Məhkəmə qərarları › İş №e-2(010)-3891/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3891/2025

04.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3891/2025 04.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Talıbova Leyla Oruc qızı İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi 1.İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh “Skoda Octavia” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 773.30 manat ödənişin, iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2024cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Kia Optima” markalı, ** LF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Skoda Octavia” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş **********181 nömrəli sığorta şəhadətnaməsindən çıxarışdan və 132801 saylı sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Skoda Octavia” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2022-ci ildən xx.xx.2027-ci ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. Sığortalanmış nəqliyyat vasitəsinin rəsmi servisi olan “Skaz Autohouse” tərəfindən təqdim edilən Təmir aktına əsasən, hadisə nəticəsində zərərçəkən sığortalı “Skoda Octavia” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 5801 AZN zərər dəymişdir. İddiaçı sığorta şirkəti tərəfindən xx.xx.2024-cü il tarixli 17306 saylı ödəniş tapşırığına əsasən, 5801 AZN sığorta ödənişi təmir ilə əlaqəli rəsmi servisin bank hesabına köçürülmüşdür. Həmin məbləğin 4827.70 AZN hissəsi cavabdehin mülki məsuliyyətini sığortalamış "xxxx" ASC tərəfindən geri qaytarılsa da, geri qalan 773.30 AZN (yeddi yüz yetmiş üç manat otuz qəpik) pul cavabdehdən geri alınmalıdır. Bildirmək istəyirik ki, xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara və İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Cavabdeh İXM-nin 327.1ci maddəsi ilə təqsirli bilinmiş və 40 manat cərimə edilmişdir. Həmçinin iş materiallarında olan forma 4 arayışı, tərəflərin izahatlarından da aydın olur ki, yol-nəqliyyat hadisəsi məhz cavabdehin təqsiri ucbatından baş vermiş və sığortalanmış əmlaka maddi zərər yetirilmişdir. Cavabdehə pretenziya məktubu göndərilsə də, bu günə qədər heç bir ödəniş edilməmişdir. Hesab edirik ki, iş materiallarında olan sənədlərlə sığorta hadisəsinin olması, vurulan zərərin Cavabdeh təqsirli hərəkətləri nəticəsində vurulması, habelə dəymiş zərərin İddiaçı SŞ ASC tərəfindən qarşılandığı sübuta yetirilir. Buna görə də,773.30 manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. 3.Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır.

İş materialları.

4. TP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.

5. İXP 615188 saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ilə bağlı protokol tərtib olunmuşdur.

6. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindan görünür ki, Sabunçu rayon DYPŞ-nin bildirdirdiyinə əsasən, xx.xx.2024-cü il tarixdə saat 22:30 radələrində Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş vermişdir.

7. 132801 saylı sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Skoda Octavia” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2022-ci ildən xx.xx.2027-ci ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır.

8. Təmir aktına müəyyən edilir ki, hadisə nəticəsində zərərçəkən sığortalı “Skoda Octavia” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 5801 AZN zərər dəymişdir.

9. xx.xx.2024-cü il tarixli 17306 saylı ödəniş tapşırığına əsasən, 5801 AZN sığorta ödənişi təmir ilə əlaqəli Skaz Autohouse MMC-nin bank hesabına köçürülmüşdür.

İşin faktiki halları.

10. “Skoda Octavia” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2022-ci ildən xx.xx.2027-ci ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır.

11. Sabunçu rayon DYPŞ-nin məlumatına əsasən, xx.xx.2024-cü il tarixdə saat 22:30 radələrində Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş vermişdir.

12. TP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində “Skoda Octavia” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 5801 AZN zərər dəymişdir. Həmin məbləğ 200 manat azadolma çıxılmaqla sığorta təşkilatı tərəfindən ödənilmişdir.

Tətbiq edilən hüquq.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 936. Subroqasiya hüququ. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

14. Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları

25. Subroqasiya hüququ 25.1. Sığortalanmış avtomobilə dəymiş zərərin əvəzini ödəmiş sığortaçı sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən istifadə edə bilər. 25.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

15. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı.

Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir... Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur.

16. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi

Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat

Məhkəmənin mövqeyi.

18. İşin faktiki hallarından görünür ki, “Skoda Octavia” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2022-ci ildən xx.xx.2027-ci ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. Sabunçu rayon DYPŞ-nin məlumatına əsasən, xx.xx.2024-cü il tarixdə saat 22:30 radələrində Bakı şəhərində yolnəqliyyat hadisəsi baş vermişdir. TP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində “Skoda Octavia” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 5801 AZN zərər dəymişdir. Həmin məbləğ 200 manat azadolma çıxılmaqla sığorta təşkilatı tərəfindən ödənilmişdir. Həmin məbləğin 4827.70 AZN hissəsi cavabdehin mülki məsuliyyətini sığortalamış "xxxx" ASC tərəfindən geri qaytarılsa da, geri qalan 773.30 AZN pul cavabdeh tərəfindən ödənilməmiş qalmışdır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda (§ 18) istinad edilmiş qərarında qeyd edilir ki, qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir... Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.

20. Məhkəmə hesab edir ki, cavabdehin yol-nəqliyyat hadisəsi törətməsi iş materiallarında öz əksini tapmış və həmin şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. Hazırkı iş üzrə Cavabdeh yüksək təhlükə mənbəyi (avtomobil) üzərində sahibliyinin hüquqi əsası olmuşdur. Bu səbəbdən İddiaçı Sığorta Şirkəti ASC yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənin əmlakına dəymiş zərərə görə ödənilmiş 773.30 manat zərəri, zərər vuran avtomobilin sahibi Cavabdeh tələb etməkdə haqlı olmuşdur.

Məhkəmə xərcləri.

21. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hansı ki, bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən iddia qiyməti 1000 manatadək olduqda ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.

22. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

23. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin əmlakına vurulmuş 773,30 manat sığorta ödənişi və 30,40 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilməlidir.

24. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 284, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə q ə t e t d i:

İddia təmin edilsin. Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin əmlakına vurulmuş 773,30 (yeddi yüz yetmiş üç manat, otuz qəpik) manat sığorta ödənişi tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilsin. Cavabdeh 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu və xidmət haqqı tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar