Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-395/2024 16.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi
1. İddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehlər X1, Cavabdeh3 və Cavabdeh1 zərər çəkmiş nəqliyyat vasitəsinin bərpası üçün təmir xərcləri hesablanmaqla həyata keçirilmiş sığorta ödənişi əvəzində 1710,00 manat məbləğində vəsaitin, 37,10 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti xərcinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 məxsus, Cavabdeh3 tərəfindən idarə olunan ** BU *** dövlət qeydiyyat nişanlı Opel Astra markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** PR *** dövlət qeydiyyat nişanlı X7 markalı avtonəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* və TP5297483 saylı İnzibati tənbeh vermə haqqında Qərarlara əsasən müvafiq olaraq Cavabdeh3 və Cavabdeh1 təqsirli bilinmişdir. Sığortalı ** PR *** dövlət qeydiyyat nişanlı X7 markalıavtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. ** PR *** dövlət qeydiyyat nişanlı X7 markalıavtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 4560 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli “Sığorta aktı”na əsasən 3420 manat məbləğində sığorta ödənişi sığortalının təqdim etdiyi hesaba hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 1710 manat məbləğində vəsait ödənilmişdir. xx.xx.2023-ci il tarixində sığorta ödənişi çıxılmaqla qalıq məbləğ olan 1710 manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehlərə məktub göndərilmiş, lakin cavabdehlər həmin məbləği ödəməmişdir. Tərəflərin izahatları
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddianı müdafiə etməklə iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək bildirdi ki, avtomobili digər Cavabdeh2 almışdır. Buna görə də, Cavabdeh2 hazırki iddiaya heç bir aidiyyəti yoxdur. Hadisə ilə bağlı isə bildirmişdir ki, hadisə vaxtı digər cavabdeh Rəşadı öskürək tutduğuna görə nəfəs alması üçün qapını açarkən hadisə baş vermişdir. Hadisənin baş verməsinin günahı isə qadın sürücü olmuşdur. Belə ki, həmin sürücünün fikri yolda olmadığına görə onun zolağına keçmiş və nəticədə hadisə baş vermişdir. Tərtib olunmuş protokol üzrə cəriməni tam ödəmişdir. Lakin iddia ərizəsində tələb olunan məbləği isə ödəmək imkanının olmadığından, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək bildirdi ki, hadisə onun təqsiri üzündən baş vermişdir. Qapını açmış və nəticədə digər sürücünün avtomobili ilə toqquşma baş vermişdir. İddia tələbinin özünə münasibətdə təmin olunmasına etriraz etmədiyini bildirdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının MPMnin 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar
7. xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" BOKT MMC-yə məxsus “X7” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar dəymiş zərərin məbləği 4560 manat müəyyən edilmiş və sığorta ödənişi 3420 manat məbləğində qeyd edilmişdir.
8. xx.xx.2022-ci il tarixli 165114 nömrəli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan müəyyən olunur ki, buraxılış ili 2013-cü il olan “X7” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilə material, ehtiyat hissələri və görüləcək işlərə görə xidmətin məbləği yekun olaraq 4560 manat müəyyən edilmişdir.
9. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə saat 11:00 dəqiqədə Nərimanov rayonu F.Musayev küçəsində **- BU-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” minik markalı avtonəqliyyat tərəfindən yol nəqliyyat hadisəsi baş vermişdir. Avtonəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh2 oğu, hadisə baş verdiyi anda sürücüsu etibarnamə əsasında Cavabdeh3 olmuşdur.
10. xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 20 manat məbləğində cərimə edilmişdir.
11. xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 30 manat məbləğində cərimə edilmişdir
12. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə 3420 manat məbləğində sığorta ödənişi edilmişdir.
13. xx.xx.2022-ci il tarixli məktubun surətinə əsasən, "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə baş vermiş hadisə ilə əlaqədar subraqasiya qaydasında 3420 manat məbləğində vəsaitin "xxxx" ASC-yə ödənilməsinə dair müraciət edilmişdir.
14. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan müəyyən olunur ki, Cavabdeh1 "xxxx" ASC tərəfindən 1710 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
15. "xxxx" BOKT MMC tərəfindən verilmiş etibarnamənin surətindən müəyyən olunur ki, "xxxx" BOKT MMC-yə məxsus JEEP Grand Chreokee minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ X5 (sürücülük vəsiqəsi BB 424441, kateqoriya B1.B xx.xx.2022-ci ildə verilmişdir) etibar edilmişdir. Etibarnamə xx.xx.2022xx.xx.2022-ci il tarixində qüvvədə olmuşdur.
16. Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında xx.xx.2022-ci il tarixli ƏN-Vİİİ 502748 nömrəli etibarnamənin surətindən müəyyən olunur ki, X9 markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil 2 il müddətinə Cavabdeh2 tərəfindən Cavabdeh3 etibar edilmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1 Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur
18. “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2. Sığorta - sığorta olunanın və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxslərin düşdüyü zərərin ödənilməsi yolu ilə onların əmlakının və əmlak mənafelərinin müdafiəsi sahəsində münasibətlərdir. Maddə 3. Sığortanın obyektləri və formaları.
2. Sığorta könüllü və icbari formalarda olur, bu Qanunda nəzərdə tutulmuş müddəalar istisna edilməklə təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün sığortaçılar tərəfindən həyata keçirilə bilər.
3. Könüllü sığortanın ümumi faydalarını bu Qanuna uyğun olaraq sığortaçı müəyyən edir. Könüllü sığortanın növləri və dəqiq şərtləri sığortaçı və sığorta olunan arasında müqavilə bağlanarkən müəyyən edilir. Maddə 23. Sığorta olunanın və ya sığorta ödənişi almış başqa şəxsin dəymiş zərər üçün məsul şəxs barəsində tələb hüququ əmlak sığortası üzrə sığorta əvəzini ödəmiş sığortaçıya onun ödədiyi məbləğ həddində keçir.
19. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda- 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.
Məhkəmənin mövqeyi
21. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
22. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh2 məxsus, Cavabdeh3 tərəfindən etibarnamə əsasında idarə olunan **-BU-*** dövlət qeydiyyat nişanlı Opel Astra markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış **-PR-*** dövlət qeydiyyat nişanlı X7 markalı avtonəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Həmin hadisə ilə bağlı TP ******* və TP5297483 saylı inzibati tənbeh vermə haqqında qərarlar tərtib olunmuşdur. Qeyd olunan qərarlara əsasən Cavabdeh3 və Cavabdeh1 təqsirli bilinmişlər və barələrində inzibati cərimə növündə inzibati tənbəh tədbiri tətbiq edilmişdir. İddiaçı "xxxx" ASC tərəfindən təqsirli tərəfin icbari sığortası "xxxx" ASC yə baş vermiş hadisə ilə əlaqədar subraqasiya qaydasında 3420 manat məbləğində vəsaitin "xxxx" ASC-yə ödənilməsinə dair müraciət edilmişdir. "xxxx" ASC tərəfindən iddiaçıya 1710 manat məbləğində pul vəsaiti ödənilmişdir. Belə olan halda cavabdehlər Cavabdeh3 və Cavabdeh1 təqsirli hərəkətləri nəticəsində baş vermiş sığorta hadisəsinə görə faydalanan şəxsə sığorta ödənişi edən iddiaçı "xxxx" ASC ödədiyi sığorta ödənişi məbləğini (ödənilməmiş 1710 manat məbləğində olan hissəsini) ona dəymiş zərərə görə məsuliyyət daşıyan cavabdehlərdən subraqasiya qaydasında tələb etmək hüququ eldə etmişdir.
23. Məhkəmə iddia tələbini Cavabdeh2 münasibətdə əsaslı hesab etmir. Belə ki, iş materialları və tərəflərin izahatları ilə müəyyən olunur ki, sığorta hadisəsi baş verən zaman **-BU-*** dövlət qeydiyyat nişanlı Opel Astra markalı avtonəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh2 olsa da, o, avtomobili xx.xx.2022-ci il tarixli ƏN-Vİİİ 502748 nömrəli etibarnamə əsasında 2 il müddətinə Cavabdeh3 vermişdir. Hadisənin baş verməsində və vururlan ziyanın məbləğində mülkiyyətçinin təqsirli və ya təqsirsiz hərəkətlərinin olması iş materialları ilə öz təsdiqini tapmır.
24. Yuxarıda qeyd edilmiş qanunvericilik normalarından göründüyü kimi sığortaçının subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Bununla belə nəzərə alınmalıdır ki, istənilən növ mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə zərərvuranın hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və zərərvuranın təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir.
25. Məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 törətdiyi inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edildiyindən və bu qərarı mübahisələndirmədiyindən (bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən) məhkəmə yol nəqliyyat hadisənin məhz cavabdehlərin təqsirli hərəkətləri nəticəsində baş verməsi və onların təqsiri ucbatından iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmış avtomobilə zərər dəymiş olması nəticəsinə gəlir. Bu baxımdan məhkəmə Cavabdeh3 hadisənin baş verməsində heç bir təqsiri olmamasına dair heç bir sübutla təsdiq olunmayan mövqeyi ilə razılaşmır. Cavabdeh1 isə baş vermiş hadisədə təqsirli olmasını öz izahatında məhkəməyə bildirmişdir.
26. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 baş vermiş hadisə ilə əlaqədar təqsirliliyi barələrində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarlarla və işdə olan digər sübutlarla təsdiq edilmişdir. Bununla da iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilir. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
Məhkəmə xərcləri
27. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçı tərəfindən 37.10 manat məbləğində dövlət rüsumu 0.40 manat bank xidməti xərci ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.
29. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən 37.10 manat dövlət rüsumu və 0.4 manat məbləğində xidmət haqqı cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
30. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 zərər çəkmiş nəqliyyat vasitəsinin bərpası üçün təmir xərcləri hesablanmaqla həyata keçirilmiş sığorta ödənişi əvəzində 1710 manat məbləğində vəsaitin, 37.10 manat dövlət rüsumunun, 0.40 manat bank xidməti xərci tutularaq "xxxx" ASC-nin hesabına ödənilməlidir.
31. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh3 və Cavabdeh1 zərər çəkmiş nəqliyyat vasitəsinin bərpası üçün təmir xərcləri hesablanmaqla həyata keçirilmiş sığorta ödənişi əvəzində 1710 (bir min yeddi yüz on) manat məbləğində vəsaitin, 37.10 (otuz yeddi manat on qəpik) manat dövlət rüsumunun, 0.40 (qırx qəpik) manat bank xidməti xərci tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Fəridə Rzayeva