonra isə digər avtomobil - ** BT *** dövlət qeydiyyat nişanlı, X8 yük markalı nəqliyyat vasitəsinin sığortaçısı tərəfindən "xxxx" ASC-yə 5000 manat sığorta ödənişi təqdim edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı sığortalının avtomobilinə dəymiş zərərə görə etdiyi sığorta ödənişindən qalıq qalmış 1290,30 manat vəsaiti subroqasiya qaydasında cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, işin araşdırılan hallarından aydın olur ki, iddiaçının cavabdehə qarşı ziyan məbləğini tələb etmək hüququ yaranmışdır. Bunun davamı olaraq, məhkəmə cavabdehin iddia tələbinə qarşı etirazı ilə razılaşmır. Ona görə ki, cavabdehin tələb edilən məbləği ödəməyə maddi imkanının olmaması barədə etirazı onu məsuliyyətdən azad edən hal deyildir.
Məhkəmə xərcləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
21. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən, iş üzrə ödənilmiş 32.90 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
23. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə zərər çəkmiş nəqliyyat vasitəsinin bərpası üçün təmir xərcləri və ƏDV məbləği hesablanmaqla həyata keçirilmiş sığorta ödənişi əvəzində 1290,30 manat pul, 32.90 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq ödənilməlidir. 24.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə zərər çəkmiş nəqliyyat vasitəsinin bərpası üçün təmir xərcləri və ƏDV məbləği hesablanmaqla həyata keçirilmiş sığorta ödənişi əvəzində 1290,30 manat pul, 32.90 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.