Məhkəmə qərarları › İş №e-2(010)-419/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(010)-419/2025

05.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-419/2025 05.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı İslamov Məcı̇ d Ceyhun oğlunun Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi.

1. İddiaçı İslamov Məcı̇ d Ceyhun oğlu Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanındakı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. Qeydiyyatda olub yaşadıqları ünvandakı fərdi yaşayış evi onun atası X2 mülkiyyətində olmuşdur və o, xx.xx.2009-cu ildə bağışlama müqaviləsi ilə həmin evi ona bağışlamışdır və öz adına xx.xx.2009-cu ildə Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin Kadastr və Reyesteri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən çıxarış almışdır. xx.xx.2019-cu ildə iş üzrə cavabdeh kimi cəlb etdiyi Cavabdeh ilə ailə qurmuş və onun xx.xx.2020-ci il tarixdə mülkiyyətində olan yaşayış sahəsinə qeydiyyata alınmasına razılıq vermişdir. Cavabdeh həmin yaşayış sahəsinə heç bir cehiz əşyaları gətirməmişdir və evdə olan bütün əşyalar ona məxsusdur. Cavabdeh 2020-ci ildə burada yaşamaq istəməyərək Rusiya Federasiyasına yaşamaq üçün köçüb getmişdir və o vaxtdan Azərbaycan Respublikasının sərhəddindən keçib geri qayıtmamışdır və onun mülkiyyətində olan ünvan 2 ünvanda yaşamamışdır. Hesab edir ki, cavabdehin onun mülkiyyətində olan yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi üçün əsaslar vardır. Hazırki vəziyyətdə cavabdehin onun mülkiyyətində olan yaşayış sahəsində qeydiyyatda qalması və onun istifadə hüququnun hələ də mövcudluğu onun mülkiyyət hüququnu pozur, mülkiyyətimdə olan yaşayış sahəsinin üzərində sərəncam vermək hüququna əngəl törədir.

Tərəflərin izahatları.

3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

4. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına etirazının olmadığını bildirdi və əlavə olaraq qeyd etdi ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

İş materialları.

5. xx.xx.2009-cu il tarixli Bağışlama müqaviləsinin surətindən görünür ki, X3 mülkiyyətində olan üç otaqlı, ümumi sahəsi 96.0 kv.m, yaşayış sahəsi 53.3 kv.m olan ünvan 1 ünvanındakı evi İslamov Məcı̇ d Ceyhun oğluna bağışlamışdır.

6. RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il qeydiyyat tarixli AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 85.8 kv.m, yaşayış sahəsi 53.3 kv.m, yardımçı sahəsi 32.5 kv.m olan 3 otaqlı fərdi yaşayış evi İslamov Məcı̇ d Ceyhun oğlunun mülkiyyətindədir.

7. AZ-T seriyalı, 051505 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İslamov Məcı̇ d Ceyhun oğlu ilə Cavabdeh xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşdurlar.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)- 1787/2024 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İslamov Məcı̇ d Ceyhun oğlu ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 37 saylı nikahın pozulması, birgə nikahdan doğulan xx.xx.2020-ci il təvəllüdlü X1 nikah pozulduqdan sonra Cavabdeh himayəsində saxlanılması qət edilmişdir.

9. AZ-İ seriyalı, 501151 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İslamov Məcı̇ d Ceyhun oğlu ilə Cavabdeh arasında bağlanmış nikaha xitam verilmişdir.

10. AR DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır.

11. AR DSX Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli məlumatından görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh sonuncu dəfə xx.xx.2020-ci il tarixdə AR dövlət sərhədindən çıxış etmişdir.

İşin faktiki halları.

12. İşin faktiki halları ondan ibarətdir ki, iddia tələbində qeyd olunan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair iddiaçının mülkiyyət hüququ xx.xx.2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Tərəflər xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuş və onlar arasında olan nikah xx.xx.2024-cü il tarixli, 2(010)-1787/2024 saylı məhkəmə qətnaməsi ilə pozulmuşdur. Hazırda iddiaçı tələbinin əsası kimi ona istinad edir ki, cavabdehlə aralarında olan ailə münasibətlərinə xitam verildiyindən onun eyni zamanda mülkiyyətində olan fərdi yaşayış evinə münasibətdə istifadə hüququna da xitam verilməlidir. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz yaxud mülahizə daxil olmamışdır.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.

15. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarı.

Qərarda qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan müasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 238. Qiyabi icraatın əsasları 238.1 İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.4 İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Maddə 241. Qiyabi icraat qaydası 241.1 Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Maddə 244. Qiyabi qətnamədən şikayət verilməsi Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır.

Məhkəmənin mövqeyi

18. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qiyabi təmin edilməlidir.

19. Məhkəmə ilk öncə onu qeyd edir ki, yaşayış sahəsindən istifadə etmək hüququ bir neçə əsas üzrə yarana bilər. Bu əsaslar əşya hüququ, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu halları ola bilər. Tərəflər arasında 2019-cu il tarixdə ailə münasibəti yaranmışdır. Ailə münasibəti 2019-cu il tarixdə yarandığından hazırki mübahisəyə AR Mənzil Məcəlləsinin müddəalarına uyğun olaraq baxılmalıdır.

20. İş materiallarının araşdırılması nəticəsində müəyyən edilir ki, tərəflər xx.xx.2019cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Cavabdeh qeyd olunan tarixdə iddiaçı ilə rəsmi nikaha daxil olmaqla onun ailə üzvü statusunu qazanmış və iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə münasibətdə AR Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları əsasında istifadə hüququ əldə etmişdir. Deməli, istifadə hüququ ailə münasibəti əsasında yaranmışdır. Onlar arasında olan nikah xx.xx.2024-cü il tarixli, 2(010)-1787/2024 saylı məhkəmə qətnaməsi ilə pozulmuşdur. AR Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə qeyd edir ki, hazırki işdən göründüyü kimi, tərəflər arasında olan rəsmi nikaha xitam verilmişdir. Bu baxımdan məhkəmə AR Mənzil Məcəlləsinin yuxarıda istinad edilən normasına müvafiq olaraq qeyd edir ki, tərəflər arasında ailə münasibətlərinə xitam verildiyindən və tərəflər arasında hər hansı razılaşmanının olması müəyyən edilmədiyindən Cavabdeh ünvan 1 ünvanındakı yaşayış sahəsindən istifadə hüququna xitam verilməlidir.

Məhkəmə xərcləri

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. İddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci Cavabdeh tutularaq iddiaçı İslamov Məcı̇ d Ceyhun oğluna ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

23. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ünvan 1 ünvanındakı yaşayış sahəsindən istifadə hüququna xitam verilməli və iş üzrə ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci Cavabdeh tutularaq iddiaçı İslamov Məcı̇ d Ceyhun oğluna ödənilməlidir.

24. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi : İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanındakı yaşayış sahəsindən istifadə hüququna xitam verilsin. İş üzrə ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci Cavabdeh tutularaq iddiaçı İslamov Məcı̇ d Ceyhun oğluna ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar