Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4308/2025 27.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 285 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində Cavabdeh məxsus Bakı şəh., Suraxanı ray., Qaraçuxur qəs., Yusif Eyvazov küçəsi, 4048/49 məhəllə, ev 193, mənzil 70 əmlakdan "xxxx" ASC tərəfindən əmlakın yanğın və digər əlavə risklərdən PRM100455996 nömrəli sığorta şəhadətnaməsi əsasında sığortalanmış X4 məxsus əmlaka maddi zərər dəymişdir. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Cavabdeh məxsus Bakı şəh., Suraxanı ray., Qaraçuxur qəs., Yusif Eyvazov küçəsi, 4048/49 məhəllə, ev 193, mənzil 70 əmlakdan su sızması nəticəsində ünvan 1 ünvanında yerləşən X4 məxsus mənzilə zərər dəymişdir. Tərtib olunmuş qiymətləndirmə aktına əsasən dəymiş zərər məbləği 285 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən iş üzrə PRM170818/24 saylı sığorta aktı tərtib edilməklə dəymiş zərərə görə 285 manat sığorta ödənişi həyata keçirilməsi qərara alınmış və zərərçəkmiş şəxsin şəxsi hesabına köçürülmə həyata keçirilmişdir. Tərəflərin izahatları. İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixində elektron ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, o, həmin ərəfələrdə mənzilində yaşamamışdır. Qeyd edir ki, həmin vaxtlar onun mənzilində kirayəçilər qalırdı, hesab edir ki, suyu kirayəçilər axıtmışdır. İddianın təmin edilməməsini xahiş edir. Qeyd edir ki, evi 4 aprel 2024-cü ildə almış, həmin ilin iyun ayında isə satmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən 3-cü şəxs X8 aktı mayda yazılmağını, 2024-cü ilin may ayında evə getdiyini və su basmağını görməyini, ondan qabaq 1,5 ay getmədiyini, təmirin mart ayında isə bitirdiyini bildirmişdir. İş materialları. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli, 05/02-205 nömrəli məktubdan görünür ki, Cavabdeh 285 manat məbləğində pul vəsaitinin subroqasiya qaydasında 7 iş günü ərzində könüllü ödəməsi təklif olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli, xx/xx-1334 nömrəli məktubdan görünür ki, Cavabdeh zərərçəkənə ödəniləcək məbləğ daha sonra ondan subroqasiya qaydasında geri tələb ediləcəyindən 3 iş günü ərzində "xxxx" ASC-nin Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, 24 ünvanında yerləşən ofisinə yaxınlaşaraq qiymətləndirilmənin nəticələri ilə tanış olmağı tövsiyə olunmuşdur. "xxxx" ASC və X9 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, PRM100455996 nömrəli əmlak sığortası şəhadətnaməsindən görünür ki, sığortalı X4 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 4048/49-cu məhəllə, ev 193, mənzil 65 ünvanında yerləşən mənzil "xxxx" ASC tərəfindən sığorta məbləği 130000 manat həddində sığortalanmışdır. PRM170818 saylı Sığorta aktından görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 4048/49-cu məhəllə, ev 193, mənzil 65 ünvanında yerləşən sığortalanmış mənzilə subasma nəticəsində maddi ziyanın dəyməsi nəticəsində Zərər dəymiş əmlakın qiymətləndirilməsinə dair akta uyğun olaraq "xxxx" ASC tərəfindən 285 manat sığorta ödənişi X1 hesabına köçürülmüşdür. xx.xx.2025-ci il tarixli qiymətləndirmə aktından görünür ki, PRM100455996 saylı Əmlak Sığortası Şəhadətnaməsinə əsasən sığortalanmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 4048/49-cu məhəllə, ev 193, mənzil 65 ünvanında yerləşən mənzilə dəymiş zərər 285 manat təşkil edir "xxxx" MTK-in sədri X5, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, bina 193 mənzil 65 ünvanının sakini X9 və Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, bina 193 mənzilin sakini Cavabdeh tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, bina 193 mənzil 65 saylı mənzilə baxış keçirilmiş, xx.xx.2024cü il tarixdə Cavabdeh məxsus həmin binanın 70 saylı mənzilindən suyun axıdılması nəticəsində X4 məxsus 65 saylı mənzilin dəhlizinin divarının oboy, NDF süpürgəliyi, həmçinin dəhlizdə tavanın alt hissəsinə su yığılması nəticəsində yararsız vəziyyətə düşməsi və nəticədə X4 ziyan dəydiyi müəyyən edilmişdir. AR Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 4048/49-cu məhəllə, ev 193, mənzil 65 Yeni qaydalarla: AZ 1067, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 97.10 kv.m. olan xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzilə tam pay olmaqla X9 hüquq sahibidir. Həmin mənzil tam pay olmaqla X3 adına xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna ünvanlanmış xx.xx.2024-cü il tarixli xx/xx-1335 nömrəli məktubdan görünür ki, "xxxx" ASC tərəfindən PR M100455996 saylı əmlak sığorta şəhadətnaməsi ilə sığortalanmış X4 məxsus olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, bina 193, 4048/49-cu məhəllə, 65 saylı mənzildə (Yeni qaydalarla: AZ 1067, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi 193, M14, m5) 20 may 2024-cü il tarixində subasma nəticəsində sığorta hadisəsinin baş verdiyi və nəticədə sığortalanmış əmlaka 285 manat məbləğində zərər dəydiyi müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli 4822 saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X3 AZ71AİİB******************** №-li hesabına PRM170818 saylı Sığorta aktına əasən 285 manat məbləğində sığorta ödənişi edilmişdir. 4 saylı Bakı “ASAN Xidmət” mərkəzi notariusu tərəfindən təsdiqlənmiş 4Ə-1808 reyestr nömrəli AN-İ № ******* xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcı Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 4048/49-cu məhəllə, ev 193, mənzil 65 Yeni qaydalarla: AZ 1067, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 97.2 kv.m. olan mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsini alıcı X2 mülkiyyətinə verir. Satıcı daşınmaz əmlakı 148000 manat qiymətinə satdı, alıcı isə həmin qiymətə aldı. Bakı şəhəri 52 saylı notariat ofisi tərəfindən təsdiqlənmiş 4Ə-475 reyestr nömrəli AN-İ № ******* xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcı X6 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 4048/49-cu məhəllə, ev 193, mənzil 65 Yeni qaydalarla: AZ 1067, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 97.2 kv.m. olan mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsini alıcı Cavabdeh mülkiyyətinə verir. Satıcı daşınmaz əmlakı 131500 manat qiymətinə satdı, alıcı isə həmin qiymətə aldı. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.[237] 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər... 152.11. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır..... Maddə 884. Sığorta münasibətlərinin subyektləri 884.1. Sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. 884.2. Sığorta və ya təkrarsığorta müqaviləsinin tərəfi olan, yaxud belə müqavilənin həyata keçirilməsi üzrə hüquqlara və (və ya) vəzifələrə malik olan şəxslər sığorta münasibətlərinin subyektləridir... ...884.6. Faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. 884.6–1. Əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olub-olmamasından asılı olmayaraq zərərçəkən sayılır. Maddə 922. Sığorta hadisəsi 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Maddə 924. Sığorta hadisəsinin təsdiqi 924.1. Sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir. 924.2. Sığorta hadisəsi hesab edilə bilən, qanunvericiliyə uyğun olaraq araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsidir. 924.3. Səlahiyyətli dövlət orqanları sığortaçının və ya onun nümayəndəsinin yazılı sorğusuna əsasən, sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər. Maddə 925. Zərərin qiymətləndirilməsi 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. 925.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. 925.4. Sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üçün təyin olunan müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər.... Maddə 926. Sığorta ödənişi 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. 926.4. Sığorta hadisəsi nəticəsində bir neçə zərərçəkən müəyyən edildikdə, bu Məcəllənin 927.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, onlardan sığorta tələbi ilə müraciət etmiş hər hansı biri faydalanan şəxs kimi tanınır. Maddə 936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.... Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. ... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İşin faktiki hallarından görünür ki, müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 evini xx.xx.2024-cü il tarixdə su basmışdır. xx.xx.2024-cü il tarixində baş vermiş hadisədən sonra 3cü şəxs tərəfindən mənzilə baxış keçirilmiş, subasma faktı aşkar edilmiş və bu barədə sığortaçıya məlumat verilmişdir. Bunun əsasında sığorta hadisəsi qeydə alınmış, dəymiş zərər qiymətləndirilmiş və "xxxx" ASC tərəfindən tərtib olunmuş sığorta aktına əsasən 285 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hazırda iddia tələbi - Cavabdeh 285 manat məbləğində pul vəsaitinin subroqasiya qaydasında iddiaçının xeyrinə tutulmasıdır. Məhkəmə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, subasma hadisəsi baş verən vaxtda mübahisəli mənzildə kirayəçilər yaşamış, mənzili 2024-cü ilin aprel ayında almış, həmin ilin iyun ayında isə satmışdır. Məhkəmə cavabdehin məhkəmə iclasındakı çıxışına münasibətdə qeyd edir ki, iş materiallarında olan daşınmaz əmlakın alqı-satqı müqavilələrindən müəyyən olunur ki, subasma hadisəsinin baş verdiyi xx.xx.2024-cü il tarixdə mənzil Cavabdeh mülkiyyətində olmuşdur. Bu baxımdan, zərərin cavabdehə məxsus əmlakdan dəyməsi faktı təsdiq edilir və mənzildən faktiki istifadə edən şəxslərdən asılı olmayaraq, cavabdeh həmin tarixdə mülkiyyətçi kimi dəymiş zərərə görə məsuliyyət daşıyır. Bundan başqa, cavabdeh subasma hadisəsi baş verən onun evində kirayəçilərin yaşadığını göstərən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, "xxxx" ASC tərəfindən sığortalanmış mənzili su basmış, hadisədən sonra tərtib edilmiş akt əsasında mənzilə axan suyun qonşu mənzildən - Cavabdeh məxsus mənzildən axdığı müəyyən edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh həmin mənzili xx.xx.2024-cü il tarixdə almış və xx.xx.2024-cü il tarixində satmışdır. Yəni, hadisə baş verdiyi tarixlərdə Cavabdeh mənzilin mülkiyyətçisi olmuşdur və yuxarıda sadalanmış qanunvericiliyin tələblərinə görə məhz onun hərəkət/hərəkətsizliyi nəticəsində "xxxx" ASC tərəfindən sığortalanmış mənzilə zərər dəymişdir. Sonra, iddiaçı "xxxx" ASC tərəfindən dəyilmiş zərər həcmində sığorta ödənişi sığortalıya ödənilmişdir. Belə olan halda, sığortalıya sığorta ödənişi edən "xxxx" ASC ödədiyi sığorta ödənişi məbləğini cavabdehdən subroqasiya qaydasında tələb etməkdə haqlı olmuşdur. Belə olan halda, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 285 manat məbləğində pul vəsaiti "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri. İddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 285 manat məbləğində pul vəsaiti və işə baxılması ilə əlaqədar ödənilən 30 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(010)-4308/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4308/2025
27.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver