Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4343/2023 04.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, Cavabdeh, mütəxəssis Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 349.48 (üç yüz qırx doqquz manat, qırx səkkiz qəpik) manat pul vəsaitinin və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. RAZ********** nömrəli xx.xx.2022-ci il tarixli sığorta şəhadətnaməsinə əsasən Geidarova Tellinin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə “Daşınmaz əmlakın icbari sığorta” müqaviləsi ilə İddiaçı ASC tərəfindən sığorta təminatı verilmişdir. xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə Cavabdeh qıznın mənzilində suyun təziqinin qalxması halı baş verməsi nəticəsində mətbəxdə şılanqın partlaması nəticəsində su basma hadisəsi baş vermişdir. Qeyd edilən fakt 105 saylı MKİS-in 26 avqust 2022-ci il tarixli aktında öz təsdiqini tapmışdır. Vurulmuş zərərə görə 349.48 (üç yüz qırx doqquz manat, qırx səkkiz qəpik) manat sığorta ödənişi həyata keçirilmişdir. Hesab edir ki, ödənilmiş 349.48 (üç yüz qırx doqquz manat, qırx səkkiz qəpik) manat məbləği qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Tərəflərin izahatları
3. İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olmadığını bildirdi və qeyd etdi ki, hadisə gecə vaxtı baş verib. Suyun təzyiqinin qalxaraq borunun partlamasında onun təqsiri yoxdur. Belə ki, suyun təzyiqinin qalxması nəticəsində borunun partlaması tez-tez baş verə bilən haldır. Oxşar hadisə eyni səbəbdən qonşunun mənzilində də baş vermişdir. Hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
5. Məhkəmə iclasında mütəxəssis Nümayəndə3 bildirdi ki, gecə saatlarında insanların yatması nəzərə alınaraq idarə tərəfindən həmin saatlarda yüksək təzyiqli su buraxılmır. Suyun təzyiqi normadan artıq olsa, bu su xəttlərində qəzaya da səbəb ola bilər. Hadisənin baş verməsinin səbəbi istifadə olunan su borusunun keyfiyyətsiz və istifadəyə yararsız olmasıdır. Belə ki, normal keyfiyyətdə olan su şlanqı suyun təzyiqinə dözməlidir. Hesab edir ki, cavabdehin mənzilində hadisə elə bu səbəbdən baş vermişdir.
İş materialları
6. AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 18 ünvanında yerləşən və ümumi sahəsi 36.0 kv.m olan qeyriyaşayış sahəsi Heydərova Tellinin mülkiyyətindədir.
7. RAZ********** nömrəli, xx.xx.2022-ci il tarixli sığorta şəhadətnaməsindən görünür ki, Heydərova Tellinin mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi “Daşınmaz əmlakın icbari sığorta” müqaviləsi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı ASC tərəfindən sığortalanmışdır.
8. 105 saylı MKİS-in xx.xx.2022-ci il tarixli aktının surətindən görünür ki, baxış zamanı 118 m2 sahənin bir otağının tavanında təxminən 2 m2, digər otağında isə 1m2 sahədə su axma izləri aşkar edilmişdir. Bundan başqa zirzəminin poluna yaxın divarında təxminən 5p/m2 qopmalar müəyyən edilmişdir. Yeni Günəşli “Q”yaşayış sahəsi ev 18 mənzildə yaşayan Cavabdeh bildirmişdir ki, təxminən səhər saat 05.00 radələrində suyun təziqinin qalxması nəticəsində mətbəxdə boru partlamışdır. Cavabdeh daha sonra bildirmişdir ki, qəza dərhal aradan qaldırılmışdır. Baxış keçirilərkən heç bir su axıntısı müəyyən edilməmişdir.
9. xx.xx.2022-ci il tarixli “dəymiş zərər hesabatı”ndan görünür ki, Suraxanı rayonu, Q yaşayış massivi 1318 ünvanında olan qeyri-yaşayış sahəsinə dəymiş ziyan məbləği usta xidməti haqqı da nəzərə alınmaqla 450 manat müəyyən edilmişdir.
10. xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, İddiaçı ASC tərəfindən sığortalı Heydərova Telliyə 349.48 manat sığorta ödənişi verilməsi nəzərdə tutulmuşdur.
11. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Heydərova Tellinin hesabına 349.48 manat sığorta ödənişi köçürülmüşdür.
12. xx.xx.2023-cü il tarixli “dəymiş zərər məbləğinin razılaşdırılması” barədə Sazişin surətindən görünür ki, sığortalı Heydərova Telli və sığortaçı İddiaçı ASC sığorta olunan əmlaka 450 manat məbləğində dəymiş zərərin ekspert tərəfindən müəyyən edilmiş həcmi və müqavilədə göstərilən 100 manat azad olma məbləği çıxıldıqdan sonra 350 manat sığorta ödənişinin həyata keçirilməsi barədə razılığa gəlmişdirlər.
13. xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, Cavabdeh 349.48 manat pul vəsaitinin 5 gün ərzində İddiaçı ASC-nin hesabına ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
İşin faktiki halları
14. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 18 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Heydərova Tellinin mülkiyyətindədir və həmin qeyri-yaşayış sahəsi “Daşınmaz əmlakın icbari sığorta” müqaviləsi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı ASC tərəfindən sığortalanmışdır. xx.xx.2022-ci il tarixdə Cavabdeh yaşadığı mənzildə su borusunda təzyiqin qalxması nəticəsində boru partlamış və nəticədə Heydərova Tellinin mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsinə subasma nəticəsində ziyan vurulmuşdur. Dəymiş ziyanla əlaqədar sığorta məbləği usta xidmət haqqı da daxil olmaqla 450 manat müəyyən edilmiş, lakin həmin məbləğ sığortalı və sığortaçı arasında razılaşdırıldıqdan sonra 349.48 manat məbləğində sığorta ödənişi Heydərova Tellinin hesabına köçürülmüşdür. Hazırki iddia tələbində İddiaçı ASC sığortalı Heydərova Telliyə ödənilən 349.48 manat məbləğində sığorta ödənişi ilə əlaqədar Cavabdeh qarşı subroqasiya hüququnun yarandığını bildirir və hesab edir ki, həmin sığorta ödənişi cavabdehdən tutulmalıdır. Cavabdeh isə iddia tələbini qəbul etmir və hesab edir ki, hadisənin baş verməsində onun heç bir təqsiri yoxdur.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 936. Subroqasiya hüququ 936.1 Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2 Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
Məhkəmənin mövqeyi
16. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
17. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normasından göründüyü kimi, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Yani, bu hüquqlar zərərçəkəndən sığortaçıya keçir. Cavabdeh tərəfindən Heydərova Tellinin mülkiyyətində olan qeyri-yaşayış sahəsinə su sızıntısının baş verməsi və nəticədə əmlaka ziyan vurulması işin mübahisəsiz halıdır. Belə ki, bu hal işə əlavə edilən sənədlərlə və cavabdeh tərəfin izahatı ilə müəyyən edilir. İşin mübahisəli halını qeyd edilən hadisədə cavabdehin təqsirinin olub-olmaması təşkil edir. İşdən görünür ki, su sızıntısına səbəb gecə vaxtı suyun təzyiqinin qalxması nəticəsində cavabdehin mənzilində olan su borusunun cırılması olmuşdur. Cavabdeh bu halı təzyiqin qalxması ilə əlaqələndirir və onun heç bir təqsirinin olmadığını bildirir. Məsələnin aydınlaşdırılması üçün məhkəməyə dəvət edilmiş mütəxəsis bildirmişdir ki, suyun təzyiqi gecə vaxtları qalxa bilər, lakin bu o dərəcədə olmur ki, su borularını partlada bilsin. Əyər təzyiq normadan artıq qalxsa, təmsil etdiyi quruma məxsus su xəttlərində də qəza baş verə bilər. Əyər norma daxilində təzyiqin qalxması zamanı boru cırılırsa, bu daha çox borunun keyfiyyətsiz olması ilə əlaqədardır. Məhkəmə qeyd edir ki, mütəxəssis rəyinə tənqidi yanaşılması üçün hər hansı əks sübut yoxdur. Beləliklə, müəyyən edilir ki, suyun təzyiqi istehlakçı sayının azalması səbəbi ilə gecə vaxtlarında qalxa bilir, lakin bu hal özüözlüyündə su borularının partlamasına səbəb olmur. Çünki, təzyiq hər zaman ötürücü tərəfindən müəyyən limit daxilində saxlanılır. Qeyd edilənlərə münasibətdə, məhkəmə cavabdeh tərəfin etirazını əsaslı hesab eləmir. Göründüyü kimi, baş vermiş hadisədə cavabdehin təqsiri su borusunu lazımi keyfiyyətdə saxlamamasından ibarət olmuşdur. Beləliklə, Mülki Məcəllənin 1096-cı maddəsinin tələbi baxımından vurulmuş ziyana görə cavabdeh tərəf məsuliyyət daşıyır. Tələb hüququ zərərçəkəndən iddiaçıya keçdiyinə görə İddiaçı ASC Heydərova Tellinin mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsinə cavabdeh tərəfindən vurulmuş ziyana görə ödənilmiş sığorta ödənişini subroqasiya qaydasında Cavabdeh tələb etməkdə haqlıdır. Ziyanın məbləğinə gəldikdə isə, dəymiş ziyanla əlaqədar sığorta məbləği usta xidmət haqqı da daxil olmaqla 450 manat müəyyən edilmiş, lakin həmin məbləğ sığortalı və sığortaçı arasında razılaşdırıldıqdan sonra 349.48 manat məbləğində sığorta ödənişi Heydərova Tellinin hesabına köçürülmüşdür. Məhkəmə hesab edir ki, 349.48 manat ziyan məbləği cavabdehdən tutulmalıdır.
Məhkəmə xərcləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
19. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
21. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 349.48 manat pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir. 22.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh 349.48 manat pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məmmədov